Makedoniyalı İsgəndər. Питер Грин

Makedoniyalı İsgəndər - Питер Грин


Скачать книгу
Onların dəfn edildiyi yer çox sonradan, qazıntılar zamanı aşkar edildi. Həmin yerdə keşikçi kimi hələ də Xeroneya şirinin heykəli dayanır.

      Döyüş qələbə ilə bitəndən sonra Filip tanrılara qurban kəsdi, igidliyə görə sərkərdələrinin və əsgərlərinin çoxunu mükafatlandırdı. İndi Elladanın gələcəyi onun əlində idi, ancaq Filip bilirdi ki, qələbədən sonra da Afina ona müxtəlif problemlər yarada bilər. Doğrudan da, bir gün sonra Xeroneyaya xəbər çatdı ki, afinalılar qulları və sadə camaatı silahlandırıb, öz şəhərlərini sona qədər müdafiə etməyə hazırlaşırlar. Bu xəbər Filipi narahat elədi. Məsələ burasındadır ki, quru qoşunları ilə müqayisədə Afina donanması öz döyüş qabiliyyətini tamamilə qoruyub saxlamışdı. Bu səbəbdən də Xeroneyadakı qələbəyə baxmayaraq, Filip ehtiyatlı davranmaqda haqlı idi. Onun Afinaya təklif etdiyi sülh şərtləri qarşı tərəf üçün çox əlverişli idi: həlak olan döyüşçülərin cəsədləri dəfn olunmaq üçün Afinaya qaytarılır, 2000 əsir pul alınmadan buraxılırdı. Bundan başqa, Filip Attikanın dəniz və quru sərhədlərinin toxunulmazlığına zəmanət verirdi. Afina Egey dənizindəki bəzi adalar üzərində nəzarəti də əlində saxlayacaqdı. Bunun əvəzində isə onlar Makedoniyanın müttəfiqi olacaqlarına dair öhdəlik götürməliydilər.

      Afina rəhbərləri Filipin şərtlərini qeyd-şərtsiz qəbul etdilər. Başqa yolları da yox idi: indi onlar yalnız Makedoniya hökmdarının mərhəmətinə bel bağlaya bilərdilər. Hər halda, afinalılar fivlilərlə müqayisədə daha yaxşı şərtlər əsasında sülh anlaşması imzaladıqlarına görə təsəlli tapa bilərdilər…

      Mərkəzi Yunanıstanda möhkəmlənmək üçün Filip Fiv şəhər-dövlətini tamamilə məhv etməli idi. Bu məqsədlə Fivdə oyuncaq hökumət quruldu və orada Makedoniya qarnizonu yerləşdirildi. Afinalılardan fərqli olaraq, fivli əsirlər pul müqabilində azadlığa buraxıldı. Filip lazım gələndə alicənab olmağı bacarırdı, elə bu səbəbdən də «müqəddəs dəstə»yə abidə qoyulmasına etiraz etmədi. Özü döyüşçü olduğundan, igid düşmən əsgərlərinə hörmətlə yanaşırdı.

      Beləliklə, yunan dövlətlərində əvvəlki müstəqilliyin yalnız kölgəsi qalmışdı. Filip öz böyük qələbəsini əbədiləşdirmək üçün Olimpdə Filippion adlandırılan dairəvi bina ucaltdı. Orada Filipin, atası Amintanın, anası Evridikanın və oğlu İsgəndərin heykəltəraş Leokarın qızıl və fil sümüyündən düzəltdiyi heykəlləri var. Bunda məqsədi nə idi? Filip sülalə hakimiyyəti yaratmaq istəyirdi, bu yöndə ilk addım da məhz Filippion sayıla bilər. Çünki Filippion tikiləndən sonra məlum oldu ki, Filipin hakimiyyətin ötürülməsi planı təxminən iyirmi ildir dəyişməz qalıb: onun əsas varisi İsgəndərdir! Heykəllərdən birinin gənc şahzadəyə qoyulmasının başqa izahı ola bilməzdi…

      Xeroneya yaxınlığındakı döyüşdən sonra

      Təxminən həmin vaxtlarda İran hökmdarı III Artakserks özünün baş vəziri Baqoas tərəfindən öldürüldü. İranda qarışıqlıq yaranmışdı, paytaxtda qanlı intriqalar baş alıb gedirdi. Rəqiblərin bir-birini öldürərək sıradan çıxarmağa çalışdığı bir vaxtda, Baqoas hökmdarın kiçik oğlunu taxta çıxardı.

      Bu hadisələr Filipin diqqətindən yayınmadı. O, Yunanıstanı özünə tabe etdikdən və İranda hakimiyyət zəiflədikdən sonra indi ancaq Asiyaya soxulmaq barədə düşünürdü. Bu o demək idi ki, İran hökmdarı I Daranın oğlu Kserksin 150 il əvvəl Yunanıstana hücumunun əvəzini çıxmaq üçün münbit zəmin yetişib. Filip öncə yunan şəhər-dövlətlərinin belə bir müharibədə iştirak etməyə nə qədər həvəsli olduğunu öyrənmək qərarına gəldi. O, xüsusilə Afinanın tutacağı mövqedən narahat idi.

      Filip Afina ilə sülh əldə edildikdən sonra oraya elçilərini yolladı. Elçilər guya afinalı döyüşçülərin nəşini müşayiət eləyirdilər. Əslində isə məqsəd Afinanın aparıcı siyasi xadimlərilə görüşüb Filipin planları barədə müzakirə aparmaq idi. Elçilər arasında İsgəndər də vardı. Onlar Makedoniyanın rəhbərliyi altında İrana hücumla yanaşı, yunan şəhərləri arasında sülhün bərqərar olması və Ellin ittifaqının yaradılması kimi məsələləri də müzakirə etməliydilər.

      Nəticədə Filip özünün sevimli «parçala və hökm et» prinsipinə sadiq qalaraq hər yunan şəhər-dövləti ilə ayrıca müqavilə bağladı. Yalnız Sparta bundan inadla boyun qaçırdı. Filip sülh bağlamaq üçün Korinfdə qurultay çağırdı və ora bircə spartalılar gəlmədilər. Qurultayda qaldırılan əsas məsələlər bunlar idi: yunan dövlətləri öz aralarında sülh bağlayır və federasiya – Ellin ittifaqı yaradırdılar. Eyni zamanda, Ellin ittifaqı Makedoniya ilə xüsusi ittifaq müqaviləsi bağlamalıydı. İttifaq Filipin varislərinin hakimiyyəti dövründə də öz mövcudluğunu qorumalı idi. Filip Ellin ittifaqının rəhbəri – hökmdarı sayılırdı. Bu vəzifə özündə ittifaq dövlətlərinin təhlükəsizliyini təmin etmək üçün hərbi və mülki hakimiyyəti birləşdirirdi. Formal olaraq hesab edilirdi ki, Şuranın qəbul etdiyi qərarları hökmdar həyata keçirməlidir. Ellinlilər kiminləsə müharibə aparanda, Makedoniyadan kömək istəyə bilərdilər, eyni zamanda hərbi yardıma ehtiyacı olduğu təqdirdə Filip də ittifaqın hərbi gücündən yararlanmaq hüququna malik idi. O, hərbi əməliyyatlar zamanı nəinki hökmdar, həm də ittifaqın bütün silahlı qüvvələrinin ali baş komandanı olacaqdı. Filip öz təkhakimiyyətliliyini nə qədər pərdələməyə çalışsa da, indi bütün ellinin hətta xarici siyasətini belə müəyyənləşdirə bilirdi. Bunu ittifaqa daxil olan dövlətlərin rəhbərləri çox yaxşı başa düşürdülər. Lakin etiraz edəcək vəziyyətdə deyildilər: Xeroneya döyüşündəki məğlubiyyətdən sonra buna məcbur idilər, lakin sonralar elə ilk fürsətdəcə onlar Makedoniya boyunduruğundan qurtulmağa çalışacaqdılar…

      Qurultay bitdikdən sonra Filip Pellaya qayıtdı. Bundan bir qədər sonra isə Makedoniyada hakim sülalə daxilində nifaq baş qaldırdı. İxtilaf günbəgün gücləndi və dünənəcən hökmdarın hədsiz sevdiyi, inandığı əsas varisinin – ilk oğlu İsgəndərin saraydan uzaqlaşmasınacan böyüdü…

      Məsələ burasındadır ki, Filip zadəgan nəslindən olan Kleopatra ilə evlənmək qərarına gəlmişdi. Belə ki, o, gözlənilməz şəkildə arvadı Olimpiadanı xəyanətdə təqsirləndirib özündən uzaqlaşdırdı. Bununla da belə şayiələr yayılmağa başladı ki, Olimpiada İsgəndəri Filipdən dünyaya gətirməyib, ona görə də onun qanuni varisi ola bilməz!

      Filipin Kleopatra ilə toyu, gözlənildiyi kimi, olduqca gərgin keçdi. İsgəndər süfrədə öz fəxri yerini tutduqdan sonra atasına dedi: «Anam təzədən ərə gedəndə, səni onun toyuna dəvət edəcəyəm”. Bu da azmış kimi, məclisin sonunda yeni gəlinin yaxınlarından biri olan Attal ayağa qalxıb arzuladı ki, Filiplə Kleopatranın izdivacından taxt-tacın qanuni varisi doğulsun. Şərab beyinləri dumanlandırmışdı. Bu səbəbdən də Attalın dedikləri İsgəndəri lap cin atına mindirdi, o, hirslə yerindən sıçrayıb qışqırdı: «Nədir, məni qeyri-qanuni oğul sayırsan?!» – və əlindəki badəni Attalın sifətinə çırpdı. Hamıdan çox içmiş Filip qılıncını çəkib Attalın yox, İsgəndərin üstünə atıldı. Ancaq kefliliyi və axsaqlığı ucbatından (Trakiya döyüşündə ayağından yaralanmışdı) stula ilişib yıxıldı. «Görürsünüz, möhtərəm qonaqlar, – İsgəndər nifrətlə dedi, – Avropadan Asiyaya yürüş etmək istəyən


Скачать книгу