Kəndimizdə bir gözəl var. Salam Qədirzadə
i qızım Leylaya ithaf edirəm.
P R O L O Q
Adı Leyladır onun. Həyatı bəxtəvərliklə, qəlbi istəklərlə doludur. Dodaqlarındakı gülüşlə, gözlərindəki sevinc əkiz yaranmışdır. Ömründən keçən on səkkiz ildə ata-ana həmişə bu yeganə qızcığazın nazını çəkmiş, üstündə əsmiş, onu ehtiyacın üzünü görməyə, xiffətin nə olduğunu bilməyə qoymamışdır.
Baharda açılan qönçə kimi növrəstə bir xilqətin xoşbəxtliyi üçün bunlar kifayət deyildimi? Bəs bu axşam ürəyini anlaşılmaz, çılğın hisslərlə döyündürən, ona gah asudəlik, gah da narahatlıq verən məstedici sevgi haradan gəldi? Leylanı necə tapdı?!
O, universitetdə oxuduğu gündən Göydəniz adlı bir oğlana vurulmuşdu. Məhəbbətin hökmü qarşısında aciz qalan qız, bu gözəgörünməz, oğrun hissi boğmağa, öldürməyə çalışsa da, bacarmırdı, iqtidarı çatmırdı. Həmişə Göydənizlə qarşılaşmağa, səsini dinləməyə zəruri bir ehtiyac duyurdu.
Neçə vaxt idi ki, Leyla, özlüyündə dönə-dönə götür-qoy eləsə də, bir məsələni anlaya bilmirdi. Anlaya bilmirdi ki, universitetdə yüzlərlə başqa oğlan olduğu halda, o, nə üçün məhz Göydənizi düşünür, onun xəyalı ilə yaşayır, onun adını əzizləyirdi.
Əgər bu məhəbbət deyildisə, bəs nə idi?
İnsafsız oğlan isə hər dəfə Leyla ilə üz-üzə gələndə, ancaq salamlaşmaqla kifayətlənir və bununla da borcunu bitmiş hesab edirdi. Tez-tez təkrarlanan bu ötəri, ani görüşlərdə o, ağlını çaşdırıb, özünü itirsə də, Göydəniz heç nə itirmirdi. Lakin dünən gözlənilməz bir təsadüf qızı yenidən sarsıtdı, köksündəki məhəbbət qığılcımlarını alovlandırdı, şölələndirdi… Leyla çox intizarında olduğu xoş dəqiqələrin vüsalına çatdı; Göydənizlə ilk görüşə getdi.
Onlar səhərdən axşamadək yorulmadan şəhərin küçələrini ayaqdan salıb gəzdilər, danışdılar, dərdləşdilər. Leyla heç nə görmədi. Elə gözlərini Göydənizə zilləyib ona baxdı, ona baxdı…
Bəli, o görüşdən sonra qız birdən-birə sanki qanad açdı, fərəhdən ayaqları yerdən üzüldü, pərvazlandı, göyərçin təki səmalara uçdu…
Qəribə, məsud anlar başlandı Leylanın həyatında. Sən demə, indiyəcən o, ağlıkəsməz bir uşaq imiş, gəncliyin şövqünü, yaşamağın mənasını bütünlüklə duymurmuş.
Həmişə hər şeyi çəkinmədən evdə valideynlərinə danışan Leyla, bu sirrini əsla deyə bilmədi. Ürəyində özünə təzəcə yuva qurmuş məhəbbət, kibrit qutusuna salınmış kəpənək kimi bütün gecəni çırpındı, ona əziyyət qarışıq ləzzət də verdi. Qız gözlərini yumdu − Göydənizi gördü, gözlərini açdı − Göydənizi gördü. Dodaqları hey onun adını pıçıldadı.
Səhər, hələ günəş pəncərəsindən salama gəlməmiş Leyla yerindən qalxıb əl-üzünü yudu, saçalrını daradı, tualet stolunun qarşısına keçdi. Çərçivəsi oymalı bədənnüma aynada iki Leyla bir-birinə baxdı. Ağ geyimdə olan ucaboylu, nazikbədənli, xurmayı saçlı leylalar; qaşları qaranquş qanadı kimi gərilmiş göy, aydın gözlü əkiz bacılar. Leylalar utandı, dodaqlarını dişləyib tez-tez kirpik çaldı… sonra fərəhdənmi, nədənsə əllərini sinəsinin üstünə qoyaraq güldülər…
Qız, bir az da aynaya yaxınlaşıb gözlərinə diqqət yetirəndə, qəfildən diksinən təki oldu. Beynində qəribə fikirlər cövlan elədi. Sanki yuxudan indi ayıldı.
− Ana, oyaqsanmı? − deyə bir uşaq sövq-təbiiliyi ilə səsləndi. Əndəruni otaqdan Günəşin cavabı gəldi:
− Nə var, qızım? Bu gün sənə nə olub, belə tezdən durmusan?
Leyla cəld ara qapını açıb hövlnak içəri atıldı. Əvvəlcə anasını bağrına basaraq, bərk-bərk öpdü, sonra atasının çarpayısına yan alıb, onun boynuna sarıldı. Fikrət qızın bu anlaşılmaz hərəkətlərinə mat-məəttəl qaldı.
− Sizdən bir şey soruşacağam, düzgün cavab verməsəniz, ikinizdən də inciyəcəyəm, − deyə Leyla həyəcanla dil-dil ötməyə başladı. – Anamın gözləri qara, atamın gözləri qara… bəs mənimkilər niyə göydür?!.
Qızın səsi titrədi. O, bu sualı zarafatlamı, yoxsa ciddimi verirdi – bilmək çətin idi.
Otağa sükut ələndi. Günəş, boğazında qurğuşun parçası qalmış kimi əzabla udqundu; qızdan xəlvəti ərinə tərəf dönərək, başının cüzi hərəkəti ilə ona anlaşılması çox çətin bir işarə vurdu. Lakin danışmadı. Fikrət köksünü ötürdü, yerinin içində dikəlib mənalı tərzdə Leylaya baxdı və özünü zorla ələ alaraq gülümsədi.
− Yəqin göy dənizə çox baxmısan, onun üçün gözlərin göydür, − dedi.
Qızı sanki ildırım vurdu. Təlaş içində bir addım dala sıçrayıb, divara söykəndi. Yanaqlarından başlayan istilik sürətlə bütün bədəninə sirayət etdi; saçları sifətinə dağıldı:
“Aman! Atam məni Göydənizlə bir yerdə görmüşdür?!” – deyə keçən axşamkı gəzintini xatırladı və daha burada dayana bilməyib, öz otağına qaçdı; üzüqoylu çarpayıya yıxılaraq ağladı Leyla.
Fikrəti də, Günəşi də fikir götürdü: “Anamın gözləri qara, atamın gözləri qara… bəs mənimkilər niyə göydür?!. Olmaya on səkkiz il gizli qalan müdhiş bir sirri indi Leyla kimdənsə öyrənmişdi?..”
Soltanovların sakit ailəsində narahatlıq başlandı.
BİRİNCİ NOVELLA
İllər qanadlıdır, nədir?
Gənclik necə də tez ötüb, keçdi!
Elə bil lap srağagün idi: Fikrət dəniz sahilində xiyaban boyu Günəşlə yanaşı yeridikcə həyəcan keçirirdi. İlk dəfə qəlbən məhəbbət bəslədiyi bir qıza sirrini açmaq, ona “sevirəm” demək sizə asanmı gəlir? Bu bircə kəlməni dilə gətirmək üçün adamdan ikiqat cəsarət tələb olunur. Gəncliyin bundan da qorxulu imtahanı, bundan da çətin sınaq dəqiqələri varmı?
Hər şeydən xəbərsiz Günəş isə şirin söhbətində idi. Arxada qalan məktəb illərinin xoş xatirələrindən danışırdı.
Fikrət, qızın gözlərinə baxmaqdan ehtiyat edirmiş kimi, başını aşağı dikmişdi. Günəşin asfalt səkidə asta-asta, ahənglə addımlayan ayaqlarını gördü. Dolubiçimli, qəşəng, mərmər ayaqlarını. O, hündürdaban, zərif ağ çəkmə geymişdi. Corabsız idi. Fikrət, ancaq indi fikir verdi: Günəşin nə balaca ayaqları vardı!
Zövqlü qızlar saçlarını necə daramağı, hansı parçanın, hansı rəngin özlərinə yaraşdığını yaxşı bilirlər. Bu gün Günəş də ağ çəkmələrlə ətəkləri qırçınlı qırmızı paltarı nahaqdan geyməmişdi ki. Girdə ağ sifət, qara qaş-göz, qırmızı paltar, ağ çəkmə… İnsafən, elə bunlarsız da o, Fikrət üçün gözəl idi. Təkcə təmiz ürəyi, mülayim xasiyyəti dünyalara dəyərdi!
− Yorulmusunuzsa, əyləşək, − deyə qız, tənha söyüdün çətiri altda qoyulmuş skamyanı görəndə ayaq saxladı.
Fikrət düşüncədən ayrılıb, dayandı.
− Xətriniz necə istəyir…
O, yaylığını çıxarıb qız üçün skamyanın üstünə sərəndə, yerə əzik, göyümtül bir kağız düşdü; Günəş əyildi, onu götürüb Fikrətə uzatdı:
− Kino biletidir, deyəsən.
− Bəli. Özü də istifadə olunmamış biletlərdir.
Fikrət köksünü ötürüb, xəlvəti Günəşi süzdü. Qız qara saçlarını gödək vurdurduğundan boyun-boğazı və balaca qırmızı sırğaları açıla qalmış, bir az da qəşəngləşmişdi.
− Bəs niyə getməmisiniz?
− İstədiyim adamı dəvət etməyə cəsarətim çatmadı.
Günəş əyləşdi, kirpiklərini qaldırıb mat-mat ona baxdı. Fikrət qoltuq cibindən bir dəstə köhnə bilet çıxararaq Günəşin qarşısında tutdu və özünə yad bir səslə dedi:
− Görürsünüzmü?! Bunlar keçən ayın, hətta ondan qabaqkı ayın kino biletləridir. Hamısı da qoşa-qoşa…
Qız