Fokus. Elmar İbrahimov

Fokus - Elmar İbrahimov


Скачать книгу
on>

      ÖN SÖZ

      İllüziya sənəti qədim zamanlardan öz əsrarəngizliyi ilə insanların diqqətini cəlb edir. Qədimdə müəyyən «möcüzə»lərin sirrinə bələd olan şamanlar və bəzi fırıldaqçılar bu «möcüzə»ləri nümayiş etdirərək özlərinin fövqəlbəşər qüvvəyə malik olduqlarını iddia edirdilər. Lakin illüziya sənətini fırıldaqçılıqdan fərqləndirmək lazımdır. Peşəkar illüziyaçı göstərdiyi fokusu fövqəltəbii hadisələrlə eyniləşdirmir, bunun yalnız məharət və müəyyən biliklər (fizika, kimya) hesabına alındığını gizlətmir. Doğrudur, bu iki peşə sahibini birləşdirən bir cəhət var: onlar heç zaman illüziyanın sirrini açıqlamırlar.

      Bununla belə, xarici ölkələrdə fokusların sirrini açan kitabların nəşri adi hal almışdır. Bəziləri belə hesab edirlər ki, bu, illüziyaçının peşə etikasına ziddir. Axı fokusun sirrinin açıqlanması ona qarşı marağı azalda bilər. Lakin onu da qeyd etmək lazımdır ki, bu açıqlamalar mahir fokusçuların işinə xələl gətirə bilməz. Çünki müasir fokus sənəti elmi biliklərin və şou-biznesin bir çox incəliklərini birləşdirən gözəl və baxımlı sənət növünə çevrilmişdir və peşəkar illüziyaçılar klassik fokuslara elə əlavələr edir və onları elə interpretasiya edirlər ki, hətta həmin fokusun sirrini bilən tamaşıçaları da heyrətləndirirlər.

      İllüziya sənəti haqqında kitablarda təsvir olunan fokusların 70-80 faizi bir-birini təkrarlayır. Bu da onunla əlaqədardır ki, fokusun müəyyən olunmuş «qızıl repertuarı» mövcuddur. Bu kitabların müəllifləri, əsasən, həmin sənətin peşəkarları və biliciləridir. Onlar klassik fokusları öz interpretasiyaları ilə zənginləşdirməklə yanaşı, tamamilə yeni fokuslar da icad edirlər. Bir çox yeni fokuslar hətta patentləşdirilərək müəlliflik hüququ ilə qorunur.

      Azərbaycanda bu sənətlə bağlı Allahverdi Şıxbabayevin «1001 fokusun sirri», «Hipnoz və müalicəvi təlqin», Nicat Mikayılzadənin «Fenomenlərin sirri», Möhbəddin Səmədin «Tofiq Dadaşovun psixoloji etüdləri» kitabları nəşr olunmuşdur.

      Bu kitabın məqsədi oxuculara (əsasən, uşaqlara və gənc nəslə) illüziya sənəti haqqında məlumat verməkdir. Kitabda bir çox sadə klassik fokuslar təsvir olunur və onların sirləri açıqlanır. Odur ki, uşaqlar bir neçə dəfə məşq etməklə həmin fokusları ev və məktəb şənliklərində nümayiş etdirə, öz məharətləri ilə böyükləri və yaşıdlarını heyrətləndirə bilərlər.

***

      Məşhur fokus və illüziya ustası Mark Vilsonun maraqlı bir deyimi var: «Fokusu hamı göstərə bilər – ancaq baxır necə?» Doğrudan da, hər hansı fokus nömrəsinin nümayişi lətifə söylənilməsinə bənzəyir. Əgər lətifəni duzlu danışmağı bacarırsansa, hamı gülür. Əgər özün danışdığına inanmırsansa, naqolay vəziyyətə düşürsən. Fokusda da belədir: eyni nömrəni biri göstərəndə hamı məftun olur, başqa birisi göstərəndə isə heç kəsin xoşuna gəlmir. Çox güman ki, bir çox sənət növlərində olduğu kimi, burada da ilahi vergi, fitri istedad böyük rol oynayır.

      Bununla belə, istənilən peşədə olduğu kimi, illüziya sənətində də hər bir şəxs çoxsaylı məşqlər hesabına müəyyən uğurlar qazana bilər. Bu kitabda təsvir olunan fokusların nümayişi xüsusi texniki qurğular tələb etmir. Burada yalnız fokusun sirrini bilərək onu məharətlə nümayiş etdirmək və tamaşaçı ilə ünsiyyət quraraq onu məftun etmək lazım gəlir.

***

      Fokusun bir çox növləri mövcuddur. Bir fokusçunun bütün növlərlə məşğul olub uğur qazanması çox çətindir. Bir çox elm və sənət sahələrində olduğu kimi illüziya sənətində də ixtisaslaşma gedir. Kim hansı növü daha çox sevib özündə həmin növə xüsusi istedad hiss edirsə, o növlə də məşğul olur. Bəziləri çox cəld barmaq və əl hərəkətlərinə malikdirlər və kart fokusları, müxtəlif manipulyasiya nömrələri nümayiş etdirirlər. Digərləri güclü mühəndis təfəkkürünə malik olduğundan möhtəşəm texniki qurğuların köməyi ilə heyrətamiz fokuslar göstərirlər.

      Kiçik yaşlı uşaqlar üçün fokus göstərən zaman fokus əşyaları rəngbərəng, parıltılı və uşaq psixologiyasına yaxın (oyuncaqlar, lentlər, dovşan, göyərçin və s.) olmalıdır. Həm də belə fokuslar balaca uşaqların təfəkkür səviyyəsinə uyğun seçilməlidir ki, uşaqlar onu qavraya bilsinlər (söhbət fokusun sirrini deyil, onun mahiyyətini qavramaqdan gedir).

      Kiçik auditoriyada fokus göstərərkən, adətən, ip, pul, yaylıq, rezin və s. rekvizitlərdən istifadə edilir. Bu həm maraqlı, həm də çətin işdir. Çünki fokusçu tamaşaçı ilə cəmi 1-2 metr məsafədə işləyir.

      Kütlə qarşısında çıxış zamanı isə fokusçu iri əşyalardan istifadə edir. Burada çox vaxt assistentin köməyinə ehtiyac olur. Belə ki, fokus onun üzərində icra olunur və ya o, fokusu göstərməyə kömək edir. Kütlə qarşısında çıxış zamanı illüziyadan geniş istifadə olunur. İllüziya – yalançı görüntü deməkdir, məsələn: adamın iki yerə bölünməsi və yaxud hər hansı iri bir obyektin yox olub yenidən peyda olması. Belə nömrələr üçün iri qurğular, xüsusi avadanlıqlar və köməkçilər tələb olunur.

      Bir sıra fokusçular çətin açılan düyünlərdən açılma, halqalardan çıxma və sair kimi çox çətin nömrələr nümayiş etdirirlər. Bu fokus növü eskeurizm adlanır. Belə fokusları göstərmək üçün fokusçu qıvraq idmançı bədəninə malik olmalıdır.

      Hipnoz, riyazi yaddaşın nümayişi psixoloji fokuslar qrupuna daxildir. Bu, fokusçudan fenomenal qabiliyyətlər tələb edir. Bu qabiliyyətlərə fitri istedad və uzun sürən məşqlər hesabına yiyələnmək olar.

      Kart fokusları 1955-ci ildən bəri dünyada ayrıca bir festival kimi keçirilir. Münsiflər heyəti dairəvi stolun ətrafında oturur, fokusçu da kartları əlinə alaraq fokuslarını göstərməyə başlayır. Dünyada bir çox kart fokusları mövcuddur. Bizdə bir məsəl var: «aşığın sözü qurtaranda…» Fokusçunun da fokusu qurtaranda kartı əlinə alır. Lakin ən heyrətamiz kart fokusları uzun müddətli məşqlər tələb edir, çünki burada əl-barmaq hərəkətlərinin kiçik bir səhvi bütün zəhməti heçə endirə bilər. Bu kitabda təsvir olunan kart fokusları əl hərəkətinin cəldliyinə deyil, riyazi hesablamalara və psixoloji manipulyasiyaya əsaslanır.

      Bir sıra fokuslarda kimyəvi maddələrdən çox istifadə olunur. Bu fokusları göstərmək üçün fokusçu gərək kimyanı, kimyəvi maddələrin özəlliklərini (yanma, buxarlanma, fontan, tüstüləmə və s.) gözəl bilsin.

***

      Fokusun bir çox illüziyaçılar tərəfindən qəbul olumuş qaydaları var:

      1. Heç vaxt fokusun sirrini açmayın. Əgər tamaşaçılardan kim isə fokusun sirrini bilsə, maraq azalacaq, fokus onların gözündə adiləşəcək.

      2. Heç vaxt nə etmək istədiyinizi əvvəlcədən deməyin. Belə olduqda tamaşaçı fokusa baxmaqdan çox onun sirrini tapmağa çalışır.

      3. Eyni fokusu bir auditoriya qarşısında 2-ci dəfə təkrar etməyin.

      4. Fokusu tamaşaçıya təqdim etməzdən əvvəl güzgünün qarşısında uzun müddət məşq edin. Fokus üzərində hərəkətlərinizi elə bir mexaniki səviyyəyə çatdırmalısınız ki, auditoriya qarşısında çıxış zamanı hərəkətləriniz haqqında yox, tamaşaçı haqqında düşünəsiniz.

      Fokusçu həm də davranışı və nəzakəti ilə də seçilməlidir. Onun hər hansı bir sözü səhnəyə çağırdığın tamaşaçının xətrinə dəyə bilər. Ona görə fokusçu həm auditoriyaya, həm də səhnəyə çağırdığı tamaşaçıya qarşı çox həssas və diqqətli olmalıdır. Yoxsa tamaşaçı fokusçunu səhnədə pis vəziyyətdə qoya bilər.

      Bu kitabda, bəlkə də, səhnələrdə dəfələrlə gördüyünüz fokusların sirləri açıqlanır. Yəqin ki, həmin vaxt siz fokusçuya qibtə və pərəstiş hissi ilə baxmısınız: «Nə olaydı, mən də bunları bacaraydım, hamını heyrətləndirəydim».

      Buyurun, indi söz sizindir.

      SEHRLİ KİBRİT ÇÖPLƏRİ

      Fokusçu kibrit qutusunun ağzını açıb kibrit çöplərini tamaşaçılara göstərir. Sonra oradakı çöpləri ovcuna töküb yenidən qutuya yığır və ağzını bağlayır. Bu dəfə isə qutunu üzüaşağı çevirir və yavaş-yavaş açmağa başlayır. Qutunun içi tamamilə


Скачать книгу