Hekayələr. Франц Кафка

Hekayələr - Франц Кафка


Скачать книгу
tle>

      ÇEVRİLMƏ

I

      Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza elə yatağındaca əcaib bir həşərata çevrildiyini hiss etdi. Bağa çanağı kimi qartımış kürəyi üstə uzanıqlı halda başını ehmalca dikəldən kimi yarısı sürüşüb yerə düşən yorğanın qırağından qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını, başqa əzalarından xeyli cılız olan və qaynaşan saysız-hesabsız xırda ayaqlarını gördü.

      “Görəsən, mənə nə olub?” – o düşündü. Bu, yuxu deyildi. Xeyli kiçilmiş olsa da, öz otağı idi, yaxşı tanış olan dörd divar arasındakı həmişəki otağı. Zamza ticarət agenti işləyirdi, kommivoyajer1 idi. Bu səbəbdən üstünə növ-növ mahud parça nümunələri yığılan masanın üzərindən portret asılmışdı. Zamza onu bu yaxınlarda şəkilli bir jurnaldan kəsib qızılı çərçivəyə salmışdı. Şəkildə xəz şlyapalı, xəz yaxalıqlı qadın təsvir olunmuşdu. O, şəstlə oturmuş halda, əlləri içində itib-batan ağır, xəz muftanı2 irəli, tamaşaçıya tərəf uzatmışdı.

      Sonra Qreqorun nəzərləri pəncərəyə dikildi, – yağış damcılarının çöl tərəfdən məhəccərin dəmirlərini necə döyəclədiyi eşidilirdi, – havanın belə tutqun olması ovqatını tamam korladı. Fikirləşdi ki, bir az da yatıb bu həngaməni unutmaq heç də pis olmazdı. Amma bu əsla mümkün olan iş deyildi. O, sağ böyrü üstə yatmağa adətkardı, indiki halında isə həmin vəziyyətə qayıtması çox müşkül məsələ idi. Sağ böyrü üstə çevrilməyə ha çalışdısa da, bundan bir şey çıxmadı, yenə qayıdıb kürəyinin üstünə düşdü. Bir-birinə dolaşan miskin ayaqcıqlarını görməsin deyə gözlərini yumdu, bir xeyli əlləşib-vuruşdu və yalnız böyründə küt ağrı hiss edəndə fikrindən daşındı. Düşündü: “Pərvərdigara, mən özümə nə cəncəl sənət seçmişəm! Həmişə yollarda, həmişə səfərlərdəyəm, çöldə isə iş-gücün baş ağrıları ticarət evindəkindən qat-qat artıq olur, hələ üstəlik də, gərək yolun hər cür əziyyətinə dözəsən, qatarların hərəkət cədvəlini əzbərləyəsən, vaxtı-vədəsi bilinməyən dadsız yeməklərə qane olasan, cürbəcür təzə adamlarla ayaqüstü, başdansovdu ülfət bağlayıb qeyri-səmimi münasibətlər qurasan. Cəhənnəm olsun hər şey!”

      Qarnının yuxarı hissəsində nəsə yüngül qaşınma hiss etdi; başını rahat qaldırmaq üçün kürəyi üstə çətinliklə də olsa çarpayının baş tərəfindəki dəmir çubuqlara doğru sürünüb qaşınan yeri tapdı. Həmin yer xırda ağ ləkələrlə örtülmüşdü, sısqa qıçların biriylə o yeri yoxlamaq istəyib tez də onu geri çəkdi, çünki adi bir toxunuş bədəninə vicvicə salırdı.

      Sürüşüb əvvəlki vəziyyətinə qayıtdı. “Yuxudan tez durmaq, həqiqətən, adamı gic eləyər, − deyə öz-özünə düşündü, − gərək doyunca yatıb yuxunu alasan. Başqa kommivoyajerlər kefləri istəyən kimi yaşayırlar. Mən sifarişlərin üzünü köçürmək üçün günorta hotelə qayıdanda bu cənablar hələ səhər yeməyini yeyirlər. Əgər mən də özümü onlar kimi aparsaydım, sahibkar məni əlüstü işdən qovardı. Amma bəlkə də, bu mənim xeyrimə olardı. Valideynlərimin xətrinə səbrimi basıb dözməsəydim, işdən çıxmaq istəyimi çoxdan bəyan edər, lap yaxınlaşıb haqqında nələr düşündüyümü sahibkarın düz gözünün içinə söyləyərdim. Onda baxardım ki, bunu eşidəndə kontordan təpəsi üstə necə yerə aşır! Sən bir onun ədasına bax, kontorun qırağında oturub xidmətçilərlə elə oradanca danışır – üstdən-aşağı, bu azmış kimi, gərək ona lap yaxın durasan ki, bəs qulağı ağır eşidir. Amma hələ ümid var, valideynlərimin borcunu ödəmək üçün bir az pul toplayan kimi elə belə də edəcəyəm. Bu məsələ beş-altı ilə başa gəlsə də, eybi yoxdur, onda biz biryolluq vidalaşarıq. İndi isə gərək qalxam, saat beşdə qatarım yola düşür”.

      Sandığın üstündə çıqqıldayan zəngli saata nəzər salanda gözlərinə inanmadı: “Pərvərdigara!” – yeddinin yarısı idi, aramla irəli sürünən əqrəblər hətta yeddinin yarısını da keçmişdi, bir azdan yeddiyə on beş dəqiqə qalacaqdı. Yəni, doğrudanmı, saatın zəngi çalmayıb?

      Amma elə yataqda uzandığı yerdən də baxanda aşkar görünürdü ki, zəng əqrəbi düz yerində – dördün üstündədir; heç şübhəsiz, zəng çalmışdı. Bəs səslənəndə evin bütün mebelini titrədən zəngin çığırtısı altında o necə rahat yata bilib? Əlbəttə ki, rahat yatmamışdı, amma görünür, bərk yatmışdı.

      Bəs indi nə etməli? Növbəti qatar saat yeddidə çıxırdı – ona çatmaqdan ötrü mütləq tələsmək lazımdır; amma parça nümunələri, tərs kimi, hələ qablaşdırılmamışdı, heç halı da babat deyildi – qalxmağa çətinlik çəkir, başı bədəninə ağırlıq edirdi. Lap növbəti qatara çatsaydı belə, fərqi yoxdu, onsuz da sahibkarın danlağından yaxa qurtara bilməyəcəkdi – ticarət şirkətinin kuryeri saat beşdə yola düşən qatarın yanında keşik çəkirdi, sahibkarın əlaltısı olan bu çuğul, bu yelbeyin məxluq Qreqorun gecikməsini lap yəqin ki, çoxdan yerinə çatdırmışdı.

      Bəs görəsən, özünü naxoşluğa vursa necə? Amma bu, şit çıxardı, həm də inandırıcı görünməzdi, ona görə ki işlədiyi beş il ərzində Qreqor bir dəfə də olsun xəstələnməmişdi. Heç şübhəsiz ki, belədə sahibkar həkimi dartıb evə gətirər, yalnız onun rəyini əsas götürüb ayrı heç bir etirazı hesaba almadan belə tənbəl oğula görə ata-anasını qınaya bilərdi. O həkimin də fikrincə, ümumiyyətlə, yer üzündəki bütün adamlar sapsağlamdılar, sadəcə, işləməyi xoşlamırlar. Fikirləşdi ki, bəyəm indiki vəziyyətdə həkim onun barəsində haqlı olmazdımı? Uzunsürən yuxudan sonra, həqiqətən, qəribə görünən bu süstlük nəzərə alınmazsa, əslində, Qreqor özünü çox gümrah hiss edirdi, hətta möhkəmcə acmışdı da.

      Yataqdan çıxmağa heç cür ürək eləməyən Qreqor bütün bunları beynində götür-qoy edərkən zəngli saat yeddiyə on beş dəqiqə qaldığını xəbər etdi. Bu vaxt yuxarı tərəfdəki qapı ehmalca döyüldü.

      – Qreqor! – qulağına səs gəldi (anasının səsi idi), – yeddiyə on beş dəqiqə qalıb. Bəs sən yola çıxmayacaqdın?

      Bu səs necə də şəfqətli idi! Di gəl ki, anasına hay verərkən Qreqor öz səsindən diksindi, bu səs əvvəlki səsi olsa da, ona nəsə gizli, eyni zamanda qeyri-təbii bir civilti qarışmışdı. İlk anda aydın tələffüz edilən sözlər sonra bu civiltinin içində elə itib-batırdı ki, doğrumu, yanlışmı eşitdiyini heç cür kəsdirə bilməzdin. Qreqor anasına ətraflı cavab verib hər şeyi izah etmək istəyirdi, amma düşdüyü vəziyyəti nəzərə alıb bircə bunu dedi:

      – Hə, ana, sağ ol, indicə dururam.

      Görünür, taxta qapı səsinin dəyişməsini hiss etdirmədi, çünki bu cavabdan sonra anası xatircəmliklə qapıdan aralanıb getdi. Lakin bu qısa mükalimə ailə üzvlərinin diqqətini başqa məsələyə cəlb etdi: çoxdan getməli olan Qreqor hələ də evdədir. Odur ki atası yan qapını yumruğuyla asta-asta tıqqıldadıb çığırdı:

      – Qreqor! Qreqor! Nə olub, nə məsələdir?

      Sonra səsini bir qədər yavaşıdıb təzədən çağırdı:

      – Qreqor! Qreqor!

      O biri yan qapıdan isə bacısının güclə çıxan çox asta və məzlum səsi eşidildi:

      – Qreqor! Bəlkə, xəstələnmisən, bəlkə, sənə bir kömək lazımdır?

      Hamısına bir ağızdan: “Mən artıq hazıram!” – deyə cavab verən Qreqor sözləri səlis tələffüz etməyə və kəlmələr arasında uzun fasilə verməklə səsindəki hər hansı qeyri-adiliyi gizlətməyə çalışdı. Həqiqətən də, bundan sonra atası arxayınlaşıb səhər yeməyinə qayıtdı, di gəl ki, bacısı əl çəkmək istəmir, pıçıltısı səngimirdi:

      – Qreqor, yalvarıram sənə, aç qapını.

      Qreqor isə qapını açmaq fikrində deyildi, səfərdə olarkən gecələr qapını arxadan kilidləmək vərdişini evdə də unutmurdu və hazırda bu adətindən çox razı idi.

      İstəyirdi əvvəlcə sakit, maneəsiz halda qalxıb geyinsin, ilk növbədə səhər yeməyini yeyib sonra görəcəyi işləri müəyyənləşdirsin. Yəqin etmişdi ki, yataqda ağlına düz-əməlli bir şey batan deyil. Yadına düşdü ki, bəlkə də, yöndəmsiz uzanması ucbatından əmələ gələn hansısa küt ağrını


Скачать книгу

<p>1</p>

Kommivoyajer (fr. commis voyageur) – səyyar satıcı; hər hansı bir firmanın ticarət təmsilçisi; şəhərləri, evləri dolaşıb kataloq üzrə satış həyata keçirir.

<p>2</p>

Mufta – qadınların əllərini keçirdikləri xəz