Kventin Dorvard. Вальтер Скотт
yaxınlaşıb məcməyini əlindən aldı. Qız yalvarıcı baxışlarla qəzəblənmiş qocaya baxdı. Pyer dayının ürəyi yumşaldı:
– Sənə acığım tutmur, Jakelina. Sən yalançı olmaq üçün çox gəncsən. Yəqin, cənab şotlandiyalı da bunu təsdiq edər.
Qız itaətlə dönüb gəncə baxdı. Yox, deyəsən, bu qız heç də adi xidmətçi deyildi. Elə bu qocada da nəsə ayrı bir xüsusiyyət vardı.
– Bibim məni sizə qulluq etmək üçün göndərib…
– Lənət şeytana! Ay uşaq, mənimlə söz güləşdirmə, yeri get!
Jakelina getdi. Qoca tacir nəyə görəsə qaşqabağını töküb oturmuşdu. Nəhayət, fikirdən ayılıb dilləndi:
– Dedin ki, zadəgansan?
– Şübhəsiz! Ancaq uşaqlıqdan mənə öyrədiblər ki, kiçiklər böyüklərə qulluq etməlidir.
Qoca soyuqqanlılıqla qədəhi Kventindən alıb suyu başına çəkdi.
– Dayınla görüşənə qədər burada qal. Günortadan sonra növbəsini dəyişəcək. Mənim də qəsrdə işim var, xəbər verərəm ki, onu gözləyirsən.
Bunu deyib qoca otaqdan çıxdı.
Çox keçmədən mehmanxana sahibi gəldi. Kventin onunla bir qədər şərab içmək istədi. Amma mehmanxana sahibi masadakı qədəhə toxunmaqdan imtina etdi. Çünki qədəh Pyer dayının idi. Üstəlik, onu Parisdə tayı-bərabəri olmayan məşhur usta Martin Dominik düzəltmişdi.
Dorvard səbirsizliklə soruşdu:
– Axı kimdir bu Pyer dayı? Mənə dedi ki, tacirdir. Ancaq deyəsən, burada bir sirr var.
– Elə deyibsə, deməli, tacirdir.
– Nə ticarəti ilə məşğuldur?
– Hər cür ticarətlə. Onun burada ipək emalatxanaları var. Bəlkə də, gələndə yolda tut meşələrini görübsünüz, onun əmri ilə barama qurdları üçün əkiblər o ağacları.
– Bəs Jakelina kimdir?
– Mehmanxanamda kim olduğunu bilmədiyim bir qadınla qalır… Pyer dayı hər kəsi özünə xidmət göstərməyə məcbur edə bilir.
– Bir neçə günlüyə, ya da daha uzun müddətə otaq verə bilərsinizmi?
– Əlbəttə!
Dorvard nə olur-olsun, Jakelinanı yenidən görmək istəyirdi. Hələlik isə mehmanxana sahibindən xahiş etdi ki, ona qalacağı otağı göstərsin.
Mehmanxana sahibi dəhlizin lap sonundakı otağın qapısını açdı. Kiçik, amma təmiz otaqda bir çarpayı və səliqə ilə düzülmüş avadanlıq vardı.
– Ümid edirəm ki, otağınızı bəyəndiniz. Pyer dayının qonaqlarına qulluq etməyi özümə borc bilirəm.
Dorvard təsadüf nəticəsində qovuşduğu xoşbəxtlikdən çaşıb-qalmışdı. O, otağın yeganə pəncərəsindən ətrafa boylandı. Yaşıl şərflə örtülü ud asılmış pəncərəyə baxdı. Çox arzu edirdi ki, gözəl qonşu qız – Jakelina barədə nəsə öyrənsin. Bu vaxt ağappaq bir əl uzanıb pəncərədən asılmış udu götürdü. Kventin əl sahibinin həmin qız olub-olmadığını bilmək istədi. Naməlum qız cəngavərlik dövrünün qədim nəğmələrindən birini oxumağa başladı. İncə meh ilə qarışan bu zərif səs Kventinə sehrli təsir bağışladı. Nəğmə kəsildi. Pəncərə şappıltı ilə örtüldü, pərdə salındı. Dorvard məyus oldu.
Elə bu vaxt xidmətçi gəldi. Bildirdi ki, bir cəngavər onunla görüşmək istəyir.
V fəsil
Döyüşçü
Lüdovik Leslini Fransada “Çapıq Lüdovik” kimi tanıyırdılar. O, boylu-buxunlu, sağlam, sərt simalı bir adamdı. Alnından düz qulağının dibinə qədər uzanan yekə bir çapıq üzünə daha da sərt ifadə verirdi. Bahalı libas geyinib gözəl silahlanmışdı. Başında milli Şotlandiya şapkası vardı. Onun zirehli geyiminin boyunluğu, qolçaqları, döşlüyü əla poladdan idi.
Dorvard uşaqlıqdan müharibələr görmüşdüsə də, bu vaxtacan dayısı kimi mərdanə və belə gözəl silahlanmış döyüşçüyə rast gəlməmişdi. Dayısı onu qucaqlayıb öpdü. Şotlandiyadan yeni nə xəbərlər gətirdiyini sorğu-sual etdi. Kventin anasının öldüyünü deyəndə Çapığın üzünə kədər çökdü. Bir qədər susduqdan sonra soruşdu:
– Onda, yəqin, atan evlənib, hə? – özü də cavab verdi, – əlbəttə, Allan Dorvard evlənməzmi?
– Anam atamdan bir il əvvəl dul qalmışdı axı. İki əmim, iki böyük qardaşım, o biri əqrəbamızdan da yeddi nəfər qəsrimizi Ogilvilərin hücumundan qoruyarkən həlak oldular. İndi orada daş üstdə daş qalmayıb.
– Bədbəxtlik! Nə vaxt olub bu faciə?
– Bir il öncə…
Çapıq Lüdovik qəmli-qəmli başını buladı:
– Bəs bu vuruşmada sənin payına nə düşdü?
– Onlar hamısı qırılana qədər vuruşdum. Aldığım ağır yaradan huşumu itirdim.
– Ay məlunlar!
– Sonra anamın xətrinə monastıra getdim. Bütün qayda-qanunlara əməl etdim. Həm də savad öyrəndim. Səhhətim düzələndən sonra anladım ki, mən heç cür rahib ola bilmərəm. Xoşbəxtliyimi başqa yerdə axtarmalı idim. Monastırı himayədarım Pyotr atanın razılığı ilə tərk etmişdim. Hətta onun imzası və möhürü ilə şəhadətnaməm də var. Amma elə qaçmalıydım ki, Ogilvinlər Pyotr atadan şübhələnməsin və ona qəzəblənməsinlər. Odur ki qaçanda abbatın tərlanını da götürmüşdüm.
– Kralın qaçaq rahiblərdən zəhləsi gedir. Ciblərin nə haldadır?
– Varım-yoxum bircə ovuc gümüş pulum var.
– Mən də pul yığmağı sevmirəm. Ancaq həmişə ehtiyat üçün qızıldan bir şeyim olur. Sonra da xırda-xırda satıb işlədirəm. Sən də bunları mənim kimi mərhəmətli fransız kralının qulluğunda əldə edə bilərsən. Bir şərtlə ki, təhlükədən qorxmayıb həyatını riskə atmağa cəsarətin çatsın.
Dorvard dedi:
– Eşitmişəm, Burqundiya hersoqunun sarayı fransız sarayından xeyli dəbdəbəli və zəngindir. Burqundiyalılar vuruşmaqda da qoçaqdırlar. Ancaq sizin kralınız bütün qələbələri elçilərinin dili ilə qazanır.
– Yelbeyin uşaq kimi danışma. Siyasət lazımdır, siyasət! Bu, başqasının silahını onun özünə qarşı çevirmək sənətidir. Bizim kral bütün hökmdarlardan ağıllıdır.
– Ancaq mən yad bir ölkədə xidmətə girsəm, istərdim ki, yeri gələndə fərqlənim, ad çıxarım.
– Sən elə bilirsən ki, Burqundiya hersoqunun yanında ad çıxara biləcəksən? Uzağı “Bu qoçaq şotlandiyalıya bir florin verin, sağlığımıza vursun!” deyəcək, vəssa- lam. Yadelli oldunsa, heç nə gözləmə. Hər şey ancaq onların öz adamlarına qismət olur. Yaşasın Fransa kralı! Elə bir gün keçmir ki, bizə tapşırıq verilməsin, tapşırığı yerinə yetirəndə isə şöhrət və ya pul qazanmayasan.
– Şərəfli olmayan şücaətlər məhvedici