Gözəlçə. Süzanna Şaybler
görə ki mən həmişə acam. Təcili yemək lazımdır. Deyirlər, çərənçilik aclıqdan olur!
Kit susdu, səkinin qırağı ilə yavaş-yavaş gedən maşından bir kişi ona fit çaldı.
– Ey, bacıcan!
Kit maşına yaxınlaşdı:
– Nədi, əzizim? Nəsə lazımdı? – o, fit çalan kişinin yanında daha iki nəfərin olduğunu gördü: bu adamlardan biri maşın sürürdü, digəri arxa oturacaqda əyləşmişdi.
– Gedək, balaca. Mənim ad günümdür. Bu münasibətlə gecə mənimlə havayı yatacaqsan! – deyə sürücünün yanında oturmuş kişi qışqırdı.
– Başın xarab olub, atacan? – Kit irişdi və geri – Vivyenin yanına qayıtdı.
Vivyen kepkasını çıxarıb parikini qaydaya salmağa çalışır, hamar sarı saçlarını sığallayırdı:
– Bu gün buralar dəlixanadır.
– Məncə də elədir, – Kit başını tərpətdi. – Bura bax, bəlkə, biz qadın alverçiləri ilə iş quraq? Karlosun səndən xoşu gəldi.
– Yox bir! O da dərimizə saman təpsin? Qazancımız daha da azalacaq.
– Yenə də sən haqlısan, – Kit burnunu çəkdi və rəfiqələrin azadlığa münasibətini ifadə edən şüarı xatırladı:
– Kiminlə, nə vaxt, neçəyə getməyə özümüz qərar veririk!
Fənər dirəyinə söykənmiş Kit yoldan ötən maşınları baxışları ilə müşayiət edirdi.
Vivyen bir qədər susduqdan sonra soruşdu:
– Necə bilirsən, kənardan həddən artıq abırlı görünmürəm ki?
– Heç də yox. Əntiqə görkəmin var! – deyə Kit rəfiqəsinin parikini düzəltdi. – Erkəklər sənin kimisindən ötrü sinov gedirlər!
Kit ətrafa boylandı. Yaxınlıqda motorun qulaqbatıran nəriltisi və təkərlərin vıyıltısı eşidildi.
– Axmaq! Bu cür maşını sökür!.. Bu ki…
Kit tullana-tullana Haylənd avenyudan Hollivud bulvarına dönən gümüşü «Lotus-Esprit»i görəndə hətta fit çaldı.
– Tələs! – o, Vivyeni qabağa itələdi. – Bax, beləsini məngirləməlisən!
– Dayan, itələmə, – Vivyen çəkinə-çəkinə idman avtomobilini nəzərdən keçirdi və Kitə dedi. – Bu, deyəsən, «Lotus-Esprit»dir axı…
– Bu bizim kirayə pulumuzdur! – Kit hücuma keçdi.
Maşın yaxınlaşdıqca sürətini azaldırdı, nəhayət, o dayandı. Kit «Lotus-Esprit»i gözləri ilə yeyirdi.
– Get, get! – qız tərəddüd keçirən rəfiqəsini bir də itələdi. – Sən bu gün əntiqəsən. Səndən keçə bilməyəcək, hesab elə ki, yüzlük cibindədir! Qurtaran kimi zəng vur! Viv, özündən muğayat ol!
– Sən də! – Vivyen bunu deyib tələsik Kitin yanağını sığalladı, sonra gözəl qaməti və uzun ayaqları yaxşı görünsün deyə qırmızı jaketini soyundu və barmaqları ilə parikini darayıb «Lotus»a tərəf getdi.
Kit onun arxasınca əlini yellədi, qız coşmuşdu.
– İşlə, çalış, balaca! Onu yaxşıca qızışdır, pulunu qazan! Bacaracaqsan! Bircə oyunu korlama!
III fəsil
Edvard Lyüis «Lotus»un sükanı arxasında çaşıb-qalmışdı, Vivyenin ona yaxınlaşdığını görmədi. O gah cihaz lövhəsinə, gah sürət ötürücüsünün dəstəyinə baxırdı.
– Bəsdir, tərpən görək, tərslik eləmə! – deyə o donquldandı. – Birinci sürət, deyəsən, burdadır… Əgər yadımda düz qalıbsa…
Stakinin evinin yerləşdiyi Hollivud Hillzdən çıxandan bəri Edvard yolu tamam azmışdı. Hansısa möcüzə sayəsində Hollivudadək gəlib çıxmış, amma bulvarın sonundakı teatrın yanından sağa – Qərbi Hollivuda və Beverli Hillzə aparan yola yox, əks tərəfə dönmüşdü.
Trendi strit, Sanset bulvarı, Melroz avenyu – lövhələrdə yazılmış bu küçə adları ona heç nə demirdi. O harada olduğunu və mehmanxanaya necə gedəcəyini təsəvvür etmirdi.
Nəticədə «Lotus»un ciddi müqavimət göstərməyinə baxmayaraq Edvard son məqsədindən kifayət qədər uzaqlaşa bilmişdi. Amma çətinliklə hərəkət edirdi. Gah sürəti dəyişərkən ayırıcı pedalı basmağı unutduğu üçün mühərrik sönürdü, gah da qazın pedalını dibədək elə basırdı ki, xırıldayan motor qəfildən yüksək sürət yığırdı və maşın az qala raket kimi yerindən qopurdu.
Bura gəlib çıxmağı da təsadüf idi. Yolda mühərrik növbəti dəfə şıltaqlıq edəndə Edvard ətrafa boylanıb özünü sakit, zəif işıqlandırılmış, ağappaq evləri daş hasar və dəmir çəpərlə dövrələnmiş bir küçədə görmüşdü, həyəcanlanmağa başlamışdı. Səkidə isə evsiz olduğu aydın görünən bir səfil zibil qabını eşələyirdi.
Edvard əyləci basıb sürəti lap azaltmışdı, başını pəncərədən çıxarmışdı və səfilin öz axtarışlarının nəticəsindən narazı qaldığını eşitmişdi:
– Görürsən?! Daha zibildən başqa heç nə tullamırlar!
Edvard maşını saxlamışdı:
– Üzr istəyirəm…
Avara diksinib qəddini düzəltmişdi:
– Nə olub ki?
– Siz deməzsiniz, Beverli Hillzə necə getmək olar?
Səfil səndirləyə-səndirləyə yaxına gəlmişdi:
– Niyə demirəm? Siz elə oraya gəlmisiniz, cənab! Baxın, görürsünüz, sağ tərəfdəki Silvestr Stallonenin malikanəsidir.
Edvard nəzakətlə ona təşəkkür etmişdi. Səfil qonaqpərvərlik göstərmişdi:
– Biz tərəflərə xoş gəlmisən!
Aldığı məlumat Edvarda o qədər də etibarlı təsir bağışlamamışdı. Səfil, yəqin ki, sərxoş idi, ya da nəşə çəkmişdi, bəlkə də, həm içmişdi, həm də çəkmişdi. Hər halda, Edvard «Recent Beverli Uilşir» otelinə necə getməyi daha ondan soruşmamışdı, qanıqara vəziyyətdə gəldiyi yolla geri qayıtmağı lazım bilmişdi. Güman etmişdi ki, yol onu gec-tez şoseyə çıxaracaq, amma sonda yenə də özünü Hollivud bulvarında görmüşdü…
Bulvarda isə Edvard başını səsə qaldırıb maşının pəncərəsindən içəri boylanan Vivyeni gördü. Qızın qəşəng ağ dişləri parıldayırdı, o gülümsəyirdi.
– Axşamınız xeyir! Siz kimisə axtarırsınız? – qız süni soyuqqanlıqla soruşdu.
Bu sual varlı kişinin «Əlbəttə, səni!» cavabına hesablanmışdı. Amma kişi fərqli cavab verdi:
– Axtarıram. Beverli Hillzə gedən yolu. Siz yolu göstərə bilərsiniz?
Vivyen gülümsəməkdə davam edirdi. «Amma pis deyil ha… – deyə o, dəbdəbəli maşının sürücüsünə ürəyində qiymət verdi: – O dəqiqə görünür ki, pulludur». Qız