Heklberri Finnin macəraları. Марк Твен
Belə qət etdim ki, o, yuxuya gedən kimi mən açarı onun balışının altından oğurlayım, yaxud da tirdən bir parça mişarlayıb daxmadan çıxmağa çalışım.
Atam isə doymaq bilmədən hey içdi, sonra yatağının üstünə yıxıldı. Ancaq mənimki gətirmədi, o, yuxuya gedə bilmirdi. Elə hey inildəyir, bağırır, çırpınıb o yan-bu yana diyirlənirdi. Xeyli müddət keçdi. Axırda mənim elə yuxum gəldi ki, gözlərim öz-özünə yumuldu.
Nə qədər yatdığımı bilmirəm, birdən dəhşətli bir çığırtıya yerimdən sıçradım. Atam dəli kimi özünü o tərəf-bu tərəfə çırpır və qışqırırdı. Daha sonra yumruğunu havada yellədərək fəryad etdi ki, guya cinlər onu tutublar. O, get-gedə sakitləşdi və bir müddət dinməzcə qaldı, lakin yenə də inildəyirdi. Mən canavarların meşənin dərinliyində necə uladığını eşitdim, ətrafdakı sakitliyi bu daha da dəhşətli edirdi. Atam küncdə yıxılıb qalmışdı. Birdən o, başını yana əyərək nəyəsə qulaq asmağa başladı və güclə eşidiləcək bir səslə cinlərə yalvardı ki, ona toxunmasınlar. Sonra yorğanına bürünüb masanın altına girdi və ağlamağa başladı. Qəfildən yorğanı bir tərəfə atıb dəli kimi ayağa qalxdı və məni görüb qovmağa başladı. O, əlinə bıçaq alıb otaq boyu məni qovur, məni “Ölüm ilahəsi” adlandırır və öldürməklə hədələyirdi. Mən atamdan sakit olmasını xahiş edib ona kim olduğumu xatırlatsam da, o gülür, bağırır və ardımca qaçırdı. Bir azdan qoca lap əldən düşdü. Döşəməyə çöküb qapıya söykəndi və dedi ki, dincini aldıqdan sonra məni öldürəcək.
O, yavaş-yavaş mürgüləyib yuxuya getdi. Onda mən divardan asılmış tüfəngi götürdüm, dolu olub-olmadığını yoxladım, sonra tüfəngi komadakı çəlləyin üstünə qoydum, özüm isə çəlləyin arxasında oturdum. Atamı nişan alıb onun yuxudan nə vaxt oyanacağını gözləməyə başladım. Vaxt isə çox ləng keçirdi.
MƏN ATAMIN YANINDAN QAÇIRAM
– Ayağa qalx! Bu nədir düzəltmisən?
Mən gözlərimi açıb ətrafa baxdım. Atam başımın üstündə durmuşdu. Üzü-gözü şişmişdi.
– Bu nə oyundur tüfənglə çıxardırsan? – o dedi.
Anladım ki, o, gecə nələr etdiyini xatırlamır. Buna görə də dedim:
– Kimsə bizim evə soxulmaq istəyirdi, mən də onu pusurdum.
– Bəs nə üçün məni oyatmadın?
– Oyatmaq istədim, amma sən oyanmadın.
– Yaxşı… Boş-boşuna burada dayanma, bəsdir çərənçilik etdin! Get bax, gör tora balıq düşüb, ya yox. Mən bir azdan gələrəm.
O, qapını açdı, mən çaya tərəf qaçdım. Gördüm ki, çayaşağı ağac qırıntıları, hər cür zir-zibil və hətta ağac qabıqları axır. Deməli, çay qalxmağa başlayıb.
Mən sahillə addımlayıb bir gözümlə atam gələcək tərəfə baxır, o biri gözümlə isə çayın yararlı bir şey gətirib-gətirmədiyinə nəzər salırdım. Birdən gördüm ki, çay əla vəziyyətdə olan bir qayıq gətirir. Qayığın uzunluğu on üç, on dörd fut olardı. Mən suya qurbağa kimi başıaşağı atıldım, qayığın ardınca üzməyə başladım. Cəld tərpənərək ona çatmağı bacardım. Sonra qayığın içinə minib onu sahilə tərəf sürdüm. Qayığı çayın söyüd və cır üzüm tənəkləri bitmiş girintili yerinə çəkib saldım və burada ağlıma bir fikir gəldi. Düşündüm ki, onu burada gizlədim, sonra isə əlimə fürsət düşən kimi onunla başqa bir yerə üzüb asudə yaşayaram.
Mən daxmamızın lap yaxınlığında idim. Mənə elə gəldi ki, atam buraya yaxınlaşır, ancaq bununla belə, qayığı gizlətməyə macal tapdım. Sonra kolların arasından boylanıb gördüm ki, atam cığırla çaya tərəf enir.
O gəlib çatanda mən özümü elə göstərdim ki, guya torun ipini səylə yığıram. Bu qədər eşələndiyim üçün atam məni bir qədər söydü. Amma mən onu aldadaraq dedim ki, guya suya yıxılıbmışam, buna görə də bu qədər çox əlləşməli olmuşam. Onsuz da bilirdim ki, atam mənim tamam yaş olduğumu görüb sorğu-suala tutacaq. Ona görə də belə bir yalan uydurdum.
Biz tordan beş naqqa balığı çıxarıb komaya döndük.
Hər ikimiz bərk yorulmuşduq. Səhər yeməyindən sonra uzanıb yatdıq. Təxminən saat on ikidə yuxudan ayılıb sahilə yollandıq. Çayın suyu sürətlə qalxırdı, üzərində hər cür taxta və tir parçaları üzürdü. Bir az sonra biz bir-birinə bağlanmış doqquz tirdən ibarət sahibsiz bir salın üzdüyünü gördük.
Qayığa minib tirləri sahilə çəkdik. Atam onları satmaq üçün şəhərə getməyə qərar verdi. O, məni daxmaya salıb qapını kilidlədi, qayığı götürüb təxminən saat dördün yarısında salı yedəyə alaraq şəhərə çəkib apardı. Öz hesablamama görə onun xeyli uzaqlaşmasını gözləyib mişarı gizlətdiyim yerdən çıxardım və masanın altındakı tiri mişarlamağa başladım. Atam o biri sahilə gedib çıxmamış mən artıq bayırda idim. Qayıq ilə sal çox-çox uzaqlarda, suyun üzərində kiçik bir ləkəyə oxşayırdı.
Mən bir kisə qarğıdalı unu götürüb öz qayığımda gizlətdim. Sonra bir az donuz əti, viski şüşəsi, olub-qalan qəndi və qəhvəni, bütün barıt və qırmanı da oraya daşıdım. Vedrə ilə su qabı, köhnə mişarı, iki yorğan, qazança və qəhvədan, tilov və kibrit qutuları, tüfəng və daha bir neçə əşyanı da oraya daşıyıb apardım. Atam məni qoyub gedəndə baltasını götürməyi unutmuşdu. Amma onu qayığa aparmadım, çünki o, mənə hələ lazım olacaqdı.
Mişarladığım dəlikdən keçib bu qədər əşyanı daşıyarkən daxmanın içərisinə ayaq izlərimi salmışdım. İzlərin üstünü torpaqla yaxşıca örtdüm ki, taxta kəpəyi görünməsin. Sonra mişarla kəsdiyim tir parçasını əvvəlki yerinə keçirtdim, altına iki daş qoydum, bir daş da yandan söykədim. Tirin bir hissəsinin mişarlandığını bilməsən, kənardan baxdıqda bunu heç cürə başa düşə bilməzdin.
Mən qayığın yanındakı otların üstü ilə getdim ki, qumun üzərində ayaq izim qalmasın. Sahildə dayanıb çaya nəzər saldım. Hər tərəf sükut içində idi. Tüfəngi götürüb meşənin lap dərinliyinə getdim. Qarşıma bir vəhşi donuz balası çıxdı. Donuz balasını tüfənglə nişan alıb vurdum. Onu vurduqdan sonra daxmamızın yanına gətirdim.
Əvvəlcə baltanı götürüb daxmanın qapısını sındırdım. Həm də çalışdım ki, onu möhkəmcə dağıdım. Donuz balasını sürüyüb stolun lap yanına çəkdim, balta ilə boynunu üzüb qanı axsın deyə, yerə qoydum. Köhnə bir kisəni götürüb içinə daxmanın ətrafından gücüm çatacaq qədər yekə daşlar yığdım və kisəni donuz balasının cəsədinin yanından qapıya tərəf sürükləməyə başladım. Kisəni meşə ilə sürükləyərək çayın sahilinə gətirib suya atdım. Daşla dolu kisə suyun dibinə getdi. O saat gözə çarpırdı ki, burada yerlə nə isə sürükləyib aparıblar. Heyif ki, həmin vaxt Tom Soyer yanımda deyildi. Bu cür işlərdə heç kəs Tom Soyer qədər bacarıqlı ola bilməzdi.
Sonra mən saçımdan bir çəngə qopartdım, baltanı qana bulaşdırdım və tükləri baltanın tiyəsinə yapışdırıb