Xoşbəxtlər arasında yaşamaq. Яшар Буньяд

Xoşbəxtlər arasında yaşamaq - Яшар Буньяд


Скачать книгу
amin ayaqlari

      (hekayə)

      Bir Qarabağ qazisinə…

      “Tapp!..”

      Yuxu aparıbmış, küt səsə diksindim. Əvvəl elə bildim yer tərpəndi, damın köhnə dirəkləri uçub yerə töküldü. Onsuz da amanabənd evimiz cüzi yer silkələnməsinə tab gətirməzdi. “Bir gün uçub başımıza töküləcək!” – deyirdi anam. Köhnə idi, təmirsiz. Müharibə başlamasaydı, atam əl gəzdirib abıra salacaqdı. Belə getsə abıra salınası heç nə qalmayacaq. Yaxşı ki sənədləri qaydasındaydı, yoxsa bank girovla kreditverməzdi. Buna da şükür…

      Durdum, kəllə otağa yüyürüb işığı yandırdım. Şükür, dam uçmamışdı. Amma atam yerində yox idi. Ürəyim əsdi. Boş çarpayıya yaxınlaşmağa cəsarət etmədim. “Ata… ay ata… har-da-san?” – pıçıldaya bildim. Səsim elə eybəcər çıxdı ki, lap özüm iyrəndim. Bilmirəm belə vəziyyətdə niyə vahimələnirəm. Anam hər dəfə gecə növbəsinə gedəndə: “Ayıq yat, qulağın otaqda olsun” – deyib bərk-bərk tapşırmağından gözümün yuxusunu qovurdum. Yatağanam. Neçə dəfə demişəm ki, nolar, ana evdə olmayanda qoy böyründə uzanım, bir şey istəyəndə, dümsüklə, duracam, razı olmayıb.

      Döşəməyə sərələnmiş yorğanın altından başını qaldırdı. Bir xeyli gözlərimin içinə baxdı. Heç nə olmayıbmış kimi çarpayının kənarına dirsəklənib dartındı, altdan-altdan, fağır-fağır üzümə baxdı. Gözlərindəki kədəri gizlətməyə çalışırdı. O belə baxanda az qala bütün dünyanı lənətləmək, qurban olum, elə baxma, demək istəyirdim! “Səni zəlil qoyanın evi yıxılsın!.. Dava qızışdıran, görüm, əziz balan qabağına döşənsin! Heç ağ gün görməyəsən!” – Anam hər dəfə bu ağır qarğışları yağdıranda anlamaq olmurdu kiminlədi, hər dəfə üzünü naməlum istiqamətlərə tutub ağızdolusu qarğıyır, deyinir, bir də boğazını qəhər boğanda hönkürüb sakitləşirdi. Sakitləşirdi ona görə ki, sözü nəm havaya qarışıb dörd divar arasında qalır, çölə ayaq açmırdı, onsuz da qarğış sahibinə çatmırdı – kar olmuşdu…

      – Qorxma, – dedi.

      Əvvəlcə büzüşmüş döşəkağını sahmanladım, yorğanı yerdən yığışdırıb çarpayının üstünə atdım.

      – Qorxmuramki, – deyib ona yaxınlaşdım. – Sən… sən burdasan…

      İndi gördüm, alnı döşəməyəmi, dolabın tininəmi dəyib, azca göyərib şişmişdi. “Bircə bu çatmırdı.” Elə istəyirdim ki, beş-on yaş böyük olam, belinə girib qucaqlayam, göz qırpımında qaldırıb çarpayısına qoyam! Əllərimi uzadanda gücüm çatmayacağını duyub qollarını boynuma doladı, mənə sarı dartındı, ya Allah deyib var gücümlə onu yuxarı qaldıra bildim. Ağırdı. Boğuq səslə ufuldadı. İlahi, ikimizdə bir boydayıq ki?! Çarpayıya uzatdım, başını yastığa söykəyəndə ah çəkdi… Onu özüm kimi balaca, aciz və köməksiz görmək istəmirdim. “Əvvəllər daha məğrur, cəsur görünərdi!” Gözlərim doldu. Fikirləşdim, görəsən neçə il yaşamalıyam ki, onun itirdiyi ayaqları boyda böyüyəm…

      Hamama cumdum, təmiz dəsmal isladıb otağa qayıtdım, alnındakı şişin üstünə qoyub:“İndi keçər,” – dedim. Məmnun göründü. Nəsə demək istədi, amma susdu. Əvvəldən çox danışan deyil atam.

      – İncidir?

      Başını tərpətdi, “hə”. Mən alnını soruşuram, o isə sağ əliylə ayaqlarının kəsilmiş yerini ovuşdura-ovuşdura deyir:

      – Sızıldayır…

      İki il keçib əməliyyatından, amma ayaqsız olduğuna öyrəşə bilmir. Mən də. Kim öyrəşər ki? Ayaqla doğulasan, otuz yeddi il üstündə yeriyəsən və bir gün… mərmi qəlpələri ayaqlarını parça-parça edə. Neçə döyüş yoldaşının tikəsi də ələ gəlməyibmiş. “Buna da şükür” deyirdi hamı. Təsəlliyə bax!.. Həkimlər vaxtında ayaqlarını dizqapağından iki barmaq aşağıdan kəsməsəydi, qanqrena olacaqmış, yəni çürüyəcəkmiş.

      Neçə ay hospitalın yolunu ölçdük. Anam hara, mən də yanıyca. Qabağa düşən, dərdimizə yanan kimsəmiz yox idi. Yarası gec sağalırdı. İynə-dərman baha, pul çatmırdı. Bir yandan da qonşu dükanların nisyə dəftərinə ad yazdırmaqdan xəcalət çəkirdi anam. Həyətin bir küncünə qısılıb ağlamağı bir yana, nisyə aldığı ərzaqları evə gətirənə kimi ölüb-dirildiyini dəfələrlə görmüşəm. Küçədə dükançılarla üz-üzə gələndə başını aşağı salıb ötürdü, elə bilirdi indicə salam verib borcu istəyəcəklər. Bəzi dükançılar, sağ olsun, atama görə hörmət edib pul götürmür, inşallah, sağalar, ayaqa durub işləyər, borclu qalmaz deyə ürək-dirək verir, bəziləri “dəftərə yazın” eşidəndə ağız büzürdü. Hiss edirdim ki, ağız büzənlərin də bizə yazığı gəlir. Bəzən düşünürdüm ki, yəni atam ancaq mənə, anama görə ayaqlarını itirib? Çoxlarına qismət olan firavanlıqdan bizə ovuc içi boyda pay düşməmişdi.

      Gecələr sübhə kimi dözülməz ağrılardan ufuldayanda, əlli-ayaqlı kişilərlə rastlaşmasın deyə küçəyə çıxmayanda, təbii ehtiyacını ödəmək üçün altına qab qoyulanda, çiməndə… necə əzab çəkdiyini görüb bu dünyaya necə nifrət etməyəsən? Görəsən bəla yanından ötən bəxtigətirənlər nədən özgələrə qarşı biganədirlər? Bəxt həmişə gətirmir axı?!

      Yəqin ki, atam əlil olmasaydı qaçıb dünyanın o başına gedərdim. Hara olur olsun! Mənə elə gəlirdi ki, olmadığım, görmədiyim yerlərdə insanlar daha azad, daha xoşbəxt yaşayır…

      Sən demə sevincin, kədərin də rəngi, dadı olurmuş! Onları atamın üz cizgilərində görüb tanımışam. Uşaqkən boynuna mindirib otaqboyu fırladanda, yıxılmayım deyə gur saçlarından bərk-bərk tutanda istər-istəməz boynumu əyib onun üzünə baxar, dünyanın ən bəxtəvər atası olduğunu işıq kimi yanan gözlərindən, şaqraq gülüşlərindən, qollarımı sıxan güclü biləklərindən hiss edərdim. Onda atam xoşbəxt idi! Kədər sonralar gəldi və onu mən də tanıdım. Evimizə sevinc yerinə kədər adlı sırtıq, üzlü qonaq gəlmişdi, getmək istəmirdi…

      Arada başqa qonaqlarımız da gəlirdi; hündür ağ, qara “cip” lərdə. “Qızıl aypara” dan, hansısa partiyadan, bir dəfə də televiziyadan gəlmişdilər. Atama dedilər ki, verilişin sponsoru, – tanınmış adamdı, – sizin üçün ən müasir protez ayaqların alınmasına yardım edəcək. Son döyüşdən, dostlarından danışdı atam. Rejissor kövrəlmişdi, iki dəfə ürək dərmanı içdi. Aparıcı qız son sualını verdi ki, əmi, inşallah, ilk dəfə ayaq üstə sərbəst dayananda nə etmək istərdiniz? Yəqin ürəyinizdən çox şeylər keçir?.. Atam çox fikirləşmədi. Elə bil sualı çoxdan gözləyirmiş, cavab verdi: “Rəqs edəcəm!” Hamı heyrətlə gülümsədi, inşallah dedi. Anam, öz toyunda belə əl qaldırıb oynamayan atamın cavabına təəccüblənsə də, arzusuna çatacağı günə qurbanlıq əhd elədi.

      Televiziya işçiləri gedərkən bildirdi ki, həftəiçi vətənpərvərlik verilişində göstəriləcək, mütləq baxın.

      Heç yadımdan çıxmaz, səhərdən axşamacan, düz iki həftə televizorun qənşərindən qopmadıq. Verilişlərin heç birindən vətənpərvərlik iyi gəlmirdi. Anam dedi, bəlkə, kanalı səhv salırıq. Allah bilir, göstəriblər, ötürmüşük… Boyat xəbərlər, təkrar-təkrar hava proqnozu, müğənnilərin qayğısız, dəbdəbəli həyatı, yeyib-içmək məclisləri, şit-şit əyləncələrdən, seriallardan savayı heç zad göstərilməyən həmən kanal atamı yaman məyus etmişdi. Onu göstərmədiklərinə görə yox ha, o boyda kanalın dərdimizə, problemlərimizə beş-on dəqiqə yer ayırmadığına görə. Neçə gün dinib-danışmadı. “Tfuu!.. Balaca gədə (rejissoru deyirdi) necə şeyinə doladı bizi?!” deyib, anama tapşırdı ki, televizoru otaqdan çıxartsın. Və o vaxtdan biz televizordan “küsdük”.

      Atam daha davadan söhbət açmadı…

      Evimizi girov qoyub kredit götürəndən sonra borcların çox hissəsini ödədik. Anam bir qucaq sənəd toplayıb atamın pensiyasını düzəltdirdi. “Qan puludu bu, qanpulu!” – anam hər dəfə pensiyanı alanda əlləri titrəyə-titrəyə pulu atamın ovucuna basır, sanki baxışlarıyla deyirdi:“Olmayan ayaqlarına baxa-baxa bu pula alınan çörəyi necə yeyə bilərəm? İrinə-qana dönər ki?!” Neçə dəfə görmüşəm, atam inadla pulları geri itələyib, səsi titrəyə-titrəyə, “borcları vaxtında qaytar ki, qapıma o-bu gəlməsin” – deyirdi…

      Bərpa


Скачать книгу