Üç Muşketyor. Александр Дюма
buna istehza etməyək, cənablar, – Portos dedi, – Allaha şükür, kraliça hələ cavandır.
– Deyirlər ki, Bekingem hersoqu Fransadadır, – Aramis mənalı-mənalı gülümsədi.
– Aramis, dostum, bu dəfə siz haqlı deyilsiniz,– Portos etiraz etdi. – Əgər cənab Trevil sizin sözlərinizi eşitsə, dediyinizə peşman olarsınız.
– Yoxsa mənim başıma ağıl qoymaq fikrindəsiniz? – Aramisin gözlərində qığılcım parladı.
– Bəsdirin, cənablar! – deyə ətrafdakılar çığırışdılar.
– Cənab de Trevil cənab Dartanyanı gözləyir, – yavər qapını açıb onların sözünü kəsdi.
Gənc qaskoniyalı bu təhlükəli mübahisədən vaxtında uzaqlaşdığına sevinib Trevilin otağına sarı yönəldi.
Görüş
Cənab de Trevilin ovqatı təlx olsa da, cavan oğlanı nəzakətlə qəbul etdi. Dartanyanın ləhcəsi vətənini, cavanlığını onun yadına saldı. Ancaq qəfildən Dartanyanın sözünü ağzında qoydu, qapını açıb qışqırdı:
– Portos! Aramis!
Artıq tanıdığımız muşketyorlar həyəcanla özlərini kabinetin qapısından içəri saldılar. Kapitan qəzəbli baxışlarla onları süzdü.
– Bilirsinizmi, cənablar, kral mənə dedi ki, bundan sonra öz muşketyorlarını kardinalın qvardiyaçıları arasından seçəcək. Çünki öz turşumuş şərabına yaxşı şərab qatmağı vacib sayır.
Hər iki muşketyor qulaqlarına qədər qızardı.
– Bəli, bəli, – de Trevil sözünə davam etdi, – dünən şahmat oynayanda kardinal krala əda ilə danışırdı ki, üç gün bundan əvvəl bir meyxanada onun qvardiyaçıları sakitliyi pozan muşketyorları həbs ediblər. İşə bir bax! Kral muşketyorları imkan verirlər ki, kardinalın qvardiyaçıları onları həbs etsin.
– İndi ki belə oldu, cənab, – Portos dedi, – mən sizə olanı söyləyim. Biz altı altıya döyüşürdük. Onlar xaincəsinə üstümüzə basqın etdilər, bizdən iki nəfəri öldürdülər. Atos da ağır yaralanıb. Bununla belə, təslim olmadıq. Yolda qaçmağa fürsət tapdıq.
– Ərz olsun qulluğunuza ki, mən də düşmənlərdən birini öldürdüm, – Aramis söhbətə qoşuldu.
– Mən bunları bilmirdim, – de Trevil bir qədər sakitləşdi, – görürəm ki, cənab kardinal məsələni xeyli şişirdib.
Bu yerdə qapı açıldı, kandarda yaraşıqlı bir muşketyor göründü.
– Atos! – hər iki muşketyor birdən qışqırdı.
– Dedilər, məni çağırmısınız, – Atos güclə dilləndi, – qulluğunuzda hazıram, cənab kapitan.
Özünü şax tutmağa nə qədər çalışsa da, Atos ağrıya qalib gələ bilməyib yerə yıxıldı.
– Cərrah! – de Trevil çığırdı. – Mənim cərrahımı, kralın cərrahını çağırın! Tez olun, yoxsa igid Atosum əldən gedər!
De Trevilin kabineti bir anın içində adamla dolub ayaqaltı oldu. Cərrahın tapşırığı ilə Atosu qonşu otağa apardılar. Az sonra Portosla Aramis qayıtdı. Nəhayət, cərrah xəbər verdi ki, Atosun vəziyyəti qorxulu deyil, bayılmağına səbəb də qan itirməsidir.
Hamı kabinetdən çıxandan sonra cənab de Trevil dönüb cavan oğlanı gördü. Bayaqdan onu tamam unutmuşdu.
– Bağışlayın, eloğlu, az qalmışdı sizi unudam, – de Trevil gülümsədi. – Mən sizin atanızın yaxın dostu yam. Deyin görüm, onun oğlu üçün nə iş görə bilərəm?
Dartanyan muşketyorluğa qəbul olunmasını xahiş etdi.
– Atam sizə məktub yazmışdı, ancaq onu məndən xaincəsinə oğurladılar.
Sonra Menqdə baş verən əhvalatı yerli-yataqlı danışdı.
– Söyləyin görüm, o əsilzadənin gicgahında kiçik bir çapıq var idimi? – de Trevil soruşdu.
– Bəli, var idi.
– Özü də bir qadını gözləyirdi, eləmi?
– Kişi ona “miledi” deyirdi. O, qadına bir zərf verib tapşırdı ki, zərfi Londona çatandan sonra açsın…
– Özüdür ki var! – de Trevil pıçıldadı.
– Cənab kapitan, siz o əsilzadəni tanıyırsınızsa, mənə söyləyin. Mən ondan qisasımı almaq istəyirəm.
– Özünüzü gözləyin, cavan oğlan! Onunla üz-üzə gəlməkdən çəkinin, ona toxunsanız, parça-parça olarsınız. Muşketyorluğa gəlincə isə təəssüflə sizə bildirməliyəm ki, əlahəzrətin xüsusi fərmanı var: muşketyorluğa ancaq bir neçə müharibədə iştirak edənləri, ya da bir ayrı şəraitdə igidlik göstərib fərqlənənləri qəbul edirlər. Mən bu gün kral akademiyasının müdirinə məktub yazaram, sizi pulsuz-parasız qəbul edər. Orada at minməyi, qılınc oynatmağı, rəqs etməyi öyrənərsiniz.
Cənab de Trevil məktubu yazıb möhürlədi. Ancaq məktubu vermək üçün Dartanyana yaxınlaşanda cavan oğlanın həyəcanla pəncərədən boylandığını gördü.
– Ax, lənət şeytana! Bu dəfə əlimdən qaça bilməyəcək!
– Kim? – de Trevil soruşdu.
– Oğru! Xain! – Dartanyan bu sözləri deyib kabinetdən yel kimi çıxdı.
Duel
Naməlum adamın arxasınca qaçan gənc qaskoniyalı hər yanı ələk-vələk etsə də, onu tapmadı. Əvəzində bayaq cənab de Trevilin evində gördüyü üç muşketyorla duelə çıxası oldu. Kabinetdən özünü dəhlizə atanda Atosun yaralı çiyninə toxundu, yolda Portosla toqquşdu, bir başqa yerdə Aramisin xətrinə dəydi. Qəlbinə yaxın bildiyi igid muşketyorlarla döyüşdən yayınmaq üçün üzr istəsə də, onların duel çağırışını qəbul etməyə məcbur oldu, Atosla vuruşmaq üçün Karmelitlər monastırına doğru uça-uça getdi.
Parisdə heç kimi tanımadığından Dartanyanın şahidi yox idi, Atosun şahidləri isə hələ gəlməmişdilər.
– Möhtərəm cənab, mən iki dostumu dəvət etmişəm ki, şahidim olsunlar, – Atos dedi, – nədənsə ləngiyirlər. Budur ha, deyəsən, gəlirlər.
Dartanyan Atosun göstərdiyi səmtə baxanda Aramislə Portosu görüb heyrətləndi.
– Mən bu cənablarla da vuruşacağam.
– Bu necə işdir? – Atos təəccübləndi.
– İndi ki hamınız yığışmısınız, cənablar, icazə verin sizdən üzr istəyim.
“Üzr istəyim” sözlərini eşidəndə Atos qaşlarını çatdı, Portosun üzündə lovğa bir təbəssüm göründü, Aramis isə dodaqlarını həqarətlə büzdü.
Dartanyan qürurla başını dik tutub dedi:
– Mənim sözümü yaxşı başa düşmədiniz, cənablar. Atosun məni hamıdan qabaq öldürmək haqqı var, qorxuram sizə olan can borcumu ödəyə bilməyəm. Yalnız buna görə sizdən üzr istədim. İndi isə başlayaq!
Atosla