Yosxul insanlar. Федор Достоевский

Yosxul insanlar - Федор Достоевский


Скачать книгу
İncə hisslər, çəhrayı arzular – burda hər şey var! Pərdə haqqındasa heç düşünməmişdim də, ola bilsin dibçəyi qoyanda ilişib.

      Ah, Makar Alekseyeviç! Gəlirinizə arxalanıb məni aldatmağa çalışmayın, elə bilməyin ki, maaşınızın sizə çatdığına inanıram, məndən heç nə gizlətməyin. Mənə görə bəzi vacibatlarınızdan məhrum olduğunuz bəllidir. Belə bir otaq kirayələmək hardan ağlınıza gəlib? Orda sizi narahat edirlər, həm də səs-küylüdür, rahat deyil. Siz təkliyi xoşlayırsınız, burasa çox qarışıqlıqdır. Siz axı bu maaşla daha yaxşı mənzil tuta bilərdiniz. Fedora deyir ki, siz əvvəllər də belə yaşamısınız. Bütün həyatınızı bu cür, tək-tənha, məhrumiyyətlərlə baş-başa, sevincsiz, dostsuz, başqalarının evində necə yaşaya bilmisiniz? Ah, əziz dostum, sizə elə yazığım gəlir ki! Heç olmasa sağlamlığınıza fikir verin, Makar Alekseyeviç! Gözlərinizin zəiflədiyini deyirsiniz, elədirsə şam işığında məktub yazmayın, nə vacibdir? İşinizə də necə münasibət bəslədiyiniz, necə vicdanlı olduğunuz hamımıza bəllidir onsuz da. Yalvarıram sizə, mənim üçün bu qədər pul xərcləməyin! Məni sevdiyinizi bilirəm, amma varlı deyilsiniz axı… Bu gün səhərdən mən də şənəm. Fyodora çoxdan işləyirdi, indi mənim üçün də iş tapıb. Elə sevindim ki; gedib parça aldım və o saat işə başladım. Bütün səhəri sevinclə keçirtmişəm! İndisə yenə də qara fikirlər, kədər; ürəyim sızıldadı.

      Ah, mənim başıma nə gələcək, taleyim necə olacaq! İndi qeyri-müəyyənlik içindəyəm, gələcəkdə nələr ola biləcəyi haqda təsəvvürüm də yoxdur. Keçmişi xatırlamağa da qorxuram. Orda hər şey kədərlidir, yadıma düşəndə ürəyim parçalanır. Məni məhv edən pis adamları heç vaxt bağışlamayacağam… Yaxşı, işləmək lazımdır. Sizə çox yazmaq istəyərdim, amma vaxtım azdır. Tələsmək lazımdır. Əlbəttə, məktub yaxşı şeydir, adam darıxmır. Bəs siz özünüz nə üçün bizə gəlmirsiniz? Səbəbi nədir, Makar Alekseyeviç? Axı indi yaxında yaşayırsınız, boş vaxtınız da var. Gəlin, xahiş edirəm. Sizin Terezanızı gördüm. O elə bil xəstədir, yazığım gəldi, ona iyirmi qəpik verdim. Hə, az qala unutmuşdum, hər şeyi mənə yazın, bacardığınız qədər ətraflı yazın görüm necə yaşayırsınız, nə edirsiniz? Bunları bilmək istəyirəm. Mütləq yazın! Bu gün pərdəni tez salacağam. Tez yatın; dünən gecəyarısına qədər otağınızda işıq yanıb.

      Sağ olun. Bu gün çox kədərli gün oldu, darıxdım! Belə olmalı imiş. Sağ olun!

      Sizin Varvara Dobroselova.

      3-cü məktub – 8 aprel

      Çox hörmətli xanım, Varvara Alekseyevna!

      Hə, anam, hə, əzizim, mənim də bəxtimə mirzə maaşı düşüb. Hə, mən qocanı ələ saldınız, Varvara Alekseyevna! Belə baxanda özüm günahkaram, hər şeyin günahı məndədir! Qoca vaxtında özünü məhəbbətə salıb gülüş hədəfi olmamalısan. Hə, anam, sizə hirslənmirəm, amma bunları xatırlamaq ağrıdır məni, eynən sizə yazdığım bütün sarsaq şeylər kimi. Bu gün işə elə sevincək getdim ki, üzüm parıldayırdı. Səbəbsiz yerə ürəyim atlanırdı, sevinirdim, elə bil bayramdır; xoş idi! Xoş ovqatla da işə başladım, – sonra nə oldu? Bir də baxdım ki, hər şey əvvəlki vəziyyətinə qayıdıb – bozarıb, tutqunlaşıb. Eyni mürəkkəb ləkələri, eyni stollar və kağızlar, mən də həmişəki mən, əvvəl necə olmuşamsa, elə də qalmışam. Bəs həyətimizdə duyulan bu ətir nəydi? Bunların hamısı mənə görünmüşdü. Hərdən elə olur ki, adam öz hisslərini çaş-baş salır. Bu ürəyin ani axmaqlığından olur, başqa heç nədən. Evə də sürünə-sürünə qayıtmışam. Birdən-birə başım ağrıdı, baharın gəlişinə sevinib işə nazik şinellə getmişdim. Hisslərim də yanılıb, əzizim! Atalıq hissi güc gəlmişdi mənə, Varvara Alekseyevna, atalıq hissi; sizin yetimliyinizi atalıq hissiylə doldururam; bunu təmiz qəlblə, ancaq və ancaq qohumluq bağlarına arxalanan ən ülvi hisslərlə deyirəm! Nə də olmasa sizin qohumunuzam, düzdür, uzaq qohumam, atalar sözüylə desək, kiselin yeddinci suyu kimi, amma qohumam; indisə yaxın qohum və hamiyəm; siz himayədar və müdafiəçi axtarmalı olduğunuz yerdə satqınlıq və ağrı tapdınız. Şeirlərə gəlincə bunu deyim ki, anam, bu yaşımda şeir yazmaq mənə yaraşmaz. İndi məktəbdə şeir yazan uşaqları döyürlər. Bu işlər belədir.

      Bəs o rahatlıq, sakitlik və başqa-başqa şeylər haqqında yazdıqlarınız nədir, Varvara Alekseyevna? Anam, mən şıltaq və tələbkar deyiləm, heç vaxt da indiki kimi rahat yaşamamışam; indi deyirsiniz bu qoca yaşımda durub şıltaqlıq edim? Yeməyim var, paltarım var, çəkməm var – daha nə lazımdır? Qraf deyiləm ki! Atam zadəgan deyildi və mənim indi qazandığımdan daha az qazanırdı. Hər şeyi açıq danışmalı olsaq, deməliyəm ki, keçmiş mənzilim üçün darıxıram. Əlbəttə, bu mənzilim də yaxşıdır, hətta belə baxanda daha şəndir; burası düzdür, amma köhnə mənzilim üçün də darıxıram. Biz qocalar, daha doğrusu yaşlılar, köhnə əşyalara doğma adamlar kimi bağlanırıq. Bilirsiniz, belə, balaca mənzil idi, divarları… – nə danışasan axı! – divarları elə bütün divarlar kimi idi. İş onda deyil, amma xatirələr məni qüssələndirir… Qəribədir – xatirələr ağrıtsa da, elə bil onlarda xoşagələn nəsə də var. Biz sakit yaşayırdıq, Varenka; mən və mərhum ev sahibəsi. Həmin qarını da qüssəylə xatırlayıram indi! Yaxşı qadın idi, ev üçün də çox pul almırdı. Bir də görürdün nəsə toxumağa başladı. Bircə dənə şam yandırırdıq, eyni stolda oturub işləyirdik. Onun nəvəsi də vardı, Maşa – onu körpə vaxtı görmüşdüm – indi on üç yaşı olmalıdır. Elə şıltaq, şən idi ki, həmişə bizi güldürürdü, beləcə üçlükdə yaşayırdıq. Hərdən uzun qış gecələrində dairəvi stolun ətrafında oturub çay içirdik, sonra işə başlayırdıq. Qarı isə, Maşa darıxıb dəcəllik etməsin deyə, nağıl danışırdı. Necə nağıllar idi! Tək uşaqları deyil, böyük və ağıllı adamları da maraqlandırardı! Olurdu ki, elə mən özüm də sakit oturub çubuq çəkə-çəkə qulaq asırdım, işi də unudurdum. Maşa da sakit oturub qulaq asırdı, hərdən qorxulu nağıl olanda balaca ağzını büzüb nənəsinə qısılırdı. Ona baxmaq xoşumuza gəlirdi; şamın yanıb əriməyinə, bayırdakı tufanın səsinə də fikir vermirdik. Yaxşı yaşayırdıq, Varenka; və beləcə, az qala iyirmi il bir yerdə yaşamışdıq. Yaman çox danışdım. Ola bilsin bu sizin xoşunuza gəlməyəcək, elə mənə də xatırlamaq çətindir.

      Tereza nəsə iş görür, mənim başım ağrıyır, kürəyim də sızıldayır, fikirlərim də qarışıqdır, elə bil onlar da ağrıyır. Bu gün kədərliyəm, Varenka! O nədir yazmısınız, əzizim, sizə necə gələ bilərəm axı? Camaat nə deyər? Gəlsəm gərək həyətdən keçim, elə olsa evdəkilər görəcəklər, maraqlanacaqlar, qeybətə çevirəcəklər, başqa yerə yozacaqlar. Yox, mələyim mənim, yaxşısı mən sizi sabah kilsədə görərəm. Belə daha yaxşı və daha təhlükəsiz olar. Bir də, belə məktub yazdığım üçün məni qınamayın. İndi özüm oxuyuram və əlaqəsiz şeylər yazdığımı görürəm. Mən, Varenka, qoca, savadsız adamam; cavanlıqda oxumamışam, indisə oxumaq istəsəm də, başıma heç nə girməz. Boynuma alıram ki, yaxşı yazmağı bacarmıram və kiminsə diqtəsi olmadan nəsə yazmağa çətinlik çəkirəm. Bu gün sizi pəncərədən gördüm, pərdəni necə saldığınızı da gördüm. Sağ olun, Sağ olun, tanrı sizi qorusun! Sağ olun, Varvara Alekseyevna!

      Dostunuz Makar Devuşkin.

      P.S.


Скачать книгу