Şəmsəddin Eldəniz. Əkbər N. Nəcəf

Şəmsəddin Eldəniz - Əkbər N. Nəcəf


Скачать книгу
Bu da Səlcuqlu coğrafiyasında atabəylər arasında taxt müharibələrinin başlamasına yol açdı. Həmin atabəylərdən biri də Şəmsəddin Eldəniz idi. O, atabəyi olduğu Arslanşah adına Səlcuqlu taxtını ələ keçirib düz on beş il imperiyaya nəzarət etdi.

      Sultan Məhəmməd Tapar 1118-ci il aprelin əvvəllərində oğuz ənənəsinə uyğun olaraq böyük bir şənlik təşkil edib süfrəsini yağmalatdı22. Bu şənlik əsnasında sultan zəhərləndi. Aprelin 9-da həmin vaxt 14 yaşında olan böyük oğlu Mahmudu yanına çağıran Tapar onunla uzun-uzun söhbətləşdi. Söhbət əsnasında ata-oğul göz yaşları axıdaraq hönkür-hönkür ağladılar. Məhəmməd Tapar oğluna ömrünün başa çatığını, taxta onun çıxmasını və dövləti idarə eləməsini vəsiyyət etdi. Mahmud üzünü atasına tutub dedi:

      – Nə bəxtsiz bir gündür, ata.

      – Bəli! Mənim üçün bəxtsiz bir gündür, ancaq sənin üçün qutlu bir gündür. Səltənət sənə qutlu olsun! – deyə sultan cavab verdi.

      Bundan sonra Tapar əmirləri yanına çağırıb onlara böyük oğluna tabe olmalarını əmr elədi. Aprelin 18-də isə can verdi. Səlcuqlu dövrü tarixçisi Bundari onun hakimiyyət illərini belə təsvir edir: «Surəti gözəlləşdiyi, dövləti kamala çatdığı, səmasından qara buludların çəkilib havası təmizləndiyi, suyu durulduğu və nemətləri kasıbları varlandırmağa, əskikləri doldurmağa, qulu azad etməyə, İslama arxa durmağa, zülməti uzaqlaşdırıb, mülhidlərin (ismaililərin) qalalarını dibindən qoparıb möminlərin bayraqlarını ucaltmağa başladığı zaman qəza onun (Məhəmməd Taparın) əlindən tutdu. Müddətini və əməlini qısaltdı. Dənizin (dövlətin) suyunu qurutdu, ayparanı (Məhəmməd Taparı) ortadan qaldırdı».

      Sultan cümə axşamı dünyasını dəyişdi, səhəri gün isə bütün məscidlərdə cümə xütbələrində Sultan Mahmudun adı oxundu. Sultan Məhəmməd Tapar öldüyündə 38 yaşı var idi. Eyni gün arvadı Gövhər xatunun otağında boğularaq öldürüldüyü deyilir. Mənbələr sultanı öz arvadının zəhərlədiyini iddia edirlər. Başqa bir iddiaya görə, Tapar öləcəyini anladıqda arvadı Gövhərin qardaşı Səncərlə evlənib oğullarını hakimiyyətdən məhrum etməsindən qorxaraq özü boğdurmuşdu.

      Tapar ölərkən sultanlıq xəzinəsində 10 milyon dinar23 nəğd pul buraxmışdı. Bundan başqa, xəzinədə bir o qədər də qızıl, gümüş və qiymətli əşyalar toplanmışdı. Heç bir Səlcuqlu sultanı dövlət malının qorunmasına onun qədər önəm verməmişdi.

      Təcrübəsiz, əyləncəyə düşkün olan Mahmud vaxtının çoxunu ov quşları ilə keçirdiyindən dövlət idarəsini məmurların insafına buraxmışdı. Nəticədə Taparın ölməsindən iki ay sonra dövlət xəzinəsi məmurlar tərəfindən talan edildi və tamam boşaldı. Həmin dövrə aid qaynaqlarda bu barədə oxuyuruq: «Qızıl qurtardıqdan sonra gümüşlərin üstündəki (dövlət) möhürünü çıxarıb onları da öz aralarında bölüşdürdülər. Sonra zinnət əşyalarına əl uzatdılar. Daha sonra da sıra ilə mücəvhərləri, libasları, otlaqlardakı ərəb atlarını, dəvələri paylaşdılar. Heç bir şey buraxmadılar. Damazlıq qoyunlara, qoçlara, keçilərə qədər bölüşdürdülər. Varlı olan dövləti soyub soğana çevirdilər, beləcə, onun bel sutununu sındırdılar».

      Səlcuqlu dövlətində başlayan hərc-mərclik əmisi Səncərin Sultan Mahmuda qarşı hərəkətə keçməsinə gətirib çıxardı. Həmin vaxt Xorasanı idarə edən Səncər 1119-cu ildə Savə yaxınlığındakı döyüşdə Mahmudu məğlub edib hakimiyyəti ələ keçirdi. Bu hadisə Böyük Səlcuqlu dövlətinin parçalanmasına səbəb oldu. Səncər Xorasan və İraq Səlcuqluları (yaxud Şərqi və Qərbi Səlcuqlular) deyə iki yerə bölünən imperiyanın hakimiyyətini ələ keçirdi. O, qardaşı oğlunu öldürməyib İraq Səlcuqlu hökmdarı elan elədi. Bu hadisə 1119-cu ildə Böyük Səlcuqlu dövlətinin Reydən qərbə doğru uzanan torpaqlarında yeni dövlətin yaranmasına səbəb oldu.

      Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır ki, İraq, Azərbaycan, Bağdad, Diyarbəkir, Fars, Aran, Ərmən və Gürcüstan torpaqlarının nəzarəti Sultan Mahmuda verildi. Sultan Mahmud arxa-arxaya Sultan Səncərin iki qızı ilə evləndi və onun vəliəhdi elan edildi.

      Məhz bu hadisələrdən iki il sonra Eldəniz Həmədana gəldi və İraq Səlcuqlu dövlətinin sarayına daxil oldu. Əvvəl də yazdığımız kimi, öncə vəzir Sümeyrəminin, daha sonra Sultan Mahmudun qulamı olan Eldəniz düz 20 il boyunca Səlcuqlu sarayında xidmət elədi. O, daxili müharibələrin, saray intriqalarının və ixtilaflarının içində yetişdi. Gördüklərindən dərs çıxarmağı yaxşı bacaran Eldəniz başqa əmirlərdən və atabəylərdən fərqli olaraq özünü mərhələli şəkildə dövlət idarəçiliyinə hazırladı. Elə Möminə xatunun da həmin vaxtadək adı-sanı olmayan Eldənizlə evlənməyə razılıq verməsinin səbəbi qəhrəmanımızın ağlı, qabiliyyəti idi. Eldənizdə saraydakı əksər əmirlər və qoşun başçıları üçün xarakterik olan tamahkarlıq, vəzifə hərisliyi yox idi. O, adlı-sanlı bir türk boyuna mənsub olsa da, əsir alınıb qul kimi satılmış, yaşadığı çətinlikləri əsla unutmamış, sakit təbiəti və bacarığı ilə addım-addım ordu başçılığına qədər yüksəlməyi bacarmışdı. Sonda isə bununla da kifayətlənməyərək Səlcuqlu tarixinin ən böyük dövlət adamlarından birinə çevrilmişdi…

      Atabəylik nədir?

      Səlcuqlu dövlət sistemində atabəylik institutunu müsəlman dövlətçiliyindəki qulam sisteminin yeni mərhələsi olaraq görmək lazımdır. Kökləri Əməvi xilafətinə (661–750) qədər uzanan qulam sistemi orta əsrlərdə bütün müsəlman ölkələrinə yayıldı. Əvvəl də qeyd elədiyimiz kimi, qulamlıq zaman keçdikcə dövlət üçün məmurların hazırlığı ilə məşğul olan sistemə çevrilmişdi. Abbasi xilafəti, Səlcuqlular, Əyyubilər, Məmlüklər, Osmanlılar və Qızılbaşlar dövlətlərində mövcudluğunu davam etdirən bu sistem, sadəcə, yalnız hərbi sahədə deyil, dövlət idarəçiliyi sahəsində də kadrların yetişdirilməsində mühüm rol oynamışdır.

      Müharibə və müxtəlif yollarla ələ keçirilən qullar siyasi, hərbi, sosial sahələrdə qazandıqları mövqeyə görə müxtəlif dövrlərdə müxtəlif adlar alıblar. İslam dövrü mənbələrində onlara abid24, məmlük, əl-məvla, bəndə, əl-xadim, qul və qulam deyilirdi.

      İslamın ilk dövrlərindən etibarən əsir alınan və qul statusu daşıyanların 1/5-i dövlət xəzinəsinin payına, 4/5-ü isə orduya daxil edilirdilər. Ələ keçirilən, əsir düşən və ya satın alınan qul türk kökənlidirsə, adətən, müsəlman hakimləri tərəfindən ordu sıralarına cəlb olunurdu.

      Ərəbcə qulam «bədənində tük çıxmamış və ya bığı tərləməmiş dəliqanlı, gənc xidmətçi, oğlan uşağı, azad olunmuş qul, sahibinə tabe mühafizəkar» mənasına gəlir. Bu söz kişi qulları ifadə edir. Qadın qullara isə cariyə adı verilirdi.

      Abbasilərdən etibarən mənası dəyişməyə və genişləməyə başlayan qulam anlayışı, xüsusilə türklərin dövlət sistemində geniş səlahiyyətlər qazandı. Belə ki, «əsir və ya qul kimi xidmətə qəbul edilən insanların qabiliyyətləri, təhsil səviyyələri onların ordu və dövlətin müxtəlif sahələrində işə


Скачать книгу

<p>22</p>

Xani-yağma adlanan bu qədim türk ənənəsi barədə «Kitabi-Dədə Qorqud»da da bəhs olunur. Ənənəyə əsasən türk hökmdarlarının vəzifələri arasında xalqını ac saxlamamaq və doyurmaq da yer alırdı. Odur ki türk hökmdarları hər gün sarayları qarşısında qurulan çadırlarda xalqa təmənnasız yemək paylayırdılar. Bundan başqa, ildə bir neçə dəfə hökmdarlar böyük şənliklər təşkil edir, bütün obalar dəvət olunur və ziyafət verilirdi.

<p>23</p>

Dinar – Yaxın Şərqin bəzi ölkələrində qızıl pul

<p>24</p>

Abid – əyalətlərdə vergilərin toplanmasına nəzarət edən dövlət məmuru