Professor Douelin başı. Александр Беляев
Zəifləmiş səs telləri işə yaxşı yaramırdı. Bu, dəhşətli duet idi.
– Zavallı səsim… Siz mənim əvvəllər necə oxuduğumu eşitmiş olsaydınız! – deyən Brikenin qaşları iztirabla çatılırdı.
Yer və Göy
Brike coşqun həyat tərzi keçirdiyindən, nəinki axirət barədə düşünməyə, hətta kilsəyə getməyə belə macal tapmamışdı. Onun indiki həyatı dəhşətli idi, lakin ikinci dəfə ölmək ehtimalı onu daha çox qorxudurdu. Gecələr axirət dünyasının dəhşətləri ona əzab verirdi. Gözləri qarşısında cəhənnəm alovunun dilləri canlanırdı. Öz günahkar bədəninin nəhəng tavada qızardıldığını görürdü.
Brike dəhşət içində oyanır, dişləri bir-birinə dəyib şaqqıldayır, nəfəsi təngiyirdi.
– İlahi, ilahi, doğrudanmı, sən öz zavallı bəndənin təqsirindən keçməyəcəksən, sən ki hər şeyə qadirsən, – onun dodaqları səssizcə tərpənirdi, – sənin mərhəmətin hədsizdir. Mən çox günaha batmışam, ancaq məgər təqsir məndədir? Anam yadıma gəlmir, xeyirxahlığı kimdən öyrənə bilərdim?.. Mənə qəzəbin tutmasın, ilahi, mərhəmətin sayəsində məni qıl körpüdən keçir…
Tomas da pis yatırdı. Ancaq onu cəhənnəm dəhşətləri təqib etmirdi. Onu üzən dünya həsrəti idi. Cəmisi bir neçə ay əvvəl pul qazanmaq arzusu ilə doğma kəndini tərk etmişdi. O zaman alyanaq Meri ilə evlənə bilərdi… İndi isə hər şey məhv olmuşdu. Başı qarğa ürküdən müqəvva kimi payaya keçirilmişdi. Hanı onun qüvvətli qolları, sağlam bədəni?!
Ona bədən calamaq xahişi ilə Brike yenidən professor Kernə müraciət etdi.
– Cənab professor, mən belə qala bilmərəm. Çox xahiş edirəm. Əminəm ki, istəsəniz, bu işin də öhdəsindən gələrsiniz.
“Lənət şeytana, axı niyə də yox?” – professor Kern düşündü. Bədəndən ayrılmış başları diriltmək şöhrətini öz adına çıxsa da, bu uğurlu təcrübələrin, əslində, professor Douelin xidməti olduğunu yaxşı dərk edirdi. Axı nə üçün o, Doueli ötüb keçməsin? Həlak olmuş iki adamdan bir dirisini yaratmaq möhtəşəm bir iş olardı. Hər halda Douelin bəzi məsləhətlərindən istifadə edə bilərdi. Hə, bu barədə dərindən düşünmək lazımdır.
– Olmaya, könlünüzə rəqs etmək düşüb? – professor Kern gülümsədi.
– Könlünüzə düşüb nədir? Səhərdən axşama qədər kəpənək kimi rəqs edəcəyəm. Təki mənə cavan, yaraşıqlı qadın bədəni verin.
– Axı niyə hökmən qadın bədəni? Ürəyinizdən keçsə, lap elə kişi bədəni də verə bilərəm.
Brike təəccüblə ona baxdı.
– Kişi bədəni? Qadın başı kişi bədəni üzərində! Yox, yox, bu, dəhşətli eybəcərlik olardı! Hətta paltar düşünmək belə çətindir.
– Onda siz artıq qadın olmayacaqsınız. Bığ-saqqalınız çıxacaq, səsiniz dəyişəcək. Çox qadınlar var ki, kişi doğulmadıqlarına təəssüf edirlər.
– Onlar, yəqin, kişilərin əhəmiyyət vermədikləri qadınlardır. Belələri, çox güman, kişiyə çevrilməklə udmuş olardılar. Mən isə… Mənim buna ehtiyacım yoxdur, – Brike öz gözəl qaşlarını qürurla çatdı.
– Yaxşı, siz deyən olsun. Qadın olaraq qalarsınız. Mən də çalışaram sizin üçün münasib bədən tapam.
– Ah, professor, sizə son dərəcə minnətdar olaram. Bunu elə bu gün etmək olarmı?
– Bu, tezliklə olan iş deyil.
Professor Kernin yeni bədən barədəki vədindən sonra Brikenin əhvalı kəskin dəyişdi. Cəhənnəm əzabları artıq onu təqib etmirdi. Qarşıdakı həyatı barədə fikirləşirdi. Güzgüyə baxdıqca sifətinin sınıxması, dərisinin saralması, qırışların əmələ gəlməsi onu narahat etməyə başlayırdı.
– Professor, doğrudanmı, mən belə arıq, solğun qalacağam? – tez-tez həyəcanla Kerndən soruşurdu.
– Siz əvvəlkindən də gözəl olacaqsınız, – Kern onu sakitləşdirirdi.
– Yox, rəng yaxmaqdan bir şey çıxmayacaq, bu, özünü aldatmaqdır, – professor gedəndən sonra Brike deyinirdi. – Gözlərimin kənarlarında, burnumdan dodaqlarıma tərəf yeni qırışlar əmələ gəlib. Elə bilirəm ki, yaxşı masaj edilsə, yox olarlar. Hə, az qala, unutmuşdum, paltarlıq üçün boz ipək tapa bildinizmi? Boz rəng mənə çox yaraşır. Moda jurnalları da gətiribsiniz? Çox əla! Heyif ki, paltar biçmək mümkün deyil. Bədənimin necə olacağı hələ məlum deyil. Professor boyca uca, beldən nazik bədən əldə etsəydi, yaxşı olardı!
Loran professor Douelin başını unutmurdu. Əvvəlki kimi başa qayğı göstərir, səhərlər qiraətlə məşğul olurdu. Söhbət üçün vaxt qalmırdı, ancaq hələ çox şeylər barədə Douellə danışmaq istəyirdi. Loran getdikcə daha çox yorulur və əsəbiləşirdi. Brikenin başı ona bircə dəqiqə belə rahatlıq vermirdi.
Cəsarətli əməliyyatı həyata keçirmək fikri isə Kerni aludə etmişdi. Professor Douelin başı olan otağın qapısını içəridən kilidləyib, saatlarla onunla məşvərət edirdi. Douel Kernin ağlına gəlməyən, lakin təcrübənin nəticəsinə təsir edə biləcək çətinlikləri göstərir, heyvanlar üzərində qabaqcadan bir neçə təcrübə aparmağı məsləhət görürdü. Qarşıdakı təcrübə onun özünü fövqəladə dərəcədə maraqlandırırdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.