Yaşıl gözlü qız. Reyhan Yusifqızı
əlini yuxarı qaldırıb hazır dayandı. Birdən cihazların bir neçəsində ekran tutulub-açıldı. Digər ellipsşəkilli kosmik gəminin görüntüləri ekrana gəlincə o qışqırıb bacısına tərəf dönəndə səbirsiz Lemi artıq düyməni basmışdı.
– Lemi! Lemi!
Lemi artıq onu eşitmirdi. Xilasedici şar bir göz qırpımında gəmidən kənara atılıb yavaş-yavaş Yerə enməyə başladı. Leminin qolundakı saat yanıb-söndü, Kaanın səsi eşidildi:
– Lemi, sən neylədin?! Sən tələsdin! Bizi xilas etdilər, gəmi geri qayıdır!
Lemi çaşqın halda əllərini şəffaf şarın divarlarına söykəyib altdan-yuxarı işıqları yanıb-sönən gəmiyə baxırdı.
– Lemi, eşidirsən?!
O sanki danışıq qabiliyyətini itirmişdi. Nəhayət, cavab verdi:
– Eşidirəm! Mən nə etməliyəm?
– Ən qısa zamanda sənin dalınca gələcəyəm! Özündən muğayat ol! Saatı qolundan çıxarma! Lemi! Lemi! Hələlik!
Yuxarıdan gur işıq düşdü. Kiçik, yumru kosmik gəmi digər daha böyük ellipsvari gəminin müşayiəti ilə uzaqlaşdı. Bir neçə saniyədən sonra əlaqə kəsildi: Lemini öz dünyası ilə bağlayan yeganə cihaz susdu. O, Yerin səthində yumşalıb yapıxmış paraşüt-şarın üstündə oturaraq iri gözlərini geniş açıb yuxarı – gözdən itmiş kosmik gəmilərin arxasınca göylərə baxırdı…
2. Yerdə ilk tanışlıq
Lemi paraşütü büküb çiyninə ataraq torpaq yolla ağır-ağır gedirdi. Nə qədər vaxt keçdiyini bilmirdi. Hava getdikcə qaralır, hər tərəfə zülmət çökürdü. Sonra yenə işıqlaşdı və Günəş göydə göründü.
Lemi nigarançılıq keçirsə də, qorxmurdu, insanlarla rastlaşacağı anı səbirlə gözləyirdi. Arada yorulduğunu hiss edərək iri bir daşın üstündə oturdu. Yenə göyə baxdı və uçan quşları seyr etdi. Dincini alandan sonra paraşütünü daşın altında gizlədib yenə yoluna davam etdi.
Torpaq yolun kənarında, böyük bir sahədə zibillik vardı. Lemi əvvəlcə bunun nə olduğunu başa düşmədi. Yaxınlaşınca üfunət iyindən üz-gözünü turşudub yolunu dəyişmək istəyirdi ki, zibillikdə kiminsə eşələndiyini görüb dayandı və diqqətlə baxdı. Bir neçə saniyədən sonra Lemi özünün böyük arzusunun indicə həyata keçəcəyini başa düşdü: Yer planetində rast gəldiyi ilk insan onun qarşısında, zibilliyin içində dayanmışdı. Bu, yaşlı bir qadın idi.
Lemi qadından gözünü çəkmədən zibilliyin kənarı ilə yavaş-yavaş ona yaxınlaşır, üfunət iyini daha hiss eləmirdi. Qadının əynində köhnə paltar, ayağında uzunboğaz rezin çəkmə vardı. Bir tərəfi aşağı dartılmış yun jaketinin qolları deşik-deşik idi. Başına bağladığı solğun yaylığın altından pırpız saçları görünürdü. O, əlindəki ağacla zibili eşələyib nəsə axtarır, tapanda isə əyilib götürərək çiynindən asdığı iri meşin çantanın içinə qoyurdu. Başı işinə qarışdığından yaxınlaşıb beş-altı addımlığında dayanmış qızcığazı çox gec gördü. Diksinib geri çəkilmək istəyəndə ayağı nəyəsə ilişdi, az qaldı yıxılsın, amma müvazinətini saxladı. Bir neçə dəqiqə bir-birinə baxdılar. Qadın Leminin açıqrəngli qısa saçlarına, ağ bənizinə və yaşıl gözlərinə, əyninə kip oturan boz rəngli şümal şalvarına və köynəyinə təəccüblə baxırdı.
Leminin maraq dolu gözləri geniş açılmışdı, qadını danışdırmaq istəyir, amma nədən və necə başlayacağını bilmirdi. İlk ağlına gələn bu oldu ki, fikrini cəmləyib qadının yaddaşındakı sözlərin hamısını öz beyninə köçürsün.
– Sən kimsən? – deyə qadın sözə birinci başladı, – bura necə gəlib çıxmısan?
– Mən?
Lemi yalan danışmağı bacarmırdı, daha doğrusu, bu heç onun ağlına da gəlmirdi, çünki onların yaşadığı planetdə heç kim heç vaxt yalan danışmırdı. Odur ki sözləri əzə-əzə dedi:
– Biz qalaktikaları səyahət etməyə çıxmışdıq. Qardaşım Kaan məktəbin ən yaxşı şagirdi seçildiyi üçün ona icazə vermişdilər, o da məni özü ilə götürdü. Biz Yer planetinin radiasiya qurşağına ilişib qəzaya düşdük. Əslində, bizim gəmini xilas elədilər, ancaq mən səhvə yol verdiyimdən burada qaldım.
Qadın ağzını ayırıb heyrətlə qulaq asır, bir şey anlamağa çalışırdı. Birdən o, əlini alnına vurub bərkdən güldü:
– Hə, başa düşdüm. Sən, yəqin, xəstəxanadan qaçmısan, eləmi?
Lemi sualı başa düşmədiyindən belə cavab verdi:
– Mən qaçmadım, sadəcə, səbirsizliyimdən düyməni bir az tez basdım, tələsdim.
Qadın təsdiq elədi:
– Əlbəttə, qaçmaq yaxşı deyil, bir az tələsdin. Ay səni! Bilirsən, lap yaxşı eləmisən! O ağxalatlılar, yəqin, səni çox incidiblər. Düzmü deyirəm, incidirdilər?
– Yox, məni heç kim incitməyib. Ancaq dərs keçir və qayda-qanunlara riayət etməyi tələb eləyirdilər.
– Bu qayda-qanunları mən yaxşı bilirəm.
«Yazıq uşaq», – deyə qadın ürəyində fikirləşdi. Sonra hər şeyi belə «gözəl» başa düşdüyü üçün özündən razı halda gülümsəyib əlavə etdi:
– Daha heç nədən qorxma, mən sənə kömək edərəm.
Onlar əl-ələ tutub yola düzəldilər. Qadın hərdən gözucu Lemiyə baxır, pul qazanmaq üçün ondan necə istifadə edəcəyini düşünürdü.
– Sənin atan-anan haradadır?
– Çox uzaqdadırlar.
«Bu lap yaxşı oldu, – deyə o düşündü, – uşağı itirib-axtaran olmaz».
– Adın nədir?
– Lemi.
– Necə?
– Lemi!
– Bu sənin əsl adındır?
Lemi gözlərini döydü. «Nə fərqi var ki», – deyə qadın düşündü.
– Mənim adım Emadır. Ema xala.
– Ema xala! – Lemi təkrar etdi, – Ema xala!
Lemi bu qadından qorxmur, ehtiyat eləmirdi, onun xeyirxah niyyətli olduğuna əmin idi. Odur ki hara gedəcəklərini, nə edəcəklərini bilməsə də, onun əlindən tutaraq sakitcə addımlayırdı.
Günəş batmaq üzrə idi, üfüq qırmızı rəngə boyanmışdı. Səssizlik, nəhayətsizlik, sola-sağa burularaq uzanıb üfüqə qovuşan yol… Zibilliyi çıxmaq şərti ilə Yer planetindən və burada rast gəldiyi ilk insandan aldığı təəssüratdan məmnun qalan Lemi gülümsəyirdi…
Onlar xarabalıqda, çoxdan tərk edilmiş uçuq evlərdən birində qadının özü üçün düzəltdiyi daxmaya girdilər. Otağın üç pəncərəsindən ikisinə taxta vurulduğundan alaqaranlıq idi. Bir tərəfdə dəmir çarpayı, stol və bir neçə kətil görünürdü. Çarpayının üstündə bir