İfritə. Оноре де Бальзак

İfritə - Оноре де Бальзак


Скачать книгу
Proloq

      Möhtəşəm Tur şəhərinin bir para sakinləri bu kitab müəllifinin qədimləri, eyni zamanda bizim bəxtiyar ölkəmizdə baş vermiş qəribə hadisələri və məhəbbət macəralarını böyük şövqlə öyrəndiyini eşidib qərara gəldilər ki, Tura aid olan hər şey müəllifə məlum olmalıdır və bir dəfə xeyli içdikdən sonra belə sualla ona müraciət etdilər: o etimologiyanın bilicisi kimi Tur şəhərinin küçələrindən birinin nə səbəbə «Qızmar» adlandırıldığını müəyyən edibdi? Bu sualla da onlar az maraq doğurmadılar. Buna cavab olaraq müəllif təəccüb edib bildirdi ki, Turun köhnə sakinləri yuxarıda adı çəkilən küçədə yerləşmiş saysız-hesabsız monastırları unuda bilərdilər; bu monastırların divarları rahiblərin və rahibələrin ciddi pəhrizlərindən uzun müddət elə qızırdı ki, abırlı bir qadın bu divarların yaxınlığında axşam gəzintisinə çıxırkən addımını yavaşıdardısa çox çəkmədən hamilə olardı. Miskin bir zadəgan bilikli adam olması ilə öyünmək üçün dedi ki, şəhərin bütün fahişəxanaları vaxtı ilə həmin yerdə cəmləşmişdi. Başqa birisi elmin dolanbac yollarından bəhs etdi, qədimdə olub-keçənləri bu günkü yeniliklərlə bağlayaraq dilavərcəsinə, lakin anlaşılmaz tərzdə danışmağa başladı: hansı sözlərin – haradan yarandığını və onları necə işlətmək lazım gəldiyini izah edirdi, o, felləri bir-bir dişlərinə vururdu, qədim dilləri – yəhudi, xaldey, misir, yunan, latın dillərini kimyagər kimi şərh edirdi. Nə üçünsə Tur şəhərinin bünövrəsini qoymuş Turnusu da bu məsələyə qarışdırıb əlavə etdi ki, əkər chauld (qızmar) sözündən iki, H və İ, hərflərini atsan «quyruq» mənasını verən cauda sözü əmələ gələr; bundan da o çıxar ki, bu işə kiminsə quyruğu qarışmışdır; Turun xanımlarının bu müdriklikdən anladıqları da elə yalnız quyruq oldu.

      Bir qoca isə bildirdi ki, keçmiş gözəl günlərdə bu küçənin yerində, qaynar çeşmə varmış və onun ulu babaları buradan su içərmiş. Bir sözlə, milçəyin milçəklə qovuşmasına lazım olduğundan da az müddətdə bir yığın etimoloji izahatları bir-birinin üstünə qaladılar, bu izahatlar içərisində həqiqəti aşkara çıxarmaq katolik rahibin pırtlaşıq saqqalında biti axtarıb tapmaqdan daha çətin idi. Çox-çox monastırları gəzib dolaşmış, yuxusuz gecələrdə ona işıq saçan lampada az yağ yandırmamış, xeyli qədim kitabları köhnəltmiş, Tur şəhərinin tarixinə dair isə əkinçinin avqust ayında zəmidən yığdığı sünbüldən çox məlumat – qədim əl yazıları, aktlar, protokollar, tədqiqatlar – toplamış sısqa, podaqra xəstəliyindən ikiqat olmuş bir qoca alim isə küncdə dinmədən əyləşərək birdən istehza ilə gülümsündü və aydınca dedi: «Boş şeydir! Onun bu nidasını eşidən müəllif başa düşdü ki, bu qocaya doğru-dürüst bir tarix məlumdur və oxucunu bu tarixlə sevindirmək olar.

      Doğrudan da ertəsi günü podaqra xəstəliyinə mübtəla olan qoca müəllifə dedi:

      – «İxtiyarsız günah» adlandırdığınız poemanızla siz mənim hörmətimi həmişəlik qazanmısınız, çünki bu poemada hər şey başdan ayağa həqiqətdir, bu isə, mənim anladığıma görə belə materiallarda ən qiymətli keyfiyyətdir. Lakin mən görürəm ki, messir Bryuin de la Roş-Korbonun döndərib xaçpərəst etdiyi mavr qadının macərası sizə məlum deyil. Bu macəra mənə məlumdur və əgər «Qızmar küçə adının izahı və həmçinin misirli rahibənin taleyi sizi maraqlandırırsa onda mən baş keşişin arxivindən götürdüyüm qədim sənədlərdən ibarət maraqlı bir məlumatı sizə təqdim edərəm. Bu sənədləri götürdüyüm kitabxana, bizlərdən səhərə qədər başımızın sağ qalacağına axşamdan heç kəsin zamin ola bilməyəcəyi günlərdə bir qədər xəsarət görmüşdür. Ümidvaram ki, siz tamamilə məmnun olarsınız, elə deyilmi?

      – Əlbəttə, – deyə müəllif cavab verdi.

      Beləliklə, müəllif qədim sənədləri səylə toplayan adamdan, istifadə üçün, toz basmış bir neçə gözəl perqament aldı; demə bunlar kilsə məhkəməsinin qədim protokolları imiş; müəllif bunları asanlıqla fransız dilinə tərcümə etdi; o belə hesab etdi ki, uzaq keçmişin sadədilliyini açıb göstərən orta əsr məhkəmə işinin dürüst bərpası dedikcə maraqlı olar. Beləliklə də, diqqət edin! Müəllif dilin bütün hiyləgər müdrikliklərini anlaya bilmədiyindən öz fərasətinə görə şərh etdiyi sənədlər bax, bu qaydada düzülmüşdü.

      Birinci fəsil

      İFRİTƏ KİMDİR

      In nomine Patris, et Filii, et Spiritus Sancti.

Amen[1].

      Miladın min iki yüz yetmiş birinci ilində biz, baş cəza verən və ruhani işləri üzrə hakim – bu işə Tur şəhərindəki müqəddəs Movrikiya kilsəsi yanında olan ruhanilər heyətinin üzvləri tərəfindən dəvət olunmuş – Jerom Kornil şəhər sakinlərinin şikayət və gileylərini başımızın sahibi arxiyepiskop Jean de Monsoroya təqdim etməli idik; onların ərizələri bu şikayət və gileylərə tikiləcəkdir. Bir para adlı-sanlı şəxslər, həmçinin şəhər sakinləri və rəiyyət bütün yeparxiyadan gəlib şübhələndiklərini bildirmişlər ki, arvad cildinə girərək xaçpərəstləri yoldan çıxaran iblis azğınlıqlar törədir. Həmin iblis hal-hazırda kapitula yanındakı zindana salınmışdır. Bu şikayətlərin doğru olmasına inanmaq üçün hər bir şahidin ifadəsini iblisə bildirməyi və ona verilən ittihamlar haqqında ondan soruşmaq, onu contra daemonios[2] qanunları əsasında mühakimə etmək məqsədilə biz bu il dekabrın 11-də bazar ertəsi, gündüz ibadətindən sonra həmin istintaqa başladıq.

      Protokol yazmaq və tərtib etmək üçün biz çox elmli adam olan rubrikator Qilom Turnebuşu kapituldan dəvət etmişik.

      İfadə vermək üçün bizim yanımıza birinci olaraq Jean, Tortebra və ya Fırıldaqçı adlanan bir Tur sakini gəldi; hökumət idarələrinin icazəsi ilə o, körpünün yanındakı meydanda «Hacıleylək» adlı mehmanxana saxlayır. Tortebra müqəddəs incilə əl basıb vicdanının pak olmasına and içdi ki, öz qulaqları ilə eşitmədiyi, öz gözlərilə görmədikləri haqqında bir kəlmə də danışmayacaq, odur ki, aşağıdakıları dedi:

      – Şəhadət verirəm ki, təqribən iki il bundan əvvəl İvan günündə, Bayram tonqalları yandırılan zaman zahirindən kral xidmətində olan və müqəddəs torpaqdan qayıdırkən bizdə əylənmiş tanımadığım bir zadəgan kapitulun icazəsi ilə Sent-Etyen çölü adlanan yerin yanında mənim tikdirdiyim evi kirayə etmək arzusunda olduğunu bildirdi. Bu evi üç bezant[3] təmiz qızıla ona doqquz il müddətinə kirayə verdim.

      Həmin cəngavər dediyim evə bir qız köçürtdü; qız üzdən gözəldi, sarasinlər və ya mərakeşlilər kimi bizə yad olan paltar geyinmişdi. O, qızı hamıdan gizlədirdi və bir oxun qət etdiyi məsafədə evin yanına heç kəsi buraxmırdı. Bununla belə mən görə bildim ki, qızın başı alabəzək lələklərlə bəzənmişdir, dərisinin rəngi qeyri-təbii dərəcədə gözəldir, gözləri isə elə yanırdı ki, təsvir etməyə boyun olmuram və bu fikirdəyəm ki, bu gözlərdən cəhənnəm alovu saçılırdı.

      Mərhum cəngavər qızın yaşadığı mənzilə burnunu soxmağa cəsarət edən hər adamı ölümlə təhdid etdiyi üçün mən bərk hürküyə düşüb, öz evimi tərk etdim və qadınlar arasında tayı-bərabərini görmədiyim bu qədər cazibədar əcnəbi qızın bəlkə də iblis olmasından qorxduğumdan şübhələrimi bu günə kimi də saxlamışam.

      Hər cür rütbədən olan bir çox adamlar cəngavərin artıq öldüyünə, bizim vilayətimizdə həmişəlik qalmaq istəyən qadın cildli qızın yalnız caduları, sehrləri, əfsunlaşmış dərmanları və iblislərə məxsus sairə tilsimlərinin gücü sayəsində ayaq üstə dura bildiyinə şübhə etmədiklərindən bildirirəm ki, o cəngavərə həmişə rast gələndə rənginin pasxa şamı kimi ağappaq olduğunu görürdüm. “Hacıleyləkdə” yaşayan adamlar isə bilirlər ki, həmin cəngavər gəldiyinin doqquzuncu günü dəfn edildi. Mehtərin dediyinə görə onun mərhum ağası düz yeddi gün evdən eşiyə çıxmadan mərakeşli qızla bərk mazaqlaşmışdı və ölüm yatağında bunları etiraf edərkən bizi dəhşətə gətirmişdi.

      Belə olduqda deyirdilər ki, guya bu iblis qadın həmin cəngavəri uzun saçları ilə özünə bağlayıbmış, guya bu saçların yandırıcı xüsusiyyətləri varmış, cəhənnəm odu, məhəbbət odu şəklində xaçpərəstləri


Скачать книгу

<p>1</p>

Atamız, oğlumuz və müqəddəs ruhun naminə. Amin. (lat.)

<p>2</p>

İblis əleyhinə (lat.)

<p>3</p>

Cəlib Əhmər dövründə Avropada hər yerdə işlənən Bizans qızıl sikkəsi.