Bəhlul Danəndə lətifələri. Группа авторов
bazarda gördüyü əhvalatı xəlifəyə danışıb axırda deyir:
– Orda mənsiz də qayda-qanun yaradan var, daha mənə ehtiyac yoxdur.
BƏHLUL VƏ MƏMURLAR
Günlərin birində Harun-Ər-Rəşidin məmurları Bəhlulu tutub xəlifənin yanına gətirirlər ki, bəs bu adam şəhərdə şaiyə yayır ki, guya sən ölübsən. Xəlifə bərk qəzəblənib Bəhluldan soruşur:
– Sən nəyə görə belə şaiyə yayırsan?
Bəhlul deyir:
– Sənin məmurların xalqa yaman divan tuturlar, onların bu zülmünə baxıb belə qərara gəldim ki, yəqin xəlifə ölüb, ona görə də bunlar belə azğınlaşıb hədlərini aşıblar.
ALLAH O QƏDƏR DƏ İNSAFSIZ DEYİL
Harun-Ər-Rəşid xalq içərisində özünü öyüb deyir:
– Gərək siz mənə gecə-gündüz dua edəsiniz ki, mənim vaxtımda ölkədə vəba kimi qorxulu xəstəlik baş verməyib.
Bəhlul gülüb deyir:
– Ya xəlifə, Allah o qədər də insafsız deyil ki, bir ölkəyə iki bəlanı birdən verə. Səni bu ölkəyə xəlifə göndərib, elə bu kifayət deyilmi?
ŞAH VƏ BƏHLUL
Bəhlul bir gün yolun kənarında oturubmuş. Padşah adamları ilə gəlib buradan keçəndə Bəhlulu görüb vəzirinə deyir:
– Vəzir, istəyirəm ona söz atam, görüm cavab verə bilərmi?
Vəzir deyir:
– Şahım, mən məsləhət görmürəm. Çünki o, söz altında qalan deyil.
Padşah deyir:
– Eybi yoxdur, deyəcəyəm.
Padşah yanaşıb əvvəlcə Bəhluldan xəbər alır ki, bəs sən kimsən? Buralarda nə eləyirsən?
Bəhlul cavab verir ki:
– Mən heç kiməm, heç nə də eləmirəm. Bəs sən kimsən?
Padşah deyir:
– Mən şaham.
Bəhlul deyir:
– Bəs səndən böyük kim var?
Padşah deyir:
– Heç kim. Bəhlul fürsəti əldən verməyib deyir:
– Deməli, mən səndən böyüyəm.
Padşah deyir:
– Mən nə əmr eləsəm, sözsüz-söhbətsiz hamı onu qəbul eləyir, kimi istəsəm asdıraram, haranı istəsəm darmadağın etdirərəm. Adımı eşidəndə hamı tir-tir əsir.
Bəhlulun oturduğu yerdə çoxlu milçək varmış, ona rahatlıq vermirmiş. Odur ki, deyir:
– İndi ki belə böyük adamsan, əmr elə bu milçəklər məni incitməsinlər.
Padşah pərt olub yoluna davam edir.
HEÇ ÖLÜ DƏ DİRİLƏRMİ?
Xəlifənin məmurlarından biri camaata çox zülm edirmiş. Cana döymüş adamlar bir gün onu tutub öldürürlər. Bu hadisədən qəzəblənən xəlifə həmin adamların yaşadığı kəndin əhalisinə olmazın divan tutur. Sonra onlara qırx gün möhlət verir ki, məmuru diriltsinlər.
Camaat bilmir nə etsin. Axırda Bəhlulun yanına bir neçə adam göndərib ondan kömək istəyirlər.
Bəhlul gələn adamlara deyir:
– Gedin evinizə, mən tədbir görərəm.
Səhər açılan kimi Bəhlul durub xəlifənin yanına gedir. Xəlifə, Bəhlulu görən kimi soruşur:
– Qardaş, çoxdandır mənim yanıma gəlmirsən, xeyir ola, nə xəbər var?
Bəhlul gülə-gülə deyir:
– Qardaş, sənə şad xəbər gətirmişəm. Xəlifə sevincək deyir:
– Bəhlul, nə olub, nə xəbər gətirmisən?
Bəhlul deyir:
– Qardaş, ata-anamız dirilib gəlirlər.
Xəlifənin kefi pozulur, qardaşının yenə də ağıllanmadığına təəssüflənir. Bəhlul isə halını pozmadan deyir:
– Qardaş, kefin niyə pozuldu?
Xəlifə deyir:
– Ay divanə, heç ölən adam da dirilərmi?
Bəhlul deyir:
– Ey Bağdadın "ağıllı" xəlifəsi, bəs onda camaata niyə əmr vermisən ki, sənin ölmüş darğanı diriltsinlər?
GÖR SƏNİ NƏ QƏDƏR DÖYƏCƏKLƏR
Xəlifə bir gün başqa otaqda vəzir ilə söhbət eləyəndə Bəhlul onun taxtına çıxıb yerində oturur. Xəlifənin saray xidmətçiləri başlayırlar onu döyə-döyə taxtdan düşürtməyə. Bəhlul başlayır ağlamağa. Xəlifə gəlib görür ki, Bəhlul ağlayır, soruşur ki, qardaş, niyə ağlayırsan?
Bəhlul deyir:
– Sənin taxtında cəmisi beşcə dəqiqə oturduğum üçün məni belə döydülər. İndi sənin halına ağlayıram ki, neçə illərdir bu taxtda oturursan, vaxtı çatanda gör səni necə döyəcəklər!
MOLLANIN TAMAHI
Molla bir qoca qarıdan on tümən borc alır. Aylar keçir, il ötür, borcu qaytarmır. Qarı nə qədər yalvarır ki, pulumu ver, molla müxtəlif bəhanələr gətirir ki, bəs bilmirəm səndən pul almışam, ya almamışam. Qarının əlacı kəsilir, mollanı da götürüb qazının yanına şikayətə gedir. Yolda Bəhlula rast gəlirlər. Qarı başına gələn əhvalatı ona söyləyir.
Bəhlul üzünü mollaya tutub deyir:
– Molla əmi, görürsən ki, qarının heç kimi yoxdur, yazıq adamdır, on tümən nədir ki, onu vermirsən? Gəl sənə elə bir xəzinə göstərim ki, ömrünün axırına kimi yesən, qurtarmasın.
Molla deyir:
– Haradadır o xəzinə?
Bəhlul əli ilə bir təpəni göstərib deyir:
– O təpəni görürsənmi? Onun dibində bir mağara var, içində də qırx küp qızıl. Gir içəri, nə qədər istəyirsən götür.
Molla qızıl adını eşidən kimi qarının on tümənini verib tez təpəyə tərəf qaçır. Bəhlul da qarğı atını minib "Ah, tamah, ah, tamah!" deyə-deyə gedir.
Molla təngnəfəs gəlib təpənin dörd tərəfini nə qədər axtarırsa, heç nə tapmır. Özünün aldadıldığını bilib kor-peşman evinə qayıdır.
BƏHLULUN YUXUSU
Günlərin birində Bəhlul yolla gedərkən ona bir kişi rast gəlir. Kişi deyir:
– Ay Bəhlul, mənim bir qədər pulum var, özüm də uzaq yerə səfərə gedirəm, pulu da evdə qoymağa ürəyim gəlmir. Səndən məsləhət istəyirəm, pulu kimin yanında qoyum?
Bəhlul deyir:
– Pulu elə adama tapşır ki, nə kor olsun, nə də çolaq.
Kişi Bəhluldan ayrılıb şəhəri gəzə-gəzə gəlib çıxır bir dükana,