Hekayələr. Проспер Мериме

Hekayələr - Проспер Мериме


Скачать книгу
Oradan, əlində xəncər, qanına qəltan olmuş bir adam çıxdı. O ha çalışırdı qəddini düzəldib ayağa qalxsın, ancaq soyumuş yarası buna imkan vermirdi. O yıxıldı. Zabit özünü onun üstünə atdı və xəncərini əlindən aldı. Müqavimət göstərməsinə baxmayaraq, onun əl-ayağını bağladılar.

      Kəndirlə sarınmış və yerdə uzanıb qalmış Jianetto başını ona yaxınlaşan Fortünatoya tərəf çevirdi, qəzəbdən çox nifrət ifadə edən səslə dedi:

      – Satqın oğlu satqın!

      Uşaq bir az bundan əvvəl Jianettodan aldığı gümüş pulu onun üstünə tulladı. O, bu pula layiq olmadığını başa düşmüşdü. Qaçaq uşağın bu hərəkətinə məhəl qoymadı. O, çox soyuqqanlıqla zabitə dedi:

      – Qamba, əzizim, yeriyə bilmirəm, məni şəhərə siz aparmalı olacaqsınız.

      – Elə indicə, bir az bundan əvvəl çəpişdən bərk qaçırdın ki… – Döyüşdən qalib çıxmış qəddar zabit dilləndi. – Ancaq arxayın ol, səni tuta bildiyim üçün elə şadam ki, dalıma alıb birnəfəsə, dincəlmədən dörd-beş kilometr də apara bilərəm. Qaldı ki, vətəndaş Jianetto, biz sənin üçün xərək düzəldərik, ağacın budaqlarından və sənin şinelindən… Krespoli fermasında isə at taparıq.

      Məhbus:

      – Yaxşı! – dedi. – Şinelimin üstünə bir az da küləş qoyun ki, yerim lap rahat olsun.

      Voltijerlərin başı işə qarışdıqları anda (onlardan bir neçəsi şabalıd ağacının budaqlarını kəsib xərək düzəldir, bir neçəsi isə Jianettonun yarasını bağlayırdı) Mateo Falkone və onun arvadı qəfildən evin aşağısında, makiyə gedib çıxan cığırın döngəsində göründülər. Arvad şabalıdla dolu böyük çuvalın altında əyilib ikiqat olmuşdu və çətinliklə yeriyirdi. Əri isə tüfəngin biri əlində, o birisi isə çiynindən asılmış vəziyyətdə cəld irəliləyirdi. Bu yerlərdə silahdan başqa ayrı şey götürmək kişi üçün qəbahət sayılar.

      Əsgərləri görən kimi Mateonun ağlına gələn fikir bu oldu ki, yəqin onu tutmağa gəliblər. Nəyə görə? Mateonun ki məhkəmə ilə ədavəti, məhkəməlik bir işi yox idi! Xeyr. O, ad-san sahibi idi, necə deyərlər, etibar qazanmış şəxsiyyət idi; ancaq o, korsikalı idi, özü də dağlı… Korsikalı dağlılar arasında da az adam tapılar ki, xəncərlə, tüfənglə törətdiyi cinayətlərini və başqa əməllərini yadına salmasın. Mateonun vicdanı başqalarınınkı ilə müqayisədə daha təmiz idi, çünki, açığını desək, on il olardı ki, tüfəngini heç bir adama tuşlamamışdı. Bununla belə o, ehtiyatlı idi, lazım gəlsəydi, özünü çox gözəl müdafiə edə bilərdi.

      Cüzeppaya dedi:

      – Arvad, kisəni qoy yerə, özün də hazır dayan!

      Arvadı deyilənə həmin dəqiqə əməl etdi. Mateo çiynindən asdığı tüfəngi ona verdi ki, işdir, birdən atışma olsa, əl-ayağına dolaşmasın. Özü isə əlindəki tüfəngə patron qoyub hazır oldu və sıra ilə əkilmiş ağacların yanınca yavaş-yavaş öz evinə tərəf irəlilədi. Cüzi düşmənçilik hərəkətinə qarşı böyük ağaclardan birinin arxasına girib gizlənməyə və oradan atəş açmağa hazır vəziyyət aldı. Arvadı da patron dolu çantanı və həmişə yanlarınca gəzdirdikləri ehtiyat tüfəngi sürüyə-sürüyə aparırdı. Xeyirxah evdar qadının vəzifəsi döyüş vaxtı ərinin tüfəngini doldurmaqdır.

      Bu biri tərəfdən, Mateonun belə ehtiyatla, yavaş-yavaş tüfəngi qabağında tutub, barmağını tətiyə qoyaraq irəlilədiyini görərkən zabit özü də həyəcanlandı. Onu fikir götürdü. Əgər, işdir, birdən Mateo Jianettonun qohumu, yaxın dostu olsa və onu müdafiə etmək istəsə, onda hər iki tüfəngdən atılacaq güllələr onların üstünə yağacaq, özü də elə yağacaq ki… “Birdən qohumluğa baxmadı, məni nişan aldı?” O, fikrində belə götür-qoy edə-edə özünə toxtaqlıq verib tək-tənha Mateonun qabağına getmək, köhnə dost kimi ona yaxınlaşmaq və əhvalatı ona danışmaq qərarına gəldi. Mateo ilə onun arasındakı bu qısa məsafə zabitə çox uzun göründü.

      – Ey dost! – o, gendən-genə harayladı. – Necəsən? Mənəm ey, Qamba, sənin qohumun!

      Mateo ayaq saxladı. Heç bir cavab vermədi və zabit danışa-danışa ona tərəf gələndə Mateo tüfənginin lüləsini yuxarı qaldırmağa başladı. Zabit onun yanına çatanda tüfəngin lüləsi artıq havaya tuşlanmış vəziyyətdə idi.

      Qamba ona əl verərək:

      – Salam, qardaş! – dedi. – Çoxdandır, səni görmürəm.

      – Salam, qardaş.

      – Evin yaxınlığından keçirdim, gəldim sənə və əmiqızı Pepaya baş çəkim. Bu gün hey ayaq döymüşük, ancaq yorğunluqdan şikayətlənməyə dəyməz, çünki ovumuz uğurlu olub. Jianetto Sanpyeronun əl-ayağını elə bir az bundan əvvəl bağladıq.

      – Allaha çox şükür! – Cüzeppa sevindiyindən az qaldı bağırsın. – Keçən həftə o, bizim bir sağmal keçimizi oğurlamışdı.

      Bu sözlər Qambanın ürəyindən oldu.

      – Yazıq neyləsin? – Mateo söhbətə qarışdı, – görünür ac olub.

      – Şir kimi vuruşurdu. – Zabit pərt halda sözünə davam etdi. – Mənim voltijerlərimdən birini vurub öldürdü. Hələ bununla da ürəyi soyumadı, üstəlik, kaporal Şardonun qolunu sındırdı. Ancaq bu elə böyük bədbəxtlik deyil, axı o, fransız idi. Sonra o, elə yerdə gizlənmişdi ki, inan, onu cin də tapa bilməzdi. Əgər əziz qardaşoğlu balaca Fortünato olmasaydı, biz onu tapa bilməyəcəkdik.

      – Fortünato! – Mateo qışqırdı.

      – For-tü-na-to… – Cüzeppa da səslədi.

      – Hə, dediyim bu Jianetto bax, oradakı ot tayasının içində gizlənmişdi, ancaq hörmətli qardaşoğlum bicliklə onu mənə nişan verdi. Mən bunu onun kaporal dayısına da deyəcəyəm ki, xidmətinə görə ona hədiyyə göndərsin. Hə, bir də, sənin də, onun da, (arvada işarə etdi) hər ikinizin adı müsyö baş vəkilə göndərəcəyim izahata düşəcəkdir.

      Mateo lap astadan:

      – Bədbəxtlik! – dedi.

      Onlar artıq dəstənin yaxınlığında idilər. Jianetto xərəyin üstündə uzanmışdı, dəstə də yola düşməyə hazır idi. Jianetto Mateonun Qambanın yanınca gəldiyini gördükdə çox qəribə bir tərzdə gülümsədi, sonra evin qapısına tərəf çevrildi, evin astanasına tüpürərək dedi:

      – Satqının evi!

      Yalnız ölümünü gözünün qabağına alan adam cürət edib Falkoneyə satqın deyə bilərdi. Belə təhqirin əvəzi ən azı karlı bir şillə ola bilərdi. Mateo bərk sarsılmışdı. O, əllərilə başını tutdu, başqa heç bir hərəkət etmədi.

      Atasının gəldiyini görən Fortünato evə girmişdi. Az sonra o, əlində süd dolu kasa, yenidən göründü. Gözlərini yuxarı qaldırmadan süd kasasını Jianettoya tərəf uzatdı.

      – Rədd ol yanımdan! – məhbus dəhşətli səslə bağırdı. Sonra isə voltijerlərdən birinə tərəf çevrilərək dedi:

      – Mənə bir az su ver içim, dost.

      Əsgər böyründən


Скачать книгу