Mavi Qatarın sirri. Агата Кристи

Mavi Qatarın sirri - Агата Кристи


Скачать книгу

      © ALTUN KİTAB MMC – 2018

      UĞURSUZ PLAN

      Cənab Papopolus məşhur qızıl-zinət alverçisi idi. Onu hər yerdə tanıyırdılar. Bilirdilər ki, Papopolus ən bahalı zinət əşyalarını alıb-satmağı xoşlayır. Həmişə də öz alverini əlaltından edirdi. Papopolusun Parisin mərkəzində böyük evi vardı. Onun qızıl dükanlarına isə şəhərin bir çox yerlərində rast gəlmək olardı.

      Qaranlıq yenicə düşmüşdü. Papopolus öz otağında oturub dincəlirdi. Həyəcanlı olduğu üzündən aydın sezilirdi. Bu vaxt həbəş sifətli qulluqçu içəri girdi. Ehtiramla baş əydikdən sonra dedi:

      – Cənab, Markiz adlı bir nəfər sizi görmək istəyir.

      Üzündən nuranilik və xeyirxahlıq yağan Papopolus «Markiz» adını eşidəndə yerində qurcalandı. Başının işarəsi ilə «gəlsin» dedi.

      Çox keçmədi ki, Markiz deyilən adam içəri keçdi. Papopolus onunla salamlaşdı. Oturmaq üçün yer göstərdi. Qonaq nəzakətli səslə dedi:

      – Gecənin bu vaxtı sizi narahat etdiyim üçün üzr istəyirəm.

      – Xoşdur, xoşdur, – Papopolusun gözləri bir anda parladı, – yəqin ki, bu axşamı yaxşı keçirmisiniz?

      Markiz başını aşağı salıb boğuq səslə cavab verdi:

      – Şəxsən mən yox.

      – Bu nə deməkdir, nə olub ki? – iti nəzərlə qonağı süzdü.

      – Plan baş tutmadı. Mən nə desəniz gözləyərdim, amma bu cür uğursuzluğu ağlıma da gətirməzdim.

      Papopolusun sifətindəki nurani və xeyirxah cizgilər bir anda yoxa çıxdı. Onun rəngi qaraldı. Gözləri bərələ qaldı.

      – Açıq de görüm, nə baş verib?

      – Dediyiniz amerikalı bahalı yaqutu götürüb küçəyə çıxan kimi bizim adamlar ona hücum edib. Amma amerikalının üstündə tapança olub və dərhal onlara atəş açıb. Bizim adamlar da polis gəlməmiş aradan çıxmağa məcbur olublar.

      Markiz danışdıqca Papopolusun qəzəbləndiyi səsindən açıq-aydın duyulurdu.

      – Bu ki lap naşılıqdır, – qızıl-zinət alverçisi səsini qaldırdı, – onlar niyə küçənin ortasında hücum edirdilər? Münasib yer tapmaq olmazdı? Heç gözləməzdim, heç gözləməzdim…

      Papopolus bu sözləri deyib narazı-narazı başını buladı. Markiz onu sakitləşdirmək üçün dedi:

      – Cənab, narahat olmayın, bu uğursuzluq boş şeydir. Onun elə bir zərəri yoxdur. Gələn dəfə hər şey qaydasında olacaq.

      – Mən sizin qabiliyyətinizə inanıram, – qədim əşyalar alverçisi dedi.

      – Bilirəm, artıq sizdə mənim də, adamlarımın da belə işlərdə ustalığına şübhə yaranıb. İnanın, mən sizə söz verirəm ki, hər şey qaydasında olacaq. Amma gərək siz də sözünüzün üstündə durasınız. Əməyimizi yüksək qiymətləndirəsiniz.

      Bu söz Papopolusa toxundu. İncik halda dedi:

      – Mən sözümdə möhkəm adamam, – Papopolus Markizin əlini sıxdı, – tapşırığı uğurla yerinə yetirsəniz, düşündüyünüzdən də çox qazanacaqsınız.

      Markizin üzündə təbəssüm göründü. Bundan sonra onlar sağollaşıb ayrıldılar.

      AMERİKALI MİLYONÇU

      Rufus van Aldin məşhur amerikalı milyonçudur. Onun da qızıl-zinət əşyalarına böyük marağı var. Harada belə qədim əşya olduğunu eşidirsə, dərhal onu almağa çalışır. Özü də bunun üçün çoxlu pul xərcləməkdən çəkinmir.

      Bir neçə gün idi ki, van Aldin uzaq səfərdə idi. Bu səfərin məqsədi haqqında çox az adam nə isə bilirdi. O, işə gələn kimi birinci mərtəbədəki qulluqçudan ona məktub olub-olmadığını soruşdu. Qulluqçu gələn məktubların hamısını ikinci mərtəbəyə – mayor Nayton adlı köməkçiyə göndərdiyini dedi. Birdən nəsə yadına düşdü, tez masanın gözünü açıb siyirmədən bir məktub çıxartdı.

      – Az qala unutmuşdum, cənab, bu məktub elə indicə gəlib, – qulluqçu dedi.

      Van Aldin məktubu aldı. Üstünü oxuyan kimi birdən-birə görkəmi dəyişdi. Bayaqdan çox şən olan sifəti tutuldu. Amma heç nə deməyib ikinci mərtəbəyə qalxdı. Öz otağına keçdi. Otaqda yeni köməkçisi Nayton van Aldinə gələn məktubları qaydaya salmaqla məşğul idi. Milyonçu içəri girəndə o özündən asılı olmayaraq dik atıldı.

      – Salam, Nayton! – van Aldin mehriban səslə köməkçisinə dedi.

      – Xoş gəlmisiniz, cənab. Səfəriniz necə keçdi?

      – Pis olmadı, – milyonçu könülsüz cavab verdi. Sonra gülümsəyərək dedi: – Əsas odur ki, arzusunda olduğum matahı aldım.

      – Siz həmişə istəyinizə nail olursunuz, – Nayton da təbəssümlə dilləndi.

      – Elədir, – van Aldin özündənrazı halda dedi. – Məktubların arasında təcili olanı varmı?

      – Yox, cənab, – Nayton cavab verdi, – həm də mən hələ bütün məktubları saf-çürük eləməmişəm.

      – Yaxşı, onda təcili bir şey olsa, xəbər eləyərsən, – van Aldin paltosunu çıxardıb masasına tərəf getdi. Nayton isə işinə davam etməyə başladı.

      Van Aldin bu köməkçisindən çox razı idi. Naytonla iki ay əvvəl tanış olmuşdu. Bu gənc mayor onun ürəyinə yatmışdı. Nayton axsayırdı. Bunun səbəbini soruşanda mayor ona sənədlər göstərmişdi. Həmin sənədlərdən məlum olurdu ki, Nayton müharibədə yaralanıb. Gənc mayor van Aldindən münasib iş yeri olub-olmadığını soruşanda amerikalı milyonçu ona öz yanında şəxsi katibi – köməkçisi kimi yüksək vəzifə təklif etmişdi.

      Van Aldin Naytonu işə götürməyinə indi də çox sevinirdi. Çünki bu gənc mayor əldən iti, mədəni, ziyalı və yorulmaq bilməyən bir adam idi.

      Birdən milyonçunun gözü qulluqçudan yenicə alıb masanın üzərinə qoyduğu son məktuba sataşdı. Qəmgin baxışlarla zərfin üstünü yenidən oxudu. Sonra zərfi cırdı, içindəki kağız parçasını oxumağa başladı. Oxuduqca da sifəti qəzəbdən alışıb-yanır, dodaqlarını gəmirirdi. Birdən əlini masaya çırpdı, əsəbi səslə dedi:

      – Ah, mənim zavallı qızım! Nə yaxşı ki, qoca atan hələ sağdır, yoxsa o dəyyus, Allah bilir, sənin başına daha nə oyun açar. Yox, mən bu işi belə qoymaram.

      Bunu deyəndən sonra van Aldin qəzəblə ayağa qalxdı. Paltosunu geyib iti addımlarla otaqdan çıxmaq istəyəndə Nayton soruşdu:

      – Cənab, siz harasa gedirsiniz?

      – Bəli, mən təcili qızımı görməliyəm.

      – Sizi soruşsalar…

      – Deyərsən ki, rədd olsunlar, – van Aldin köməkçisinin sözünü yarımçıq kəsdi. Sonra qapını arxasınca çırpıb getdi.

      Van Aldinin qızının adı Rut idi. Onun iyirmi səkkiz yaşı vardı. Çox da gözəl deyildi, amma saçlarının rəngi ilə hamını valeh edirdi. Onun şabalıdı saçları qara gözləri, zil qara kirpikləri ilə bir ahəng yaradırdı. Rutun uca qaməti vardı. Yüksək səslə danışmağı sevirdi. Lap atası kimi. Van Aldin qızını uşaqlıqdan sərbəst böyütmüşdü. Rut hər şeyi öz bildiyi kimi edirdi. Heç kimi dinləmir, heç kimin fikri ilə razılaşmırdı. Nə bilirdi, onu da eləyirdi. Həmişə də özünü haqlı sayırdı. Amerikalı milyonçu gözünün ağı-qarası tək övladını çox sevirdi. Onun xoşbəxt olması üçün bütün var-dövlətindən keçməyə hazır idi.

      Az öncə oxuduqca əsəbiləşdiyi məktubu da Rut yazmışdı. Rut Derek adlı bir nəfərdə ərdə idi. Son vaxtlar van Aldin hiss edirdi ki, qızı ilə əri yola getmirlər, aralarında tez-tez mübahisə düşür. Derek bəzən günlərlə evə gəlmirdi. İndi qızın atasına yazdığı məktub da bunu təsdiqləyirdi. Rut Derekin başqa qadınlarla gəzdiyini yazırdı.

      Van Aldin işdən birbaşa qızıgilə gəldi.


Скачать книгу