Oseola-seminolların başçısı. Джеймс Фенимор Купер
Çiçəklər diyarı
Gözəl Florida! İnsanları buraya cəzb edən ağacları yarpaq tökməyən meşələrin, çiçəkləri solmayan çöllərindir. Payız və qış fəsillərini tanımayan gözəl diyar, sən elə həmin çiçəklər diyarı olaraq qalmısan! Sənin meşələrin əvvəlkitək yaşıl, səmaların buludsuz, suların göz yaşıtək durudur. Sən yenə də gözəllik saçırsan! Heç dəyişməmisən, dəyişən təkcə insanlarındır. Mən indi sənin torpağında ağlarla zənciləri görürəm, ancaq qırmızıdərili xalqını görmürəm. Bəs hanı hindular? Onlar daha sənin çiçəkli torpağında dolaşmır, qayıqları sənin çaylarında üzmür, kamanlarının dartılmış ipləri daha ağacların arasında cingildəmir. Onlar gediblər – uzaqlara və həmişəlik.
Ancaq onlar könüllü deyil, məcburən, gözüyaşlı gediblər. Onları səndən zorla qoparıb Qərbə doğru sıxışdırıblar.
Elə mən də onlar kimi buradan könülsüz ayrılmışam.
Mən ağ rəngə boyanmış, pəncərələrində yaşıl jalüzlər olan palıd evi görürəm. Kölgəlikdə yüngül yay paltarında olan bir qız var. Bu mənim kiçik və yeganə bacım Virciniyadır. Qızılı saçları ona anasından irsən keçib. Bacım öz sevimliləri olan xallı maral və onun balası ilə oynayır.
Evin arxasında isə barı ilə əhatə olunmuş və canlılığı ilə seçilən başqa bir mənzərə açılır. Burada iş bulaq kimi qaynayır. Bir-birinin üzərinə qoyulmuş çənlərdə indiqo1 isladılır və ondan göy rəngli boya əldə olunur.
Bir qədər aralıda cərgə-cərgə düzülmüş xırda evlər görünür. Bunlar zənci komalarıdır. Barının içərisində və tarlalarda yüzlərcə adam hərəkətdədir. Onların bir-ikisini çıxmaqla hamısı qullardır. Burada zəncilərlə yanaşı, mulatlar2, sambolar3 və kvarteronlar4 da vardır. Kişilərin geyimi yüngül kətan şalvardan, parlaq boyanmış köynəkdən və palma yarpaqlarından düzəldilmiş şlyapadan ibarətdir. Qadınlar daha əlvan geyiniblər – əyinlərində zolaqlı çit don, başlarında dama-dama parçadan yaylıqlar var.
Kişilər də qadınlar kimi indiqo plantasiyasında çalışırlar. İşlərini görən zaman adamlar gülür, oxuyur, zarafatlaşırlar. Onlar qul olsalar da, atam onlarla yaxşı davranır.
Bax mənim yaddaşıma belə xoş lövhələr həkk olunub. Mənim uşaqlığım burada keçib, şüurlu həyatımın başlanğıcı burada qoyulub.
Ceklər
Hər plantasiyanın “zalım qulyabanısı” vardır. Bizimki odunçu Sarı Cek idi. Özünün zalımlığı ilə fərqlənən bu mulatı atama öz doğmaca atası satmışdı.
Əgər ana kölədirsə, onun övladı da kölədir. Atanın azad olması törəmələri üçün heç bir önəm daşımır. Amerikada hindu və zənci uşaqları ananın taleyini bölüşür.
Plantasiyada başqa bir Cek də yaşayırdı. Birincidən fərqli olaraq onu Qara Cek deyə çağırırdılar. Qara Cek mehtər və arabaçı vəzifəsini yerinə yetirirdi. Onların boyunu və yaşını nəzərə almasaq, aralarında başqa heç bir bənzərlik yox idi. Qara Cekin xeyirxah ürəyi vardı. O, üz cizgilərinə görə zəncidən çox mulata bənzəyirdi. Zəncilər üçün qalın dodaqlar, yastı burun, maili alın səciyyəvidir. Qara Cekdə bu əlamətlərin heç biri yox idi.
Bir də Viola adında bir qız vardı. Bizim plantasiyanın birinci gözəli olan kvarteron qız idi. Hər iki Cek qızın ürəyini qazanmaq istəsə də, Viola üstünlüyü açıq-aşkar Qara Cekə verirdi. Bu da Sarı Cekin nifrətinə səbəb olmuşdu.
Ceklərin sevgi və qısqanclıq əhvalatı xüsusi maraq kəsb etməsə də, bunu ona görə qeyd etdim ki, bu mənim sonrakı həyatıma mühüm təsir edən hadisələrin bütöv bir zəncirinə başlanğıc vermişdi.
Sarı Cek rəqibinin açıq-aşkar üstünlüyə malik olduğunu gördükdə Violanı təqib etməyə başlamışdı. Bacım onun Violaya pislik edəcəyindən qorxduğu üçün mulatın cəzalandırılmasını istəmişdi. Bu hadisədən sonra Sarı Cekin kinli adam olduğuna dəlalət edən bir hadisə baş verdi. Bacımın sevimli xallı maralı gölün sahilində ölmüş halda tapıldı. Onun bədənində nə cızıq, nə də yara vardı. Bəlli oldu ki, onu boğublar. Qara Cek bildirdi ki, Sarı Cekin maralı boğub qaçdığını görüb. Sarı Ceki ikinci dəfə qamçı ilə cəzalandırdılar. Sarı Cekin cəzalandırılması onun zənciyə qarşı olan nifrətini daha da artırmışdı. Zənci ilə mulat arasındakı dava zamanı Sarı Cek bıçaq çıxararaq öz silahsız rəqibini yaraladı. Bu dəfə onu daha sərt cəzalandırdılar. Ancaq mulat islah olunanlardan deyilmiş.
Portağal meşəsinin arxasında içi su ilə dolu olan bir çökəklik vardı. Evdən nohura qədər portağal meşəsinin içi ilə cığır salınmışdı. Onun suyu duru və təmiz idi. Bu nohurdan həm balıq tutur, həm də orada çimirdik.
Plantasiyamızın bir tərəfi savanna5 – atların və ev heyvanlarının otladıqları təbii otlaq idi. Burada tez-tez maral və vəhşi hindtoyuğu sürüləri görünərdi.
Güney ştatlarının əksər gəncləri kimi, mənim də başlıca əyləncəm ov etmək idi. Mən, adətən, quyuda gizlənər, hindtoyuğu, ya da maralların gəlməsini gözləyərdim.
Bir dəfə səhər tezdən mən həmin yerə ov etməyə yollandım. Yaxınlıqdakı qayalığa çıxıb oradan ətrafa baxdım. Savannanın geniş düzlərində heç bir canlı görünmürdü. Mən bir qədər məyus oldum, çünki anam məndən nahara ov əti gətirməyi xahiş etmişdi. Yəqin ki, kimsə məndən öncə burada olmuş və ovu ürküdüb qaçırmışdı. Bəlkə, bu, qonşu plantasiyadan olan gənc Rinqolddur, ya da hindu ovçulardan biri. Savannalar heç kəsin şəxsi mülkiyyəti deyildi. Ona görə də bu yerlərdə hamı ov edə bilərdi.
Mənimsə ürəyimdən maral ovlamaq keçirdi. Amma qarşımda açılan mənzərəyə nə qədər göz qoysam da, marallar görünmürdü. Artıq aşağı enməyə hazırlaşırdım ki, tarlaların savannadan çəpərlə ayrıldığı yerin yaxınlığında, sərv meşəsinin kənarında maral sürüsü göründü.
“Aha! – düşündüm. – Onlar qarğıdalı tarlasından keçərək buraya gələ biliblər”.
Mən düşündüm ki, marallar buraya çəpərin küncündə taxtalarla örtülən bir dəlikdən keçiblər. Lakin bütün taxtalar yerində idi. Deməli, marallar başqa yolla gəlmişdi. Bəlkə də, onları kimsə təqib edirmiş. Axı bu, kim ola bilərdi? Ovçular? Bəlkə, yırtıcı heyvanlar?
Düşüncələrimin zənciri maralları qorxudanın peyda olmasıyla qəflətən qırıldı. Bu, əynində göy şalvar, zolaqlı köynək, başında palma yarpağından şlyapa olan odunçumuz – Sarı Cek idi.
Mulatın burada nə işi vardı? O heç ovçu da deyildi. Lakin o, daim meşədə olmaqla bütün xəlvət yerlərə, eləcə də heyvanların adət və xüsusiyyətlərinə yaxşı bələd idi.
Qısa müşahidədən sonra mulatın maralları təqib etmədiyi bəlli oldu. O, meşədən çıxaraq tamam başqa səmtə, qarğıdalı tarlasına aparan yola buruldu.
O, aramla, əyilə-əyilə gedirdi. Ayaqlarının yanında xırdaca bir heyvan – it, ya da opossum6 vardı. Sarı Cek sanki heyvanı arxasınca çəkib aparırdı. Ola bilsin ki, o, opossumu ovlamışdı. Amma onun birdən dönüb ovçu olması məni təəccübləndirdi. Lakin onun əyilib heyvanı tumarlaması məni çaşqınlığa saldı. Deməli, bu, opossum deyilmiş!
Bir azdan mulat çəpərdəki dəliyə yaxınlaşdı, taxtaları bir-bir çıxararaq dəliyi açdı. Sonra arxasınca sürüdüyü heyvanla birlikdə qarğıdalı tarlasında gözdən itdi. Birdən məhz Sarı Cekin getdiyi yolda savannaya doğru hərəkət edən bir vücud peyda oldu. Əvvəl mənə elə gəldi ki, bu, adamdır. O, hərəkətlərindən hindunu xatırladırdı. Amma biz hindularla sülhdə idik. Hindu mulatı niyə izləsin ki?! Bu qəribə məxluq isə məhz mulatın izi ilə gedirdi.
“Bəlkə, bu, Qara Cekdir?” – mən düşündüm. Ancaq o, alicənab adam idi. Öz xain
1
İndiqo – göy rəngli boya əldə etmək üçün bitki
2
Mulatlar – zəncilər və ağlar arasındakı qarışıq nikahdan törəyənlər
3
Sambolar – zəncilər və mulatlar, yaxud hindular arasındakı qarışıq nikahdan törəyənlər
4
Kvarteronlar – ağlar və mulatlar arasındakı qarışıq nikahdan törəyənlər
5
Savanna − tropik və subtropik zonalarda ot örtükləri
6
Opossum − pişiyəoxşar məzəli canlı