Bədii qiraət. Məmmədəli ƏSGƏROV

Bədii qiraət - Məmmədəli ƏSGƏROV


Скачать книгу
Ş

      Ölkəmizdə bədii söz sənəti tamaşaçılar və dinləyicilər arasında ildən-ilə xüsusi hörmət və şöhrət qazanmaqdadır. Bədii söz sənəti estetik zövqlərin inkişafında və formalaşmasında, təkmilləşməsində və tərbiyələnməsində ən kəsərli vasitələrdən birinə çevrilmişdir. Məlumdur ki, estetik zövq təbiətin kamil əsəri olan insana məxsusdur, dil də insana məxsusdur. Dil ünsiyyət vasitəsidir, “insan” sözü isə “üns” kəlməsindən əmələ gəlmişdir, onun kökü məhz “üns”dür. Deməli, insanın sözlərdəki səslərdən və rənglərdən müəyyən ləzzət və  zövq alması heç də təsadüfi deyildir. Dahi şair Nizami Gəncəvi demişdir:

      Sordu: “Köhnə qızılmı, təzə sözmü yaxşıdır?”

      Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır”.

      Dünyanın naxşı olan söz üfüqlərində günəş qürub etməyən Vətənimizdə özünün şöhrət çələngi ilə ən yüksək zirvələrdə durur. Xalqımız bədii söz sənətinə dərin ehtiram bəsləyir.

      Azərbaycan torpağı şairlər vətəni olmağı ilə fəxr edir. Bu Odlar diyarı alov libaslı sözlərin beşiyi olmuşdur. Zəkalar oyandıran, ürəklərin sarı siminə toxunan, əvəzsiz bədii qidaya çevrilən – qüdrətli, məhəbbətli sözlər diyarı!..

      1300 il bundan qabaq Azərbaycan sərkərdəsi Cavanşirin ölümü münasibəti ilə Dəvdəyin yazdığı qəsidəyə “Danışarkən dodağından mirvarilər saçılardı” misrası heç də təsadüfi daxil olmamışdır.

      Azərbaycanda hikmətli sözlərə, mənalı kəlamlara, bunları özlərində cəmləşdirən gözəl şeirlərə həmişə dərin hörmət bəslənilmişdir. Yaranmış şeirlər də atalar sözləri kimi dillər əzbəri olmuşdur. Həmin şeirlər uzun ömürlü və çox yayılmış atalar sözləri ilə həmişə yarışmışdır.

      Bu gün ədəbiyyat tariximizin müəyyən qaranlıq səhəfələrini  işıqlandırmağa kömək edən balaca əlvan gül dəstələri – maraqlı şeirlərin toplusu olan cib dəftərçələri (çünglər) şeir həvəskarlarının yadigarlarıdır. Bunlar həm də xalqımızın şeirə olan marağını təcəssüm etdirən  (əks etdirən) sənədlərdir…

      Nizami hələ vaxtı ilə şeirlərini əzbər bilən müasir gəncləri ürəkdən sevmiş və alqışlamışdır:

      Dəstə-dəstə durmuş türfə gözəllər,

      Dillərdə  Nizami yazan qəzəllər.

      Bir şirin avazla hey oxuyurlar,

      Cəngi yarasına məlhəm qoyurlar.

      Dahi şair bədii qiraətin təsir qüdrətini gül ətri və bulbul nəfəsi ilə müqayisə edərək, iflic olmuş ruhun dərmanı adlandırmışdır. Onu müsiqi ilə müqayisə etdikdə isə məharətlə oxunan şeirin təsirini müsiqinin təsirindən daha yüksək tutmuşdur:

      Nə bir gül bu qədər verir xoş ətir,

      Nə bir bulbul bundan xoş nəğmə bilir.

      Oxuyanda beyt-beyt və bircə-bircə,

      Sanki zeytun yağı sürtdün iflicə,..

      Nəğməm saqilərin huşunu aldı,

      Xanəndənin sözü ağzında qaldı.

      Lakin bu gün bədii ədəbiyyat, onun şeir, nəsr və dramaturgiya kimi janr və növləri həmişəkindən daha artıq dərəcədə xalqımızın mənəvi həyatına daxil olmuşdur.

      Hazırda Vətənimizin hər tərəfində ədəbi konsertlər, ədəbi axşamlar, şeir və musiqi gecələri, şairlərlə görüş gecələri, onların yaradıcılıqlarına həsr edilmiş şeir gecələri və s. müntəzəm surətdə təşkil olunur. Həmin tədbirlərdə isə professional artistlər, bədii söz ustaları, gənc aktyor-tələbələr çox yaxından və həvəslə iştirak edirlər. Radionun “On dəqiqə poeziya” adlanan maraqlı verilişlərinə şairlər, aktyorlar, aktyor-tələbələr və diktorlar geniş şəkildə cəlb olunmuşdur. Sayı çox olan özfəaliyyət dərnəklərində bədii qiraətə haqlı olaraq xüsusi fikir verilməkdədir.

      Lakin bədii söz sənətinin bu qədər geniş yayılmasına baxmayaraq, qiraətçi kadrların yetişdirilməsinə hələ də çox böyük ehtiyac vardır. Etiraf etməliyik ki, professional qiraətçi kadrlara möhtacıq. Belə ifaçı kadrlarınəksəri isə müəllimsiz, ustadsız və nəzarətsiz işlənməkdədirlər. Onların bəziləri özlərinin elmi-mədəni səviyyələrini artırmaq işinə az fikir verirlər. Bu qəbildən olan qiraətçilər klassik ədəbi parçaların, şeirlərin, əsərlərin ifasında çox ciddi təhriflərə yol verirlər. Müasir bədii söz sənətinin incilərini mahir sərraf kimi qiymətləndirməkdə və yaymaqda çətinlik çəkirlər.

      Məhz buna görə də hazırda  gənc bədii qiraətçilərin, hətta bədii qiraətlə ciddi məşğul olan xüsusi söz ustalarının yetişdirilməsinə ciddi fikir vermək zəruriyyəti meydana çıxmışdır. Odur ki, yaradıcılıqları zəngin və əlvan şeir, bədii söz gülüstanımızda çiçəklənən, özünün rəngi və ətri ilə diqqəti cəlb edən mahir bədii qiraət ustalarının, bədii söz ustalarının yetisdirilməsinə həmişəkindən daha artıq dərəcədə gərgin və səmərəli əmək sərf etməliyik.

      Bu məqsədlə yetişməkdə olan gənc aktyor-qiraətçilərə bədii sözün ecazkar qüdrətini, sənətkarın isə söz üzərində çəkdiyi zəhmətini və əziyyətini çatdırmaq və sevdirmək lazımdır. “Söz əzabından böyük əzab yoxdur dünyada”. Burada sənətkarın öz yaradıcılığına, ədəbi zəhmətin bəhrəsinə, bədii sözə münasibəti “sözün əzabı” ifadəsi ilə çox sərrast ifadə olunmuşdur.

      Dahi Azərbaycan şairi Nizami Gəncəvi yazırdı:

      Əldə etmək üçün bir şəbçırağı,

      Yaxıb yandıraram dili-dodağı.

      Şair gözəl və qiymətli bir söz yaratmağın çətinliklərini obrazlı dildə belə ifadə edirdi. O, gecələr sübhə kimi yatmayıb, yaratdığı qiymətli sözləri (ifadələri) gecə çırağı adlandırmaqda haqlı idi. Bu sözlər, həqiqətən, ölməz şairin sönməz şeir məhəbbəti ilə, yeni kəşf olunan bədii sözlərin eşqi ilə yanan qəlbinin çiraqları idi. Bu sözlər onun qəlbinin butasında qızıl külçəsi kimi əriyir, yana-yana çıxırdı. Əvvəlcə, onun dilini, sonra isə dodaqlarını yandırırdı. Bu zəhmətdən məqsəd nə idi?

      Oxucular onun əsərlərini oxuyarkən, əvvəlcə, onların dodaqlarını sonra dillərini, daha sonra isə ürəklərini “yandıra” bilsin!.. Şairin yaratdığı atəşin sözlər oxucularına əsil mənada dərin təsir göstərməyə qadir olsun!..

      Belə bir təsir isə, heç şübhəsiz, aktyor-qiraətçilər daha ecazkar bir qüdrətlə dinləyicilərinə göstərə bilərlər. Bunun üçün onlardan tələb olunan basilica keyfiyyət nədir? Bədii sözə məhəbbət, klassik irsə və müasir ədəbi sərvətimizə məhəbbət, təkmilləşmək və ustad yetişmək naminə zəhmət, nəhayət, seçdiyi sənətə dərin hörmət,-məhz bu  keyfiyyətlər həqiqi aktyor–qiraətçinin formalaşmasına əsil mənada kömək edə bilər.

      BƏDİİ QİRAƏTİN BƏZİ

      XÜSUSİYYƏTLƏRİNƏ DAİR

      Bədii qiraət ustası orfoepiya (düzgün tələffüz) qaydalarını çox diqqətlə və həvəslə öyrənib mənimsəməlidir. Hər mənalı söz mətndə qönçədirsə, onun düzgün tələffüzü isə özünün xüsusi cazibədar ətri, rəngi və gözəlliyi olan açılmış çiçəkdir. Hər hansı əsərdəki mənalı söz və ifadələr ancaq düzgün ədəbi tələffüz ilə dinləyici və tamaşaçılara çatdırıla bilər.

      Məlumdur ki, tələffüz ərəbcə “söz” mənasında olan “ləfz” kökündən düzəldilmişdir. Bu, əsasən “söyləmək” mənasında işlənir. M.Füzulinin dediyi kimi, insan ancaq mənalı danışıqda, dürcdən (mücrüdən) dürrlər tökə bilir. İnsan öz danışıq qabiliyyəti ilə təbiətin gözəllikləri fövqündə qadir olur:

      Dürcdür  ləli-rəvanbəxşin, düri-şəhvar ləfaz,

      Dürcdən dürlər tökərsən eyləsən izhar ləfz…

      Qönçə ləlinlə lətafətdən dəm urmuş, bilməzəm

      Neylər izhar eyləgəc ol ləli-göhərbar ləfz.

      Qiraətçi-aktyor


Скачать книгу