Mauqli. Редьярд Джозеф Киплинг
hamısını de.
– Deyirdilər ki, Kaa torpaqda gizlənən sarı soxulcandır.
İlanlar, xüsusilə Kaa kimi qoca ilanlar çox təmkinli olurlar. Ancaq bu sözləri eşidən əfi ilanın bədəni gərildi, çənəsinin altındakı iri əzələlər hərəkətə gəldi.
– Onlar boşboğaz və axmaq tayfadır. – İstədiyinə nail olmuş Bahirə sözünü deməyin məqamı yetişdiyini hiss edirdi. – Özləri də oğrudur. Bizim yanımızdan insan balasını oğurlayıblar. Sən, yəqin, onun haqqında eşitmisən…
– Deyirsən, məni sarı soxulcan adlandırırlar?
– Hə, yer soxulcanı… İndi insan balası onların əlindədir.
– Onlar indi haradadır?
– Biz fikirləşdik ki, sən bilərsən.
– Mən? Mən onları güdmürəm və yerlərini də bilmirəm. Sadəcə, qarşıma çıxanda tutub qarnıma ötürürəm.
Elə bu zaman ağacların yuxarısından səs gəldi:
– Sion sürüsündən olan Balu, yuxarıya bax, yuxarıya.
Bu, Çil idi. O, Mauqlidən xəbər çatdırmaq üçün Balu ilə Bahirəni axtarırdı. İndi onları görüb qıy çəkdi:
– Mauqli mənim dilimdə Müqəddəs Sözü deyib xahiş etdi ki, sizə ondan xəbər verim. Bandarloqlar insan balasını çayın o tərəfindəki meymun şəhərinə – Soyuq Kahaya aparıblar. Mən bilmirəm onlar orada nə qədər qalacaqlar.
Bahirə sevincindən ağaca sıçrayıb Çilə yaxın gəldi:
– Çox sağ ol, quşların ən ağıllısı. Mən sənin yaxşılığını unutmaram.
Balu da kövrəldi:
– Afərin, insan balası. Bu vəziyyətdə də quşların dilində Müqəddəs Sözü unutmayıb.
Soyuq Kaha deyilən yer meşənin sıx yerində idi. Orada nə vaxtsa insanlar yaşamışdılar. Odur ki meymunlardan başqa heç bir cəngəllik heyvanı ora ayaq basmırdı.
Bahirə üzünü Baluya tutdu:
– Balu, sənin yerişinlə biz ora gec gedib çıxarıq. Biz Kaa ilə tələsməliyik.
Bunu deyib Bahirə Kaa ilə birlikdə sürətlə Soyuq Kahaya tərəf yollandı. Əfi ilan heç də cəld bəbirdən geri qalmırdı. Balu isə var gücü ilə onların arxasınca yorturdu.
Bir azdan Bahirə ilə Kaa kiçik çayı keçib Soyuq Kaha deyilən şəhərin divarlarına yaxınlaşdılar. Buradan artıq meymunların çığırtısı, cır səsləri eşidilirdi. İlanla bəbir daş hasarın yaxınlığında dayanıb nəfəslərini dərdilər.
– Bunlara bir bax! Mənə çil qurbağa deyirlər! – Kaa heç cür sakitləşmək bilmirdi; meymunların söyüşü ona çox yer eləmişdi.
– Çil qurbağa yox! Sarı soxulcan! – Bahirə də bir ucdan onun yarasına duz səpirdi.
– Fərqi yoxdur… Mən çox acmışam. Zənnim mənə deyir ki, bir bandarloqla mənim aclığım keçməyəcək.
Cəngəllik heyvanlarının Soyuq Kaha adlandırdıqları şəhəri qədimdə bir hind racası tikdirmişdi. Bu insan məskəni çoxdan uçulub dağılsa da, saray divarları, sütunlar, hovuz və daş bütlərin qalıqları buranın vaxtilə möhtəşəm bir şəhər olduğundan xəbər verirdi. Qədim mədəniyyətin qalıqları cəngəllik lianaları və ağaclar arasında itib-batdığından bu yer çox vahiməli görünürdü, sanki qədim şəhər sakinlərinin ruhları burada gəzib-dolaşmaqda idi. Lakin axmaq meymunlar üçün bunun heç bir fərqi yox idi. Onlar Soyuq Kahanı özləri üçün məskən və əyləncə yeri seçmişdilər və bununla fəxr edirdilər. Cəngəllik heyvanlarından fərqli olaraq şəhərdə yaşamaqları ilə lovğalanırdılar.
Mauqli bərk acmışdı. O, qədim şəhərin xarabalıqlarında gəzib-dolaşır və özünə yemək axtarırdı. Şəhərin hasarlarına yanaşan kimi meymunlar dərhal onu dartıb geri qaytarırdılar. Nəhayət, heç nə tapa bilməyən Mauqli bir daşın üstündə oturdu.
"Balunun bandarloqlar haqqında dedikləri düz imiş, – deyə o öz-özünə düşündü. – Bunların nə qanunu, nə Müqəddəs Sözü, nə də başçıları var. Əgər məni burda öldürsələr, ya acından ölsəm, özüm günahkaram. Fikirləşib bir yol tapmaq lazımdır ki, öz doğma cəngəlliyimə qayıdım. Əlbəttə, Balu məni döyəcək, amma bu səfeh və eybəcər məxluqların arasında qal-maqdansa, onun şapalağını yemək yaxşıdır".
Bu arada Kaa və Bahirə hasarın o tərəfində, ağacların arxasında dayanıb götür-qoy edirdilər. Meymunlar həddən artıq çox idi. Odur ki ehtiyatlı olmaq lazım idi.
– Mən hasarın qərb tərəfinə sürünürəm, – deyə Kaa yavaşca fışıldadı. – Yamacla cəld aşağı – onlara tərəf enəcəyəm. Sən çalış ki, onların hamısı birdən mənim üstümə atılmasın.
– Başa düşdüm, – Bahirə dilləndi. – Bulud ayın üzünü örtəndə mən hasara çıxıb onların üstünə atıla-cağam. Kaş Balu o vaxta kimi gəlib çıxaydı.
Kaa:
– Ovun uğurlu olsun! – deyib səssiscə qərbə tərəf süründü.
Bir qədər keçdi, buludlarla örtülmüş ay görünməz oldu. Hər yerə zil qaranlıq çökdü. Elə bu zaman hasarın üstündən özünü meymunların içinə atan Bahirənin qorxunc nəriltisi eşidildi. O, pəncəsi ilə bandarloqlara zərbələr endirərək Mauqliyə tərəf yol açırdı. Bəbirin üstünə eyni zamanda beş-altı meymun atılaraq onu dişləməyə, cırmaqlamağa çalışırdı.
– O, burada təkdir! Öldürün! Öldürün onu! – deyə meymunlar cır səslə çığırışırdılar.
Mauqli də ayağa qalxıb ona tərəf getmək istədikdə iki yekəpər meymun onun qollarından yapışıb yerlə sürüməyə başladı. Sonra onu daş hasarın üstünə qaldırıb bürclərdən birinin içinə atdılar. Əgər Bahirə vaxtilə Mauqliyə yuxarıdan pişik kimi tullanmağı öyrətməsəydi, yəqin ki, uşağın qol-qabırğası sınacaqdı.
– Biz sənin dostunu öldürənə kimi burada otur, – deyə meymunlar qışqırdılar. – Əgər zəhərli tayfa səni öldürməsə, gəlib səni buradan çıxardarıq.
Meymunlar getdikdən sonra qaranlıqda xışıltı və fışıltı səsləri eşidən Mauqli buranın ilanlar məskəni olduğunu başa düşdü. O ucadan ilan dilində dedi:
– Səninlə mən qan qardaşıyıq – sən və mən!
– Eşidirik, – deyə hər tərəfdən fışıltı səsləri gəldi. – Balaca qardaş, yerində dur, yoxsa bizi tapdalayıb əzərsən.
Soyuq Kahanın xarabalıqlarında isə Bahirə meymunlarla ölüm-dirim mübarizəsində idi. Bu zaman hasarın o tərəfindən səs gəldi:
– Bahirə, möhkəm dayan! Mən buradayam.
Bu, Balunun səsi idi. O, hasardan yumbalanıb düşən kimi bandarloqlar qarışqa kimi onun üstünə daraşdılar. Balu əlinin hər zərbəsi ilə beş-altı meymunu yerə sərirdi. Lakin cır səsli iyrənc məxluqların sayı-hesabı yox idi. Onlar Balunun da üz-gözünü cırmaqlayır, haradan gəldi dişləməyə çalışırdılar.
Birdən bandarloqların toplaşdıqları ən sıx yerə haradansa