Baskervillərin iti. Артур Конан Дойл
görünür, xəttini dəyişdirmişdir. Bu adam kimliyini gizlətmək üçün əlindən gələni edir. Sözlər düz sıra ilə yapışdırılmamışdır; onlardan bəzisi sətirdən yuxarı çıxır. Bu isə məktubu yazan adamın səliqəsizliyini, ya bəlkə, onun həyəcanlı olduğunu, ya da tələsdiyini göstərir. Ser Henri, deyin görək: Londona gələndən bəri sizin başınıza başqa qeyri-adi bir hadisə gəlməyib ki?
– Xeyr, mister Holms, elə bir hadisə gəlməyib. Ancaq yox, bir dəqiqə… Mən ayaqqabımın bir tayını müəmmalı şəkildə itirmişəm.
Doktor Mortimer ucadan dedi:
– Əzizim, görünür, sizin ayaqqabınızı harasa qoyublar. Tapılar. Belə bir boş şeydən ötrü mister Holmsu niyə narahat edək!
– Yox, yox, – Holms etiraz etdi. – Məni hər bir xırda şey maraqlandırır. Deməli, sizin ayaqqabınızın bir tayı itib?
– Bəli, itib, bəlkə də, onu, doğrudan da, harasa qoyublar. Dünən axşam mən ayaqqabılarımı otaqdan çıxarıb bayıra qoydum, səhər durub gördüm ki, ayaqqabının bir tayı yoxdur. Bu ayaqqabını mən mağazadan yenicə almışdım, heç ayağıma da geyməmişdim. Açıq-qəhvəyi rəngdə ayaqqabı idi.
Şerlok Holms dedi:
– Əgər bu oğurluqdursa, çox mənasız oğurluqdur.
Ser Henri qəti bir ifadə ilə:
– Centlmenlər, – dedi, – indi siz gərək verdiyiniz sözü yerinə yetirəsiniz: məni başa salasınız görüm burada nələr baş verir.
Şerlok Holms bu fikrə şərik oldu:
– Doktor Mortimer, məncə, siz gərək olanları bizə danışdığınız kimi, ser Henriyə də danışasınız.
Alim dostumuz bu sözdən həvəslənərək əlyazmanı və qəzeti cibindən çıxarıb dünənki söhbətini eynən təkrar etdi. Ser Henri diqqətlə qulaq asırdı, arabir təəccüb ifadə olunan bir səslə doktorun sözünü kəsirdi.
Bu uzun hekayə qurtardıqdan sonra ser Henri dedi:
– Bəli də, mənə yaxşı irs düşüb! O itin barəsində mən hələ uşaqkən eşitmişəm. Bizim ailədə bu əfsanəni söyləməyi xoşlayardılar, halbuki hələ indiyə kimi mən buna heç bir əhəmiyyət verməmişəm. O ki qaldı əmimin ölməsi, mən heç bir şey anlaya bilmirəm. Məncə, heç siz özünüz də bilmirsiniz ki, bu məsələdə kimə müraciət etmək lazımdır: falçıya, yoxsa polis idarəsinə?
– Lap doğru deyirsiniz.
– Bir tərəfdən də mənim aldığım bu məktub! Görünür, bu da eyni hadisə ilə bağlıdır.
Doktor Mortimer dedi:
– Bəli, bu məktubdan belə görünür ki, kim isə torf bataqlıqlarında olan işləri bizdən çox-çox yaxşı bilir.
Holms:
– Bu «kim isə», görünür, sizin tərəfinizi saxlayır, – dedi, – çünki o, təhlükə olduğunu sizə xəbər verir.
– Bəlkə də, əksinədir: məni qorxudub Baskervil-holdan uzaqlaşdırmaq kimin isə xeyrinədir.
– Bu da ola bilər. Ser Henri, indi gərək biz bir məsələni həll edək: siz Baskervil-holla gedə bilərsiniz, ya yox?
– Niyə də getməyim?
– Görünür, sizin ora getməyiniz təhlükəlidir.
– Hər nə olur-olsun, nə dəhşətli qüvvələr, nə də insan hiylələri məni burada saxlaya bilməz. Mən dədə-babadan qalma evimizə gedəcəyəm. Mister Holms, bilirsiniz nə var? İndi saat on ikinin yarısıdır, mən buradan birbaş mehmanxanaya gedirəm. Siz və sizin dostunuz Uotson saat ikidə nahara mənim yanıma gəlsəniz, minnətdar olaram. O vaxta qədər mən, hər halda, fikirləşib bir nəticəyə gələ bilərəm.
– Biz gələrik. Sizə keb çağırımmı?
– Yox, yaxşısı budur, mən doktor Mortimerlə gəzə-gəzə piyada gedim. Bu söhbətdən sonra bir az özümə gələrəm.
Biz onların pilləkənlə aşağı endiyini və bayır qapını bərkdən örtdüklərini eşitdik. Holms bir anda dəyişdi, xalatını çıxara-çıxara tez öz otağına getdi və iki-üç dəqiqədən sonra əynində pencək geri qayıtdı. Biz pilləkəndən enib küçəyə çıxdıq. Doktor Mortimerlə Baskervil bizdən iki yüz addım qabaqda görünürdülər. Onlar Oksford-stritə sarı gedirdilər.
Holms addımlarını yeyinlətdi. Qonaqlarla bizim aramızda olan məsafə get-gedə azalaraq yarıya endi. Biz bu məsafəni saxlayaraq onların ardınca gedirdik. Ser Henri ilə doktor Mortimer mağazalardan birinin qabağında dayanıb vitrinə baxmağa başladılar. Biz də ayaq saxladıq. Elə bu an Holms mənə işarə edib küçənin o biri tərəfində dayanan kebi göstərdi. Kebin içində kimsə vardı.
– Uotson, bizə bax o adam lazımdır! Onun üzünü görməliyik.
Elə bu anda kebin yan pəncərəsindən qarasaqqallı bir adam göründü. O bizi görən kimi çığıraraq sürücüyə nəsə dedi, sürücü də kebi küçə ilə sürətlə sürdü. Holms dönüb ətrafına baxdı ki, görsün boş ekipaj varmı, lakin ekipaj yox idi.
– Ax, məlun! – Acığından Holmsun rəngi ağarmışdı. – Gör bizimki necə gətirmədi! Uotson, siz o adamın üzünü gördünüzmü?
– Üzünü yox, saqqalını gördüm.
– Mən də… Çox güman ki, onun saqqalı qondarma saqqaldır.
Holms bu rayonun poçt kontorlarından birinə girdi; kontorun rəisi qollarını açaraq onu sevinclə qarşıladı.
– Hə, Vilson, mən görürəm ki, xırdaca işdə sizə necə kömək etdiyimi yadınızdan çıxarmamısınız!
– Ser, siz nə danışırsınız, bunu heç yaddan çıxartmaq olar?! Mən sizə öz təmiz adımla, hətta, bəlkə, həyatımla minnətdaram!
– Dostum, siz bunu şişirdirsiniz!.. Vilson, mənim yadımdadır, sizin yanınızda Kartrayq adlı bir oğlan vardı; zirək uşağa oxşayırdı.
– Bəli, ser, o, indi də yanımda işləyir.
Rəisin çağırışına on dörd yaşlı bir oğlan gəldi: onun üzündən cəldlik və ağıllılıq yağırdı. O gəlib bizim qabağımızda dayandı və Holmsa böyük bir hörmətlə baxmağa başladı.
Holms dedi:
– «Mehmanxanalar üzrə məlumat» kitabını mənə verin. Təşəkkür edirəm. Kartrayt, bura baxın: bax bu, Çerinq-kross rayonunda olan iyirmi üç mehmanxananın adıdır. Siz bu mehmanxanaların hamısını bir-bir gəzməlisiniz. Hər qapıçıya bir şillinq verərsiniz. Alın, bu da iyirmi üç şillinq. Deyərsiniz ki, mən dünən səbətlərdən atılan zibilə baxmaq istəyirəm. Səbəbini belə izah edərsiniz ki, çox mühüm bir teleqramı səhvən başqa bir ünvana veriblər, mənə əmr olunub, onu tapım. Başa düşdünüz?
– Bəli, ser, başa düşdüm.
– Amma əslində, siz «Tayms» qəzetinin bir neçə yerdən qayçı ilə kəsilmiş səhifəsini axtaracaqsınız. Bax «Tayms» qəzetinin həmin nömrəsi budur, bizə bax bu səhifə lazımdır. Axşamüstü, işin nə yerdə olması haqqında mənə, Beyker-stritə teleqram vurun… İndi isə, Uotson, biz gərək iki min yeddi yüz dörd nömrəli sürücünü tapaq. Ancaq əvvəlcə qonaqlarımızla