Diplomat. Ceyms Oldric
bütövlükdə müzakirə etmək istəyirik. Bunun üçün müvafiq konfrans tələb olunur. Və soruşun ki, bu konfransı nə vaxt çağırmağı mümkün sayır.
Bu an Mak-Qreqor anladı ki, bu missiya üçün əməlli-başlı məsuliyyət daşıyır. O, çox mühüm bir bəyanatı tərcümə edir!
– Konfrans çağırmaq üçün bir əsas görmürük. Lord Esseks belə bir təkliflə əbəs yerə bura gəlib. Cənab Molotovun artıq dediyi kimi, belə bir konfransın yeri İran olmalıdır. Biz İranda sülh və əmin-amanlıq olmasında hamıdan çox maraqlıyıq, – Vışinskinin cavabı belə idi.
– Onda əməli müzakirəyə keçək, – Esseks təklif etdi.
– Lord Esseks əməli müzakirə nəyə deyir?
– İranda qanuni hakimiyyətin bərpasına aparan hər şeyə.
– Amma bunu müdaxilə adlandırmaq olar. Sovet hökuməti xalqın durumunu yaxşılaşdıran hər dəyişikliyi bəyənir.
– Azərbaycanda baş verən dəyişikliyə bizim böyük şübhəmiz var, – Esseks aşkar səbirsiz ahənglə dedi.
– Bizdə isə belə bir şübhə üçün heç bir əsas yoxdur.
– Şübhə necə olmaya bilər ki, bir dövlətin əyaləti ondan parçalanıb ayrılır və bir ovuc fırıldaqçı tərəfindən müstəqil dövlət elan edilir?
– Bu məlumat doğru deyil. Azərbaycan İranın bir hissəsi olaraq qalır. Heç bir parçalanma baş verməyib. İndiki demokratik hökumətin ayrılmaq niyyəti yoxdur. Sadəcə, özünüidarə hüququnu həyata keçirir. Onların məqsədi xalqın həyatını yaxşılaşdırmaq, xalqı maarifləndirməkdir. Biz bunda maraqlıyıq.
– Siz Sovet İttifaqının İranda marağından danışırsınız.
– Bu, tam haqlı maraqdır.
– Xatırlatmaq istərdim ki, Böyük Britaniyanın da İranda öz marağı var.
– Bu doğrudur! – Vışinski istehza ilə söylədi. – Fəqət burada bir fərq var. Bizim İranda marağımız – qonşu marağıdır. Böyük Britaniyanın marağı isə neftdir.
– Bəlkə də elədir. Lakin yol verə bilmərik ki, bu marağımız təhlükə altına düşsün. Biz öz hüquqlarımızı nəyin bahasına olursa-olsun, qorumaq niyyətindəyik, mister Vışinski! – Esseksin sözlərində hədə-qorxu aydın hiss olundu. – Ona görə də Azərbaycandakı vəziyyəti yoluna qoymaq üçün konfrans çağırmağı təklif edirəm.
– Bəlkə, biz əvvəlcə bu notanı gözdən keçirək?
Esseks artıq söhbətin bitdiyini anladı. Ayrılanda onların mehriban dost olduqlarını zənn etmək olardı. Vışinski qapıya yaxınlaşanda Mak-Qreqora dedi:
– İrandakı vəziyyət barədə siz nə düşünürsünüz, Mak-Qreqor? Axı siz orada xeyli yaşamısınız.
– Mən oraya gedib nələr baş verdiyini görmək istərdim. Axı, cənab Vışinski, beş-altı ildir orada olmamışam.
Esseks əmin idi ki, növbəti addım həlledici olacaq.
Doqquzuncu fəsil
Mak-Qreqor həmişə sakit və dalğın görünürdü. Ketrin Parisə təyinat almışdı və hazırlıq içində idi.
Esseks deyirdi:
– Ruslardan müəyyən bir şey əldə etməyincə buradan getmərəm. Hə, o iki türk əyaləti məsələsiylə tanış ola bildinizmi? Qars və o biri… Heç yadımda saxlaya bilmirəm.
– Ərdəhan.
– Hə, elə o. Rusların bu əyalətlərə dair türklərə nota verəcəyi gözlənilir. Görünür, bizim notanın əvəzini çıxırlar. Türkiyədə olmusunuzmu, Mak-Qreqor?
– Yox.
– Mən orada olmuşam. Türkləri müharibəyə girməkdən çəkindirməyə çalışırdım. Fransa süqut etmişdi, türklər almanlara qoşulmağa hazır idilər.
– İndi türklərə ruslara qarşı çıxmaqda kömək edirik?
– Əlbəttə, biz rusları Dardanelə buraxa bilmərik.
Esseks amerikalılarla görüşə getdi. Mak-Qreqor Ketrin Klayvın kabinetinə daxil oldu.
– Mən bura rusların erməni əyalətləri hesab etdikləri türk əyalətlərinə aid materiallar üçün gəlmişəm.
Ketrinin köməkçisi qəhvəyi cildli, toz basmış bir kitab gətirdi. Bu, Kerzonun "Ermənistan" adlı kitabı idi.
– Məgər ruslar Azərbaycandakı oyuncaq hökuməti İranın daxili işlərinə qarışmaq üçün təşkil etməyiblər?
– Mən bu hökuməti oyuncaq hesab etmirəm.
– Bəs nə əsasla? – Ketrin soruşdu.
– Heç bir əsas olmadan! – deyə Mak-Qreqor sərt cavab verdi.
Onuncu fəsil
Bir gün sonra Vışinskinin Esseksi qəbul edəcəyi xəbəri gələndə Esseks Mak-Qreqora dedi:
– Hə, deyəsən, güzəştlərə nail olacağıq, Mak-Qreqor.
– Londondan gələn məlumatda deyilir ki, Azərbaycan hökumətinin tərkibini genişləndirmək üçün biz yeddi, yaxud səkkiz namizəd irəli sürürük. Bax budur, onların beşi haqda arayış düzəltmişəm. Vışinski ilə görüşdən əvvəl sizə maraqlı ola bilər, – Mak-Qreqor laqeydliklə dedi.
– Olduqca maraqlıdır. Onlar necə adamlardır?
– Yararlı adamlar deyillər. Yalnız adları mənə məlum olanları götürdüm. Dördü müharibə zamanı almanlara tərəf idi. İkisi isə uzun müddət müşahidəmiz altında olub.
– Müşahidə altında olanlar məhz kimlər idi?
– Ağa Təbrizi və Cəfəri Sadiq.
– Bəli, bəli, bu adları yaxşı xatırlayıram.
– London məhz bu iki adamı hökumətin tərkibində görmək istəyir. Onlar fanatik müsəlmandırlar. Onların gözündə Azərbaycan demokratları kafirlərdir, onları asmaq lazımdır. Onlar dini hakimiyyət istəyir.
– Fanatizm bizə fayda gətirər. Bunlar bəlkə də pis adam deyillər.
– Onlardan pisləri də var, məsələn, Kazım. Bir vaxtlar Azərbaycanda vali olub, kütləvi edamlara əl atıb. Son dəfə üç min adam asılmışdı. Bu Kazımın bir "gözəl" xasiyyəti var: adamları öz evində asdırır.
– Onu poz getsin. Mənə bunlardan altı yaxşı namizəd seçin. Biz burada Azərbaycanda İran hakimiyyətini bərpa etmək üçün oturmuşuq.
– Bu tip adamların köməyi ilə?
– Onlar başqalarından pis deyillər.
…Vışinski onları təbəssümlə qarşıladı. Vışinski Mak-Qreqorla rusca danışırdı. Esseks bu söhbətdən heç nə anlamırdı.
Onlar kreslolara əyləşən kimi Suşkovla tərcüməçi daxil oldular. Onlar bir-birinin əllərini sıxıb yenidən əyləşdilər. Vışinski başı ilə Suşkova işarə etdi:
– Nə qədər ki Moskvadayam, sizi Suşkovla tanış etmək istəyirəm. Suşkov özü azərbaycanlıdır – Sovet Azərbaycanından. Lakin