Albert Eynşteyn. Лоран Сексик

Albert Eynşteyn - Лоран Сексик

Скачать книгу
p>

İki şey sonsuzdur: kainat və axmaqlıq. Hərçənd kainatın sonsuzluğuna əmin deyiləm.

Albert Eynşteyn

Kompas

Ötən illərin xatirələri, hətta ən adi əhvalatlar belə onun yadındadır: yeniyetmə çağlarında qatarla İtaliyadan keçməsi, qəzetlərin ilk səhifələrinə çıxan gurultulu bəyanatlar, Praqa küçələrində tək-tənha gəzintilər, Berlin Opera Teatrı qarşısında yandırılan kitablar… Keçmişin az qala hər anı gözlərinin qarşısından ötüb-keçir. Xəyala dalmaq kifayətdir. Budur, həyatdan köçmüş doğmaları yenə ona gülümsəyirlər. Alimlər kafedradan məruzə oxuyur, qoşun daş döşənmiş küçələrdə nizamla addımlayır. Keçmiş düşmənlərin, əbədi dostların səsləri eşidilir.

Ancaq keçmişdən, demək olar, heç nə qalmayıb. Sevdiyi, onu sevən insanlardan indi kim sağdır? Ətrafına nəzər salır. Özünü çoxdan baş vermiş fəlakətlərdən salamat çıxmış yeganə adam kimi hiss eləyir. Xoşbəxtlikdən yaddaşı toxunulmaz qalıb: uşaqlığa aparan yol oradan keçir. Münhendəki evlərindən bacısı Mayanın qəhqəhələri eşidilir. Manhettendə «ura» sədaları altında paradlar keçir. Berlin Akademiyasının amfiteatrında alqışlar səslənir. Anası pianoda sonatalar səsləndirir.

Ancaq 1955-ci ilin bir yaz günü xatirələrinin bağı qəfil qırılır. Hansısa xoş məqamı xəyalında canlandırmağa çalışır. Di gəl, yataq otağının pəncərəsindən düşən qürub günəşinin öləziyən şəfəqlərindən başqa heç nə görə bilmir. Bu işıq da həmişəki parlaqlığını itirib. O, saata baxır. Əqrəblər hərəkət etmir. Doğrudanmı ağlını itirib? Ona istirahət lazımdır. Oppenheymeri1 müdafiə etmək məqsədilə yazdığı məktub onu əldən salıb. Bəlkə, əbəs yerə mübarizə aparır? Gücü tamam tükənib. Amma yox. Məgər FTB2-nin çirkab atdığı Oppenheymeri tək qoymaq olar? Axı o özü də hədəfdədir. Onu da üstüörtülü şəkildə satqınlıqda günahlandırırlar. Amerikaya xəyanət! Bu cür ittiham irəli sürməyə necə cəsarət eləyirlər?! Belə çıxır, Eynşteyn sovet casusudur? İyirmi beş il əvvəl isə Gestapo3 onun başına pul qoymuşdu! İndi, 75 yaşında, «Azadlıq ölkəsi»ndə başının üstünü yenə qara buludlar alıb. Müdafiə olunmaq lazımdır…

Dünəndən ağrı kəsmir, elə bil mədəsinə xəncər soxurlar. Bəlkə, bu pis fikirləri ona təlqin eləyən də mədəsindəki ağrılardır? Yoxsa ağlı da azalır? Təcili həkimə getməyi məsləhət görürlər. Necə, həkimin qəbulunda vaxt itirmək?! Yerindən zorla dikəlir. Divardakı güzgüdə ani olaraq sifətini görür. Saçları pırtlaşıq qoca. Ağrılı təbəssüm. Sancı içini doğrayır. Pəncərəyə yaxınlaşır. İnstitutun həyətində gilənarlar çiçəkləyib. Sabah gəzintiyə çıxacaq. Rədd olsun həkimlərin qadağası!

Yazı stolunun arxasına keçir. Sakitləşib fikrini toplamağa çalışır. «Dünya hökumətlərinə müraciət»ini yazıb bitirməlidir. Hidrogen bombasının hazırlanmasına qarşı yenə öz etirazını bildirəcək. Rasselin manifestini4 imzalayacaq. Ona qələm-kağız lazımdır.

Gözü komodun üstündəki kompasa sataşır. Bunu kim bağışlamış olar? Marağını saxlaya bilməyib ayağa qalxır. Yox, bu ki saniyəölçəndir. Deyəsən, lap ağlını itirib…

Birdən sanki bütün həyatı gözlərinin qarşısından ötüb-keçir…

Böyük partlayış

Ulm, 1879-cu il: Vürtemberqdə, Dunayın sol sahilində, dağların arasında kiçik orta əsrlər şəhərciyi. Ulm Berlindən və sonradan birləşdirildiyi Prussiyadan çox uzaqdadır.

Ştutqart, Münhen və Strasburqu arxada qoyan «xəyali səyyah» – 76 yaşlı Albert Eynşteyn fikrən Tirol dağlarından, Bavariya çəmənliklərindən keçib, dan yeri ağarar-ağarmaz Ulma yaxınlaşanda uzaqdan qotik üslubda tikilmiş kilsənin qülləsini görür. Şəhəri dövrələyən qala divarları gözə dəyir. Gün doğur, şəhərdə canlanma yaranır. Yolçu Ulma çatanda balıqçıların köhnə məhəlləsində artıq həyat qaynamağa başlayır. Şəhərin saysız-hesabsız fəvvarələrinin şırıltısı eşidilir. Əsnaflar göyərçin damlı evlərdə işləyirlər: toxuyurlar, qəlyan düzəldirlər. Bu qəlyanlar – yerlilərin fəxridir, onlara Avropanın hər yerində rast gəlmək olar.

14 mart 1879-cu il. Banhofştrasse – 135. Hər şey bax buradan, bu ünvandan başlayır. Yeni doğulmuş körpənin başı o qədər iridir ki, hətta anası narahat olur: «Həkim, bu təhlükəli deyil ki?! Bizim balaca Albert, görəsən, normal uşaqdır?» Həkim onu sakitləşdirir.

Kitabımızın əfsanəvi qəhrəmanının yaxşı-pis hadisələrlə, uğurlarla zəngin uzun həyat yolu belə başlayır…

Bir il sonra onun ailəsi maliyyə vəziyyətinə görə Münhenə köçməli olacaq və balaca Albertin yaddaşında Ulm barədə heç nə qalmayacaqdı. Ancaq bu şəhərin adı çəkiləndə nədənsə qəlbi həmişə titrəyəcəkdi. Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri olan Şvabiyanın özünəməxsus ləhcəsinin ahəngdarlığı, kənd şivəsi ilə alman ədəbi dilinin qarışığı həyatı boyu onu tərk etməyəcəkdi. İkinci arvadı Elza Eynşteyn də məhz həmin ləhcədə danışacaqdı. Bu qadın onun ömründə çox böyük rol oynayacaq, şöhrəti də, məhrumiyyətləri də onunla birlikdə yaşayacaq. Elzanın səsi itirilmiş keçmişin əbədi əks-sədası kimi daim qulaqlarında səslənəcəkdi. On illər ərzində sevdiyi qadının hər sözü bu adama öz soy-kökünü, gəldiyi yeri xatırladacaqdı…

Atası Germanla anası Paulina Ulm şəhərinə toydan sonra köçmüşdülər. Onları şəhərciyin sakit həyatı cəlb eləmişdi. Ulmu dövrələyən qala divarları isə insanda əminlik hissi oyadırdı: belə istehkamların arxasında adamın başına pis nə gələ bilərdi ki?!

Qəhrəmanımızın valideynləri bir parça çörək dalınca bu şəhərə üz tutublar. Ulmda kök salmaq, ailə qurmaq, dinc həyat sürmək istəyirlər. Hər şeydən əvvəl təbiət qoynunda gəzintilərdən, kitablardan və musiqidən zövq almağa çalışırlar. Yəhudi əsilli olsalar da, burada özlərinə qarşı heç bir kin-küdurət hiss etmirlər. Kənd camaatı yəhudilərlə yaxşı yola gedir. Əslində, Paulina və Germanda yəhudilikdən yalnız ənənələrə bağlılıq qalıb: indi onların məqsədi soy-köklərindən qopmamaq şərtilə almanlara qaynayıb-qarışmaqdır.

German axşamlar XIX yüzilliyin böyük alman şairi Heyneni (1797–1856), hərdən də alman romantik ədəbiyyatının görkəmli nümayəndəsi Şilleri (1759–1805) oxuyur, Paulina isə pianoda Bethovenin «Patetik sonata»sını çalır. Eynşteynin anası Bethoveni, xüsusən də bu sonatanı çox sevir.

German qardaşı Yakobla öz fabrikində hazırladığı dinamo-maşınlarını5 satmaq arzusundadır. Artıq dünya elektrik əsrinə qədəm qoyub. German texniki inqilab edəcək, yaşadığı şəhəri işıqlandıracaq. O hətta bütün Avropanı işığa qərq etmək istəyir.

German 1847-ci ildə Ulm yaxınlığındakı kənddə doğulub. Valideynləri riyaziyyatdan yaxşı baş çıxardığını görüb Ştutqarta oxumağa göndəriblər. Ancaq pulları olmadığından universitetdə təhsilini davam etdirə bilməyib, kəndə qayıdaraq işləməyə məcbur olub. German o dövrə görə xeyli gec, 30 yaşında evlənib. Həyat yoldaşı – daha zəngin ailədən olan Paulina ondan 11 yaş kiçik idi.

Lakin German arvadının valideynlərinin əlinə baxmaq fikrində deyildi. O, Ulmda hər hansı iş tapmağa ümid eləyirdi: gecə-gündüz çalışıb ailəsini dolandıra bilsə, onun üçün kifayət edir. Axı o, aza qane olan adamdır. Bu xasiyyəti sonralar oğlu Albertə də keçəcəkdi.

German öz ailəsilə meşədə gəzməyi, göldə qayıq sürməyi xoşlayır. İndi böyük külfət saxlamaq çətindir: iki, uzağı, üç uşaq bəsləridir. Özü də uşaqlardan biri hökmən oğlan olmalıdır.

Qoca Albert yaxşı bələd olmadığı Ulm şəhəri haqqında fikirləşir. O bu şəhərə necə gedib çıxdıqları barədə anasının danışdığı əhvalatlara saatlarla qulaq asıb. Böyüyüb dünyanı gəzəcək, yeni-yeni şəhərlər görəcək, amma daimi yaşayış üçün özünə bir yer seçə bilməyəcək…

Скачать книгу

1

Robert Oppenheymer (1904–1967) – yəhudi əsilli Amerika fiziki, II Dünya müharibəsi dövründə ilk nüvə silahının hazırlanması məqsədilə gerçəkləşdirilən «Manhetten» layihəsinin elmi rəhbəri, atom bombasının «atası» sayılır.

2

FTB – ABŞ Federal Təhqiqat Bürosu

3

Gestapo – Alman Dövlət Gizli Polis Təşkilatı mənasına gələn «Geheime Staatspolizei» ifadəsinin qısaldılmış şəkli

4

İngilis alimi və ictimai xadim Bertren Rasselin nüvə enerjisindən hərbi məqsədlərlə istifadəyə qarşı çıxan manifesti

5

Mexaniki enerjini elektrik enerjisinə çevirən generatorlar