Karvan. Вильгельм Гауф
xəlifə zarıltı gələn tərəfə yeridi, amma vəzir dimdiyi ilə qanadından yapışıb ağlaya-ağlaya yalvardı ki, başını yenidən cəncələ salmasın. Xeyri olmadı! Leylək xəlifə irəli cumdu. Bir az gedəndən sonra bir qapı gördü. Qapının o üzündən hüznlü bir ulartı eşidilirdi. Xəlifə dimdiyi ilə qapını itələdi, içəri girən kimi matı-qutu qurudu. Bura türbə idi. Şəbəkəli pəncərədən içəri işartı düşürdü, yerdə bir gecə bayquşu vardı. İri dəyirmi gözlərindən sel kimi yaş axır, əyri dimdiyi əsə-əsə inləyirdi. Lakin xəlifəni və yenicə özünü yetirib ağasının yanında dayanmış vəziri görəndə bayquş sevindi. Qəhvəyi rəngli, xallı qanadını nazla çırpıb gözünün yaşını sildi, xəlifəylə vəziri mat qoyub insan kimi dil açdı, təmiz ərəbcə dedi:
– Cənab leyləklər, xoş gəlmisiniz! Sizin bura təşrif gətirməyinizə çox sevindim, çünki mənə deyiblər ki, məni ancaq leyləklər xilas edə bilərlər!
Mat-məəttəl qalmış xəlifə bir az özünə gələn kimi uzun boynunu uzadıb çöp kimi ayaqları üstündə əda ilə duraraq dilləndi:
– Ey gecə bayquşu! Sənin sözlərindən belə görürəm ki, biz burada özümüzə bir bədbəxt bacı tapmışıq. Ancaq əfsuslar olsun ki, səni xilas edəcəyimizə nahaq yerə ümid bəsləyirsən. Başımıza gələnləri bilsən, görəcəksən ki, dünyanın ən zavallı varlığı elə bizik.
Gecə bayquşu xahiş etdi ki, leylək hər şeyi desin və xəlifə əhvalatı başdan-ayağa ona danışdı.
Xəlifə başına gələnləri danışıb qurtarandan sonra bayquş ona öz minnətdarlığını bildirdi və dedi: – İndi isə sən qulaq as, gör mənim başıma nələr gəlib. Elə mən də sənin kimi bədbəxtəm. Mənim atam Hindistan padşahıdır. Gözünün ağı-qarası bircə övladı var ki, o da mən biçarəyəm. Adım da Luzadır. Elə sizi tilsimləyən o cadugər Kəşnur məni də bu günə qoyub. Bir dəfə atamın yanına elçiliyə gəlmişdi ki, məni öz oğlu Mitsra üçün nişanlasın. Tündməzac atam əmr etdi ki, mitilini bayıra atsınlar. Bir gün o bədxah bir ayrı cilddə yanıma gəldi. Mən öz bağımızda gəzirdim, birdən su içmək istədim. Sən demə, cadugər, qul cildinə giribmiş. Gətirib mənə su verdi və içən kimi belə murdar şəklə düşdüm. Qorxudan huşumu itirəndə məni bura gətirdi, sonra da dəhşətli bir səslə qulağıma pıçıldadı: “Beləcə eybəcər şəkildə qal burada! Qoy qurd-quşun da səndən zəhləsi getsin. Ömrün boyu da beləcə qalacaqsan. Ta o vaxtacan ki, kimsə gəlib öz xoşu ilə səni bu görkəmdə özünə həyat yoldaşı edər”. O vaxtdan bir neçə ay keçib. Qurd-quşun da zəhləsi getdiyi bu viranədə tərki-dünya olub tənha və dərd-qəm içində yaşayıram. Dünyanın gözəlliyinə baxmaqdan da məhrumam, çünki gündüzlər kor kimiyəm. Yalnız ayın solğun işığı bu xarabazarlığa düşəndə gözümdən tor çəkilir.
Bayquş öz hekayətini danışıb qurtardı, yenə qanadının ucu ilə gözünün yaşını sildi. Xəlifə bayquşa qulaq asa-asa qəm dəryasına batmışdı.
– Ya heç nədən başım çıxmır, – dedi, – ya da bildiyim budur ki, hər ikimizin bədbəxtliyi arasında bir müəmmalı asılılıq var. Amma bilmirəm bu müəmmanı necə açım!
Bayquş belə cavab verdi:
– Mənim ağam, mən də ürəyimdə elə düşünürəm. Çünki hələ uşaq vaxtı bir müdrik qadın mənə deyib ki, məni ancaq leylək xoşbəxt edə bilər. Mənə elə gəlir ki, ikimizin də xilas yolunu bilirəm.
Xəlifə lap heyrətləndi və bu yolun nədən ibarət olduğunu soruşdu.
– Hər ikimizi bədbəxt eləyən o cadugər bu viranəyə gəlir. Bu otaqdan bir az o tərəfdə bir salon var. Cadugər, adətən, orada öz dəstəsi ilə yeyib-içir. Bir neçə dəfə oğrunca onlara qulaq asmışam. Özlərinin bəd əməllərindən danışırlar. Ola bilsin ki, o cadugər bu dəfə gələndə unutduğunuz sözü dilinə gətirsin.
Xəlifə bərk sevindi və üzünü bayquşa tutub:
– Ey şahzadə qız, – dedi, – sənin tayın-bərabərin yoxdur. Nə olar, cadugər gələndə xəbər ver, özü də o salonu bizə göstər.
Bayquş ani sükutdan sonra dedi:
– Xətrinizə dəyməsin, mən ancaq bir şərtlə sizin dediyinizə əməl edə bilərəm.
– Baş üstə! Baş üstə! Şərtini, de! – Qasid tez əl-ayağa düşdü. – Mən qulluğunda hazır.
– Məsələ burasındadır ki, mən özüm də bədbəxtlikdən xilas olmaq istəyirəm, o da yalnız o zaman mümkün olar ki, ikinizdən biri məni alsın.
Leyləklər bu təklifi gözləmədikləri üçün çaşbaş qaldılar, sonra xəlifə vəzirinə başı ilə işarə etdi ki, otaqdan çıxsınlar.
Otaqdan çıxan kimi xəlifə dedi:
– Ey böyük vəzir, işimiz yaman çətinə düşüb. Amma mənə elə gəlir ki, sən bu təkliflə razılaşa bilərsən.
– Belə de, – vəzir etirazını bildirdi. – Onu istəyirsiniz ki, evə qayıdanda arvad gözümü çıxartsın? Bir də ki mən artıq qoca kişiyəm, siz isə cavansınız, subaysınız. Yaxşı olar ki, bu cavan və gözəl şahzadə qızla siz evlənəsiniz.
Xəlifə dərdli-dərdli qanadlarını sallayıb dərindən köks ötürdü.
– Sən onun cavan və gözəl olduğunu haradan bilirsən?
Bir xeyli dil tapa bilmədilər. Axırda xəlifə gördü ki, vəzir bayquşla evlənməkdənsə, leylək kimi qalmağa razıdır. Ona görə də özü şərtə əməl etməyi qərara aldı. Bayquş çox məmnun oldu. Dedi ki, hazırlaşın, çox güman ki, cadugərlər lap elə bu gecə yığışsınlar.
Bayquşla leyləklər otaqdan çıxdılar. Qaranlıq dəhlizlə xeyli getdilər, uçuq-sökük divarlardan işıq düşən bir yerə çatanda bayquş dedi ki, səs salmayın. Divarın oyuğundan baxanda bir salon gördülər. Salon çox zəngin bəzədilmişdi. Saysız-hasabsız əlvan çıraqlar onu öz nuruna qərq etmişdi. Ortada iri, dəyirmi bir stol qoyulmuşdu, üstü ləziz təamlarla dolu idi. Stolun arxasındakı iri divanda səkkiz adam oturmuşdu. Leyləklər gördülər ki, o adamlardan biri onlara sehrli qutu satan həmin o çərçidir. Böyründə oturan yoldaşı ondan xahiş etdi ki, özünün sonuncu əməllərindən danışsın. Çərçi xəlifə ilə vəzirin başına açdığı oyunu olduğu kimi danışdı.
Cadugərlərdən biri soruşdu:
– Bəs o nə söz idi ki, onlara tapşırmışdın desinlər?
– Bir çətin latın sözü idi – honestus…
Divar oyuğundan bu sözü eşidən leyləklərin sevinci yerə-göyə sığmırdı. Tez-tələsik uzun ayaqlarını işə salıb xarabalıqdan bayıra çıxmağa başladılar. Bayquş güclə onlara çatırdı. Eşiyə çıxan kimi xəlifə dərin minnətdarlıq hissiylə bayquşa dedi:
– Sən mənim və dostumun həyatını xilas elədin. İcazə ver, əbədi minnətdarlıq əlaməti kimi sənin ömür yoldaşın olum!
Bu sözü deyəndən sonra üzünü qibləyə tutdu. Hər iki leylək uzun boyunlarını uzadıb dağlar arxasından yenicə baş qaldırmış günəşə üç dəfə təzim etdi.