Kərbəla dilbəri. Curci Zeydan
arifçisi, filosofu Curci Zeydan 1861-ci ildə Beyrutda xristian ərəb ailəsində anadan olmuşdur. Şəhərin kilsələrinin birinin nəzdindəki məktəbdə 2 il təhsil aldıqdan sonra ibtidai məktəblərin birinə keçmişdir. 11 yaşında təhsilini yarımçıq qoyub atasının kafesində ona kömək etmək məcburiyyətində qalmışdır. Lakin bu işdə atasınının etimadını doğrultmamışdır. Atası bir ildən sonra onu bir çəkməçiyə şagird vermişdir. Curci orada 2 il işlədikdən sonra xəstələnir və atası onu yenidən öz kafesində işlətməyə məcbur olur. O, bundan sonra özü təhsilinin qayğısına qalmağa başlayır: ingilis dili kurslarına gedir, klassik ərəb şeirini öyrənməyə başlayır. 1881-ci ildə iki ay ciddi hazırlaşır və Beyrutdakı Amerika kollecinin tibb fakultəsinə daxil olur. Müntəzəm məktəb təhsili almaması özünü tez büruzə verir: tələbə yoldaşları ilə ayaqlaşa bilmir. Lakin öz üzərində gərgin işləyir və kollecin birinci kursunu tərifnamə ilə başa vurur. Lakin təhsilini başa vurmaq ona nəsib olmur. Beyrutda tələbə nümayişlərinə rəhbərlik etdiyinə görə onu ikinci kursda kollecdən xaric edirlər. 1883-cü ildə ekstern üsulu ilə imtahan verib əczaçı diplomu ala bilir. Bundan sonra Qahirəyə gedib, orada tibb təhsilini davam etdirmək qərarına gəlir. O vaxtlar ərəb dünyasının mədəni mərkəzi sayılan Qahirədə çətinliklərlə üzləşir və Qəsr əl-Ayni xəstəxanasının nəzdindəki tibb kollecində təhsil almağın həddindən çox vaxt aparacağını biləndən sonra bu niyyətindən tamamilə əl çəkir. Qahirədə buraxılan “Əz-Zaman” qəzeti ilə əməkdaşlıq edir və eyni zamanda öz biliyini artırmaqla məşğul olur.
1884-cü ildə Sudanda Məhəmməd Əl-Mehdi üsyanını yatırmağa göndərilən və burada mühasirə vəziyyətinə düşən ingilis generalı Çarlz Qordona kömək üçün təşkil edilən hərbi ekspedisiyada tərcüməçi kimi işə düzəlir. Təqribən bir il həmin missiyada işləyir və Xartumda hərbi əməliyyat başa çatdıqdan sonra Beyruta qayıdır. Burada qədim ibrani, siryani və fars dillərini öyrənməyə başlayır. 1886-cı ildə Beyrutda ilk elmi əsərini – “Ərəb dilinin leksikası və dilin fəlsəfəsi” kitabını nəşr etdirir. Elə həmin ildə Londona gedir və məşhur Britaniya muzeyindəki ərəb əlyazmalarının tədqiqi ilə məşğul olur. Londondan qayıtdıqdan sonra həmişəlik Qahirədə məskən salmağı qərara alır. Ömrünün qalan hissəsini burada yaşayır. Bundan sonra Qahirəni yalnız bir neçə dəfə qısa müddətlərə tərk edir: 1908-ci ildə İstambula və 1912-ci ildə Fransa, İsveçrə və İngiltərəyə səyahətə çıxır. 1913-cü ildə isə Fələstində olur. Onu bir sıra Avropa və Şərq ölkələrində müxtəlif elmi cəmiyyətlərin üzvü seçirlər.
Qahirədə 1886-cı ildən başlayaraq bir neçə il “Əl-Muqtataf” jurnalı ilə əməkdaşlıq edir. 1886-1888-ci illərdə jurnalın redaktoru işləyir. 1892-ci ildə “Əl-Hilal” adlı elmi, tarixi, ədəbi və ictimai jurnal və eyniadlı nəşriyyat yaradır. Ömrünün axırınadək bu iki təsisata rəhbərlik edir. Özünün ədəbi-bədii, tarixi və elmi əsərlərininin böyük əksəriyyətini əvvəlcə bu jurnalda hissə-hissə çap etdirir, sonra isə nəşriyyatda ayrıca kitab halında buraxır.
Onun elmin müxtəlif sahələrində yazdığı əsərlər hələ də öz əhəmiyyətini qoruyub saxlayır. “Misirin yeni tarixi”, “Ərəb dilinin tarixi”, “Misirin müxtəsər coğrafiyası”, “Masonçuluğun ümumi tarixi”, “Yunanıstanın və Romanın tarixi”, “Xilqətdən indiyədək ümumdünya tarixi”, “Qədim ərəblərin genealogiyası”, “Millətlərin təsnifatı”, “Təbiətin möcüzələri”, “XIX əsr Şərqin görkəmli şəxsiyyətlərinin bioqrafiyası”, “Ərəb ədəbi dili və danışıq dili”, “Şərq qadını dünən və bu gün”, “Keçmiş zamanlarda siyasi partiyaların tarixi”, “Qayınana və gəlin”, “Söz azadlığı millətin tərəqqisinin əsasıdır”, “Müasir fizioqnomika”, “İngilislərin əxlaqı” və s. elmi əsərləri onun bilik dairəsinin necə geniş və rəngarəng olduğunu sübut edir. Yaradıcılığının bu məhsuldar dövründə yazdığı 5 cildlik “İslam sivilizasiyasının tarixi” və “Ərəbdilli ədəbiyyatın tarixi” kimi əsərləri indiyədək dünya şərqşünaslarının stolüstü kitabları kimi öz əhəmiyyətini itirməmişdir.
Curci Zeydan ilk bədii əsərini – “Qaçqın məmlük” tarixi romanını 1891-ci ildə yazmışdır. Əsər XIX əsrin əvvəllərində Misirdə Məhəmmədəli paşanın hakimiyyəti ələ keçirməsindən sonra baş verən hadisələrdən bəhs edir. İkinci romanı “Məmlüklərin istibdadı” (1893) XVIII əsrdə Misirdə və Suriyada baş verən hadisələrdən danışır. “Yalançı Mehdinin əsiri” (1892) romanı 1881-ci ildə Sudanda Məhəmməd Əl-Mehdinin üsyanından və Misirdə Əhməd Urabi paşanın ingilis müstəmləkəçilərinə qarşı üsyanının yatırılmasından bəhs edir. “Misirli qız Ərmanusə və ya Misirin fəthi” (1896) tarixi romanı isə Misirin islam qoşunları tərəfindən fəthi zamanı baş vermiş hadisələrdən danışır. “Sevgililərin mübarizəsi” (1893) romanı müəllifin yeganə romanıdır ki, heç bir tarixi hadisəyə toxunmur və iki gəncin məhəbbət sərgüzəştlərindən bəhs edir. Romanlar ərəb oxucuları tərəfindən çox yaxşı qarşılanır. Jurnala göndərilən rəylər yazıçını islam tarixindən bəhs edən silsilə romanlar yazmağa ruhlandırır. 1887-ci ildən başlayaraq “İslam tarixi romanları” seriyasından planlaşdırdığı əsərlərini yazmağa başlayır. Seriyanın ilk əsəri “Qəssanilər qəbiləsinin gözəli” adlı iki hissədən ibarət olan romanı hesab edilir. Curci Zeydan “Əl-Hilal” jurnalında bir romanını dərc etdirib qurtarmamış digərini yazmağa başlayır, sonra həmin romanları ayrıca kitab halında nəşr etdirir. Bəzi tədqiqatçıların yazdığına görə, o, bir romanını yazıb başa çatdırmamış əsərin əvvəlini jurnalda hissə-hissə dərc etdirir, işin gedişində qalan hissələrini yazırmış. Onunla bir dövrdə yaşamış bəzi ərəb şair və yazıçıları göstərirlər ki, C.Zeydan yazdığı romanın necə qurtaracağını özü də dəqiq təsəvvür etmirmiş. Görünür, o, A.Dümanın və V.Skottun pərəstişkarı olmuşdur. Lakin C.Zeydan A.Dümanın iş metodundan istifadə etsə də ondan fərqli olaraq ədəbiyyatın tarixə xidmət etməsinə üstünlük vermişdir. O, tarix elminin böyük pərəstişkarı olmuşdur.
Onun əsərlərinin naşirləri C.Zeydanın “İslam tarixi romanları” seriyasına 17, bəzən də 18 roman daxil olduğunu yazmışlar. Bu əsərlər VII – XIII əsrlərdə islam aləmində baş vermiş ayrı-ayrı tarixi hadisələri əks etdirir. Ümumiyyətlə, yazıçı çoxlu elmi əsərlərindən əlavə özünün tarixi romanlarının hamısını 1887-1914-cü illərdə yazıb nəşr etdirmişdir. Həmin illər ərəb tarixi romanı janrının təşəkkül tapdığı dövr hesab edilir. Lakin ərəb oxucuları yalnız onun tarixi romanlarını əsl oxucu məhəbbətilə sevmişlər və indiyədək oxuyurlar. Curci Zeydanın həyatının ən gərgin işlədiyi bu dövründə az qala hər il oxucuların ixtiyarına bir tarixi roman təqdim etmişdir. “Misirli qız Ərmanusə” romanı yazılma tarixinə əsasən seriyanın ilk romanı, “Qəssanilər qəbiləsinin gözəli” (1897) romanı isə ikinci roman hesab edilir. İki hissədən ibarət olan bu romanda Məkkədə islam dininin yaradıcısı Məhəmməd peyğəmbərin fəaliyyəti dövründən Ömərin xəlifəliyinədək baş verən hadisələrdən bəhs edir. Lakin müəllif “Misirli qız Ərmanusə” romanını “İslam tarixi romanları” seriyasını yaratmaq barədə qərarından əvvəl yazsa da hadisələrin xronologiyasına əsasən onu bu seriyanın ikinci romanı hesab etmişdir. ”Qureyş gözəli”, “17 ramazan”, “Kərbəla dilbəri” və “Əl-Həccac ibn Yusif” romanları islam xilafətinin ilk dövründəki siyasi mübarizədən və daxili çəkişmələrdən danışır. “Əndəlüsün fəthi”, “Əbdürrəhman Ən-Nasir” və “Karl və Əbdürrəhman” romanlarında ərəblərin İspaniyanı fəth etməsindən, burada yaranmış xilafəti ilə Fransa arasında baş vermiş müharibələrdən bəhs edir. “Əbu-Müslim Əl-Xorasani”, “Harun Ər-Rəşidin bacısı Əl-Abbasə və ya bərməkilərin sonu”, “Əl-Əmin və Əl-Məmun”, “Fərqanə gəlini” və “Əhməd ibn Tulun” romanlarında Abbasilər sülaləsinin hakimiyyəti dövründə xilafətin ayrı-ayrı ölkələrində baş vermiş tarixi hadisələr təsvir edilir. “Qayruvanlı qız” əsəri isə Tunisdə Fatimilər sülaləsinin hakimiyyətə gəlməsindən bəhs edir. “Səlahəddin və həşşaşilərin fitnəsi” romanında Əyyubilərin Misirdə hakimiyyəti ələ keçirməsindən və məşhur ərəb sərkərdəsi Səlahəddin Əl-Əyyubinin səlibçilərə qarşı mübarizəsindən, “Məmlüklərin istibdadı” romanında isə XVIII əsrdə məmlüklərin Misirdə və Suriyada hökmranlığı dövründə baş vermiş hadisələrdən bəhs edir. Seriyanın axırıncı əsəri olan “Şəcərətüddürr” romanı isə Misirdə Əyyubilər sülaləsinin axırıncı hökmdarı Turanşahın öldürülməsindən və onun