Hekayələr. Франц Кафка

Hekayələr - Франц Кафка


Скачать книгу
hərçənd dönsəydi, dərhal öz otağına düşəcəkdi, intəhası gec fırlanıb atasını təbdən çıxaracağından qorxurdu, kişinin əlindəki çəlik hər an kürəyinə, ya başına ölümcül zərbə endirə bilərdi. Nəhayət, deyəsən, Qreqora ayrı heç bir çıxış yolu qalmadı, çünki o, dəhşət içərisində baxdı ki, daldalı sürünməklə hətta hər hansı istiqamət götürmək iqtidarında da deyil. Buna görə bir gözü atasında, mümkün qədər sürətlə, əslində, çox ağır-ağır dönməyə başladı. Görünür, atası bu nəcib niyyəti dərk etdi: nəinki dönməsinə mane olmadı, hətta çəliyin ucuyla uzaqdan onun hərəkətlərini yönləndirməyə başladı.

      Kaş kişinin bu dözülməz fısıltısı olmayaydı! Fısıltının ucbatından Qreqor başını lap itirmişdi, elə dönüb qurtarırdı ki, fısıltıya qulaq verdiyindən yanılıb bir az arxaya buruldu. Nəhayət, başını sağ-salamat halda açıq qapıya doğru tuşlaya bildi, amma bu vaxt məlum oldu ki, gövdəsi çox enlidir, qapıdan rahat keçməyəcək. Atasının belə vəziyyətdə ağlına da gəlmədi ki, qapının ikinci tayını açıb ona yol versin, onun tək bircə niyyəti vardı – Qreqoru mümkün qədər tez içəri təpsin. O heç bir əsaslı hazırlığa dözəcək halda deyildi, bu hazırlıq isə Qreqora lazım idi ki, dik vəziyyət alıb, bəlkə, bu halda qapıdan keçə bilsin. Guya heç bir əngəl-filan yoxmuş kimi, indi atası onu xüsusi hay-küylə içəri qovurdu; arxadan eşidilən səslər də təkcə ataya məxsus deyildi; məsələ, həqiqətən, çox ciddiləşmişdi, odur ki Qreqor da – nə olacaqsa, qoy olsun! – deyib var gücüylə özünü qapıya dürtdü. Bədəninin bir tərəfi köpmüş halda qapının ağzında eləcə sərələnib qaldı, bir böyrü əməlli-başlı yaralanıb ağ boyalı qapıya iyrənc ləkə saldı. Gövdəsi qapıya pərçimləndiyindən daha irəli-geri tərpənə bilmədi; bir böyründəki ayaqları əsə-əsə sallanır, o biri böyründəkilər isə altında qaldığından bərk ağrıyırdı. Bu vaxt atasının daldan zərblə ilişdirdiyi, əslində, xilasedici rol oynayan təpiyindən sonra Qreqor büsbütün qan içində, nəhayət ki, öz otağına düşdü. Qapını çöl tərəfdən çəliklə itələyib örtdülər və içəri çoxdan arzu edilən bir sakitlik çökdü.

II

      Qreqor bayğınlığa bənzər ağır yuxudan bir də şər qarışan vaxt ayıldı. Əgər onu narahat etməsəydilər də, özü bir azdan oyanacaqdı, çünki dincini bəs deyincə almışdı və indi özünü yuxudan doymuş kimi hiss edirdi, bununla belə, ona elə gəldi ki, dəhlizə açılan qapının ehmalca örtülməsi və kiminsə ürkək addımları onu yuxudan oyadıb. Küçədəki elektrik fənərlərinin işığı tavana, mebelin yuxarı hissəsinə düşmüşdü, onun sərilib qaldığı yer isə qaranlıq idi.

      Evdə nələrin baş verdiyini öyrənmək üçün qədrini indi-indi bilməyə başladığı qarmaqlarının köməyi ilə qapı tərəfə süründü. Çapılmış sol böyrü bərk göynəyir, hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər bərk yaraladığı qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – indi döşəmədə güclə sürünürdü. O yalnız qapıya çatanda bura niyə tələsdiyini başa düşdü, nəsə dadlı bir qoxu gəlirdi, şirin südlə dolu bir kasa qoyulmuş, içinə də ağ çörək doğranmışdı. Sevincdən az qala qəşş edəcəkdi, çünki yeməyi səhərkindən daha betər istəyirdi. Başını acgözlüklə qabın içinə soxdu, amma tez də dilxorcasına geri çəkdi, sol böyrü zədəli olduğundan yemək arxasında oturmaq çətin iş idi, yalnız ağzını geniş açıb bütün gövdəsini işə salmaqla rahat yeyə bilərdi. Lakin onun bərk xoşladığı, elə bacısının da, yəqin, bu səbəbdən gətirdiyi süd birdən-birə ona çox dadsız gəldi, kasadan ikrahla üz döndərib geriyə, otağın ortasına tərəf süründü.

      Qonaq otağında işığın yandırıldığını o, qapının çatından gördü. Adətən, bu vaxtlar atası axşam qəzetlərini anasına, hərdən də bacısına ucadan oxuyardı, ancaq indi heç bir səs-səmir gəlmirdi. Bacısının daim ona nəql etdiyi, yaxud məktublarında yazdığı bu qiraət, deyəsən, son vaxtlar gündəlik məişətdən çıxmışdı. Evdə, heç şübhəsiz, adam vardı, intəhası hər tərəf başdan-başa sakitlik içində idi.

      “Ailəmiz gör necə də sakit həyat sürür”, – öz-özünə pıçıldadı. Gözünü qaranlığa dikib doğmaları üçün belə gözəl mənzil, firavan həyat bəxş etdiyinə görə daxilən şadlanıb qürrələndi. Bəs əgər indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa, onda necə? Belə bəd fikirlərə qapılmasın deyə əzələlərini övkələyib yumşaltmaq və otaq boyunca aşağı-yuxarı sürünmək qərarına gəldi.

      Bütün bu uzun axşam ərzində yalnız bircə dəfə yan qapı bir balaca aralandı və dərhal da örtüldü. Sonra başqa bir qapı cırıldadı – görünür, hər kimdisə içəri girmək istəyir, amma ürək eləmirdi. Qreqor tərəddüd keçirən bu adamı birtəhər saxlamaq, heç olmasa, onun kimliyini müəyyənləşdirmək üçün düz qonaq otağının qapısınacan süründü, lakin qapı açılmadı və Qreqorun buna sərf etdiyi vaxt da hədər getdi. Səhər qapı bağlı olarkən hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində, yəqin, açılmışdı, ancaq onun yanına gələn yox idi, elə açarlar da bayır tərəfdən qapının üstündə asılıb qalmışdı.

      Qonaq otağının işığı gecədən xeyli ötmüş söndürüldü; heç demə, ata-anası və bacısı bu vaxtacan oyaqmış, çünki indi pəncəsi üstə hərənin öz çarpayısına tərəf getməsi aydınca eşidildi. Daha səhərəcən yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yenidən qurmaq barədə maneəsiz fikirləşməsi üçün kifayət qədər vaxtı vardı. Di gəl, üzüqoylu sərələndiyi hündür otaq canına vəlvələ saldı. Qorxunun səbəbi heç cür beyninə batmırdı – axı bu otaqda o, düz beş il yaşamışdı. Qeyri-iradi geri dönüb pərt halda divanın altına süründü. Kürəyi bir az sıxılsa da və başını dikəldə bilməsə də, burda özünü daha rahat hiss etdi, bircə ona heyifsiləndi ki, gövdəsi çox enli olduğundan divanın altına tam yerləşmir.

      Bütün gecəni orada keçirdi: gah aclığın tez-tez ürkütdüyü mürgü, gah da sonsuz qayğı və tutqun ümidlər içərisində vurnuxa-vurnuxa axırda belə nəticəyə gəldi ki, özünü mümkün qədər dinc aparıb düşdüyü vəziyyətin ucbatından ailənin başına gətirdiyi müsibəti səbirlə, qanacaqla yüngülləşdirməlidir.

      Obaşdan – demək olar, hələ gecə idi – bacısının tam geyinmiş halda dəhliz qapısını açıb ehmalca onun otağına nəzər saldığı vaxt qəbul etdiyi qərarın qətiliyini sınaqdan çıxarmaq üçün əlinə əsl fürsət düşdü. Qız Qreqoru dərhal görmədi, lakin sonradan onu divanın altında görəndə – ilahi, axı o, haradasa olmalıydı, uçub gedə bilməzdi ki! – elə qorxdu ki, özünü ələ ala bilməyib tələsik qapını çırpıb çıxdı. Sonra tutduğu əməldən peşman kimi təzədən qapını açdı, ağır xəstənin, ya kənar adamın yanına gedirmiş kimi pəncələri üstə içəri daxil oldu. Qreqor başını lap qırağa gətirib divanın altından bacısına göz qoymağa başladı.

      Görəsən, ac ola-ola südə toxunmadığını qız duyacaqdımı və ona daha münasib başqa yemək gətirəcəkdimi? Əgər bacısı özü duymasaydı, lap acından ölsə də, Qreqor onun diqqətini buna cəlb etməzdi, halbuki az qalırdı sıçrayıb divanın altından


Скачать книгу