Psixo. Роберт Альберт Блох

Psixo - Роберт Альберт Блох


Скачать книгу
Qrover Klivlend1, dəfn mütəxəssisi isə Uilyam Mak-Kinli2 idi. Otuz altı minlik qiymətli kağızla səkkiz ədəd beş yüz dollarlıq banknot – hamısı bir yerdə düz qırx min eləyirdi.

      Tom Kessidi onları sadəcə masanın üstünə qoydu və başdansovdu şəkildə bir yerə yığaraq elan etdi ki, müqavilə imzalayıb qızına toy hədiyyəsi kimi ev almaq qərarına gəlib.

      Müqavilə bağlanandan sonra sənədlərə imza atarkən cənab Loveri də laqeydlik göstərməyə çalışırdı. Lakin qoca Tom Kessidi qapıdan çıxan kimi cənab Loveri sanki cana gəldi. Pulları götürüb qəhvəyi rəngli böyük zərfə qoydu və möhürlədi. Bunu edərkən əllərinin əsməyi Merinin nəzərindən qaçmadı.

      – Budur, xanım Kreyn, – zərfi ona verəndə dedi. – Bunu banka aparın. Saat, demək olar ki, dörddür, ancaq əminəm ki, Gilbert sizə pulları qoymağa imkan verəcək.

      Danışığına ara verib diqqətlə qıza baxdı:

      – Sizə nə olub, xanım Kreyn, – özünüzü pis hiss edirsiniz?

      Deyəsən, zərfi əlinə alan kimi qızın əllərinin titrəməyə başladığına fikir vermişdi. Ancaq bunun əhəmiyyəti yoxdur. Qız nə deyəcəyini dəqiq bilsə də, sözləri dilinə gətirəndə özü-özünə mat qaldı.

      – Deyəsən, məni başağrısı tutub, cənab Loveri. Bu gün tez çıxmaq üçün icazə almağa hazırlaşırdım. Poçt işi xeyli vaxtımızı alıb, onu da deyim ki, qalan sənədləri bazar ertəsinə kimi çatdıra bilməyəcəyik.

      Cənab Loveri gülümsədi. Onun əhvalı yaxşı idi. Niyə də olmasın! Qırx minin beş faizi iki min eləyir. Yaxşıca səxavət göstərə bilərdi.

      – Əlbəttə, xanım Kreyn. Banka dəyməyiniz kifayətdir, sonra isə evə gedin. Sizi aparmağımı istəyirsiniz?

      – Yox, çox sağ olun. Özüm gedərəm. Həm də bir az istirahət…

      – Bəli, əsas budur. Yaxşı, bazar ertəsinədək. Həmişə demişəm ki, sağlamlıq və dinclik hər şeydən vacibdir.

      Lənət şeytana, Loveri bircə dollar artıq qazanmaq üçün özünü yarımcan etməyə də, əlli sent gəlirə görə hansısa işçisinin həyatını qurban verməyə də hazır idi.

      Ancaq Meri Kreyn onun üzünə təntənə ilə gülümsəyib ofisi birdəfəlik tərk etdi. Qırx min dolları da özüylə apardı.

      Həyatda belə imkan hər dəqiqə ələ düşməz. Açıq danışsaq, elə adamlar var ki, ümumiyyətlə, tale onların üzünə gülmür.

      Meri Kreyn bu günü düz iyirmi yeddi il gözləmişdi.

      On yeddi yaşında atasını maşın vuranda kollecə daxil olmaq imkanı əldən çıxdı. Meri bir il biznes məktəbinə getdi, sonra anasına və kiçik bacısı Lilaya baxmaq zərurəti yarandı.

      Deyl Belterin hərbi xidmətə yollanması ilə, iyirmi iki yaşında ailə qurmaq arzusu da baş tutmadı. Havayda xidməti zamanı məktublarında tez-tez qızı yada salsa da, bir müddət sonra məktubların ardı-arası kəsildi. Oğlanın toyunu xəbər verən açıqcanı alanda isə o, artıq Meri üçün heç bir əhəmiyyət daşımırdı.

      Hər şey bir yana, bu ərəfədə anası da ağır xəstəliyə tutuldu. Üç il beləcə davam etdi. Anaları vəfat edəndə Lila hələ məktəbdə oxuyurdu. Meri bacısının mütləq kollecə daxil olmasını istəyirdi – qoy sonra nə olur olsun; ancaq tezliklə onların hər ikisinin yükü Merinin üstünə düşdü. Bütün gününü Loverinin agentliyində, gecəyarısını isə anasının yatağı başında keçirmək başqa iş görməyə imkan vermirdi.

      İllərin haradan gəlib getdiyini bilmək olmurdu. Anası növbəti dəfə xəstəliyə məğlub olanda o, artıq dəfn mərasimi ilə məşğul olmalı idi. Sonra Lila məktəbdən uzaqlaşıb iş tapmaq istədi. Bir dəfə güzgüyə baxanda elə bil yuxudan ayıldı: bir dəri, bir sümük qalmış Meri Kreyn aynadan özünə boylanırdı. Əlinə keçəni şüşəyə çırpdı, güzgü çilik-çilik oldu; ona elə gəldi ki, dağılıb minlərlə qırıntıya çevrilən öz həyatıdır.

      Lila ilə hər şey qaydasında idi, hətta cənab Loveri evi dərhal satmaqda onlara kömək də etdi. Alqı-satqı rəsmiləşəndən sonra onların əlində təxminən, iki min dollar nağd pul var idi. Lila şəhərin aşağı hissəsində qrammofon valları satan mağazada özünə iş tapdı və onlar iki nəfərlik balaca otaq tutdular.

      – İndi isə sən istirahətə getməlisən, – Lila deyirdi. – Əsl tətilə. Yox, söz güləşdirmə! Düz səkkiz ildir ki, ailəmizə baxırsan, daha qayğılardan yaxa qurtarıb dincəlmək vaxtıdır. Sən səfərə çıxmalısan. Məsələn, dəniz səyahətinə çıxa bilərsən.

      Beləcə, Meri “S.S. Kaledoniya”nın göyərtəsinə gəlib çıxdı, bir həftə sonra isə artıq Karib dənizində üzürdü. Daha öz kayutunda güzgü qarşısına keçərkən əvvəlki üzülüb-süzülmüş siması gözünə görünmürdü. Yenidən gəncləşmişdi (“Hər halda, iyirmi iki yaşından artıq görünmürəm”, – öz-özünə deyirdi), ən əsası isə aşiq olmuşdu.

      Yox, bu, nə vaxtsa Deyl Belterə qarşı hiss etdiyi şiddətli, qarşısıalınmaz ehtiras duyğusu deyildi. Heç tropik kruizlərinin xatırlatdığı ay işığı altındakı ənənəvi görüşlərlə də əlaqəsi yoxdu.

      Deyl Belterə baxanda Sem Lumis ondan on yaş böyük idi, bir qədər sakit təbiətli olsa da, Meri onu sevirdi. Sem düşdüyü vəziyyəti ona izah edənə qədər bu, həyatını qurmaq üçün əsl imkan kimi görünmüşdü.

      – Bilirsən, – o deyirdi, – başıma bir iş gəlib. O mağazanı görürsən…

      Sonra öz əhvalatını danışmağa başladı.

      Şimalda – Feyrvell adlı kiçik şəhərcikdə təsərrüfat mağazası vardı. Sem orada işləyərək, atasına kömək edirdi. Elə düşünürdü ki, hər şey ona miras qalacaq. Lakin bir ildən sonra atası öləndə, Sem pis xəbərlər eşitməyə başladı.

      Mağaza onun adına keçən kimi, atasının iyirmi minlik borcu da onun boynuna düşdü. Ev, mallar, hətta sığorta belə, borcun ödənilməsi üçün girov qoyuldu. Atası totalizatorda mütəmadi oynamağı və ora pul yatırmağı barədə Semə heç vaxt bir kəlmə də deməmişdi. Ancaq istənilən halda, Semin indi iki variantı var idi: ya özünü müflis elan etməli, ya da borcları ödəməyə çalışmalı idi.

      Sem ikincini seçdi.

      – Bu əla biznesdir, – o deyirdi. – Bununla, əlbəttə, varlı olmayacağam, amma mağazanı necə lazımdır işlədə bilsəm, ildə səkkiz-on min gəlirim olar. Əgər kənd təsərrüfatı texnikası ilə bağlı düzgün iş qura bilsəm, bəlkə, daha artıq qazanaram. Borcun dörd minini artıqlaması ilə qaytarmışam, belə getsə, bir neçə ilə bütün borcları bağlaya bilərəm.

      – Ancaq başa düşə bilmirəm ki, bu qədər borcun ola-ola necə səyahətə çıxmısan?

      Sem dişlərini ağartdı.

      – Yarışda qalib gəlmişəm. Deməli, uduş istehsalçı şirkət tərəfindən ayrılır və kənd təsərrüfatı texnikasının satışından hamıdan çox gəlir əldə edən şəxs üçün nəzərdə tutulurdu. Səyahəti udmaq üçün çox da gözüm atmırdı, sadəcə borcları tez ödəmək istəyirdim. Dedilər


Скачать книгу