Mustafa Kamal Atatürk. Edip Semih Yalçın

Mustafa Kamal Atatürk - Edip Semih Yalçın


Скачать книгу
gələn və buna görə Yunanıstandakı digər köçəri qruplardan fərqli olaraq “Konyarlar” adı ilə anılan köçərilərdəndir.

      Anadoludan yarımadaya köçüb yerləşən ilk türk qrupu Türkiyə səlcuqlarının mərkəzi Konyaya mənsub olan, elə Konyaya görə də adlandırılan “konyarlar”dır. XIX əsrdə və ya XX əsrin əvvəllərində Yunanıstanı gəzən, buradakı türklərlə şəxsən görüşərək onların xatirələrini toplayan, bölgədəki türk əhali haqqında əsər yazan qərbli səyyahlar, elm adamları da “konyarlar” haqqında əhəmiyyətli məlumatlar verirlər48.

      Bu mövzuda yazanların hamısı “konyarlar”ı bəzən “yörüklər” və “Evladi Fatihan”la qarışdırmaqla bərabər Konyadan gələrək Yunanıstana yerləşmiş və ya yerləşdirilmiş kimi göstərməkdədirlər. Lakin bunların gəliş tarixi, gəliş formaları haqqında fərqli məlumatlar verilib. Bütün bu düşüncələri tənqidi şəkildə tutuşduran Tayyib Gökbilgin “konyarlar”ın Yunanıstana gəlişi və yerləşdirilmələri ilə bağlı belə bir dəyərləndirmə aparıb: “Sonuncu və nisbətən qəbul edilməsi mümkün ehtimal II Murad, xüsusilə də Fateh zamanlarında, Karamanoğulları ilə mücadilə ərəfəsində və bundan sonra Karaman, Konya, Ankara ətrafından türk tayfalarının bu məntəqələrə yerləşdirilmələridir. O ətrafın etnik baxımdan yad xalqına mənşəyinə görə bu xarakterik ad verilib və bu ad qonşular arasında yaşayıb, özlərində isə mənşələri haqqında məlumat, şifahi ənənə halında davam edib”49.

      “Konyarlar”ın sıx halda yerləşdikləri yer Teselyada Kozan, şimalda “Sarıgöl” də adlandırılan Qayalar və Selanikin şimal-şərqidir. Say olaraq digər yörük qruplardan daha az olduqları, yarıköçəri həyat sürdükləri, alış-veriş mərkəzlərinin daha çox Yanya olduğu, xalçalarının xüsusi şəklinə görə (“Konyaren Fiqüren”) bölgədə məşhur olduqları bütün səyyahlar tərəfindən bildirilir. Bundan başqa, “konyarlar”ın daha demokratik yaşadıqları, şən, hərəkətli insanlar olduqları da deyilir50.

      Osmanlı dövlətinin Yunanıstandakı köçərilərlə bağlı təşkilatlanması işində özləri üçün xüsusi qeyd dəftəri olmayan “konyarlar” yerləşdikləri ərazilərdə başlanğıcda, xüsusilə, Qocacıq və Selanik köçəriləri içərisində, sonra da Vodina, Sarıgöllər bölgəsi yörükləri içində “Evladi-Fatihan”51 kimi qeyd edilmişdilər52.

      Mustafa Kamalın soyu ilə bağlı araşdırma apararaq əmisi Qızıl Hafiz Mehmet Əmin Əfəndinin soyundan gələnlərin əllərindəki bəzi sənədləri dərc etdirən Burhan Göksəl konyarların Konya-Kara-mandan Fateh Sultan Mehmet zamanında, yəni 1466-cı ildə – Kara-manoğulları məğlub edildikdən sonra Yunanıstana köçürülərək yerləşdirildikləri bildirilməkdədir53.

      B. Zübeydə xanımın ailəsi və həyatı

      Mustafa Kamalın ana babası Selanikdən bir saatlıq məsafədə yerləşən Lanqazada ciftlik sahibi olan Sofuzadə Feyzullah Əfəndidir. Atatürkün və Məqbulə xanımın uşaqlıq xatirələrində haqqında danışdıqları ciftlik buradır. Sofuzadə Feyzullah Ağa Selanikin şərqindəki kiçik Lanqaza (indi Lanqaha) qəsəbəsində yaşayır, heyvandarlıq, əkinçilik və ticarətlə məşğul olurdu. Feyzullah Ağanın ailəsi Vodina (indiki yunan Makedoniyasında Edhsessa) kəndi yaxınlarından gəlmişdi54.

      Zübeydə xanım Feyzullah Əfəndinin üçüncü arvadı Ayişə xa-nımdan olan yeganə qızı idi. Atatürkün bacısı Məqbulə xanım (1885-1956) ana soyları haqqında: “Anamdan tez-tez bunları eşitmişəm”, – deyərək bu məlumatları verib: “Bizim əsas soyumuz yörükdür. Buralara Konya-Karaman tərəflərdən gəlmişik. Babam Feyzullah Əfəndinin böyük əmisi Konyaya gedibmiş, Mövləvi dərgahına girib orada qalıb. Yəqin ki, yörüklüyü tutmuşdu…”55.

      Doxsan yaşında vəfat edən Aydın millət vəkili Tahsin San Mustafa Kamalın anası Zübeydə xanımın atası haqqında aşağıdakı məlumatları verib: “Atatürkün anası Zübeydə xanım Sofuzadə ailəsindən olan Feyzullah Ağanın qızıdır. Bunlar Selanikdə anadan olmuşdular. Bu ailə 130 il əvvəl Sarıgöldən Selanikə gəlmişdi. Vodina qəzasının qərbində Sarıgöl nahiyəsində on altı kənddən ibarət olan “nahiyə ailəsi”, Makedoniya və Teselyanın fəthindən sonra Konya ətrafları əhalisindən Osmanlı Hökumətinin köçürdüyü və yerləşdirdiyi türkmənlərdəndir. Son zamanlara qədər beş əsr ərzində həyat tərzlərini, geyim-keçimlərini dəyişdirməmişdilər”56.

      Bu mövzuda Lord Kinross mənbə göstərmədən aşağıdakı mə-lumatları verib: “Zübeydə xanım bolqar sərhədinin o üzündəki slavlar qədər sarışındı. Biçimli, ağ bədəni, dərin, amma saf, açıq-mavi gözləri vardı. Ailəsi Selanikin qərbində Arnavutluğa doğru sərt və çılpaq dağların geniş, donmuş sulara batdığı göllər bölgə-sindən gəlmişdi. Bura türklərin Makedoniyanı və Teselyanı aldıqdan sonra Anadolunun göbəyindən gələn kəndlilərin yerləşdikləri yerdi. Bu səbəbdən də Zübeydə xanım damarlarında ilk köçəri türk qəbi-lələrinin nəvələri olan və hələ də Toros dağlarında azad yaşayışlarını davam etdirən sarışın köçərilərin qanını daşıdığını düşünməkdən həzz alırdı57.

      Mövcud məlumatlara görə, ailə 1466-cı illərdə Qaramandan gələrək Vodina sancağına bağlı Sarıgölə yerləşib, sonra Selanik yaxınlığındakı Lankazaya (Lanqaza) köçüb. Zübeydə xanım 1857-ci ildə burada dünyaya gəlib. Zübeydə xanımın atası Sofuzadə Feyzullah Əfəndi üç dəfə evlənib. Adlarını bilmədiyimiz digər iki arvadı kənara qoyularsa, Zübeydə xanımla birlikdə Həsən Ağa və Hüseyn Ağa Feyzullah Əfəndinin üçüncü arvadı Ayişə xanımdan olan övladları idi.

      Zübeydə xanım 1857-ci ildə Lankazada doğulub, uşaqlığı və ilk gənclik illəri burada ailəsi ilə birlikdə keçib. Güclü iradəyə sahib Zübeydə xanım lazımi səviyyədə təhsil almasa da, öz imkanlarıyla oxumaq-yazmaq öyrənib. Anasına “Molla xanım” deyildiyi kimi, onu da “Zübeydə molla” çağırırdılar. Bu onun müdrik mənliyini ifadə edən ləqəb sayıla bilər. Mühafizəkar, adət-ənənələrə bağlı qadın idi58.

      Əli Rza Əfəndi ilə evləndikləri 1870-ci ildə 13-14 yaşlarında olan Zübeydə xanım ərinin ölümündən sonra uşaqları ilə bir müddət Lankazadakı ailə ciftliyinə – qardaşlarının yanına qayıtmış, ona elçi düşən Raqib bəylə 36 yaşında ikən ikinci dəfə ailə qurmuşdu. Balkan müharibəsinin sonuna qədər Selanikdə məskunlaşan Zübeydə xa-nım Mustafa Kamalın 1906-cı ildə yoldaşları ilə birlikdə Şamda qur-duğu “Vətən və Hürriyyət” cəmiyyətinin bir şöbəsini burada açmaq üçün cəhd etdikləri zaman oğluna inanıbvə dəyərli fikirləri ilə ona yardım edib.

      Balkan müharibəsinin sonunda Selanikin sərhədlərimizdən kə-narda qalması ucbatından bir çox türk kimi Zübeydə xanım və qızı Məqbulə xanım İstanbula gəliblər. Mövcud məlumatlara görə, Bi-rinci Dünya müharibəsindən sonra Selanikdə öldüyü söylənən Raqib bəyin, əslində, bu köç hadisəsindən bir qədər əvvəl vəfat et-diyini düşünmək olar. Çünki yaşasaydı, onun da ailəsi ilə birlikdə İstanbula gəlməsi lazım idi59.

      Zübeydə xanım İstanbulda Beşikdaş tərəfdə, Akaretlərdə 76 nömrəli evdə, qızıyla birlikdə, yeni, amma çox çətin həyat yaşayıb. Mustafa Kamal Paşa Yeddinci Ordu komandanı


Скачать книгу