Muhammed. Son peyğəmbər. Лев Нусенбаум

Muhammed. Son peyğəmbər - Лев Нусенбаум


Скачать книгу
pigraph>

      Çərkəz Qurbanlının əziz xatirəsinə

      BİRİNCİ BÖLÜM

      PEYĞƏMBƏRDƏN ÖNCƏKİ DÜNYA PEYĞƏMBƏRİN SƏHRASI

      Gəl sənə onun səhrada necə yeriməsindən deyim. Çörəyini və suyunu dalında daşıyır, ulaq öz yükünü daşıdığı kimi. Belinin fəqərələri əyilib. Içdiyi iyli sudur.

Papirus Anastasi IV, 91

      Afrikanın şimal-şərqində mavi nəhr, yaşıl düzənlik və çayla düzənliyi ağuşuna alan sarı səhra ölkəsi yerləşir. Misiri Asiya dünyası ilə nazik bir torpaq zolağı birləşdirir və nəhəng bir səhra onu iki nəhrin – Fərat və Dəclənin – torpağından ayırır.

      Misirdə firon hökmranlıq edirdi; Fərat və Dəclə sahillərində iki qüdrətli səltənət mövcud idi, Assuriya və Babilistan. Onların arasında isə səhra, amansızlıq və cahillik qərar tutmuşdu. Həmin aləmin nəhrlər boyunca səpələnmiş iqtidar sahibləri bu amansızlıqdan arın-arxayın yan ötüb keçirdilər. Səhranın qurtaracağında onlar bufer dövlətləri yaradır, zaman-zaman cəza dəstələri göndərir və çapqınçı səhra xalqının acınacaqlı yaşamından qorxulu olaylar söyləyirdilər.

      – Səhraya getmə, oğul, dünyagörmüş yaşlı misirli nəsihət verirdi, səhrada hələ heç kəs xoşbəxtlik tapmayıb. Səhraya getsən, o saat mal-qarasını itirib qurd-quşa yem olan tayfaya dönəcəksən.

      Sonralar fironlar sıradan çıxdılar, İkiçay Məmləkətinin2 xanimanı dağıldı. Yeni padşahlar peyda oldular, onlar da öz sələflərinin etdiklərini etdilər: saraylar tikdilər, cəza ekspedisiyaları göndərdilər, səhraya qarşı bufer dövlətləri yaratdılar. Nil və Fərat arasındakı amansızlıq və yabanılıq isə baş verənlərin heç birinə baxmayaraq keçmişdəki kimi dəyişməz qaldı.

      – Onlar bizim üçün həmişə dilənçi və yolçu olublar, Fərat sahilinin sonrakı hökmdarlarından biri bu cahillik xalqı haqqında belə demişdi.

      Nilin, Dəclə və Fəratın sahillərində dünya imperiyaları yaranıb yox olmuşlar. Nəhrlər arasındakı səhrada isə heç nə yaranmamış, heç nə yox olmamışdı. O sadəcə mövcud idi və Nil və Fəratın mədəni insanlarını narahat edirdi. Ancaq bu narahatçılıq o qədər də qorxulu deyildi. Səhra ticarət üçün qorxunc karvan yolundan, nağılçılar üçün əcinnələr ölkəsindən, qəsbkarlar və dövlət xadimləri üçünsə əhəmiyyətsiz qonşu əyalətdən başqa bir şey deyildi.

      Səhranın adı: Cəzirə əl-Ərəb «Ərəblər Adası».3 Amma bu ölkə ada deyil, Afrika ilə Asiya arasında bir dünyadır, hər iki qitəyə qohum, fəqət daxilən yad. Özü özlüyündə bir dünya.

      Ərəbistan yarımadadır. Almaniyadan altı dəfə böyükdür. Yarımadanın Qırmızı dəniz, Aralıq dənizi və Fars körfəzi sahilləri qayalıqdır, keçilməzdir. Gəmilər yalnız bir-iki limana yan ala bilirlər.

      Digər ölkələri birləşdirən dəniz Ərəbistanı başqa aləmdən ayırır. Onu ən çox ayıran isə səhradır; şimalda İraqla sərhəddə Nefud səhrası «əl-Bəhr Bila Ma» («Susuz dəniz»), cənubda «Rub əl-Hali» («Qızılqum səhrası»), həzrəmutların qorxunc məmləkəti. Minillərdən bəri Ərəbistan qoca Şərqin nəhəng mədəniyyət ölkələri arasında amansızlıq, yabanılıq, zülmət və kasıblıq içində uyuyur.

      Nə ölkədir bu? Qədim əfsanələr xəbər verir:

      «Rəbbülaləm yeri xəlq edəndə daşı, suyu, çəmənliyi və vadiləri bütün ölkələr arasında bərabər böldü. Qüdrət Sahibinin bu xəzinəsindən hər ölkəyə biraz düşdü, Ərəbistan da öz payını aldı. Sonra Aləmlərin Sahibi hər ölkəyə biraz da qum verməyi qərara aldı; zira insana azca qum da lazım olur. Qumu götürüb çuvala doldurdu və onu ədalətlə paylamaq üçün Ulu Mələk Cəbraili göndərdi. Amma iblis insanların paxıllığını çəkirdi. Cəbrail Ərəbistan üzərində pərvazlananda şeytan gizlincə yaxınlaşıb çuvalı deşdi və qumun hamısı Ərəbistana töküldü, göllərini qurudub çaylarındakı sularını soğultdu».

      Səhra belə yarandı.

      Bu vaxt Rəbbülaləm qəmlənib dedi: "Ərəbistanım miskinləşdi, mən onu qızılla örtəcəm”. Və O, mərhəmət göstərib parlaq qızıldan nəhəng bir qübbə xəlq etdi. Amma iblis bunu da səhra insanlarına rəva bilmədi. Öz cinlərini göndərdi, onlar da parlayan səma qızılını qalın qara çadralarla örtdülər. Fəqət Aləmlər Sahibi işini dayandırmadı. Öz mələklərini göndərdi, onlar da nizələri ilə şeytanın qalın qara çadrasında kiçik deşiklər açdılar. Beləcə ərəb ulduzları, dəyəsinin ağzında yuxusuz dayanan insanın üzünə gülümsəyən ilahi qızıl yarandı. Gündüzlər isə ölkə əlacsızlıqdan şeytanın ixtiyarına verilmişdir.

      Mavi polad rəngli səma aylarla yerin başı üzərində dayanır, ancaq böyük istilər başlayan kimi o, parlaqlığını itirib kül rəngi alır. Səma ölkəni boğur, qurumuş torpağa eşidilməmiş qaynarlıq göndərir. Ölkə qızmar, qaynar Günəşin altında yanır, sapsarı, monoton, dəyişməz. Əbədi qızmardan dağ yamacları və sal qayalar şaqqıldayıb para-para olurlar. Get-gedə üyünüb toza dönürlər, ərəb Günəşinin altında yaşayan hər şey kimi. Göylə yer arasında tozdan başqa heç nə olmur; küləyin qovduğu iri buludların içində o, üfüqləri örtür, Günəşin qabağını tutur, onun qaynarlığını canına çəkib yandırıcı dənələrini insanların başına tökür. Günəşlə quruluq Ərəbistana hakim kəsilmişlər.

      Həzrəmutda, Nefudda, Dəhnada və Rub əl-Halidə boz, verimsiz düzənlik qorxunc, qızarttaq qum dənizinə çevrilir. Ərəb məmləkətinin üçdəikisinə ölüm hakimdir. Qırmızımtıl təpələrin arasında qum bataqlıqları olur. Onlar insan və heyvanları içəri çəkib aparırlar. Adam ağır-ağır yumşaq qumun içinə quylanır. Dəhşətlər ölkəsi Rub əl-Halidə hiyləgər bədəvilərin azdırdığı qüdrətli qoşunların hərbi qüvvələri öz sonlarını beləcə tapırdılar.

      Ərəbistanın ondadoqquzu bəhrəsiz səhradır. Və sarı səhranın bitdiyi yerdə ərəb dağlarının sərt qayalıqları ucalır. Bu dağlarda əcinnələr yuva salmışlar. Bu dağların sərin hava ilə dolu mağaralarından gecələr fəryad və ah-nalə eşidilir. Bu, ordakı Cəbəl Sələb dağından boylanan cəhənnəmin səsidir.

      Bu ölkədən bircə iri çay belə axmır. Yalnız çox az yerlərdə, Nəcddə, qıraqda yerləşən Yəməndə, ticarət yolunun üstündəki Hicazda və dağların ətəklərində insan məskənləri yaranıb ərsəyə gələ bilər. Orda şəhər və kəndlərə rast gəlinir, orda kəndli özünün bir ovuc torpağını becərir. Enli vadi boyunca yoxsa bu, çay yatağımı? İnsan məskənləri uzanıb gedir. Səhranın qorxusu canından çıxmayan işgüzar, kasıb xalq orda yaşayır. Çünki bu şəhərlərin, kənd və tarlaların hamısı ölkə üçün yalnız talenin təsadüfləri, gündəlik səhra yaşamının boz yeknəsəkliyində təntənəli ara dayanacaqlarıdır. Dövlətə bənzər bir-iki xırda qurumlar burda yaranırdı, qonşu mədəniyyətlərin cüzi təsiri onlara burda nüfuz edirdi. Hansı mədəniyyəti isə məhv etmək üçün hansısa bəndin uçması, hər hansı bir dövləti tarmar etmək üçün hansısa bir gecə basqını yetərli olurdu.

      Sonra yenidən qum başlayır. Arxlar quruyur, evlər dağılır. Səhra yayılıb genişlənir; bu ölkə üçün həlledici və vacib olan yalnız səhradır. Ölkənin siması odur. Xalqın ən yaxşı hissəsi ona tabedir. Ölkənin taleyini həll edən də odur. Ərəb dünyasının əvvəlində və sonunda səhra dayanır. Hələ Ərəbistan şəhərləri salınmamış o burda vardı, son ərəb tarlası qum altında qalanda da o burda var olacaq. Səhra ərəbliyin beşiyi və məzarıdır.

      Ərəbistanda iki şey bir-biri ilə çarpışır, ərəb isə onların hər ikisi ilə. Qumun hökmranlığı ilə suyun hökmranlığı amansızcasına mübarizə aparırlar. Qumun nə olduğunu ömründə səhranı görməyən də bilir. Amma qərb dünyasında suyun nə demək olduğunu bilən varmı? Qərbdə su – hava, torpaq kimi adi şeydir. Çaylar öz yataqları ilə axır, göllərə tökülür, yerə can verir. Şərqdə isə hava və torpaq var. Su da olur. Amma çay yataqlarında yox, çünki çaylar qurumuşdur, göllərdə də olmur, çünki ölkədə göl yoxdur. Su minbir qayğı ilə kiçik dəri tuluqlarda qorunur, yaxud dəvənin qarnında


Скачать книгу

<p>1</p>

Papyrus Anastasi – papirus (yun. papiros): sərv sinfındən 1-3 m hündürlüyündə uzunömürlü ağac. Hələ qədim zamanlarda ondan bərə, qayıq, ulğan və yazı üçün papirus hazırlanardı. Anastasi yunanca anastasius sözünün latın dilində yiyəlik halı. Mənası yenidən dirilən deməkdir. Xristian xüsusi ismi Anastas da buradandır. Papyrus Anastasi əlyazmalar kağızı anlamındadır. (Bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).

<p>2</p>

İkiçay Məmləkəti – Nil və Fərat arasında yerləşən torpaqların alman mənbələrindəki adının kalkası.

<p>3</p>

Bəzi qaynaqlarda, məsələn, A. Massenin «İslam»ında «Cəzürət-ül-ərəb», tərcüməsi də «Ərəb yarımadası» kimi verilir.