On beş yaşlı kapitan. Жюль Верн

On beş yaşlı kapitan - Жюль Верн


Скачать книгу
Qul cavab verdi. – Ancaq mənə elə gəlir ki, bu, sal yox, böyrü üstə yıxılmış gəmi korpusudur…

      – Yox!.. Məncə, nəhəng dəniz heyvanıdır! – deyə Benedikt də fikrini bildirdi.

      Gənc matros etiraz etdi:

      – Mən belə düşünmürəm.

      Xanım Ueldon soruşdu:

      – Dik, səncə, bəs nədir bu?

      – Məncə də o, böyrü üstə yıxılmış gəmi korpusudur. Kapitan əmr etdi:

      – Bolton, gəmini düz oraya sür!

      On beş dəqiqədən sonra “Səyyah” üzən cisimdən yarım mil aralıda idi. Artıq onun gəmi qalığı olduğuna heç bir şübhə yox idi.

      Dik Send qışqırdı:

      – Bu gəmi başqa bir gəmi ilə toqquşub.

      – Elədir, – deyə kapitan Qul təsdiq etdi. – Ancaq batmaması əsl möcüzədir.

      Qəfildən Dik Send əlinin hərəkəti ilə hamını susdurdu:

      – Qulaq asın! Qulaq asın! Deyəsən, it hürür…

      Batmış gəmidən, həqiqətən də, it səsi gəlirdi. Görünür, lyüklər bağlı olduğundan heyvan çıxa bilməmişdi. Hər halda, onu görmək mümkün deyildi.

      Xanım Ueldon dedi:

      – Onu xilas etməliyik, kapitan.

      – Hə, hə, – deyə Cek qışqırdı. – İti xilas etmək lazımdır! Onu mən özüm yedirəcəyəm!

      Hürmək səsi getdikcə daha aydın eşidilirdi. İki gəmi arasındakı məsafə lap azalmışdı. Birdən bortda böyük bir it başı göründü.

      Kapitanın əmri ilə suya qayıq atıldı. Dik Send, kapitan Qul və iki matros qayığa mindilər.

      Artıq göyərtəyə çıxmış it durmadan hürürdü. Ancaq hiss olunurdu ki, o, yaxınlaşan qayığa hürmür. Sanki heyvan qəzaya uğramış gəmidə qalmış sərnişinlərə və ya matroslara köməyə çağırırdı.

      Qayıq yaxınlaşdıqca it qəzəblə hürməyə başladı. Heç kim bunun səbəbini başa düşə bilmirdi. Nə kapitan Qul, nə də “Səyyah”da qalmış matroslar itin məhz mətbəxdən çıxmış Neqoronu gördükdən sonra acıqlandığını hiss etməmişdilər.

      Neqoro qəzəblə hürən itə ötəri bir nəzər saldı. Sonra qaşqabağını töküb mətbəxə qayıtdı. Qəzaya uğramış gəminin arxa tərəfində “Valdek” yazısı görünürdü.

      Kapitan Qul onun quruluşundan Amerika gəmisi olduğunu yəqin etdi. Göyərtədə heç kim yox idi.

      İt başını açıq mərkəzi lyükə salaraq hürməyə başladı. Dik Send dedi:

      – Görünür, it gəmidə olan tək canlı deyil.

      Kapitan Qul onunla razılaşdı.

      Qayıq gəminin ətrafında üzürdü. Hiss olunurdu ki, “Valdek” bir neçə gün əvvəl qəzaya uğrayıb. Kapitan dedi:

      – Qəzadan sonra sağ qalanlar olsa da, yəqin ki, aclıqdan və ya susuzluqdan ölüblər. Axı mətbəx su içindədir.

      – Yox! – deyə Dik Send razılaşmadı. – Yox! Orada adam olmasaydı, it belə hürməzdi.

      Gənc matros iti çağırmağa başladı. Ağıllı heyvan dərhal dənizə düşərək qayığa tərəf üzdü. O, qayığa çıxarılan kimi Dik Sendin uzatdığı suxarıya baxmadı. Birbaş içində su olan vedrəyə tərəf qaçdı.

      Qayıq dayanmaq üçün münasib yer axtardığından batmış gəmidən bir qədər uzaqlaşmışdı. Heyvan, görünür, xilaskarlarının borta çıxmaq istəmədiklərini hiss etdi. Odur ki Dik Sendin gödəkçəsinin ətəyindən yapışdı. Sonra isə yazıq-yazıq hürməyə başladı.

      Qayıq sol borta yaxınlaşdı. Matroslar onu yaxşıca bərkitdilər. Kapitan Qulla Dik Send itlə birlikdə göyərtəyə çıxdı. Onlar asanlıqla mərkəzi lyükə tərəf sürünərək anbara düşdülər.

      Anbar bomboş idi. Ancaq it göyərtədə durmadan hürür, sanki insanların diqqətini cəlb etməyə çalışırdı.

      – Burada heç nə yoxdur, – kapitan Qul dedi. – Qayıdaq geri.

      Anbardan çıxdıqdan sonra it gah onların yanına, gah da göyərtənin arxa tərəfinə qaçmağa başladı. Kapitan Qul və Dik Send onunla birlikdə göyərtənin arxa tərəfinə keçdilər.

      Burada beş zənci cəsədi vardı. Cəsədlərin ətrafında gəzən Dik Sendə elə gəldi ki, onlar hələ nəfəs alırlar.

      Qayıqdakı matroslar da köməyə çağırıldılar. Onların köməyi ilə zərərçəkmişlər qayığa daşındı. Bir azdan onlar da, it də “Səyyah”ın göyərtəsində idilər.

      – Zavallılar! – deyə xanım Ueldon dilləndi.

      – Onlar sağdır, xanım Ueldon! – Dik Send dedi. – Onları xilas edəcəyik!

      – Nə olub onlara? – deyə Benedikt soruşdu.

      – Özlərinə gəlsinlər, öyrənərik, – deyə kapitan Qul cavab verdi. – Əvvəlcə bir az su və rom vermək lazımdır. Neqoro!

      Aşpazın adını eşidər-eşitməz itin bədəni gərildi, tükləri biz-biz oldu. Neqoronun mətbəxdən çıxmadığını görən kapitan daha ucadan qışqırdı:

      – Neqoro!

      İt bu dəfə qəzəblə hürməyə başladı. Neqoro mətbəxdən çıxdı. Amma bir addım atmamış heyvan onun üstünə atılaraq boğazını dişləməyə çalışdı. Aşpaz əlindəki atəşkeşlə vurub iti özündən uzaqlaşdırdı. İki matros heyvanı güclə tutub saxlaya bildi.

      – Bu iti tanıyırsınız? – deyə kapitan Qul Neqorodan soruşdu.

      – Mən? Birinci dəfədir görürəm!

      – Qəribədir! – deyə Dik Send pıçıldadı.

      IV fəsil

      “Valdek”dən xilas edilənlər

      “Səyyah”da zəncilərə xüsusi qayğı ilə yanaşırdılar. Nəhayət, uzun müddət məhrum olduqları su və bir neçə qurtum bulyon zavallıları özlərinə gətirdi. Onlardan biri – təxminən altmış yaşı olan qoca zənci ingilis dilində danışırdı.

      – Sizin gəmiyə nə olub? – deyə kapitan Qul ondan soruşdu. – Başqa gəmi ilə toqquşub?

      – On gün əvvəl gecə hamı yatanda bir gəmi üstümüzə hücum elədi.

      – “Valdek”in heyətinin aqibəti necə oldu?

      – Bilmirəm. Biz göyərtəyə qalxanda orada heç kim yox idi, cənab.

      – Sizcə, “Valdek”in heyəti onunla toqquşmuş gəminin bortuna çıxıb?

      – Ümid edirəm ki, belə olub, cənab.

      – O biri gəmi zərərçəkmişləri götürmək üçün dayanmadı?

      – Xeyr.

      – Bəlkə, batıb?

      – Xeyr. Onun uzaqlaşdığını gördük.

      Digər zəncilər də


Скачать книгу