Mən, nənəm, İliko və İllarion. Нодар Думбадзе

Mən, nənəm, İliko və İllarion - Нодар Думбадзе


Скачать книгу
deməli, iclasa çağırırdılar.

      İclasa İllarionla getdim. Biz arxada oturduq. İclasa mühasib Alfez sədrlik edirdi:

      – Deməli, belə: bizim sədr Şalva tələb edir ki, idarə onun evinin yanında tikilsin. Kim söz istəyir? Amma xəbərdarlıq edirəm: reqlament beş dəqiqədir.

      – Sualım var.

      – De görək, Trifon.

      – Hörmətli Şalva, təzə kontoru sizin evin qabağında tikək, ya köhnəsini köçürüb damını yenidən quraq?

      – Trifon Sixarulidze! – sədr yerindən sıçradı, – məni ələ salma, yoxsa sənə göstərərəm! Kontoru söküb evimin qabağında quraşdırmaq lazımdır! Aydındır?

      – Yoldaşlar, mətləbə keçək! Kimin sualı var?

      – Mənim təklifim var. İcazə olar? – deyə İllarion qalxdı.

      – İllariona söz verin!

      – Düyə hara yox oldu, dövlətin tikinti materialı nə üçün sədrin evinə işləndi, necə oldu ki, kolxozun çaxırı sədrin küplərinə doldu… İndi bütün bunları yada salmaq və dəqiqləşdirmək artıqdır. Kənarda eşitsələr, nə deyərlər? Evin sirri evdə gərək… Mən deyirəm ki, bəlkə, sədrin evini söküb idarəyə yaxın tikək?

      – Nə danışırsan, damı təzəcə örtülüb, yenə sökək?

      –Onda sədrin ailəsini idarəyə köçürək, evini isə kirayə alaq, eləyək idarə.

      – Dəli olmusan? – sədr özündən çıxdı, – Təzə ev əvəzinə çürük daxmanı sırımaq istəyirsiniz mənə?

      – Təklifim var, – Marqarita Çanturiya sözə başladı, – sabah Tbilisidən artistlər gəlir. Klubun inşaat materialı sədrin evinə işləndiyindən konserti onun evində keçirək.

      – Səni manqabaşçısı təyin edəndə ağlım harada imiş?

      – Sualım var, – biri ayağa durdu, – sədr nə vaxt məktəbin təmirinə başlayacaq? Sinif otaqları uçulub-dağılır.

      – Mənim bir yaxşı təklifim var! – deyə İliko əlini qaldırıb söz aldı. – Dostlar, biz yenə əsas mətləbdən uzaqlaşdıq: idarəni harada quraşdıraq?

      – Təklifin nədir?

      – Bəlkə, idarəni heç sökməyə dəyməz? Yığışıb hamılıqla sədrə maşın alaq?

      – Yox, yaxşısı budur ki, hər səhər onun evinə iki igid göndərək, sədrimizi qolları üstündə idarəyə gətirsinlər!

      – Başımızda oturduğu bəs deyil, hələ bir qollarımızın da üstündə gəzdirək?

      – Bir təklif də var. Bizim sürücü hanı?

      – Buyur, İliko!

      – Artıq dörd təkərin varsa, onları idarənin altına qoyub sədrin istədiyi yerə dığırladaq.

      Zalda qəhqəhə qopdu. Sədr çaşıb qaldı.

      – Yaxşı, nə qərara gəldik? – iclasın sədri soruşdu.

      – Təklifim var! – deyə öz cəsarətimdən özüm qorxdum.

      – Danış, yaramaz! – deyə iclasdakılar hay-küy saldılar.

      – Mən…təklif edirəm: təzə sədr seçək!

      Tam sakitlik çökdü. Dizlərim əsirdi. Mənim ümumi iclasda etdiyim təklif yekdilliklə qəbul olundu.

      – Nəhayət, ağıllı bir adam tapıldı! Zuriko olmasaydı, hələ səhərə kimi buradaydıq! – deyə İllarion alnımdan öpdü.

      Yapıncı, uzunboğaz çəkmələr və corablar

      Bu il qış sərt gəlmişdi. Soyuq bizim otağın dəlmə-deşiyindən içəri dolurdu. Nənəm əvvəlcə dəlmə-deşikləri əsgi-üsgü ilə, sonra mənim dəftərlərimdən cırdığı kağız-kuğuzla tıxadıqdan sonra otaq bir az isindi.

      …Nənəmlə buxarının yanında oturmuşduq. O, hansısa nağılı danışa-danışa ona qulaq asdığıma əmin olmaq üçün arabir gözaltı mənə baxırdı. Birdən eyvanda ayaq tappıltısı eşidildi.

      Pəncərədən boylandım. İliko və İllarion eyvanda üst-başlarının qarını çırpırdılar. Qapını açıb, onları içəri dəvət etdim.

      – Axşamınız xeyir! – İllarion salam verib, təptəzə xizəkləri küncə tulladı.

      – Xizəklər haradandır, İllarion? – deyə soruşdum.

      – Səhər məktəbə necə gedəcəksən, zırrama! Sənə gətirmişik…

      İllarionu qucaqlayıb tüklü, soyuq üzündən öpdüm…

      Nənəm buxarının qabağında süfrə açdı. İllarion:

      – Nahaq yerə əl-ayağa düşmə, Olqa, vallah, axı biz elə-belə söhbətə gəlmişik! – dedi.

      – Kef sizindir, yığışdıra bilərəm! – nənəm dedi.

      – Sən istəmirsənsə, rədd ola bilərsən! Başqalarının əvəzinə danışma! – deyə İliko bağırdı.

      İllarion almanı dişinə çəkib sözə başladı:

      – Bu gün poçtalyon yanıma gəlmişdi, Gerasimin oğlunun ölüm xəbərini gətirib. Dedi ki, mən ona xəbər verə bilmərəm. Məndən xahiş etdi…

      – Ah, yazıq Gerasim! – deyə nənəm ağladı…

      – Yazıq Kerçdə həlak olub. Kəndimizə gələn yeddinci ölüm xəbəridir… – İllarion davam etdi.

      – Gerasimə xəbər verdin?

      – Nə danışırsan? Kişi saatbasaat oğlunun qayıdacağını gözləyir, mənim heç dilim gələr?

      – Ay Allah, o yırtıcı Hitlerə cəza ver! – nənəm ağlayırdı.

      – Bəs indi nə etmək istəyirsən? – deyə soruşdum.

      İllarion məktubu cibindən çıxardıb xeyli baxdı, sonra əyilib oda atdı. Alov İllarionun üzünü işıqlandırdı. Onun qırxılmış üzündə iki damla göz yaşı göründü.

      – Oğlan sağdırsa, gec-tez gələr, yox, ölübsə, qoy bədbəxt ata gözləsin. İnsanı yaşadan ümiddir.

      Bu zaman kənd təşviqatçısı Georgi Vaşakidze gəldi.

      – Gəlmək olar? Bağışlayın ki, belə vaxtsız gəlmişəm.

      – Buyurun! – nənəm onu içəri dəvət etdi.

      İllarion soruşdu:

      – Təzə nə xəbər var? Cəbhədə işlər necədir?

      – Pis deyil. Düşmənin hücumunun qarşısı alınıb, Hitlerin ildırım sürətli müharibə planı iflasa uğrayıb! – təşviqatçı birnəfəsə danışdı.

      – Biz bu barədə bir ay əvvəlki qəzetlərdə oxumuşuq.

      – Sizinlə ciddi işim var. Qulaq asın! Vətənimiz təhlükədədir: xain düşmən bizim azadlığımızı qanlı pəncələri ilə boğmaq istəyir! Şanlı Ordumuz faşist işğalçılarına sarsıdıcı zərbələr endirir!

      – Qəzetdəkiləri sözbəsöz əzbərləmisən


Скачать книгу