Drakula. Брэм Стокер
mənə 3 vərəq və 3 zərf verdi.
– Xahiş edirəm, məktubda işdənkənar mövzulara toxunmayasınız. Sağ-salamat olduğunuzu və tezliklə evə dönəcəyinizə ümid bəslədiyinizi biləndə, şübhəsiz, dostlarınız da sevinəcəklər.
Houkinsə və Minaya iki məktub yazdım. Ehtiyatlı idim, nəzərə alırdım ki, qraf onları oxuya bilər. Drakula məktubları götürdü.
– Bağışlayın, bu gecə şəxsi işlərim var. Ehtiyac duyduğunuz hər şeyi özünüz qəsrdə tapa biləcəksiniz. Məsləhət görürəm, yox, xəbərdarlıq edirəm ki, istifadənizdə olan otaqlardan kənara çıxmayasınız. Yuxunuz qaçsa, burada oturun, onda təhlükədən uzaq olarsınız. Köhnə, qaranlıq qəsr ağır xatirələrlə, pis yuxularla doludur. Yox, əgər bu otaqları tərk etsəniz…
Son cümləsində qraf əllərini yuyurmuş kimi bir-birinə sürtdü. Mən onu başa düşdüm. Amma hansı yuxu bu qorxunc və sirli gerçəklikdən daha dəhşətli ola bilərdi?
Sonra
Qraf gedəndən bir az sonra mən də otaqdan çıxdım. Daş pilləkənin başında şərqə baxan açıq pəncərə var idi. Təmiz hava və yumşaq ay işığına bürünmüş gözəl təbiət mənzərəsi əsəblərimi xeyli sakitləşdirdi. Başımı pəncərədən bayıra çıxaranda sağ tərəfdə tərpəniş hiss etdim. Gördüyümdən dəhşətə gəldim. Qraf kərtənkələ kimi sürünə-sürünə qala divarları ilə uçuruma doğru irəliləyirdi. Külək çiyinlərinə saldığı örtüyü yellədir, nəhəng qanada bənzədirdi.
Bu necə insandır, ya insanabənzər məxluqdur? Mən qorxuram və xilas olacağıma ümidim getdikcə azalır.
15 may
Bu gün yenə qrafın kərtənkələ kimi süründüyünün şahidi oldum. O, divarboyu sürünə-sürünə gözdən itdi. Qrafın qəsrdən çıxmasından istifadə edib bütün qapıları yoxladım. Hamısı bağlı idi. Nəhayət, pilləkənlərdən birinin başında azca aralı bir qapıya rast gəldim. Var gücümlə itələyib onu açdım.
Otaq toz içində idi, küncdə yerləşdiyi üçün pəncərələrinin biri qərbə, digəri cənuba açılırdı. Aşağı baxanda başa düşdüm ki, qəsr hündür qayanın üstündə tikilib və üç tərəfdən uçurumla əhatə olunub.
Yırtıq və köhnə pərdələr nə zamansa burada insan yaşadığından xəbər verirdi. Bu otaq mənim xoşuma gəlirdi. Tozlu masanın arxasına keçib gündəliyimi çıxardım və yazmağa başladım.
Daha sonra… 16 may, səhər
Dünən yazımı bitirdikdən sonra gündəliyi cibimə qoydum. Məni yuxu basırdı. Qrafın istifadəmə verilmiş otaqlardan kənara çıxmamaq barədə xəbərdarlığı yadıma düşdü, amma onun göstərişinə tabe olmamaqdan zövq alırdım. Otağıma qayıtmadım. Divanı pəncərənin qabağına çəkib uzandım. Pəncərədən görünən gözəl mənzərə və süzülən ay işığı məni uydurdu. Deyəsən, yuxuya getdim. Hər halda, ümid edirəm ki, həmin otaqda baş verənlərin hamısı yuxuda olub.
Hiss etdim ki, otaqda tək deyiləm. Gözümü açanda başımın üstündə üç qadın gördüm. İkisi qarabuğdayı idi, qrafın gözləri kimi iri gözləri, sərt baxışları vardı. Üçüncü qadının qızılı saçları solğun bənizinə dağılmışdı, al-qırmızı dodaqları ay işığında parıldayırdı. Üçünün də ağappaq iti dişləri vardı. Qadınlar pıçıldaşıb gülürdülər. Solğunbənizli qadın başını silkələyirdi.
Birinci qarabuğdayı qadın dedi:
– Get! Sən başla, biz davam edərik.
İkinci qarabuğdayı qadın rəfiqəsinin sözünə qüvvət verdi:
– O, gənc və sağlamdır. Üçümüzə də öpüş çatar.
Mən dinməzcə uzanmışdım. Nəhayət, qızılı saçlı qadın üstümə əyildi. Üzünü sifətimə o qədər yaxınlaşdırdı ki, nəfəsini duydum. Dilinin ucu ilə al-qırmızı dodaqlarını, ağ dişlərini yalayırdı. Sonra dodaqlarının, ardınca iti dişlərinin təmasını boynumda hiss etdim. Ləzzətdən gözlərimi yumdum, ürəyim döyünə-döyünə o xoşbəxt anı gözləməyə başladım.
Birdən mənə elə gəldi ki, qraf da buradadır. Gözlərimi açdım. Drakula güclü əli ilə qadının nazik boynundan yapışıb onu geri çəkdi. Qıpqırmızı gözlərindən qəzəb yağırdı, sifətində əsl qəddarlıq ifadəsi var idi.
– Nə cürətlə ona toxunursuz? Bunu sizə qadağan etmədimmi? O mənimdir!
Solğunbənizli qadın güldü.
– Sən özün heç vaxt sevməmisən və heç vaxt da sevməyəcəksən!
Qarabuğdayı qadınlar da ona qoşulub gülüşdülər, dəhşətli qəhqəhə qopdu.
Qraf diqqətlə mənə baxdı, sonra nəvazişlə dedi:
– Yox, mən də sevə bilirəm. Keçmişdə özünüz bunun şahidi olmusunuz. Söz verirəm, onunla işimi qurtarandan sonra istədiyiniz qədər öpməyinizə icazə verəcəyəm. İndisə gedin! İş çoxdur!
IV hissə
Oyananda özümü yatağımda gördüm. Əgər gecə gördüklərim yuxu deyildisə, məni buraya qraf gətirmişdi. Paltarlarım səliqə ilə qatlanmışdı. Ciblərimə əl dəyilməmişdi, hətta gündəliyim də yerində idi. Bütün bunların yuxu olduğuna inanmaq istəyirdim. Əks-təqdirdə qanımı sormağa imkan axtaran o üç qadından özümü gözləməliyəm.
18 may
Şübhələrdən azad olmaq üçün həmin otağa yenə getdim. Qapı elə bağlanmışdı ki, onu sındırmadan açmaq mümkün deyildi. Deməli, ogecəki əhvalat yuxu deyilmiş…
19 may
Gecə qraf mənə üç məktub yazdırdı. Məktublardan biri işimin bitməyinə az qaldığı və tezliklə evə dönəcəyim barədə idi. İkincisində bir gündən sonra qəsri tərk edəcəyimi, üçüncüsündə isə artıq qəsrdən çıxıb Bıstritsə çatdığımı yazdım. Bu məktublar yaxınlarımın narahatlığını aradan qaldırmaq məqsədi güdürdü. Əvvəl etiraz etmək istədim. Amma qrafı şübhələndirmək olmazdı. Başa düşərdi ki, mən artıq çox şey bilirəm və dərhal işimi bitirərdi. Məktublara hansı tarixi qoymaq lazım olduğunu soruşdum. Bir az fikirləşdikdən sonra dilləndi:
– Birincisi – iyun ayının 12-si, ikincisi – 19-u, sonuncusu – 29-u…
Öləcəyim günü bilirəm. Tanrı, mənə kömək ol!
28 may
Buradan qaçmağın, ən azı gizli məktub göndərməyin yolunu tapmışam. Qəsrin həyətində qaraçı dəstəsi məskən salıb. Pəncərəmdən onlarla əlaqə qurmuşam.
Nişanlım Minaya stenoqrafik işarələrlə məktub yazdım. Hər şeyi olmasa da, əsas mətləbi ona anlatdım. Bütün ürəyimi açsaydım, yazıq qız huşunu itirərdi. Houkinsə isə yazdım ki, dərhal Mina ilə görüşsün. Məktuba qızıl sikkə bağlayıb pəncərəmin dəmir barmaqlıqlarından aşağı atdım. Ümid edirdim ki, qaraçılar nə istədiyimi başa düşdülər.
Bir azdan qraf gəlib yanımda oturdu. Əlində iki məktub