Qaraçı köçünün sirri. Энид Блайтон
çıxdı. Culian boynunun ardını qaşıyıb Dikə baxdı.
– İşə düşdük də! – oğlan dilləndi. – O niyə belə eləyir? Əslində, Henri onun xoşuna gəlməlidir, çünki ikisi də bir yuvanın quşudur. Nə isə, yəqin, əvvəl-axır öyrəşərlər.
– Ağlım kəsmir, – Enn dedi. – Onların yola getməməyi bizə əməlli-başlı problem yaradacaq.
O, haqlı idi, həqiqətən də, qızların arasındakı çəkişmə onlara çox böyük çətinliklər yaratdı…
Sümsük
Corc otaqdan yenicə çıxmışdı ki, Henri içəri girdi. Əlləri yenə qalife şalvarının cibində idi.
– Salam, Henrietta! – Dik ucadan dilləndi.
– Oho! Deməli, mənim haqqımda artıq sizə məlumat veriblər! – qız gülümsəyib dedi. – Siz mənim oğlan olduğumu fikirləşəndə bir xeyli əylənmişdim! Lakin, hər bir halda, mən Corcdan daha çox oğlana oxşayıram.
– Hə, yəqin, saçlarına görə, – Dik dedi. – Corcun saçları ilə müqayisədə səninkilər daha düzdür.
– Nəbadə Corcun yanında bunu deyəsən! – Enn qardaşına xəbərdarlıq elədi. – Yoxsa dərhal gedib əsgərlər kimi saçlarını lap dibdən vurduracaq.
– Henri, sağ ol ki, bizi qarşıladın, əşyalarımızı arabaya yükləməyə kömək elədin! – Culian qıza bir daha minnətdarlıq elədi. – Yaxşı, bəs burada işlər necə gedir?
– Pis deyil, – Henri dedi. – Hə, bircə şam yeməyində qalife şalvarımı dəyişdirməyə məcbur etməsələr… Bu, adamı qıcıqlandırır. Çünki kapitan Conson özü masaya oturmamışdan əvvəl iş paltarını dəyişdirmir.
– Bəs başqa nə xəbər var? – Culian limonadından bir qurtum alıb soruşdu. – Maraqlı heç nə baş verməyib?
– Elə bir şey yoxdur, – Enn cavab verdi. – Maraqlı nə varsa, atlarla bağlıdır, vəssalam. Bura darıxdırıcı yerdir. Amma bu yaxınlarda bir yer haqqında eşitmişik. Ora «Sirli Xam Torpaqlar» adlanır.
– Bəs niyə o yerə belə deyirlər? – Dik soruşdu.
– Bilmirəm, – Enn çiyinlərini çəkdi. – Deyəsən, indi ora yalnız qaraçılar gedir. Dünən bura bir qaraçı oğlan gəlmişdi, atı da axsayırdı. Dedi ki, tezliklə Sirli Xam Torpaqlara yola düşməlidirlər. Bilmirəm orada nə işləri var. Eşitdiyimə görə, o yerin ətrafında nə bir ev var, nə də ferma.
– Qaraçıların adət-ənənələri çox qəribədir, – Henri dilləndi. – Onların arxalarınca gələn yoldaşları üçün yolboyu qoyduqları işarələr mənim xoşuma gəlir. Qaraçılar həmin işarələrə «patrinlər» deyirlər.
– Patrinlər? Mən bu barədə eşitmişəm, – Dik dedi. – Bu, yollarda xüsusi formada düzülmüş budaq parçaları, yarpaqlardır, elə deyil?
– Hə, – Henri təsdiqlədi. – Bir dəfə bizim bağban mənə bağın qapısının yanında o budaqlardan bir neçəsini göstərmişdi. Demişdi ki, qaraçılar bu yolla onların arxasınca gələnlərə xəbərdarlıq edirlər. Sonra da mənasını izah eləmişdi.
– Mənası nə idi ki? – Culian maraqla soruşdu.
– Onların çatdırmaq istədikləri fikir bundan ibarət idi: «Buradakı adamlar acgözdürlər, yaxşı insanlar deyillər, onlardan heç nə istəmə!» – Henri bunu deyib gülürdü. – Bağban elə beləcə də demişdi, təsəvvür edirsiniz?
– Bura gələn o qaraçı oğlandan həmin işarələri oxumağın yolunu öyrənə bilərik, – Enn dilləndi. – Bilmək olmaz, bəlkə, nə vaxtsa işimizə yaradı.
– Düzdür, – Culian razılaşdı. – Ondan qaraçıların niyə Sirli Xam Torpaqlara getdiklərinin səbəbini də soruşarıq. Yəqin ki, ora boş yerə yollanmırlar.
– Bura bax, bəs bizim Corc hara yoxa çıxdı? – Dik soruşdu.
Həmin vaxt Corc tövlələrin birində cidd-cəhdlə atları qaşovlayırdı4. Bütün fikrini işə vermişdi ki, Henrinin hərəkətini yadından çıxartsın. Yoxsa yenə qaşqabağını sallayıb hamının əhvalını korlayacaqdı.
«Yaramaz Henrietta! Buna bir bax! Özünü oğlan kimi göstərməyi bəs deyil, hələ, üstəlik, Culianla Diki qarşılamağa da gedir! Yüklərinə kömək eləyir!»
Qız baş verənləri yadına saldıqca bir az da əsəbiləşir, atları var gücü ilə qaşovlamağa davam eləyirdi.
– Demək, burada imişsən! – tövlənin qapısı ağzından Dikin səsi gəldi. – Qoy sənə kömək eləyim. Bura bax, Corc, sən əməlli-başlı kürən olmusan ki! Üzünü də çil basıb.
Corc zorla gülümsəyib əlindəki fırçanı Dikə uzatdı:
– Buyur. Culianla at çapmağa getmək istəmirsiniz? Burada o qədər at var ki!
Dik əmisi qızının hirsinin soyuduğunu görüb çox təəccübləndi. Adətən, Corc əsəbiləşəndə təkliyə çəkilər, bir müddət heç kimlə kəlmə kəsmək istəməzdi.
– Çox yaxşı olardı! – Dik dilləndi. – Hətta birgünlük harasa, məsələn, elə Sirli Xam Torpaqlara da gedə bilərik. Görək oralar necə yerdir!
– Qiyamət olar! – Corc həyəcanla dilləndi. – Bircə şərtim var: o qız bizimlə gəlməsin!
– Hansı qız? – Dik əvvəl özünü bilməzliyə vurdu. – Həə, Henrini deyirsən? Mən onun qız olduğuna hələ də inana bilmirəm. Əlbəttə, onu özümüzlə aparmayacağıq, həmişəki kimi beşimiz bir yerdə yola düşəcəyik.
– Çox gözəl! – Corc sevincək razılaşdı.
Həmin vaxt Culian ilə Enn də tövləyə gəldilər. Elə bu zaman ötən gün axsaq atını gətirən qaraçı oğlan da göründü. Oğlanın çirkli üzündə göz yaşlarının izi qalmışdı.
– Atımın dalınca gəlmişəm, – qaraçı oğlan burnunu çəkə-çəkə dedi. – Bilmirsiniz, o haradadır?
– At hələ səfərə çıxmağa hazır deyil, – Corc cavab verdi. – Kapitan Conson sənə dedi axı, bunun üçün vaxt lazımdır. Nə olub sənə, ağlamısan?
– Atam məni möhkəmcə kötəklədi, – oğlan yenə burnunu çəkə-çəkə dilləndi.
– Niyə? – Enn soruşdu.
– Niyə olacaq?! Atı burada qoyub getdiyimə görə! Deyir ki, atın ayağına məlhəm sürüb bağlasan, keçib-gedər. O, günü bu gün yüklərlə birlikdə yola düşməlidir, alaçığımızı5 da aparmalıdır.
– Yazıq at heç özünü çəkib apara bilmir, alaçığı necə daşısın? – Enn dedi. – Yoxsa, istəyirsiniz ki, kapitan Conson xəstə atı işlətdiyinizə görə sizi polisə versin, hə? Baxın ha, o dediyini eləyən adamdır!
– Hə, bilirəm, – oğlan donquldandı, – ancaq mən bu gün atı aparmalıyam. Yoxsa geri qayıda bilmərəm, atam bu dəfə mənim qabırğalarımı sındırar.
– Bəs niyə özü gəlmir, səni göndərir? –
4
5