Balaca və Karlson. Астрид Линдгрен

Balaca və Karlson - Астрид Линдгрен


Скачать книгу
/title>

      Damda yaşayan Karlson

      Stokholm şəhərinin ən adi küçəsinin ən adi evində Svanteson familiyalı çox adi bir İsveç ailəsi yaşayır. Bu ailə ən adi atadan, ən adi anadan və onların ən adi üç uşağından – Bosse, Betan və Balacadan ibarətdir.

      Bu evdə yalnız bircə qeyri-adi məxluq var. O da Karlsondur. Karlsonun qeyri-adiliyi damda yaşamasındadır. Maraqlıdır ki, indiyədək Stokholmda kiminsə damda yaşadığını görən olmayıb.

      Karlson balacaboy, bir qədər özündənrazı, tosqun adamdır. Üstəlik, hələ uça da bilir. Əlbəttə, təyyarə və vertolyotda hamı uça bilər. Karlson isə özü uçur. Qarnındakı düyməni basan kimi kürəyindəki məzəli mühərrik işə düşür. Mühərrik işə düşənə kimi Karlson hərəkətsiz durur. Elə ki mühərrik var gücü ilə işləməyə başlayır, Karlson da havaya qalxıb uçur.

      Damdakı kiçicik evində Karlson çox rahat yaşayır. Başqaları Karlsonun damdakı evindən xəbərsizdirlər. Axı bu ev iri bir bacanın dalındadır, ötəri baxanda görünmür.

      Bir dəfə bir bacatəmizləyən təsadüfən Karlsonun evini gördü. O, təəccüblə öz-özünə dedi:

      – Qəribədir… Bu, evdir belə? Ola bilməz! Damda da ev olar?.. Bu ev damda nə gəzir?

      Sonra bacatəmizləyən bacaya girdi. Evi də tezliklə unutdu və bir daha bu evi xatırlamadı.

      Karlsonu ancaq Balaca tanıyırdı. Balaca bu tanışlığa çox sevinirdi. Çünki Karlson uçub gələndə məzəli hadisələr baş verirdi. Karlson özü də Balaca ilə tanışlıqdan razı idi.

      Onların tanışlığı uğursuz bir gündə baş vermişdi. Həmin gün Balaca evin sonbeşiyi olmasına sevinməmişdi. Hərçənd sonbeşik olmaq bilirsiniz necə gözəldir? Axı evin sonbeşiyini ailənin bütün üzvləri sevir, hərə onu bir cür əzizləyir. Həmin gün isə hər şey əksinə oldu. Şalvarını ilişdirib cırdığı üçün anası onu danladı. Betan isə üstünə çığırdı ki, «burnunu sil!». Məktəbdən gec qayıtdığına görə atasının ona acığı tutdu.

      Balaca bütün bunlara görə çox kədərli idi. Ona birdən-birə elə gəldi ki, doğrudan da, yer üzündə heç kəsi və heç nəyi yoxdur.

      Balaca öz otağına çəkildi.

      Aydın bir yaz axşamı idi. Pəncərələr açıq idi. Ağ pərdələrə meh dəydikcə yellənir, elə bil səmaya səpələnmiş solğun ulduzları salamlayırdı. Balaca pəncərəyə dirsəklənib köksünü ötürdü. Elə bu vaxt o, bir vızıltı eşitdi. Səs get-gedə güclənirdi. Birdən qəribə bir mənzərə gördü: pəncərənin qarşısında kök bir kişi uçurdu. Bu, damda yaşayan Karlson idi. Onda Balaca hələ Karlsonu tanımırdı.

      Karlson Balacanı diqqətlə süzərək uçub getdi. O, damın üstündə balaca bir dairə vurdu. Bacanın başına dolanıb geriyə – pəncərəyə tərəf qayıtdı. Sonra sürətini artırdı, Balacanın qarşısından əsl təyyarə kimi ötüb-keçdi. Sonra ikinci dövrəni vurdu. Sonra üçüncü dövrəni.

      Balaca dinməz-söyləməz durub baxır, işin axırını gözləyirdi. Onun həyəcandan nəfəsi tutulmuşdu. Tükləri biz-biz olmuşdu. Axı balaca və gonbul kişinin pəncərə qarşısından uçması qeyri-adi hadisə idi.

      Bu vaxt kişi sürətini azaltdı, pəncərəyə yaxın gəlib dedi:

      – Xoş gördük! Olarmı, bircə dəqiqəlik bura qonum?

      Balaca o saat dedi:

      – Əlbəttə, buyurun. – Sonra əlavə etdi: – Nədir, yoxsa uçmaq çətindir?

      Karlson qürurla söylədi:

      – Mənim üçün qətiyyən çətin deyil. Axı mən dünyanın ən mahir uçanıyam. Ancaq sənin kimi «ot tayası»na bənzəyən yöndəmsizə məni yamsılamağı məsləhət görmürəm.

      Balaca «ot tayası» sözündən incimədi. Ancaq belə qərara gəldi ki, həqiqətən heç vaxt uçmasın.

      Karlson soruşdu:

      – Adın nədir?

      – Balaca. Əsl adım isə Svante Svantesondur.

      – Mənim adım da Karlsondur. Sadəcə, Karlson, vəssalam. Xoş gördük, Balaca!

      – Xoş gördük, Karlson!

      Karlson soruşdu:

      – Neçə yaşın var?

      Balaca cavab verdi:

      – Yeddi.

      Karlson dedi:

      – Çox gözəl. Söhbətimizə davam edək.

      O, qısa, yoğun ayaqlarını pəncərədən cəld içəri aşırıb evə girdi.

      Karlsonun özünü böyüklər kimi yox, uşaqtək apardığını görən Balaca xəbər aldı:

      – Bəs sənin neçə yaşın var?

      Karlson dedi:

      – Mənim neçə yaşım var? Mən hələ indi-indi həddi-büluğa çatmışam. Bundan savayı sənə heç nə deyə bilmərəm.

      Balaca həddi-büluğa çatmağın nə demək olduğunu başa düşmürdü. Bəlkə, elə Balacanın özü də kişidir və xəbəri yoxdur ki, əsl kişi həddinə çatıb! Buna görə də ehtiyatla soruşdu:

      – Kişi əsl həddə neçə yaşında çatır?

      – Hər yaşda! – deyə Karlson özündənrazı halda gülümsündü. – Hər yaşda, ancaq bu yalnız mənə aiddir. Mən qəşəng, ağıllı və həddi-büluğa çatmış sağlam kişiyəm.

      O, Balacanın kitab rəfinə yanaşdı, ordan oyuncaq buxar maşınını götürdü.

      Karlson təklif etdi:

      – Gəl maşını işə salaq.

      Balaca dedi:

      – Olmaz. Maşını ya atamla, ya da Bosse ilə birlikdə işə salmaq lazımdır.

      Karlson dedi:

      – Ya atanla, ya Bosse ilə, ya da damda yaşayan Karlsonla. Dünyada buxar maşınları üzrə ən məşhur mütəxəssis kimdir, səncə? Damda yaşayan Karlson! Atana elə belə də deyərsən!

      Karlson maşının yanındaca qoyulmuş denaturatı1 götürdü. Onu maşının balaca spirt qabına tökərək fitili yandırdı.

      Karlson dünyada buxar maşınları üzrə ən məşhur mütəxəssis olsa da, denaturatı çox yöndəmsiz tökmüşdü: kitab rəfində denaturat gölməçəsi əmələ gəlmişdi. Spirt o saat od tutdu, par-par parıldayan rəfdə alovun göyümtül dilləri atılıb-düşməyə başladı. Balaca dəhşətlə çığırıb kənara sıçradı.

      Karlson totuq əlini yelləyərək dedi:

      – Sakit, bircə sən sakit ol!

      Lakin alovu görən Balaca sakit ola bilmirdi. O, cəld əsgini qapıb alovu söndürməyə başladı. Pardaqlanmış rəfdə bir neçə iri, eybəcər ləkə əmələ gəldi.

      Balaca qorxa-qorxa dedi:

      – Gör rəf necə xarab oldu? İndi anam nə deyəcək?

      – Boş şeydir, adi həyat hadisəsidir! Anana da elə beləcə deyərsən.

      Karlson buxar maşınının yanında diz çökdü. Onun gözləri parıldayırdı.

      – İndicə işə düşəcək.

      Doğrudan da, heç bir saniyə keçməmiş buxar maşını işə düşdü. Karlson elə məğrur və xoşbəxt görünürdü ki, sanki bu maşını özü icad etmişdi.

      Karlson qəfildən:

      – Mən gərək qoruyucu klapanı yoxlayım, – deyib xırdaca dəstəyi fırlatmağa başladı. – Qoruyucu klapanları yoxlamayanda qəza baş verir.

      Maşın get-gedə daha sürətlə gurlamağa başladı. Sonra elə bil lap təngnəfəs oldu. Karlsonun gözləri hələ də parıldayırdı.

      Balaca indi rəfdəki ləkələri tamam unutmuşdu. O özünü çox xoşbəxt hiss edirdi. Sevinirdi ki, belə gözəl buxar maşını var. Üstəlik, dünyanın buxar maşınları üzrə


Скачать книгу

<p>1</p>

Denaturat – texnikada işlәdilmәk üçün hazırlanan zәhәrli spirt