Hekayələr. İsi Məlikzadə

Hekayələr - İsi Məlikzadə


Скачать книгу
səni keçirdək ayrı kupeyə, – dedi. – Sabit müəllimi narahat eləyərsən burda.

      Kişi pərt-pərt, güclə eşidiləcək bir səslə:

      – Narahat eləmərəm, – dedi. – Nəyimiz olmasa da, qanacağımız var.

      Sabit Mirzə başa düşürdü ki, Dadaşov bu arıq kişini ələ salır. Başa düşürdü, ancaq dilini tərpədib onu yerində otuzdura bilmirdi. Elə bil Dadaşovun qəlbinə dəyməkdən ehtiyat eləyirdi. Bu acizliyinə görə Sabit Mirzə öz-özündən utandı və mənasız sorğu-suala son qoymaq üçün söhbəti dəyişdi.

      – Bakıya saat neçədə çatacağıq? – dedi.

      Onun sualına cavab verən olmadı.

      Qasım kişi fikrə getmişdi, Dadaşov isə buruq-buruq qaşlarını çatıb dəhlizdən gələn səsə qulaq asırdı.

      – Nar! Nar! Gülöyşə nar! Mələs nar!

      Cavan bir oğlan həsir zənbili qabağında ikiəlli tutub kupedəkilərə baxdı.

      – Nar istəyirsiniz?

      Dadaşov barmağının işarəsiylə oğlanın içəri çağırdı. Zənbildən beş iri nar seçdi.

      – Üstümdə pul yoxdu, – dedi, – pencəyin cibindədi. Bu narları ver qonşu kupedəki kişiyə, denən, Dadaşov seçib… denən, pulunu versin.

      Dadaşov sözlərinin təsirini yoxlayırmış kimi Sabit Mirzəyə baxdı, ancaq Sabit Mirzə onun təkəbbüryağan baxışlarından acıqlanmadı. Bəyənmədiyi tamaşaya maraq ucbatından axıracan baxan tamaşaçı kimi səbrini basdı və zənn elədi ki, bu darısqal kupe balaca bir səhnədir, Dadaşov da bu səhnədə bədahətən oynanılan pyesin baş qəhrəmanıdır. Belə zənn eləməsən, Dadaşovun hoqqalarına dözməkmüşkül məsələdir. Sabit Mirzənin yadına mərhum müəllimi Məmməd Qaya düşdü. Məmməd Qaya vaxtilə ortabab aktyor olmuşdu, ortabab olduğuna inanandan sonra səhnənin daşını atıb, lövbərini salmışdı instituta. Sevdiyi kəlamları vardı ki, dönə-dönə deməkdən yorulmurdu: “Aktyor üçün ən yaxşı məktəb – həyatdır. Gördüyünüz, rastlaşdığınız adamların yanından laqeyd ötməyin, o adamların danışığına, davranışına fikir verin. Hərəsindən bir jest, ştrix götürün! Tip axtarın! Tip doludu, tip hər yanda var, onları görmək hünərdi”. Dadaşovun özündən razı, tox sifətinə baxa-baxa Sabit Mirzə ürəyində dedi: “Qəbrin nurla dolsun, Məmməd Qaya”.

      Qırmızısifət kişi qapının ağzında göründü. Əlində bürmələdiyi yaylıqla boynunun tərini silə-silə dedi:

      – Narların hamısını götürdüm, yoldaş Dadaşov… zənbilli-zadlı…

      Dadaşov əllərini yana açıb, süni təəccüblə:

      – Bir zənbil nar nəyimə lazımdı? – dedi. – Mən beşini seçmişdim…

      Qırmızısifət kişi yaylığı alnında gəzdirdi.

      – Lazımınız olar… uşaqlara, filana… nardı də… Dadaşov ona yer göstərdi. – Gəl otur, Fətulla. Arıq kişi qapıya tərəf bir az da çəkildi. Fətulla cibindən çıxardığı yaylığı ovcunda xışmalaya-xışmalaya keçib əyləşdi. Dadaşov əvvəl elə bildi ki, Fətulla cibindən papiros çıxardır. Başını bulaya-bulaya: – Burda papiros çəkməyi qadağan eləyirəm, – dedi.

      – Mən tüstüdə otura bilmirəm. Fətullanın qırmızı sifəti bir az da allandı. Əlindəki yaylığı Dadaşova göstərib gülümsədi. – Anadəngəlmə çəkən deyiləm, – dedi. Bu dəm uzunsaç oğlan kupenin qabağında göründü və öthaötdə başını döndərib içəridəkilərə ani, ürkək bir nəzər saldı. Dadaşov: – Ay oğlan! – dedi. Uzunsaç oğlan qayıdıb qapının ağzında dayandı. Dadaşov onu təpədən dırnağa süzdü. Sözünü deməyə tələsmirdi və Sabit Mirzə ovcunun içi kimi bi lirdi ki, Dadaşov qəsdən susur, bu uzunsaç oğlanı nigaran saxlamaqdan zövq alır. Axır ki, Dadaşov dilləndi: – Bayaqdan səni “oğlan” deyib çağırıram. Adın nədi sənin? Oğlan çiynini qapıya söykədi. – Adım Vəzirdi, –dedi. Dadaşovun qalın dodaqları dartıldı, ağappaq, sapsağlam dişləri göründü. – Hansı padşahın vəzirisən, ə? – dedi. – Dədən bir fər li ad tapmırdı sənə qoymağa? Uzunsaç oğlan göyümtül gözlərini dirəmişdi Dadaşovun ağappaq dişlərinə, amma deyəsən, heç nə görmürdü. Gözlərində çaşqın bir ifadə dolanırdı. Bilmirdi gülümsəsin, yoxsa acıqlansın. Oğlanı elə bil sacdaqo-vurmuşdular: üzünün dərisi qapqara idi. Yarımqol köynək geyinmişdi, köynəyin rənginə düşməyən qalstuk bağlamışdı.

      Dadaşov hiss elədi ki, zarafatı oğlanın xoşuna gəlmədi.

      – Nə acıqlı baxırsan? – dedi. – Minnətin olsun ki, sənnən zarafat eləyirəm… Tanıyıram səni… Beş barmağım kimi… Prorabsan… Kantorunuz Bakıdadı, amma sənin briqadan rayonda işləyir. Peşə-texniki məktəbini təmir eləyirsiniz. Bilirəm necə təmir eləyirsiniz. Düz demirəm?

      Uzunsaç oğlan çiynini qapıdan araladı.

      – Məni hardan tanıyırsınız? – dedi.

      Dadaşov gileyli səslə cavab verdi:

      – Əvvəlcə sən məni tanımalıydın.

      Fətulla yaylığını cibindən çıxara-çıxara:

      – Cavandı, – dedi, – səhvini düzəldər.

      Oğlan ovsunlanmış kimi nəzərlərini Dadaşovdan çəkmirdi. Göyümtül gözlərində daha çaşqınlıq ifadəsi yox idi: nigaran baxırdı və bu nigaran baxışlardan hiss olunurdu ki, oğlanın ürəyində yumşalmağa, mülayimləşməyə meyil, həvəs var. Bunu, deyəsən, Dadaşov da duymuşdu, ona görə də uşaqların qəbahətindən keçməyi bacaran yaşlı adam ədasıyla:

      – Vaqon-restoran burdan çox uzaqdı? – dedi.

      Oğlan duruxa-duruxa:

      – Burdan… ora… üç vaqonluq yoldu, – dedi.

      Dadaşov da eynən oğlan təkin duruxa-duruxa:

      – Sənə zəhmət, mənə xəcalət. – dedi. – Gedərsən ora… Üç-dörd butulka limonad götürürsən… Denən, Dadaşova lazımdı, sərinindən versinlər.

      Oğlan gülümsədi, amma gülümsəməyində güclə seziləcək soyuqluq, qorxaqlıq vardı. Naəlac qalmış adam kimi çiynini çəkdi.

      – Baş üstə! – deyib getdi.

      Qırx illik ömründə Sabit Mirzə yolları çox ölçmüşdü, təyyarədə, avtobusda çox adamla rastlaşmışdı, ancaq indi yadında qalanları barmaqla saya bilərdi. Elə adam var ki; onunla iki gün yol yoldaşı olursan, yaxud mehmanxanada bir otaqda qalırsan, di gəl ki, xudahafizləşib ayrılandan sonra elə oradaca unudursan onu. Bu görüşdən, olsa-olsa, qəlbində ala-tala yuxu kimi tez dağılan, seyrək bir xatirə qalır. Elə adam da var ki, yarımca saatlıq ünsiyyətdən sonra həmişəlik həkk olur beyninə. Yaxşı, pis cəhətiylə – fərqi yoxdu – istədiyin an, istədiyin dəqiqə apaydınca xatırlaya bilirsən onu; bütün cizgilərlə gəlib durur gözlərinin qabağında. Sabit Mirzə inanırdı ki, vəzifəsiylə qürrə lənən, yekəxana adam görən kimi yadına Dadaşov düşəcək.

      Kupedə, deyəsən, Dadaşovdan savayı heç kim danışmaq istəmirdi. Sabit Mirzənin danışmaq həvəsini Dadaşov ilk dəqiqədən öldürmüşdü, həm də Sabit Mirzə əmin idi ki, burdakıların danışığı, söhbəti


Скачать книгу