Qorio ata. Оноре де Бальзак

Qorio ata - Оноре де Бальзак

Скачать книгу
ion>

1

Dul qadın Voke qırx ildir ki, Parisin Nev-Sent-Jenevyev küçəsində bir ailə pansionu1 işlədir. “Konflan” onun qızlıq soyadıdır. Pansion isə “Vokenin evi” adlanır. Çünki bura madam Vokenin şəxsi evidir.

Pansionun fasadı bağçaya baxır. Küçədən evin ancaq yan divarları görünür. Bağça ilə evin arasında qırma daşla hörülmüş dayaz bir arx çəkilib. Arx boyunca qumsal cığır uzanıb gedir. Bağçadan həmin cığıra tərəf balaca qapı açılır. Qapının üstündəki lövhənin yuxarısına “Vokenin evi”, aşağıda isə “Kişilər, qadınlar və b. üçün ailə pansionu” sözləri yazılıb.

Buranın qapısı hamının üzünə açıqdır. İstənilən köməksiz insan “Vokenin evi”ndə məskən sala bilər.

Bu dördmərtəbəli, mansardlı ev yumşaq daşdan tikilib. Ev sarı boyaqla rənglənib. Yeri gəlmişkən, bunu mütləq demək lazımdır: Parisdə sarı rənglə boyanmış evlər həddən çoxdur, bu isə bayağı mənzərə yaradır.

Qayıdaq madam Vokenin evinə… Hər mərtəbənin xırda çərçivəli beş pəncərəsi var. Evin arxa tərəfindəki həyətin eni iyirmi futdur2. Burada donuzlar, ev dovşanları və toyuqlar bir-birinə qarışıb. Həyətin bir küncündə odun anbarı gözə dəyir. Anbarla mətbəx pəncərəsi arasında ərzaq üçün qutu sallanır. Qutunun altından mətbəxin çirkab suyu axır. Həyətdən küçəyə tərəf balaca bir qapı açılıb. Qaravaş evin zir-zibilini həmişə burdan çölə atır.

Aşağı mərtəbə isə elə bil xüsusi olaraq ailə pansionu üçün nəzərdə tutulub. Birinci otağın pəncərələri küçəyə baxır. Bu, qonaq otağıdır. Qonaq otağından yemək otağına keçmək mümkündür. Qonaq otağı çox yoxsul və cansıxıcı görünür…Otağın ortasında qara xallı mərmərdən girdə bir stol, stolun üstündə qızılı bəzəkləri sürtülüb getmiş ağ çinidən qəhvə dəsti qoyulub. Otağın döşəməsi cırıldayır. Divarlara adamın çiyni hündürlüyündə panellər vurulub. Panellərdən yuxarıya isə parıldayan kağızlar yapışdırılıb. Kağız üzərində boya ilə antik dünyanın qəhrəmanları təsvir olunub.

Bu birinci otaqda xüsusi qoxu var. Elə bir qoxu ki, adamın ətini ürpəşdirir, çürüntü iyi beyinə vurur, paltardan keçir; aşxana, ya da lakey3 daxması kimi iyim-iyim iylənir. Bu, pansionun xəstə qonaqlarının yaratdığı qoxu idi. Ancaq qonaq otağını qonşu yemək otağıyla müqayisə etməli olsaq, birinci otaq daha zərif və rayihəli görünürdü.

Yemək otağının divarlarına başdan-ayağa bəzəkli taxta vurulmuşdu. Divarların yanında çirkli şkaflar, onların içində tutqun rəngli qrafinlər, podnoslar, mavi zolaqlı çini boşqablar gözə dəyirdi. Otağın bir küncündə gözləri nömrələnmiş qutu qoyulub. Həmin qutuda pansionda yaşayanların şəraba bulaşmış, ya da çirklənmiş salfetləri saxlanır. Divara vurulmuş ürək bulandıran lövhələrə baxanda adamın iştahı qaçır. Divar saatının kənarları buynuz şəklində mis bəzəklərlə işlənib. Uzun stolun üstündəki müşəmbə4 o qədər çirklidir ki, sakinlərdən biri məzə üçün öz adını barmağıyla onun üstünə yaza bilər. Sınıq stullar, köhnə, yırtıq həsirlər daim istifadə olunur, onları atmaq sanki heç kimin ağlına gəlmir. Bir sözlə, yemək otağındakı bütün şeylərin nə qədər köhnə, çürük, yırtıq-sökük olduğunu təsəvvürünüzə belə gətirə bilməzsiniz.

Bu otaqda həyat təxminən səhər saat yeddiyə yaxın canlanır. Öncə madam Vokenin pişiyi sahibəsindən qabaq bu otağa daxil olub ağzına boşqab qoyulmuş süd kasalarını iyləyir. Sonra isə madam Voke peyda olur, tuflilərini şappıldada-şappıldada otaqda o tərəf-bu tərəfə yeriyir. Onun əprimiş5, piyli üzünün düz ortasından burnu tutuquşu dimdiyi kimi uzanır. Madam Vokenin totuq əlləri, mətbəx sıçanı kimi şişmiş vücudu, qazanc ehtirasıyla qaynayan ürəyi bu mənfur havalı salonla ahəng təşkil edir.

Madam Vokenin təxminən əlli yaşı var. Heç kim onun keçmişi barədə çox şey bilmir. Bununla belə, pansion sakinləri madam Voke haqqında pis fikirdə deyillər. Bu dul qadının əri kim olub, bilən yoxdur. Madam Voke heç vaxt mərhum ərindən söhbət açmazdı. Ondan: “Necə oldu ki, ərinizin var-yoxu əlindən çıxdı?” – deyə soruşanda qısa cavabla kifayətlənərdi:

– Onunku gətirmədi.

Bircə o məlum idi ki, əri madam Voke ilə pis rəftar etmişdi. Yazıq qadın bir insanın dözə biləcəyi hər dərdə dözmüş, hər fəlakətə qatlanmışdı.

Elə ki Silviya adlı kök qaravaş sahibəsinin ayaq səslərini eşidirdi, dərhal kirayənişinlər üçün səhər yeməyi hazırlamağa tələsirdi. Pansionda qalmayanlar isə bura ancaq nahar üçün gəlirdilər. Naharın qiyməti ayda otuz frank6 idi.

İndi sizə nəql edəcəyimiz əhvalat baş verərkən pansionda cəmi yeddi kirayənişin yaşayırdı. İkinci mərtəbə iki ən yaxşı otaqdan ibarət idi. Otaqların birində – kiçik otaqda madam Vokenin özü, digərində isə madam Kutürlə Viktorina Tayfer adlı gənc qız yaşayırdı. Madam Kutür ona analıq eləyirdi. Hər iki qadının yeməyi ildə min səkkiz yüz franka başa gəlirdi.

Üçüncü mərtəbədəki iki otaqdan birində Puare adlı bir qoca, o birində isə cənab Votren qalırdı. Cənab Votrenin qırx yaşı vardı. Qara parikli, bakenbardları boyanmış bu kişi, özünün dediyinə görə, keçmişdə ticarətlə məşğul olubmuş. Dördüncü mərtəbə dörd otaqdan ibarət idi. Bu dörd otağın ikisində daimi kirayənişinlər yaşayırdı: biri yaşlı madmazel Mişono idi – o heç vaxt ailə qurmamışdı. Digər otaqda isə vaxtilə makaron istehsal edən fabrikin sahibi olmuş bir kişi yaşayırdı. O, hamıya özünü «Qorio ata» kimi çağırmağa icazə vermişdi. Yerdə qalan iki otağa gəlincə, bunlar yeməyə və mənzilə beş frankdan artıq verməyə imkanı çatmayan yoxsul tələbələr, gəldi-gedər müştərilər üçün idi.

Haqqında danışacağımız əhvalat baş verən ərəfədə otaqlardan birinə hüquq elmini öyrənmək üçün əyalətdən Parisə gəlmiş bir gənc yerləşmişdi. Ailələri böyük olduğundan ata-anası ona ildə min iki yüz frankı güc-bəla ilə göndərə bilirdilər. Həmin gəncin adı Ejen de Rastinyak idi. Rastinyak ehtiyac üzündən zəhmətə alışmışdı.

Dördüncü mərbəbənin damında, adətən, paltar sərib qurudardılar. Buradakı iki mansardada Kristof adlı xidmətçi ilə Silviya yatırdı.

Yeddi kirayənişindən başqa, madam Voke ildə ən azı səkkiz hüquq, yaxud tibb tələbəsinə xörək verərdi. Bundan başqa, iki-üç nəfər də öz məhəlləsində yaşayan müştəriləri vardı. Onların hamısı ancaq nahar üçün abunə yazılmışdı. Nahar vaxtı yemək otağına on səkkiz nəfər yığışardı, lakin burada iyirmi nəfəri də əyləşdirmək mümkün idi. Səhərlər isə orada yeddi nəfər kirayənişindən başqa kimsəni görə bilməzdin. Kirayənişinlərin səhər yeməyinə toplanışı ailə süfrəsini xatırladırdı. Onlar dostyana, bir-birinə qarşı etimad hissi ilə söhbət edərdilər. Madam Voke bu yeddi kirayənişinin nazını çəkər, zərgər dəqiqliyi ilə onların hər birinə öz diqqət və qayğısını paylayardı.

2

Madam Vokenin pansionundakı kirayənişinlərin xarici görünüşündə onların nə vaxtsa yaşadıqları, yaxud hələ də yaşamağa davam etdikləri faciələr ifadə olunurdu. Götürək qoca Mişononu… O, zəifləmiş gözlərinin üstünə yaşıl taftadan tikilmiş, mis məftillə bağlanmış kirli günlük taxırdı. Seyrək saçaqlı şalı sanki skeletə sarınmışdı: şalın altından az qala sümükləri görünürdü. Onun incə səsi qış vaxtı kol-kos içində gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi. Dediyinə görə, xəstəliyə düçar olmuş bir qocanın qulluğunda dururmuş. Uşaqları pulu olmadığı üçün həmin qocanı atıb gediblərmiş. Ancaq sonradan öyrəniblər ki, atalarının min franklıq rentası7 var. Qoca onu madmazel Mişonoya vəsiyyət edib. İndi uşaqları Mişonoya hər cür iftira ataraq bu vəsiyyətnaməni ləğv etməyə çalışırdılar.

Ya

Скачать книгу

1

Pansion – ev üslubunda qurulmuş və hər cür şəraiti olan kiçik mehmanxana

2

Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi

3

Lakey – nökər

4

Müşəmbə – su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça

5

Əprimək – çürüyüb tökülmək, didik-didik olmaq

6

Frank – Fransada pul vahidi

7

Renta – istiqraz vərəqəsi sahiblərinə daimi gəlir gətirən müddətsiz dövlət istiqrazı