Hekayələr. Сулейман Сани Ахундов
Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə-tər otlarını və çiçəklərini boyayır.
Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdi ilə sinəsini açır.
− Aman, yarəb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb: − Söylə, söylə, gözəlim! O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar elə, − deyə fəryad edir.
Teymur xan zəif səs ilə cavabında:
− Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət! Ah, təbiət nə gözəldir! Paşa, mən gedirəm, əlvida!
− Toxta, bir az toxta, gözəlim, Paşa da səninlə gedir.
Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:
− İndi qoy mənim də qanım səninkinə qarışsın!
Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki növcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün Qan bulağı qaya arasında cari olur. Rəvayətə görə, həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir.
ÜMİD ÇIRAĞI
İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş… şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yalnız yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şöləsi bağçaya düşərək oranın zəngin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvırcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovxalayır, qalxıb pəncərəni açır, başını dışarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.
Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
− Bu nə uşaqlıqdır? − deyə gənc pəncərəni qapayır və sonra əvvəlki yerini tutaraq özlərini şöləyə atan pərvanələrə baxır: − Bu heyvancıqlar qaranlığı sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq, − deyə söylənirdi. Bu zaman nəzəri masanın üstə durmuş cib saatına sataşır.
− Ah, gecə yarıdan keçmiş, lakin mən hazır deyiləm. Sabah son imtahanlarımı verəcəyəm. Orta təhsilimi bitirmək bugecəki səy və qeyrətimə bağlıdır. Atam yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Səy və qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə il təhsil alıb həkim olacağam, vətənim üçün mənfəətli bir üzv olacağam. Zavallı anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm.
Əli ilə o biri otağa işarə edərək:
− Yat, anacığım, rahat ol və gələcək səadətimizə də inan, − deyə yenə də mütaliəyə başlayır.
Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq istədisə də, yata bilmədi. Gözlərini oğlunun qapısına dikərək uzun və dərin fikrə getmişdi. Ağır, qaragünlü məişəti birər-birər gözlərinin önündən gəlib-keçdi.
Budur, on səkkiz yaşında bir qız ikən özü kimi bir zəhmətkeşə arvad oldu. İçərisində yaşadığı evə sahib oldu. Övlad arzusu çəkərək bir gözəl oğula ana oldu.
Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk tezliklə bu səadəti yasa döndərdi. Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi. Onu biryaşlı uşaq ilə sahibsiz qoydu. O gündən bədbəxt ana çalışır, seltək göz yaşları tökür, lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalarkən deyirdi:
− Yat, oğlum, yat, yat, ümid çırağım, yat, cəmi səadətimi, cəmi ömrümü sənin uğrunda sərf etməyə and içirəm.
Qeyrətli ana bu müqəddəs vəzifəsini çox gözəl ifa etdi. Oğlunu böyütdü, oxutdu, bu yaşa yetirdi. İndi təhsilini bitirmək üçün övladı belə çalışır, zəhmət çəkir. Onun incə ana qəlbi sıxılır, övladının əziyyətinə razı olmayır, onun zəhmətlərinə dözə bilməyirdi. Lakin bu zəhməti ona səadət qapısını açacağını da gözəlcə düşünürdü.
Ən artıq sıxılacaq bir şey varsa, o da oğlunun məktəbə getmək məsələsidir ki, bir neçə il bir-birindən ayrı düşəcəklərdi, bu isə ona qeyri-mümkün bir imtahan görünürdü. Yazıq ananın qəlbini hər dəqiqə deşən, onu rahat buraxmayan bir məsələ vardı. O da bir il bundan əqdəm ərinin qohumlarından biri dalaşarkən bir cavanı öldürməsi idi. Düşmənləri qatilin həbsə alınıb sürgün edilməsinə iktifa etmək8 istəməyirdilər. Qana qan etmək fikri bəsləyirdilər. Bu səbəbdən zavallı qadın bu ili daim qorxu içərisində yaşayır, oğlunu gözlərindən iraq buraxmaq istəməyirdi.
Gecə keçər, oğlu yatmaz, ana axır buna səbir etməyib qalxar, şala bürünər, oğlunun otağına girər, övladının başını qucub qıvrıcıq saçlarından öpər.
− Ana, nə üçün durdun?
− Oğul, yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. Qorxuram sənə düşmən tərəfindən bir xətər toxuna.
− Anacığım, xof və iztirabın əsilsizdir, öz otağımda, gözünün önündə dərs oxuyuram. Mənə nə ola bilər? Mən bir məktəbliyəm, kimsə ilə də düşmənçiliyim yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol.
− Bəs sən, oğlum, yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı söndür.
− Yox, ana, səhəri açsam da, sabahkı imtahanlarımı hazır etməliyəm. Maraq etmə, bir gecəni yatmamaqla mənə heç bir şey olmaz, lakin bir ilimi qayib etmək hər ikimiz üçün fayda verməz. İndi daha mənə mane olma, − deyə gənc kitab oxumağa başlayır, anası da otağına çəkilir.
Bir saat belə keçir. Qəflətən bir tüfəng açılıb dağlara səda salır, dərin sükutu pozur. İkinci bir qadın çığırtısı bu sədaya cavab verir, yatmış qonşuları oyadır.
Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu.
Sahibsiz ananın ümid çırağı söndü… Yenə zülmət, yenə dərin sükunət… lakin balaca otaqdan:
− Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat, ümidim, rahat ol, sabah yenə duracaqsan, imtahanlarını verəcəksən, anacığını bəxtiyar edəcəksən… Həzin, qəlbləri oxşayan oxşama sədası gəlirdi.
CƏHALƏT QURBANI
Uşaqlıq
8