Hekayələr. Энвер Мамедханлы

Hekayələr - Энвер Мамедханлы


Скачать книгу
bir ay idi, laçınım, o da qara buludlarla əlbəyaxa olub çapalayırdı. Amma elə ki çırpınıb buludların əlindən çıxırdı, o saat yüyürüb maralımın yoluna işıq salırdı ki, heyvan büdrəməsin. Bir yerdə onlar hər ikisi, maral da, ay da qara buludların çəngəlində ilişib qaldılar. Ürəyim gup elədi, laçınım. Amma sonra gördüm ki, maralım buludları yardı, ayı da buynuzuna alıb açıq bir yerə çıxardı. Ay o saat havalanıb yuxarı qalxdı, yenə maralımın yoluna işıq saldı. Bunu görən qara paltarlı ovçunun aya da hirsi tutdu, qıy vurub çığırdı, hardansa cinlər qaçıb gəldilər, yuxarı atılıb yazıq ayı boğmağa başladılar. Ay qıpqırmızı qızarıb çırpınmağa başladı, bu vaxt ovçu bulud içindən çıxan bir ildırımın ucundan tutub qırmanc kimi atına vurdu, kürən atı qapqara qaralıb irəli sıçradı, ovçu tüfəngini çiynindən çıxardı… Güllə açıldı, maralıma dəyəndə mən çığırdım, laçınım, oyanıb üzümü sənin üstünə saldım…

      – Sən bu uğursuz yuxuları yadından çıxart, Pərican, – deyə ovçu səsləndi. – Yuxu ancaq yuxudur, başqa heç bir mənası yoxdur.

      Pəri gözlərini ocaqdakı alova zilləyib bir an fikrə getdi.

      – Yox, laçınım, – dedi, – mənim yuxum həmişə çin çıxıb. Görünür, maralımın başında bir xəta var… İndi mən gərək həmişə gözdə-qulaqda olam.

      O gündən Pəri tez-tez meşələrdə, dağlarda yox olmağa başladı.

* * *

      Bir axşam ovçu adəti üzrə bir dəstə meşə göyərçini vurub evə qayıtmışdı. Pəri meşə göyərçinlərinin kababını çox sevirdi. Qız bu quşları Əşrəf babanın nar çubuqlarından qayırdığı şişlərə çəkib qızardır, hər axşam ailə üçün kiçik, lakin dadlı bir süfrə açırdı.

      Bu dəfə ovçu öz komasına girərkən içəridə heç kəsi tapmadı. Quşları ocaq qırağına atıb qonşu komadan Pərinin anasını səslədi. Ovçunun səsini eşidən ana öz komasından çıxdı, qızının hələ də evə qayıtmadığını bilib təlaşa düşdü, yaxın dağlara tərəf baxaraq:

      – Meşəyə getmişdi, – dedi. – Olmaya qız dumana düşüb azdı?!

      Ovçu ananı sakitləşdirib Pərinin dalınca meşəyə getdi. Meşə artıq duman və qaranlıq içində idi. Ovçunun özünü vurmadığı yer, axtarmadığı bucaq qalmadı. Lakin Pəri yoxdu ki, yoxdu. Ovçu özünü qalınlıqlara vurub vurnuxur, üzünü müxtəlif tərəflərə çevirib Pərini haylayır, lakin qaranlıq meşədən cavab gəlmir, harayına yalnız uzaq təpələrdə ağız-ağıza verib ağlaşan çaqqallar səs verir, gah sağında, gah solunda isə ağaclar arasında od kimi közərən qoşa nöqtələr zahir olurdu. Bu, meşədə dolaşan ac canavarlardı, hərdən onların gözləri zülmət içində bir məşəl kimi alovlanırdı. Dəhşətdən ovçunun alnını soyuq tər basdı: o, köməksiz sevgilisini qan-ölüm və pusqu təhlükəsi ilə nəfəs alan belə bir gecədə, bu çıxılmaz və qaranlıq meşədə tapa bilmir, Pərini çağıran səsi qəhərlənmiş boğazında ilişib qalır, batqın xırıltılarını yalnız özü eşidirdi.

      Bu zaman onun yanından qara bir kölgə ötüb keçdi. Ovçu diksinib gözünü qaranlığa zillədi. Lakin heç bir şey görüb seçə bilmədi. Yalnız irəlidə kiminsə ayağı altında quru çır-çırpıların sındığını eşidirdi. Ovçu bu xışıltını tuş tutub getdi. Birdən səs kəsildi, ovçu dərhal addımlarını sürətləndirib od çaldı, qarşısında nə olduğunu bilmək istədi. Kiçik alovun parçaladığı qaranlıqdan bir cüt qonur-qara göz işıldadı. Bu maral idi. Ovçunun yaxınlaşdığını görüb cəld kənara sıçradı və bu an ovçu uzaqdan onu çağıran Pərinin səsini eşitdi.

      Ovçu dəli kimi irəli atıldı, əlləri ilə, döşü ilə ağacların qol-budaqlarını yara-yara Pərinin səsi gələn səmtə doğru yüyürdü.

      Ovçu çox gedib, nəhayət, Pərini yuxarıda, laləli dərənin üstündə dik ucalan qoca qovaq ağacı altında tapdı.

      İki kölgə qaranlıq içində bir-birinə sarıldı. Çox keçdi, lakin heç biri heç bir söz deyə bilməyərək, yalnız ürəyinin döyüntüsünə qulaq asdı. Handan-hana Pərinin səsi eşidildi:

      – Laçınım, – deyə başını ovçunun sinəsinə sıxaraq meşəyə tərəf baxdı, – bir bax, dərə dibində canavarların gözləri çıraq kimi yanır. Maral isə evə getmək istəmir. Nə qədər yalvarıb oxşadım, getmədi… Axşamdan burada, bu qovaq altında dayanıb durmuşuq… Meşədən sənin səsin gələndə tanıdı, dalınca getdi, səni gətirdi, laçınım, amma özü yenə yox oldu.

      Ovçu ağır-ağır nəfəs alıb dinmədi. Üzü tutuldu, ürəyi qaynar bir hirslə döyündü. Başından keçən fikirlər, külək qovub parçalayan qara buludlar kimi, ağır və pərakəndə idi. Artıq Pəri də susmuşdu, başını ovçunun döşünə sıxıb dinmirdi. İndi hər ikisi gözünü qaranlığa zilləyib, sanki baxışı ilə qatı qaranlığı yararaq, gələcəyin uzaq və dumanlı aynasında nə isə görmək istəyirdi.

      Bəzən onlar axşamlar gəzməyə çıxarkən buraya, laləli dərənin üstünə gələr, indi dayandıqları yerdə, qoca qovaq ağacı altında ot üstünə yıxılıb yanaşı oturardılar. Gündüzlər buradan baxanda sanki bütün dünya onların ayaqları altında qalar, gözləri qarşısında xəyalı qanadlandıran uzaq və dumanlı üfüqlər açılardı. Arxada, başları üstündə isə bol otlaqlı, səfalı yaylaqlı, başıqarlı Şahdağı ilə sıldırım qılınc qayaları çılpaq və heybətli Baba dağı yüksələrdi.

      Bu zaman Pəri uzaqdakı dumanlı düzənlərə baxaraq soruşardı:

      – Düzünü de, laçınım, könlün quşu heç aşağılara, gəldiyin yerlərə uçmaq istəyirdimi?

      Ovçu cavab verərdi:

      – Yox, göyərçinim, yox… Könlüm quşu padşahını axtaran bir dövlət quşu idi ki, nəhayət, gəlib sənin başın üstündə qanad çaldı… Elə xoşbəxtəm ki, göyərçinim, qorxuram bütün bunlar bir yuxu ola, birdən ayılam.

      O zaman Pərinin gümüş sədalı bəxtiyar səsi laləli dərənin üzərində qanad çalar, ta Şahdağının qarlı zirvələrinə qədər ucalar, meşələrdə vaz atan4 cüyürlər, çılpaq qayalar üstündən havalanan qartallar qızın ovçuya oxuduğu dağların bu misilsiz bayatılarına qulaq asardılar:

      Dağlara şeh düşəndə,

      Gülə şəbnəm düşəndə

      Ruhum qəfəsdə oynar,

      Sən yadıma düşəndə.

      Dağlar başı tütündü,

      Kimin başı bütündü.

      Tez gəl üzünü görüm,

      Dünya ölüm-itimdi.

      Dağlar, mənə qar göndər,

      Əsirgəmə, var göndər.

      Ya bu dərdə şərik ol,

      Ya dərmanı var göndər.

      Dağlar duman oldu, gəl,

      Halım yaman oldu, gəl.

      Günlə vədə vermişdin,

      İllər tamam oldu, gəl.

      İndi


Скачать книгу

<p>4</p>

Vaz atmaq – hoppanmaq, sıçramaq, atılıb-düşmək