Hekayələr. Cəlil Məmmədquluzadə
soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar.
Kərbəlayı Qasım alçaq səslə cavab verdi:
– Bəli, ağa, Əli yaxşı plov bişirir.
Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi:
– Di gördünüz? Di gördünüz? İndi sözünüz nədi?
Qonaqların çoxusu cavab verdi:
– Doğrudu, doğrudu, inanırıq.
Kərbəlayı Qasım çıxdı eşiyə.
Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdənbir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi:
– Bu xəncəli soxaram sənin qarnına!
Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi:
– Niyə, başına dönüm, ağa?
Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi:
– Kimin hünəri var, Əli bişirən plovu bişirsin?!
İki saatdan sonra ağa və nökər yetişdilər kəndə. Kəndin içindən üç-dörd köpək hürə-hürə hücum çəkdi Qurbanəli bəyin üstünə. At hürküb özünü verdi bir tərəfə, az qaldı bəyi salsın yerə. Qurbanəli bəyin börkü düşdü yerə və Kərbəlayı Qasım özünü atdan salıb, ağasının börkünü qalxızıb verdi bəyə. Qurbanəli bəy xəncərini sıyırıb, atını sürdü itlərin üstünə. İtlər başladılar qaçışmağa.
Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb, yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:
– Əli, bu xəncəli soxaram qarnına!
Nökəri cavab verdi:
– İxtiyar sənindi, ağa!
Sonra bəy atdan yenib, girdi həyətə və pilləkəni qalxıb, girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi:
– Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu.
Bəy xəncərin tiyəsini arvada göstərib dedi:
– Gülpəri, bu xəncəli soxaram sənin qarnına!
Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib, gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi:
– Bu xəncəli soxaram sənin qarnına!
Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə.
Bəyi yuxu tutdu.
Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb. Yavaşca paltarını geyib çıxdı eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub, arpa təmizləyirdi ki, aparıb versin atlara.
Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samovara kömür salırdı. Həyətin bir tərəfində toyuq-cücələr dən yeyirdilər və sərçələr hərdənbir dəstə ilə toyuq-cücələrin yanına yenib başlayırdılar dənlərdən yeməyə, amma bir səs eşitcək genə dəstə ilə qalxırdılar tut ağacına.
Qaravaş xanımı görcək əlində süpürgə getdi xanımın yanına, salam verdi. Xanım gözlərini ova-ova soruşdu ki, bəy nə vaxt gəlib yatdı? Qaravaş cavab verdi ki, gecədən çox keçmişdi ki, gəldi. Xanım Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım tövlədən çıxıb tez gəldi və baş yendirib durdu xanımın qabağında. Xanım Kərbəlayı Qasımdan soruşdu ki:
– Niyə belə gec gəldiniz?
Kərbəlayı Qasım cavab verdi:
– Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik.
Xanım genə soruşdu:
– Pristavın qonağı çox idimi?
Kərbəlayı cavab verdi:
– Bəli, xanım, çox idi.
Xanım soruşdu:
– Kim idilər qonaqlar?
Kərbəlayı Qasım cavab verdi:
– Ay xanım, nə bilim, bir çoxlu böyük adamlar idi. Çoxlu xanım idi. Naçalnik özü də orada idi. Çox adam vardı.
Xanım genə soruşdu:
– Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular?
Kərbəlayı Qasım cavab verdi:
– Yox, elə hamısı qarışmışdı bir-birinə.
Qaravaş bu sözləri eşitcək öz-özünə dedi:
– Bıy, aman Allah!
Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.