Amfibiya adam. Александр Беляев
etdi:
– Xəstələr qapını bu cür döyməzlər. Doktor qəbul eləmir.
– Xəstəyə kömək etməməyə onun ixtiyarı yoxdur, – deyə Zurita özündən çıxdı.
Qapının deşiyi bağlandı, ayaq səsləri uzaqlaşdı.
Zurita qəzəbindən əsirdi. Salvatordan şikayət etsin? Bunun heç bir faydası olmaz. O, yavaş-yavaş sakitləşib gələcək tədbirləri barəsində götür-qoy etməyə başladı.
XƏSTƏ NƏVƏ
Günəşin amansız şüaları altında tozlu yolla qoca bir hindu gedirdi. Onun paltarı cırıq-cırıq idi. Qucağında köhnə adyala bürünmüş xəstə uşaq var idi. Qoca arabir büdrəyirdi, uşaq xırıldaya-xırıldaya inildəyir və göz qapaqlarını güclə qaldırırdı. Qoca ayaq saxlayır, uşağı sərinlətmək üçün onun üzünü qayğıkeşliklə üfləyirdi.
– Bircə ölməmiş ora çatdıra biləydim! – deyə qoca addımlarını sürətləndirərək pıçıldayırdı.
Hindu dəmir qapıya çatıb uşağı sol qolu üstünə ötürdü və sağ əli ilə dəmir qapını taqqıldatdı.
Kiçik qapının deşiyi açıldı, orada kiminsə gözü göründü. Cəftələr cırıldadı və qapı açıldı. Hindu qorxa-qorxa kandarı keçdi. Onun qarşısında qıvrım saçı tamamilə ağarmış ağ xalatlı qoca zənci dayanmışdı.
Hindu dedi:
– Doktorun yanına gəlmişəm, uşaq xəstədir.
Zənci bir kəlmə danışmadan başını tərpətdi, qapını bağlayıb ardınca gəlməyi işarə etdi.
Hindu ətrafına baxdı. Həyətin küncündə böyük və geniş pəncərələri olan ev vardı. Qarşı tərəfə hündür divar çəkilmişdi. Görünür, Salvatorun ərazisinin qalan hissəsi bu divarın arxasında idi.
Evin yanında hindu qadın və kişilər əyləşmişdilər. Çoxları uşaqlı idi. Qoca hindu da evin kölgəsində yerə oturdu. Onun yanında ayağı şişmiş hindu qadın əyləşmişdi. O, qocanın qucağındakı uşağa baxıb soruşdu:
– Qızındır?
– Nəvəmdir, – deyə hindu cavab verdi.
Qarı başını tərpədərək dedi:
– Nəvənin bədəninə bataqlıq ruhu girib. Amma o, – qadın əli ilə evə tərəf işarə etdi, – bəd ruhlardan güclüdür. Bataqlıq ruhunu qovacaq, nəvən sağalacaq.
Ağ xalatlı zənci hindunun uşağına baxdı və evin qapısını göstərdi. Hindu evə girib daş döşəməli böyük otağa daxil oldu. Otağın ortasında üzərinə ağ döşəkağı örtülmüş ensiz, uzun stol vardı. Tutqun şüşəli ikinci qapı açıldı və ağ xalat geymiş ucaboy, enlikürək, qarabəniz doktor Salvator otağa daxil oldu. Qara qaşlarından və kirpiklərindən başqa, başında bir dənə də tük yox idi. Bir qədər irəli çıxan iri, iti çənəsi, donqar burnu və möhkəm sıxılmış dodaqları sifətinə qəddarlıq, hətta vəhşi görkəm verirdi. Soyuq, qonur gözləri vardı.
Hindu təzim edib uşağı uzatdı. Salvator uşağı onun əlindən aldı, onun cır-cındırını açıb otağın küncündəki yeşiyə atdı. Sonra qızı stolun üstünə qoyub onun üzərinə əyildi. Uşağın boğazındakı şişi barmaqları ilə yoxladı. Bu barmaqlar da hindunu heyrətə saldı. Uzun, qeyri-adi dərəcədə cəld barmaqlar idi.
Müayinəni qurtardıqdan sonra doktor üzünü hinduya döndərib dedi:
– Bir aydan sonra gəlib qızını apararsan.
O, uşağı şüşə qapının arxasına apardı; orada vanna, cərrahiyyə otaqları və xəstələr üçün palatalar vardı.
Hindu Salvatorun arxasınca bağlanmış şüşə qapıya dərindən təzim edib bayıra çıxdı.
Düz iyirmi səkkiz gündən sonra həmin şüşə qapı bir də açıldı.
Qapıda təzə paltar geymiş, sağlam, qırmızıyanaq qız dayanmışdı. Onun arxasınca Salvator içəri girdi, qızın başını sığallayıb dedi:
– Hə, al öz qızını.
Qoca hindunun sifətini qırışlar bürüdü, dodaqları əsdi, gözlərindən yaş axdı. Salvatorun qarşısında diz çökdü və hıçqıra-hıçqıra danışmağa başladı:
– Mənim nəvəmin həyatını xilas etdiniz. Yoxsul hindu öz həyatından başqa sizə nə təklif edə bilər? Mən qocalsam da, hələ gücüm vardır. Nəvəmi anasının – qızımın yanına aparıb buraya qayıdacağam. Ömrümün qalan hissəsini sizə həsr etmək istəyirəm. Yalvarıram, məni rədd eləməyin.
Salvator fikrə getdi. Fikirləşdi ki, bu hindu həyət-bacada onun karına gələ bilər.
– Sən deyən olsun. Adın nədir?
– Kristo – Xristofor.
– Get, Kristo. Gözləyəcəyəm.
Kristo nəvəsinə tərəf çevrilib onu qucağına götürdü və tez bayıra çıxdı.
GÖZƏL BAĞ
Bir həftədən sonra Kristo qayıdanda Salvator onun gözlərinin içinə diqqətlə baxıb dedi:
– Sözlərimə yaxşı qulaq as, Kristo. Mən səni işə götürürəm. Yemək və yaxşı maaş alacaqsan…
Kristo əllərini yellədi:
– Heç nə istəmirəm, təki sizə qulluq edim.
– Sus və qulaq as, – Salvator sözünə davam etdi. – Hər şeyin olacaq. Lakin yadında saxla: burada gördüklərin barədə bircə kəlmə də danışmamalısan.
– Ağzımdan bircə söz qaçırsam, dilimi kəsib itlərə ataram.
– Bax ha, elə et ki, dilini kəsməli olmayasan, – deyə Salvator bir də xəbərdarlıq etdi. Sonra ağ xalatlı zəncini çağıraraq əmr etdi: – Onu bağa ötürüb Cimə təhvil ver.
Zənci səssiz-səmirsiz təzim etdi, hindunu ağ evdən bayıra çıxarıb həyətdən keçirtdi və içəri divarın dəmir qapısını döydü.
Divarın arxasından itlərin hürüşməsi eşidildi, qapı cırıldayıb asta-asta açıldı, zənci Kristonu qapı arxasında dayanmış başqa zənciyə təhvil verib getdi.
Kristo qapıdan içəri keçən kimi dəhşətlə divara sıxıldı; qırmızımtıl-sarı rəngli, tünd xallı əcaib heyvanlar bağırtıya oxşar hürüşlə ona tərəf qaçırdılar. Kristo onları yaquar zənn etdi. Lakin bu heyvanlar it kimi hürüşürdülər. O, yaxınlıqdakı ağaca tərəf cumub sürətlə yuxarı dırmaşmağa başladı. Zənci ilan kimi itlərin üstünə fışıldadı. Bu, itləri dərhal sakitləşdirdi. Onlar yerə uzanıb başlarını pəncələrinin üstünə qoyaraq zənciyə altdan-altdan baxdılar.
Cim deyilən zənci Kristoya ağacdan enməyə işarə etdi.
Kristo aşağı düşmədən soruşdu:
– Nə ilan kimi fışıldayırsan? Dilini udmamısan ki?
Zənci yalnız hirslə böyürdü.
«Yəqin ki, laldır, – Kristo fikirləşdi və Salvatorun xəbərdarlığını xatırladı. – Doğrudanmı, Salvator onun sirlərini yayan nökərlərinin dillərini