Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан

Qəbrinizə tüpürməyə gələcəyəm - Борис Виан


Скачать книгу
p>

      Baktonda məni heç kim tanımırdı. Klem də bu şəhərciyi həmin səbəbdən seçmişdi. Yeri gəlmişkən, əgər çəkinsəydim, fikrimi dəyişmək istəsəydim, onsuz da şimala doğru yolumu davam etdirməyə benzinim yox idi. Vur-tut beş litr qalmışdı. Üstəlik, bircə dollar, bir də Klemin məktubu… Başqa heç nəyim yox idi. Çamadandan, ümumiyyətlə, danışmasam yaxşıdır. Xüsusən də onun içindəkindən. Hə, unutdum: yük yerinə Körpənin balaca tapançasını yerləşdirmişdim, 6,35 kalibrli ucuz tapança; şerif bizə cəsədi götürməyə və dəfn etməyə icazə verəndə tapança hələ də onun cibində idi. Düzünü desəm, hər şeydən çox Klemin məktubuna bel bağlayırdım. Mənim bəxtim gətirməlidir, mənim bəxtim mütləq gətirməlidir. Sükanı tutduğum əllərimi, barmaqlarımı, dırnaqlarımı gözdən keçirdim… Doğrusu, burada da hər şey qaydasındadır. İlişməyə bir səbəb yoxdur. Bəlkə, vəziyyətdən çıxmağı bacardım…

      Qardaşım Tom onu – Klemi universitetdən tanıyırdı. Klem özünü onunla başqa tələbələrdən fərqli aparırdı. Tomla həvəslə söhbətləşir, bir yerdə içir və Klemin «Cadillac»ında gəzirdilər. Orada qardaşıma yalnız Klemə görə dözürdülər. Klem atasının vəfatından sonra fabrikin başına keçmək üçün çıxıb gedəndə isə Tom da oralardan əkilməli oldu. O, yanımıza qayıtdı. Artıq çox şey öyrənməyə imkan tapmışdı, odur ki yeni məktəbdə müəllim işinə düzəlməyə nail oldu. Sonra da Körpə ilə bağlı bu hadisə… Onun yerinə mən olsam susardım, ancaq Körpə başqa cür düşünürdü. O bu işdə pis heç nə görmürdü. Belədə qızın atası və qardaşı Körpə ilə haqq-hesab çəkmək qərarına gəldilər.

      Məhz bu səbəbdən qardaşım Klemə məktub yazdı. Mən artıq orada qala bilməzdim, ona görə də qardaşım Klemdən mənim üçün nəsə bir iş tapmağını xahiş edirdi. Elə iş ki ara-sıra görüşə bilmək üçün çox uzaqda olmasın, ancaq çox yaxında da olmamalıydı ki, bizi orada heç kəs tanımasın. Tom düşünürdü ki, zahiri görkəmimi və xarakterimi nəzərə alsaq, biz, əslində, heç bir risk etmirik. Bəlkə də, o haqlı idi, ancaq mən bütün günü, sadəcə, Körpəni xatırlayırdım.

      Baktonda kiçik kitab dükanının müdiri – mənim yeni işim bu idi. Mən əvvəlki müdirlə tanış olmalı və üç gün ərzində işi öyrənməliydim. Köhnə müdirin vəzifəsini bir pillə yüksəltmişdilər və çıxıb gedərkən, yəqin ki, məni aldatmağa cəhd etməliydi.

      Günəş şəfəq saçırdı.

      Dükanın olduğu küçə hazırda Pirl-Harbor-strit adını daşıyırdı. Bəlkə də, Klemin bundan xəbəri yox idi. Lövhədə hələ də köhnə adı oxumaq olurdu. Mağazanı 270 nömrəli ünvanda tapdım və köhnə maşınımı onun qapısı önündə saxladım. Kassanın arxasında əyləşmiş müdir cədvəldəki hansısa rəqəmləri yoxlayırdı. O, sərt baxışlı, mavi gözləri və solğun-sarı saçları olan ortayaşlı birisiydi. Mən salamlaşdım.

      – Sabahınız xeyir. Nə isə almaq istəyirsiz?

      – Sizə məktub gətirmişəm.

      – A! Deməli, işləri sizə təhvil verməliyəm. İcazənizlə, məktuba baxım.

      O, məktubu götürdü, oxudu, sonra büküb mənə qaytardı.

      – İş çətin deyil, – o dedi. – Mallar budur (əli ilə işarə etdi). Hesabatları axşama hazırlayacam. O ki qaldı satış, reklam və digər məsələlərə – baş idarənin maliyyə müfəttişlərinin göstərişlərinə və alacağınız sənədlərə fikir verin.

      – Bura filialdır?

      – Bəli, filialdır.

      – Oldu, – başımla razılığımı bildirdim. – Ən yaxşı nə satılır?

      – A! Romanlar. Nalayiq romanlar, ancaq bundan bizə nə? Dini ədəbiyyat da pis satılmır, eləcə də dərsliklər. Uşaq kitabları bir o qədər də alınmır, ciddi kitabları isə lap az alırlar. Düzü, heç özüm də belə kitabların müştərilərini artırmağa çalışmamışam.

      – Sizin fikrinizcə, dini ədəbiyyat qeyri-ciddidir?

      O, dodaqlarını dili ilə yaladı.

      – Mən elə demək istəmədim.

      Ürəkdən güldüm.

      – Narahat olmayın, elə mən də möhkəm inanclı biri deyiləm.

      – Onda sizə bir məsləhət verim. Fikrinizi özünüzdə saxlayın və hər bazar günü pastoru dinləməyə gedin, yoxsa burada işləməyə qoymazlar.

      – Əla, – mən dedim. – Bazar günləri pastora qulaq asacam.

      – Alın, – o mənə vərəqi uzadaraq dedi. – Yoxlayın. Bu, son ayın hesabatıdır. Hər şey çox asandır. Kitabları mərkəzi mağazadan götürürük. Qəbul olunanların və satılanların hesabını üç nüsxədə aparmaq lazımdır. Pulun dalınca iki həftədən bir gəlirlər. Sizə çeklərlə, kiçik faizlə ödəyəcəklər.

      – Onu bura verin, – mən dedim.

      Vərəqi götürdüm və üstü alıcıların rəflərdən götürdükləri kitablarla dolu piştaxtanın arxasında əyləşdim. Görünür, onun bu kitabları qaytarıb yerinə düzməyə vaxtı çatmamışdı.

      – Bu tərəflərdə maraqlı daha nə var? – mən yenə soruşdum.

      – Heç nə. Qarşıdakı aptekdə qızlar və buradan iki məhəllə aralıda – Rikardoda viski var.

      Kəskin ədalarına baxmayaraq bu adam yetərincə xoş təsir bağışlayırdı.

      – Artıq nə qədər vaxtdır buradasız?

      – Beş ildir, – o dedi. – Daha beş il qalıb.

      – Bəs sonra?

      – Siz hər şeylə maraqlanırsınız.

      – Günah özünüzdədir. Niyə hələ beş ilin qaldığını söylədiz? Axı bu haqda sizdən heç nə soruşmamışdım.

      O, bir qədər gülümsündü və gözlərini qıydı.

      – Haqlısız. Beləliklə, daha beş il, sonra isə bu işi tərk eləyəcəm.

      – Bəs nəylə məşğul olacaqsız?

      – Yazacam, – o dedi. – Bestsellerlər yazacam: tarixi romanlar, zəncilərin ağ qızlarla necə yatdıqları və buna görə linç olunduqları haqda, gənc, təmiz qızların əclaflarla dolu fəhlə qəsəbələrində öz bakirəliklərini necə qoruyub saxlaya bildikləri barədə romanlar yazacam…

      O gülümsədi.

      – Daha sonra… əsl və cəsarətli romanlar, axı bu ölkədə cəsarətli olmaq çox asandır: hər kəsin bildiyini söyləmək yetər.

      – Bəs siz bacararsız?

      – Əlbəttə, bacararam. Artıq altı romanım hazırdır.

      – Onları nəşr etdirməyə çalışmısız?

      – Mənim nəşriyyatlarda nə dostlarım, nə də rəfiqələrim var, öz hesabıma nəşr etdirmək üçün isə hələ pul yığmamışam.

      – Bəs pul yığandan sonra nə olacaq?

      – Bax elə beş il ərzində yığaram.

      – Yəqin ki, sizdən yaxşı yazıçı çıxacaq, – mən axırda dedim.

      Növbəti iki gündə işlərim çox idi. Baxmayaraq ki onları birbaşa iş adlandırmaq da çətindir, ancaq bütün bunlardan baş çıxarmaq lazım idi; bundan əlavə, Hansen – müdirin adı bu cürdü – mənə ədəbiyyat barədə danışmaq üçün mağazaya baş çəkən daimi müştərilərlə bağlı bəzi məlumatlar verdi. Yeri gəlmişkən, onların bilikləri «Şənbə icmalı» və 60 min tirajla çıxan yerli jurnalın ədəbiyyat səhifələri ilə məhdudlaşırdı. Hələlik mən onların Hansenlə söhbətlərini dinləməklə kifayətlənir, hər birinin adını, zahiri görünüşünü yadda saxlamağa çalışırdım. Məlumdur ki, kitab mağazalarında ayağını kandardan içəri qoyan müştərini tanımaq heç yerdə olmadığı qədər vacib şərt sayılır.

      Bu qədər iş-gücün arasında mən qarşıdakı, aptekin də yerləşdiyi binada indiyədək Hansenin yaşadığı iki balaca otağı kirayələməyə nail oldum. Üstəlik, Hansen mənə avansla bir qədər pul da verdi, həmin pullarla üç gün qaldığım mehmanxana ilə haqq-hesabı çürütdüm, iki gün isə müdir özü məni nahara


Скачать книгу