Psixo. Роберт Альберт Блох

Psixo - Роберт Альберт Блох


Скачать книгу

      1

      Norman Beytsin qulağına səs dəydi, qorxu cərəyan kimi bütün bədəninə yayıldı.

      Səs boğuq idi, elə bil kimsə pəncərənin şüşəsini döyürdü.

      Hövlnak başını qaldırdı, ayağa durdu və kitabı əlindən sürüşüb tosqun buduna toxundu. Sonra başa düşdü ki, bu, sadəcə qonaq otağının pəncərəsində tıqqıldayan axşam yağışının səsidir.

      Yağışın başlaması, havanın qaralmasının fərqinə varmamışdı. Lakin artıq otaq nəzərə çarpacaq qədər qaralmışdı və o, mütaliəyə davam etməmişdən əvvəl üzünü lampaya doğru yönəltdi.

      Bu, növünə görə şüşə abajurla bəzədilmiş, büllur saçaqlı köhnə dəbli stolüstü lampa idi. Onu uzun müddət idi ki, qonaq otağında görmək olardı və Anası lampanı tullamaqdan qəti şəkildə boyun qaçırmışdı. Əslində, Norman heç özü də bunu istəmirdi; ömrünün qırx ilini burada yaşamışdı və uşaqlıqdan əhatəsində olub alışdığı köhnə əşyalarda nəsə istilik, onu sakitləşdirən arxayınlıq duyurdu. Burada həyat bir vaxtlar qoyulmuş qayda-qanunla, öz axarında davam edirdi. Bütün dəyişikliklər isə orada – pəncərənin arxasında baş verirdi. Bu dəyişilmələrin böyük bir hissəsində onun üçün potensial təhlükə hökm sürürdü. Məsələn, təsəvvür edək ki, birdən vaxtını keçirmək üçün küçəyə çıxmaq istədi? Tutaq ki, indi o, kimsəsiz bir yolun kənarında, ya da lap elə bataqlıqda dayananda yağışa tuş gəldi, bəs onda necə olsun? Bütün üst-başı islanar, gecənin zülmətində evə qayıtmalı olardı. Belə vəziyyətdə rahatca xəstələnmək də, ölmək də mümkündü. Axı hava qaralandan sonra kim evdən bayıra çıxır? Ona görə də burada, qonaq otağında lampa işığı altında oturub əntiqə bir kitabla vaxtını keçirmək daha yaxşıdır.

      Oxumağa davam etmək üçün kitaba doğru əyiləndə, işıq şişman sifətinə düşüb, eynəyinin şüşəsində əks olunur və qum rəngli seyrəlmiş saçlarının altında görünən çəhrayı dərisini parıldadırdı.

      Kitab o qədər maraqlı idi ki, vaxtın necə keçdiyinə əhəmiyyət verməməsi təəccüb doğurmurdu. Bu, Viktor V. fon Hagenin “İnklərin krallığı” əsəri idi və Norman əvvəllər heç vaxt belə maraqlı məlumatlara rast gəlməmişdi. Məsələn, “kaçna”nın təsviri, yaxud da əsgərlərin iri dairə yaradıb qıvrılaraq ilan kimi hərəkət etdikləri qələbə rəqsi. Onun fikri mətndə idi:

      “Bu rəqs üçün təbilin vurulduğu ritm bir zamanlar düşmən əsgərinin bədəni ilə əlaqəli idi. Onun dərisini soyur və qarnına o qədər hava vurulurdu ki, əsl təbilə çevrilirdi. Bütövlükdə bədən isə rezonator rolunu oynayırdı. Həm də nəzərə alınmalıdır ki, səslər açılmış ağızdan eşidilirdi: qeyri-adi, lakin çox təsirli üsuldur”.

      Norman gülümsədi, sonra özünü rahatlıqla titrəməyə məcbur etdi. “Qeyri-adi, lakin çox təsirli üsuldur” – əlbəttə, bu elə belə də olmalı idi! Bir təsəvvürünüzə gətirin: yəqin ki, hələ sağ olan insanın dərisini soymaq, sonra da qarnını hava ilə doldurub döyəcləmək… Lap təbil kimi! Maraqlıdır, bunu tam dəqiqliklə necə edirdilər: cəsədin çürüməsinin qarşısını almaq üçün onu necə hazırlayır, necə qoruyub saxlayırdılar? Üstəlik, görəsən, hansı təfəkkürün sahibi olmalısan ki, ümumiyyətlə, belə bir fikrə gəlib çıxasan?

      O qədər də ləzzətli mövzu deyildi, lakin Normanın təkcə gözlərini yumması kifayət idi ki, bu səhnə təsəvvüründə açıq-aşkar, sanki nə vaxtsa gördüyü kimi canlansın: boyanmış bədənlərin izdihamı, amansız qızmar günəş altında çılpaq döyüşçülərin eyni ahənglə yırğalanması, onların qarşısında ikiqat olub cəsədin üfürülüb şişirilmiş qarnında dayanmadan ritm tutmaqda olan qoca qarı. Səslər isə cəsədin, böyük ehtimalla, sümükdən olan sıxaclarla əyilib eybəcər hala salınaraq, zorla geniş açılmış ağzından gəlirdi. Şişmiş qarına vurulan zərbələrin müntəzəm uğultusu büzüşmüş bədənin içərisindən özünə yol taparaq, nəfəs borusuna qədər gəlir və tam gücü ilə ölünün boğazından meydana çıxırdı.

      Bir anlıq Normana elə gəldi ki, bu səsləri, həqiqətən, eşidir. Sonra yadına düşdü ki, yağışın səsi də ritm təəssüratı yaradır. Bir də addım səsləri…

      O, addım səslərini eşitmədən də qadının burada olduğunu sözün əsl mənasında hiss edirdi: çoxdan yaranan bu vərdiş hisslərinə elə şiddətlə hakim kəsilmişdi ki, Anasının otağa nə vaxt daxil olduğundan həmişə xəbər tuturdu. Üzünü görməsə belə, bilirdi ki, yaxındadır.

      İndi Norman doğrudan da onu görmürdü; başını qaldırmadan özünü elə göstərirdi ki, guya oxumağa davam edir. Anası bayaqdan öz otağında yatırdı və oğlu çox gözəl bilirdi ki, yuxudan ayılanda o necə tündməcaz olur. Yaxşısı budur, sakitcə oturub əhvalının elə də pis olmadığına ümid edəsən.

      – Norman, saatdan xəbərin var?

      O, köksünü ötürüb kitabı bağladı. Məlum məsələdir, indi onunla danışmaq çətin məsələdir; sualın bu cür səslənməsi artıq çox şeydən xəbər verirdi. Bir halda ki, salonda babasının saatı qoyulmuşdu, Anası saatın neçə olduğunu asanlıqla öyrənə bilərdi.

      Əslində buna görə heç mübahisə etməyə də dəyməzdi. Norman baxışlarını qol saatına dikərək gülümsünüb:

      – Altıya işləyir, – dedi. – Düzünü desəm, belə gec olduğunu bilmirdim. Kitab oxuyurdum…

      – Məni kor hesab edirsən? Nə ilə məşğul olduğunu yaxşı görürəm. – İndi o, pəncərənin qarşısında dayanaraq, fikrini şüşəni döyəcləyən damcılara yönəltmişdi. –Eləmədiklərini də görürəm. Hava qaralan kimi göstərici lövhənin işığını niyə yandırmamısan? Bir də ki, ofisdə oturmalı olduğun halda burada nə gəzirsən?

      – Bilirsən, leysan birdən-birə elə tökdü, fikirləşdim, daha çətin ki, gələn olsun.

      – Cəfəngiyyatdır! Əslinə qalsa, biznes qurmaq üçün ən əlverişli vaxtdır. Çoxları yağışlı havada maşın sürməkdən qorxmurlar.

      – Amma bu yolla çətin ki, kimsə bura gəlib çıxsın. Hamı təzə salınan şosedən istifadə edir, – Norman hirsli danışdığının fərqinə vardı, ağzında yaranmış acı bir tamın boğazını yandıracağını duydu, ikrah doğuran bu dadı hiss etdikcə özünü saxlamağa çalışdı. Lakin artıq gec idi: o, özünü ürəyində sıxıb saxladığı hər şeydən azad etməli idi. – Şose barədə xəbərdarlıq gələn kimi bizi nə gözlədiyini sənə demişdim. Təzə yolun tikintisi barədə rəsmi elan verilənə qədər moteli rahatca sata bilərdin. Orada istənilən sahəni lap qəpik-quruşa da ala bilərdik – həm Feyrvellə yaxın olardı. İndi təzə motelimiz də, təzə evimiz də, pul qazanmaq üçün imkanımız da olardı. Amma məni eşitmədin. Heç vaxt nə dediyimə qulaq asmırsan, elə deyil? Elə bircə onu bilirsən ki: “Mən bunu istəyirəm”, “Mən belə fikirləşirəm!” Canımı boğazıma yığmısan!

      – Belə de, mənim balam? – Ananın səsi aldadıcı dərəcədə mülayim idi, ancaq Norman bunun arxasında nəyin dayandığını yaxşı bilirdi. Çünki qadın “balam” sözünü işlətmişdi. Onun artıq qırx yaşı var, qadınsa hələ də onu “balası” adlandırırdı; ən betəri də bu idi ki, onunla hələ də balaca uşaq kimi rəftar edirdi. Kaş əlində bu sözləri eşitməmək imkanı olaydı! Ancaq eşidirdi, özü də yaxşı bilirdi ki, Anasının nə dediyinə həmişə qulaq asmalıdır. – Belə de, mənim balam? – Anası əvvəlkindən daha yumşaq səslə təkrar etdi. – Canını boğazına yığmışam, düz başa düşdüm? Ancaq mən belə düşünmürəm. Yox, balası, məsələ məndə deyil. Sən özün özünü boğaza yığmısan. Əsl səbəb bax budur, ona görə də bu vaxta qədər burada oturub boş-boş işlərlə məşğul olursan! Məgər düz demirəm, Norman? Məsələ burasındadır ki, fərsizin birisən. Heç vaxt fərasətin olmayıb, düz demirəm, mənim balam? Bu vaxta qədər nə evi tərk etməyə, nə özünə iş axtarıb tapmağa, nə də hərbi xidmətə getməyə hünərin çatmayıb; hətta özünə yaraşan bir qız da tapa bilməmisən…

      – Bunu eləməyə imkan verməzdin!

      – Haqlısan, Norman. İcazə verməzdim. Amma sənin heç olmasa, azacıq kişiliyin olsaydı, özün qərar verərdin.

      O, bunu inkar etmək üçün qadının üstünə qışqırmağa hazır idi. Amma


Скачать книгу