Leonardo da Vinçi. Уолтер Айзексон
Onda hələ bilmirdi ki, ömrünün on yeddi ilini bu şəhərdə keçirəcək. Leonardo gündəliyində 180 mil (təxminən 290 km) yol qət etdiklərini yazmışdı. O, yenicə ixtira etdiyi, odometrə[10] bənzəyən cihazın köməyi ilə yolun uzunluğunu kifayət qədər düzgün hesablamışdı. Həmin cihaz arabanın təkərinin fırlanma sayına görə məsafəni ölçürdü. Florensiyadan Milana səyahət düz bir həftə çəkdi. Da Vinçi özüylə skripkaya bənzər, «lira» adlanan musiqi aləti götürmüşdü. Bu musiqi alətini Leonardo özü düzəltmiş və gümüşlə işləmişdi.
O dövrdə Milan özünün yüz iyirmi beş minlik əhalisi ilə Florensiyadan üç dəfə böyük idi. Leonardodan ötrü ən mühüm olan isə o idi ki, hökmdar sarayı da bu şəhərdə yerləşirdi. Milan artıq iki əsrdi müstəqil dövlət idi və hakimiyyəti irsən bir-birinə ötürən hersoqlar tərəfindən idarə olunurdu.
Leonardo Milana gələndə, dövləti onun yaşıdı olan Lodoviko Moro Svortsa idarə edirdi. Şəhərə çatan kimi da Vinçi hökmdara məktub yazdı. Bəzi tarixçilər isə ehtimal edir ki, rəssam məktubu Florensiyada olarkən qələmə almışdı.
Məktubda deyilirdi: «Zati-aliləri, adil hökmdar, özünü sənətkar və döyüş alətlərinin ixtiraçısı kimi qələmə verən kifayət qədər adamlar var. Lakin onların ixtira etdiyi alətlər başqalarından heç nə ilə fərqlənmir. Mən heç kəsə zərər vermək, işinə pəl vurmaq istəməzdim. Lakin özümü zati-alilərinə təqdim edərək bəzi sirlərimi ona açmaq istəyirəm ki, lazım bilsə, onlardan uğurla istifadə etsin. Bunlar aşağıdakılardır: olduqca yüngül, ancaq davamlı körpülər salmağın üsullarına bələdəm. Düşmən ordusunun saldığı körpüləri yandırmaq və dağıtmaq üçün vasitələr təklif eləyə bilərəm. Sizin üçün düzəldə biləcəyim olduqca münasib, asanlıqla daşınan bombardalar[11] düşmən ordularını pərən-pərən salmağa qadirdir. Dəniz döyüşləri zamanı hücum etmək və müdafiə olunmaq üçün kifayət qədər effektli qurğular hazırlamaq imkanım var. Bundan başqa, elə qapalı arabalar düzəldə bilərəm ki, onlarla rəqib düşmən orduların içərilərinə doğru irəliləmək və tez bir zamanda düşmənlərin iradəsini sındırmaq mümkündür. Qeyd edim ki, topları da daşıya bilən həmin arabaların arxasınca piyadalar təhlükəsiz və maneəsiz şəkildə irəliləmək iqtidarındadırlar. Bombardalardan istifadə etmək mümkün olmadığı hallar üçün tamamilə fərqli katapultlar[12] və digər qurğular hazırlamağa gücüm çatar. Həmin qurğular müxtəlif mərmilər atmağa qadirdir.
Sülh şəraitində istər ictimai, istərsə də fərdi evlərin və binaların layihəsini hazırlamaq, eləcə də su xətlərinin çəkilməsi kimi məsələlərdə əvəzsiz xidmətlər göstərə bilərəm. Mərmər, tunc və gildən heykəllər düzəldirəm. Rəssamlıqda, nəqqaşlıqda istənilən adamla rəqabət aparmaq iqtidarındayam. Atanızın əziz xatirəsinə və şanlı Sfortsa ailəsinin şəninə tuncdan ölümsüz bir abidə, möhtəşəm at heykəli hazırlayaram».
Göründüyü kimi, Leonardo məktubda çəkdiyi şəkillərdən, eləcə də musiqi alətləri düzəltmək bacarığından söz açmır. O, ilk növbədə özünün mühəndislik qabiliyyətlərini qabartmağa və bununla Lodovikonun diqqətini cəlb etməyə çalışır. Əslində isə Leonardo həmin vaxtadək heç bir döyüşdə iştirak etməmiş, məktubda sadaladığı qurğuların heç birini düzəltməmişdi. Sadəcə, xəyalında canlandırdığı, təsəvvürünə gətirdiyi bəzi silahların rəsmini çəkmişdi. Buna baxmayaraq, iş elə gətirdi ki, Milanda məskunlaşan Leonardo, doğrudan da, hərbi mühəndis kimi çalışmağa başladı və bir neçə yeni mexanizm ixtira elədi. Bunlardan biri hücum edən düşmən əsgərlərinin qala divarlarına söykədiyi nərdivanları vurub aşırtmaq üçün mexanizm idi. O, həmçinin düşmən ordusuna qarşı hücuma keçərkən rəqib döyüşçülərə mümkün olduğu qədər ağır zərbə vurmaq üçün təkərlərinə orağabənzər iri, əyri bıçaqlar bərkidilmiş döyüş arabası yaratmışdı. Bütün canlılara şəfqətlə, sevgiylə yanaşan, elə bu səbəbdən ət yeməyən incə qəlbli Leonardonun belə bir qorxunc, dəhşətli qurğu yaratması, həqiqətən, ağlasığmazdır!
Da Vinçinin ixtira etdiyi başqa bir silah – nəhəng arbalet idi. Bu qurğunun kağız üzərindəki rəsminə baxanda heyrətlənməyə bilmirsən: onun karkasının eni 25 metrə çatır. Qurğunu döyüş meydanına gətirən dördtəkərli araba da təxminən bu uzunluqda idi. Arbaletin özü isə yüz futluq[13] daşı atmağa qadir idi!
Lakin həmin vaxtlar artıq barıtdan gen-bol istifadə etməyə başlamışdılar. Odur ki Leonardonun məktubda söz açdığı, müasir tanklara bənzəyən qapalı və zirehli araba, eləcə də digər mexanizmlər və qurğular kimi, arbalet də kağız üzərində qaldı. Onun yalnız bir hərbi təyinatlı ixtirası reallaşdı: bu, tüfəngin və ya digər odlu silahın içindəki barıtı odlamaq üçün düşünülmüş mexanizm – təkərcikli çaxmaq idi. Silahın tətiyini çəkəndə, metal təkərcik yayın köməyi ilə hərəkətə gətirilir, çaxmaq daşına sürtülərək qığılcım qoparırdı.
Bir sözlə, Milan hersoqu Leonardonun icadlarından heç birini döyüş meydanında sınaqdan çıxarmadı. Bir az da irəli gedib deyək ki, 1499-cu ildə isə Lodovikonun çoxdan gözlədiyi hərbi təhlükə, nəhayət ki, açıq qarşıdurmaya çevrildi – fransız ordusu Milana soxuldu. Lodoviko baş götürüb qaçmağa məcbur oldu. Beləcə, da Vinçinin hersoqdan əli tamamilə üzüldü…
İdeal şəhər
Milanda yaşadığı ilk illərdə Leonardo özünü memar kimi tanıtmağa çalışdı. Lakin heç bir sifariş ala bilmədi. Odur ki bu sahədə də öz ideyalarını və fantaziyalarını kağıza köçürməklə kifayətlənməli oldu.
1480-ci illərdə Milanı taun bürüdü: qorxunc epidemiya şəhər əhalisinin üçdəbirini məhv etdi. Leonardo sövq-təbii hiss edirdi ki, taunun yayılmasının səbəbi natəmizlik, indiki dillə desək, antisanitariyadır. O, başa düşürdü ki, şəhər əhalisinin sağlamlığı birbaşa şəhərin təmizliyi ilə bağlıdır. Odur ki o şəhər həyatını yaxşılaşdırmağa hesablanmış ikincidərəcəli tədbirlər barədə fikirləşməkdənsə, tamamilə yeni konsepsiya işləyib-hazırlamaq qərarına gəldi. Estetik məsələləri və sağlamlığı əsas götürən Leonardo «ideal şəhər» lər salmağı təklif edirdi. Onun fikrincə, Milan əhalisini çay kənarında salınmış on yeni şəhərə köçürmək lazımdı. Beləliklə, onun yeni konsepsiyası «keçilər kimi sürüylə yaşayan, üfunət qoxuyan, ətrafa vəba və digər ölümcül xəstəliklər yayan insanları seyrəltmək lazımdır» fikrinə əsaslanırdı. Leonardo hesab edirdi ki, şəhərlər də canlı orqanizm kimidir, nəfəs alır, burada maye dövran edir, tullantılar əmələ gəlir; bu tullantıları vaxtlı-vaxtında şəhərdən kənarlaşdırmaq lazımdır. Həmin vaxtlar Leonardo insan bədənində qan, ümumiyyətlə isə maye dövranını öyrənirdi. Müqayisələrlə düşünən da Vinçi təmiz ticarət yerləri qurmaqdan tutmuş zibilin yığışdırılmasına qədər, şəhərin müxtəlif ehtiyaclarını ödəyə biləcək sirkulyasiya sistemi yaratmağa çalışırdı. Onun layihələndirdiyi şəhər «ikimərtəbəli» idi: geniş küçələri, gözəl evləri, bağ-bağçası ilə seçilən «yuxarı mərtəbə» yaşamaq və piyadaların hərəkəti üçün nəzərdə tutulurdu. «Alt mərtəbədə»
10
11
12
13