Adsız itin qayıdışı. Seymur Baycan

Adsız itin qayıdışı - Seymur Baycan


Скачать книгу
Aldığı hədiyyə kitabları öz növbəsində məktəbin kitabxanasına hədiyyə edirdi. Məktəbdə vəzifəli şəxslərin övladları da oxuyurdu. Sinif rəhbərimiz, həmçinin digər idealist müəllimlər adamların vəzifəsinə məhəl qoymadıqlarını göstərməyə çalışaraq onların övladlarına qarşı xüsusilə sərt rəftar edirdilər. Müəllimimiz çox təmiz geyinirdi. Yağışlı-palçıqlı payız günlərində onun çəkmələri, şalvarı tərtəmiz olurdu. Biz şagirdlər palçıqlı yollarla müəllimin belə təmiz çəkmələrdə məktəbə necə gəlməsini əsla başa düşə bilmirdik. Sonradan öyrəndik ki, müəllim hamıdan əvvəl məktəbə gəlib özünü məktəbdə müəllimlər otağında qaydaya salırmış. Yalandan deyə bilmərəm ki, o dövrlər bütün müəllimlər işlərinə ciddi yanaşırdılar. Lakin hər məktəbdə müəllim adının məsuliyyətini dərk edən beş-altı hörmətli, ağır xasiyyətli, zəhmli müəllim olurdu. Belə müəllimlərdən hər bir şagird çəkinirdi. Əgər bu müəllim yaşlıdırsa və şagirdin valideynlərinə də bir vaxtlar dərs demiş olurdusa, o zaman belə müəllimlər sərhədsiz səlahiyyətlər qazanırdılar. Çünki valideynlərin özləri də illər keçməsinə baxmayaraq öz keçmiş müəllimlərindən çəkinirdilər. Məsələn, bizim məktəbdə valideynlərimə, əmilərimə, böyük əmimin uşaqlarına dərs demiş yaşlı müəllimlər vardı. Bəzən bu müəllimlər onların məktəbdəki, dərslərdəki davranışlarından, hərəkətlərindən danışırdılar. Bu söhbətləri eşidərkən böyüklərin bir vaxtlar belində çanta məktəbə getməsini, indi mənim əzbərlədiyim şeirləri əzbərləməsini, müəllimlər tərəfindən döyülməsini, dərsdən qaçmalarını təsəvvür etmək mənə qəribə gəlirdi.

      Məktəbdə hökm sürən ciddi abı-havaya baxmayaraq yumşaq, həlim müəllimlərə də rast gəlinirdi. Adətən, bu müəllimlər rəsm, nəğmə və əmək müəllimləri olurdular. Şagirdlər fürsətdən istifadə edib bütün axmaq hərəkətlərini bu yumşaq müəllimlərin dərsində həyata keçirirdilər. Səs-küy, toz-duman sinfi başına götürürdü. Belə müəllimlərin dərsində elə olurdu ki, başqa ciddi müəllimlər sakitliyi bərpa edirdilər. Müəllim nüfuzunun aşağı düşməsi, şagirdlərin müəllimə qarşı ədəbsiz hərəkətləri ciddi müəllimlərə pis təsir göstərirdi. Amma ciddi müəllimlər yumşaq müəllimlərin dərsində asayişi çox incə bir siyasətlə bərpa edərdilər. Guya nəsə soruşurmuş kimi özünü göstərib qapını açıb qəfildən sinfə daxil olurdular. Ən nadinc şagirdlərdən bir-ikisinin yaxasından yapışıb müəllimlər otağına aparıb orda şillələyirdilər. Bir hadisə heç yadımdan çıxmaz. Bizim nəğmə müəllimimiz yumşaq, şagirdə əl qaldırmayan müəllimlərdən idi. Uşaqlar onun dərsində səs saldıqda, ya nəsə şagirdə yaraşmayan hərəkət etdikdə deyərdi, “Sizi qınamıram, qılınc müsəlmansınız. Sizlə başqa cür danışmaq lazımdır, mən də uşaq döyməyi bacarmıram…” Ümumiyyətlə, bu ifadəni, “qılınc müsəlmanı” sözünü məktəbdə müəllimlərin dilindən tez-tez eşidirdim. Mənası da bu idi ki, biz müsəlmanlığı öz xoşumuzla deyil, qılınc gücünə qəbul etmişik. Ona görə də bizim adamlara sözlə heç nəyi başa salmaq olmur, onlara gərək döyə-döyə, söyə-söyə nəsə başa salasan. Döyülməsə, uşaqlar dərs oxumazlar, qaydalara riayət etməzlər.

      Uşaqlar nəğmə müəlliminin dərsində yazı taxtasına nəsə axmaq bir söz yazmışdılar. Müəllim sinfə girib birtəhər uşaqları yerlərində oturda bildi. Çox çətinliklə sakitliyi bərpa etdi. Yazı taxtasındakı sözü görəndə duruxdu. Bir neçə şagirdə ayağa qalxıb taxtadan sözü silməyi tapşırdı. Şagirdlərdən heç biri, həmçinin də qızlar ayağa qalxmadı. Hərə bir söz dedi. Hərə bir bəhanə gətirdi. Bu açıq-aşkar qudurğanlıq, vəziyyətdən sui-istifadə etmək idi. Nəğmə müəllimimizin oğlu çətinliklə yeriyirdi. Xəstə idi. Ayaqları tutulurdu. Oğul atasının məktəbdəki vəziyyətindən, şagirdlərin onu saymamasından, başına oyun açmalarından əziyyət çəkirdi. Amma nə edə bilərdi, özü də atası kimi yumşaq, sakit, başıaşağı, heç kimə pisliyi dəyməyən bir insan idi. Əgər qoluzorlu biri olsaydı, uşaqlar heç olmasa oğlundan qorxub ataya bir az hörmət edərdilər. Dayımla dostluq edirdi. Hərdən nənəmgilə gəlirdi. Cavan yaşda ağır xəstəliyə düçar olması nənəmin ürəyini ağrıdırdı. Müəllim məni bir nümunəvi şagird kimi tanıyırdı. Həm də dayımla oğlunun dostluq etməsindən xəbəri vardı. Arxada oturmuşdum. Adımı, familiyamı çəkib yazı taxtasındakı sözü silməyimi xahiş etdi. Lakin elə iyrənc və murdar hərəkətə yol verdim ki, bu hərəkətim bu günə qədər məni incitməkdədir. Yaş üstünə yaş gəldikcə, zaman ötdükcə bu hərəkətim mənə daha çox əziyyət və əzab verməkdədir. Heç cürə bu hərəkətimə haqq qazandıra bilmirəm. Hətta uşaq olduğum o vaxtlar bir çox şeyləri qanmamağım da heç cür karıma gəlmir. Mən onun axırıncı gümanı idim. Lakin mən də ümumi abı-havaya uyaraq yazı taxtasındakı sözü silməkdən imtina etdim. Bu hərəkətim açıq-aşkar onu sarsıtdı. Yaxşı ki, sinif rəhbərimiz on dəqiqəlik, sinif jurnalı lazımdır, bəhanəsiylə sinfə daxil oldu. Bayaq sinifdə toz-duman qaldıran, partaların üstündə oynayan uşaqlar cücəyə döndülər. Sinif rəhbərimiz yazı taxtasındakı sözü gördü. Üç-dörd şagirdi müəllimlər otağına aparıb döydü. Bir neçə şagirdə isə sabah valideyni ilə məktəbə gəlməyi tapşırdı. Bir balaca bundan təsəlli ala bilirəm.

      Məktəbimizin həyət darvazasının üstündə bir rəsm çəkilmişdi. Rəsmdə iki oğlan uşağı özlərini şax tutub təntənəli bir əda ilə əllərində iri gül dibçəyi aparırdı. Əyalət rəssamının çəkdiyi bu rəsmdə güllərin sıx şaxələri onların üzünü demək olar ki, tamam örtmüşdü. Buna görə də uşaqlar yolu görmək üçün istər-istəməz başlarını dik tutmuşdular. Rəsmdə təsvir olunan şagirdlər bizə heç oxşamırdılar. Nə geyimləri, nə də üz quruluşları… Hər il sentyabr ayında biz məktəbə gələndə bu rəsmi təzələnmiş görürdük. Bir-iki aydan sonra darvazanın üstünə çəkilmiş rəsm əsəri bərbad günə düşürdü. Bu cür təşviqedici, tərbiyəvi rəsmlər, plakatlar, şüarlar, məktəbin, elmin, savadın vacibliyi, müqəddəsliyi haqqında müxtəlif şəxsiyyətlərin sözləri yazılmış lövhələr hər məktəbdə vardı. Kim idi bu sözlərə əməl edən, kim idi bu sözlərdən təsirlənən?! Uşaqlar fürsət düşən kimi məktəbdə partaları, pəncərə şüşələrini, laboratoriyada cihazları sındırır, dərsin pozulması üçün qıfılın açar yerinə kağız soxurdular, divarlara vurulmuş böyük şəxsiyyətlərin portretlərinə bığ-saqqal çəkir, kitabların vərəqlərini cırıb qələmlə qaralayırdılar. Tualetin divarlarına ədəbsiz rəsmlər çəkib söyüşlər yazırdılar. Özü də bütün bu pis əməlləri elə həvəslə edirdilər ki, elə bil, buna görə maaş alırdılar… Müəllimlərin tualeti ayrı idi. Müəllimlər tənəffüsdə şagirdlərin gözü qarşısında tualetə girmirdilər. Yalnız dərs başlananda, şagirdlər siniflərə dolanda tualetə gedirdilər… Məktəbdə az qala hər beş şagirddən birinin ləqəbi vardı. Bu ləqəblər daha çox filmlərdən, xüsusən, hind və fransız filmlərindən götürülürdü. Şagirdlərin, uşaqların, yeniyetmələrin həyatından bəhs edən tərbiyəvi filmlər uşaqlara təsir etmirdi. Bu filmlərə sadəcə baxırdılar. Bu filmlərdəki şagirdlərin həyatı, hərəkətləri bizim real həyatımızdan çox uzaq idi. Pioner qalstukunu bizim şagirdlər öz aralarında it xaltası adlandırırdılar. Filmlər, bədii əsərlər, müəllimlər heç cürə şagirdlərdə


Скачать книгу