Şəmsəddin Eldəniz. Əkbər N. Nəcəf

Şəmsəddin Eldəniz - Əkbər N. Nəcəf

Скачать книгу
image target="_blank" rel="nofollow" href="#img3d21bb6ada584db6b691f620405e20ad.jpg"/>

"Atabəy Eldəniz ağıllı və vicdanlı biri idi, xalqın arasında oturur, onun şikayətlərini dinləyir və ədalətli hökm çıxarırdı".

İbn əl-Əsir

I FƏSİL

ELDƏNİZİN GƏNCLİYİ

Qırxıncı qul

Rəvayətə görə, qıpçaqların qul bazarında belə bir qayda vardı. Əgər bir tacir bir dəfəyə qırx qulun hamısını alsaydı, qul alverçisi yalnız otuz doqquzunun pulunu alır, qırxıncı qulu ona bağışlayırdı.

Səlcuqlu hökmdarı Sultan Mahmudun zamanında (1118 –1131) iraqlı bir qul taciri eyni qayda ilə qırx qulu birdən aldı. Qul alverçisi də tacirdən otuz doqquz qulun pulunu götürdü, qırxıncını isə hədiyyə etdi. Həmin qul həddən arıq çəlimsiz olduğundan tacir onu könülsüz qəbul elədi. Sonra da qulları arabaya mindirib İraq yolunu tutdu.

İlin yay fəsli olduğundan karvan ancaq gecələr hərəkət edir, gündüzlər dincəlirdi. Qırxıncı qul yolboyu elə hey yuxuladığından arabadan üç dəfə yerə yıxılmışdı. İki dəfə onu qaldırıb arabaya qoysalar da, üçüncü dəfə tacir əmr elədi ki, onu yolda buraxsınlar. Nədə olsa bu qula pul verməmişdi, üstəlik, belə sısqa, çəlimsiz biri, çətin ki, tacirin işinə yarayardı. Əksinə, bu qulun qarnını doyurmaq boş yerə məsrəf demək idi.

Elə ki səhər açıldı, qul yuxudan ayıldı, sağa-sola boylandı, ətrafda kimsəni görməyib karvanın getdiyini yəqin elədi. Ayağa qalxıb arabanın izlərini təqib edərək qızmar günəşin altında bütün günü yol getdi, axırda axşama doğru karvanı haqladı. Qulun bu fərasəti və ağlı taciri çox heyrətləndirdi.

Qaydaya görə, Səlcuqlu dövlətinin ovaxtkı paytaxtı İsfahana gətirilən qul karvanlarını əvvəlcə dövlət adamları gözdən keçirirdilər. Onlar sağlam, bacarıqlı qulları seçib alır və orduya cəlb edirdilər. Haqqında danışılan tacir də qullarını sultanın vəziri Kəmalülmülkə təqdim elədi. Vəzir onları bir-bir gözdən keçirdi, aralarından bəzilərini seçdi. Seçmədiyi qullar arasında, şübhəsiz ki, barəsində bəhs elədiyimiz həmin sısqa, çəlimsiz qul da var idi. İşi belə görən qul vəzirin ətəyinə yapışıb yalvar-yaxar etdi ki, onu da özü ilə aparsın.

Aradan illər keçəcək, bu qul Səlcuqlu sultanlığının ən böyük əmirləri1 və atabəyləri2 sırasında yer alacaq, tarixə Şəmsəddin Eldəniz kimi düşəcəkdi…

Qullar və qul yolları

Eldənizin qul kimi aparıldığı yol mübahisəlidir. Birinci ehtimala görə, onun olduğu qul karvanı indiki Türkmənistan torpaqlarından keçərək Xorasana, oradan da Həmədana gəlib. İkinci ehtimala görə, Eldəniz Qara dənizin şimalından Dərbənd yolu ilə Azərbaycana gətirilib. Hər iki ehtimal ağlabatan görünür. Lakin Eldənizin gətirildiyi karvan yolu haqqında mənbələrin verdiyi təsvirdən belə başa düşmək olar ki, söhbət Orta Asiya-Xorasan yolundan gedə bilər. Çünki məhz həmin yolun keçdiyi ərazilərdə bərk istilər olurdu. Belədə karvanlar gündüz dincəlib gecə hərəkət eləmək məcburiyyətində qalırdı.

O ki qaldı qul ticarətinə, bu, qədim dövrlərdən geniş yayılmışdı. Qədim Misir, Orta Şərq, Yunan və Romada istər dövlətlər, istərsə də mülkədarlar qul əməyindən geniş istifadə edirdilər. İslamın meydana çıxmasından sonra şəriət hüququ qul əməyindən istifadəyə ciddi məhdudiyyətlər qoydu. Məsələn, qədim dövrlərdən fərqli olaraq şəriətdə qullar müharibə əsiri və qeyri-müsəlmanların satın alınması yolu ilə əldə edilirdi. Əsir və ya satın alınan qul müsəlmanlığı qəbul etdiyi təqdirdə o, azad olunurdu.

Müsəlmanlar qul əməyindən Əməvi xilafətinin (661–750-ci illər) hələ ilk dövrlərindən faydalanırdılar. Qullardan öncə gündəlik işlərdə, bir müddət sonra isə bürokratiya və orduda istifadə edilməyə başlanmışdı.

Yunan və Roma dövrünün quldarlıq sistemindən fərqli olaraq müsəlman hüququnda qullara müəyyən imtiyazlar verilmişdi. Məsələn, qulu incitmək, işgəncə vermək, qeyri-əxlaqi və qanunsuz işlərə məcbur etmək qadağan idi. Belə hallarda qulun sahibini ağır cəza gözləyirdi. İslam cəmiyyətində silk3 anlayışı yox idi, odur ki müsəlmanlığı qəbul edən qulun sahibkar, tacir, dövlət məmuru və hətta hökmdar olması yasaq deyildi.

Əməvilər dövründə hədsiz varlanan müsəlman ərəblər başda ordu olmaqla bir çox siyasi-hərbi mükəlləfiyyətlərdən boyun qaçırmağa başladılar. Nəticədə əsgər çatışmazlığı yarandı. Bu isə satın alınan qulların orduya cəlb edilməsinə gətirib çıxardı. Beləliklə, tədricən qulam adı verilən sistem yarandı. Satın alınan qulların təhsil və tərbiyəsi ilə məşğul olan həmin sistem onlardan peşəkar hərbçilər, əyanlar yetişdirilirdi. İş o yerə çatdı ki, Abbasilər xilafətinin hakimiyyətdə olduğu dövrün (750 – 1258-ci illər) ortalarında ordu və dövlət sistemi tamamilə qulamların əlinə keçdi.

Qulamlıq sistemi təkcə qullara olan tələbatı artır-madı, eyni zamanda İslam coğrafiyası xaricindən qulların müsəlman şəhərlərinə üz tutmasına səbəb oldu. Artıq IX əsrdə xilafətin bütün sahələrində təhsilli qul və qulamlar xidmət edirdilər. Bu dövrdə müsəlman aləmində musiqişünaslardan ədəbiyyatçılara, hərbçilərdən dövlət məmurlarına və vəzirlərə qədər qul kimi satın alınaraq böyük vəzifələrə yüksəlmiş çox sayda qulam vardı. Üstəlik, qulamlıq sistemi müsəlman olmayan ölkələrdə yaşayan insanlar üçün karyera baxımından ciddi fürsətə çevrilmişdi. Həmin ölkələrdə qul olaraq alınmaq üçün tacirlərə yalvaran yüzlərlə qul İslam coğrafiyasına gəlir, onların bir çoxu istəklərinə çatır, yüksək vəzifələr, mövqelər tutur, var-dövlət, şan-şöhrət sahibinə çevrilirdi. Şəmsəddin Eldənizin həyatı bunun tipik örnəklərindən biridir.

Əməvi və Abbasi xilafətləri zamanında Afrika, Orta Asiya, Xorasan və Azərbaycanda qul bazarları fəaliyyət göstərirdi. Qul dolu karvanlar İslam aləminə başlıca beş istiqamətdən gətirilirdi:

1. Azərbaycan: Volqa çayı vasitəsilə Xəzər dənizinə sudan, Volqa ətrafından Xamliç-Səməndər-Dərbənd yolu ilə qurudan gətirilən qullar Dərbənddə cəmləşir və buradan cənub ölkələrinin bazarlarına aparılırdı. Bu marşrutdan ən çox xəzər, daha sonra qıpçaq türkləri istifadə ediblər. Eyni yoldan yararlanan ruslar minlərlə slavı4 qul kimi müsəlman tacirlərə satırdılar.

2. Cürcan: Xəzərin şərq istiqaməti ilə Xarəzmə5, oradan isə Xorasana gedən karvan yolları əsasən Volqa bolqarları, oğuzlar və xarəzmlilərin nəzarətində idi. Xüsusilə Qafqaz marşrutu üzrə təhlükələr yarandıqda istifadə olunurdu.

3. Əndəlüs: yəhudi tacirlər vasitəsilə İspaniya bazarlarına gətirilən qullar oradan Şimali Afrika ölkələrinə və Orta Şərqə aparılırdı. Müsəlman coğrafiyasında ağdərili qullara tələbat yüksək olduğundan orta əsr Avropasında qul ticarəti böyük gəlir gətirirdi.

4. Bizans: paytaxt Konstantinopol bütün Balkan öl-kələrinin quru yollarının və Qaradəniz ilə Aralıq dənizi su yollarının birləşdiyi xəttin tam üstündə yerləşirdi. Odur ki bu şəhər qul ticarətinin də mərkəzinə çevrilmişdi. Buraya gətirilən qullar rum, erməni və yəhudi tacirləri tərəfindən cənuba, İsgəndəriyyə (Misir) və Şam (Suriya) bazarlarına aparılırdı.

5. Afrika: müsəlman olmayan Afrika ölkələrindən gətirilən qaradərili qullara «zənci» və «həbəşi» adı verilirdi. Qaradərili qulların əməyindən əsasən kənd təsərrüfatında, ev və təmizlik işlərində istifadə olunurdu. İslam coğrafiyasında ən çox istismara məruz qalanlar da qaradərili qullar idi. Bu səbəbdən xilafət zamanı bir neçə «zənci üsyanı» baş vermişdi.

Azərbaycandakı ən böyük qul bazarı Dərbənd idi. Bura uzun əsrlər boyu şimal ölkələri ilə müsəlman ölkələri arasında ticarət xəttinin əsas dayanacağı idi. Həm quru, həm də dəniz yollarının kəsişdiyi nöqtədə yerləşən Dərbənd eyni zamanda önəmli liman şəhəri idi. Bunun başlıca səbəbi Xəzər

Скачать книгу

1

Əmir – ordu başçılarına, iqta olaraq aldıqları əyalətlərin başında dayanan komandanlara, eləcə də bəylərə verilən ad

2

Atabəy – Səlcuqlu və digər türk dövlətlərində hökmdar övladlarının təlim-tərbiyəsi ilə məşğul olan, onlara gənc yaşlarda dövlət idarəçiliyini öyrədən, bilavasitə sultan tərəfindən vəzifələndirilmiş əmirlərə verilən titul. Türkcə «ata» və «bəy» sözlərinin birləşməsindən yaranmışdır.

3

Silk – feodalizm dövründəki sinfi münasibətlər əsasında meydana gələrək varislik hüquq və vəzifələri qanunən möhkəmlənmiş ictimai qrup, təbəqə

4

Slavlar – Avropada ən böyük etnodilli icma. Bu icmaya ruslar, beloruslar, ukraynalılar, serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedonlar, slovenlər, bolqarlar, çexlər, polyaklar və slovaklar daxildir (red.).

5

Xarəzm – Orta Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan) tarixi-coğrafi bölgə və Xarəzmşahlar dövlətinin yerləşdiyi ərazi (red.)