Görünməz adam. Герберт Уэллс
həmin tərəfə cavab zərbəsi endirdi. Lakin dəyənək havada qövs cızıb haradansa peyda olmuş Teddi Henfrinin kəlləsinə dəydi.
– Tutun onu! – deyə hamı çığıraraq hauada uçan ağ köynəyin üstünə cumdu. Bu, naməlum adamın əynində qalmış yeganə paltar idi.
Otaqdakılar: “Özünü gözlə!”, “Vur onu!”, “Qoyma aradan çıxsın!” – deyə bağıraraq əlləri ilə hara gəldi zərbələr endirirdilər. Nəhayət, Caffers tövşüyə-tövşüyə:
– Tutdum! – deyə çığırdı.
O, görünməz düşməni əldən buraxmadan adamların içərisində fırlanırdı. Üzü qıpqırmızı qızarmış, gərginlikdən damarları qabarmışdı. Camaat aralanıb yol verdi. Caffers boğuq səslə nə isə qışqırır, düşməni əldən buraxmadan var gücü ilə onu təpikləyirdi. Sonra o səndələyib arxası üstə yerə yıxıldı. Yalnız bundan sonra onun əlləri boşaldı.
Bir cavan oğlan əlində çömçə həmin səmtə yüyürdü, lakin o da başından aldığı zərbədən buradaca yerə sərilmiş konsteblin üstünə yıxıldı. Mehmanxanadakı adamlar dəli kimi boşluğa zərbələr endirdiyi zaman küçədəki qadınlardan biri ayağının nəyə isə dolaşdığını hiss edib yıxıldı və bərkdən qışqırdı. Mehmanxana qarşısındakı adamlar bir qədər də əl-qol atdıqdan sonra başa düşdülər ki, naməlum adam artıq onların arasında deyil.
MİSTER TOMAS MARVEL
M ister Tomas Marveli təsəvvür etmək üçün gözünüzün qarşısına kök, bürüşük üzlü, həmişə selikli, yastıburunlu, iri ağızlı, topasaqqal bir adam gətirməlisiniz. Başına həsir silindr qoyurdu, libasının ən mühüm yerlərində düymələrin çox zaman çəkmə bağı ilə əvəz edilməsi onun əbədi subaylardan olduğuna dəlalət edirdi.
Mister Tomas Marvel Aypinqdən təxminən bir mil yarım uzaqda yolun kənarında ayaqlarını arxa sallayıb oturmuşdu. Ayaqlarında tamam süzülüb getmiş corabdan başqa heç bir şey yox idi. Corabların deşiyindən çıxan enli baş barmaqları itin şəklənmiş qulaqlarına oxşayırdı. Hər şeyi tələsmədən, asta-asta edən bu adam indi ayağına ölçmək istədiyi iki cüt çəkməni gözdən keçirirdi. Buna görə də ala-bəzək çəkmələrin dördünü də cüt-cüt yerə düzdü və onlara tamaşa etməyə başladı. Çəkmələrin otların arasında necə durduğunu görüncə birdən-birə hər iki cütün çox yöndəmsiz olduğunu qət etdi. O, arxa tərəfdən səs eşitdikdə qətiyyən təəccüblənmədi.
– Necə olsa, yenə çəkmədir də, – səs dedi.
Mister Tomas Marvel səs gələn tərəfə baxmadan:
– Bu çəkmələri mənə bağışlayıblar, – dedi. – İki cütdür. İntəhası ikisi birinə dəyməz, biri də heçə. Doğrusunu deyim ki, çəkməsiz gəzdiyim vaxtlar da olmuşdur. Ancaq bu cür yöndəmsiz çəkmələri heç vaxt geyməmişəm. Siz bircə bunlara baxın, mənim bəxtim belədir.
O bu sözləri deyib öz ayaqqabısı ilə müqayisə etmək üçün çiyninin üstündən müsahibinin ayaqqabısına baxmaq istədi. Amma һər tərəf bomboş idi. Hansı tərəfə baxırdısa, heç kəs görünmürdü. Kənarlarında arxlar qazılmış və ağ sütunlar basdırılmış hamar yol şimala və cәnuba doğru uzanıb gedirdi.
Mister Tomas Marvel pencəyini düymələyərək:
– Allah, özün kömək ol! – deyə səsləndi. – Hamısı araq zəhrimardandır.
– Arağın bura dəxli yoxdur, – səs dedi. – Həyəcanlanmayın!
Mister Marvel rəngi qaçmış halda:
– Yox, yox! Hamısı araqdandır, – deyə pıçıldadı.
O, bir müddət yerindən tərpənməyib düz qabağına baxdı, sonra yavaş-yavaş yan-yörəsinə nəzər salaraq:
– Mən… dəli olmuşam… – dedi. – Ağlım başımdan çıxıb!.. Bəlkə, bu, cinlərdir?
– Cinlərin də dəxli yoxdur, – səs dedi. – Sən bir qulaq as, gör nə deyirəm!
– Əlbəttə, mən dəli olmuşam, – deyə Tomas Marvel durmadan təkrar edirdi.
Səs hirsini zorla saxlayaraq təkidlə:
– Bircə dəqiqə dayan, – dedi.
Mister Marvel hiss etdi ki, kiminsə barmaqları onun çiyninə toxundu. Bütün vücudu titrəsə də, birtəhər özünü toplayıb:
– Yaxşı, – deyə cavab verdi.
– Sən elə zənn edirsən ki, mən sənin ancaq xəyalına gəlmişəm? Bu yalnız xəyaldır?
Mister Marvel cavab vermək istәdi. Lakin dili söz tutmadı. O, bir dəqiqə hərəkətsiz dayanıb:
– Heç bir şey başa düşmürəm, – dedi.
– Hər şey aydın və sadədir, mən Görünməzəm.
– Nağıl danışma! Hələ, bəlkə, deyəsən ki, sən havasan.
– Bəli, mən hava kimi şəffafam…
– Hə? Yəni sənin içində heç bir şey yoxdur? Təkcə elə bir çərənləyən səsin var, vəssalam?
– Mən də başqaları kimi bir insanam, ətim, qanım var. Ancaq mən Görünməzəm, aydındırmı?
– Demək, sən əsl adamsan?
– Bəli.
– Əgər elə isə, əlini mənə ver… Ay! Bir az yavaş.
Marvel onun biləyindən yapışmış ələ toxundu, sonra qorxa-qorxa əlini onun çiynində, əzələli sinəsində və saqqalında gəzdirdi. Onun üzündən heyrət oxunurdu.
– Səni inandırıram ki, burada heç bir möcüzə yoxdur, – deyə Görünməz adam onu sakitləşdirmək istədi..
– Mənim sadə düşüncəm üçün bu, kifayət qədər qəribədir, – deyə mister Tomas Marvel cavab verdi. – Axı sən bunu necə edirsən?
– Bu çox uzun məsələdir. Həm də ki…
– Mən heç cür özümə gələ bilmirəm, – mister Marvel dedi.
– İndi gör mən sənə nə demək istəyirəm. Mənim köməyə ehtiyacım var. Məni bu hala gətiriblər. Mən sənə təsadüfən rast gəldim. Qəzəbimdən ağlımı itirərək çılpaq, yorğun bir halda gedirdim. Mən adam öldürməyə hazırdım… Birdən səni gördüm…
– Aman Allah! – mister Marvelin sanki damarlarında qanı dondu.
– Mən arxa tərəfdən sənə yaxınlaşdım. “Bu da mənim kimi bir səfildir, – deyə düşündüm. – Bax mənə lazım olan adam elə budur”.
– Ay Allah, – deyə mister Marvel səsləndi. – Axı bu nə işdir mən düşdüm? Görünməz adam! Mən yazığın sənə nə köməyi dəyə bilər?
– İstəyirəm ki, sən paltar, sığınacaq və bəzi başqa şeylər tapmaqda mənə kömək edəsən…
– Dayan! – dedi. – Qoy bir fikrimi toplayım. Mən indi ayağa duracağam. Sən mənə mane olma, yaxşı? Toxunma ha mənə. Bir qədər sakitləşməliyəm. Bunlar hamısı elə ağlasığmazdır