Quldur qızı Roni. Астрид Линдгрен

Quldur qızı Roni - Астрид Линдгрен


Скачать книгу

      I

      Roninin dünyaya gəldiyi gün göy guruldadı. Bəli, tufan dağların üstünü elə aldı ki, quldurlar meşəsində yaşayan cin-şəyatinin hamısı qaçıb dəlmə-deşiyə, mağaraya girdi; yalnız tufanı özləri üçün doğma hesab edən drudlar1 çığır-bağırla quldur dağında yerləşən quldur qəsrinin üzərində uçuşmağa başladılar.

      Lovisa isə uşaq doğmağa hazırlaşırdı, amma drudların səsi ona mane olurdu, buna görə də əri Mattisə dedi:

      – Bu qəzəbli drudları qov getsin, onların əlindən nə oxuduğumu eşidə bilmirəm.

      Məsələ ondaydı ki, körpə gözləyən Lovisa mahnı oxuyurdu. Fikirləşirdi ki, həm onun üçün asan olar, həm də uşaq mahnı sədaları altında doğulsa, şən xasiyyətli olar.

      Qildurbaşı Mattis dərhal yayı götürüb mazğaldan2 bir neçə ox atdı.

      – Rədd olun burdan! – deyə qışqırdı. – Biz uşaq gözləyirik! Anladınız, iyrənc məxluqlar!

      – Ho-ho-ho! – drudlar cavabında qışqırışdılar. – Onlar uşaq gözləyirlər! Ho-ho-ho! Gör necə kifir olacaq! Ho-ho! Lap zəhərli göbələk kimi!

      Mattis vəhşi dəstənin lap ortasına bir də ox atdı, amma drudlar yalnız qəzəblə qəhqəhə çəkdilər və ucadan ulaşa-ulaşa ağacların üstündən ötüb-keçdilər.

      Lovisa uşaq doğa-doğa oxumağında, Mattis isə bu iyrənc məxluqları qovmağında olsun, sizə tabeliyindəki quldurlardan danışım. Quldurların on ikisi də qalada, ocağın başında oturub yeyib-içir, dəli kimi səs-küy salmaqda qəzəbli drudlardan heç geri qalmırdı. Bir də ki neyləyəydilər, axı hamısı gözləyirdi ki, Lovisa yuxarıda, qüllədə hamiləlikdən nə vaxt azad olacaq. Çünki bütün quldur həyatları boyu Mattisin qəsrində hələ bircə uşaq da doğulmamışdı. Uşağın dünyaya gəlməsini hamıdan çox Keçəl Per gözləyirdi.

      – Bu balaca quldur nə vaxt dünyaya gələcək axı?! – deyə qışqırırdı. – Mən daha qocalıb taqətdən düşmüşəm, quldur həyatım sona yaxınlaşır. Çox istəyirəm ki, ölməmişdən əvvəl bizim yeni quldurbaşının üzünü görüm!

      Keçəl Per sözünü bitirməmiş qapılar açıldı və sevincindən ağlını itirmiş Mattis özünü zala saldı. O, dabanlarını daş döşəməyə döyəcləyə-döyəcləyə hoppanır, var səsiylə bağırırdı:

      – Uşağım oldu!.. Ey, eşidirsiniz, mənim uşağım oldu!..

      – Oğlandı, ya qız? – Keçəl Per öz yerindən xəbər aldı.

      – Mənim xoşbəxtliyim!.. Mənim sevincim!.. – Mattis bağırırdı. – Quldur qızı! Budur o!..

      Elə bu an Lovisa hündür kandardan adlayıb körpəsi əlində zala daxil oldu. Quldurlar birdən-birə səslərini kəsdilər.

      – Nolub sizə, ağzınıza pivə alıb durmusunuz? – Mattis onlara bağırdı.

      O, qızı Lovisanın əlindən alıb bir-bir on iki quldurun hamısına göstərdi.

      – Budur, istəyirsinizsə, indiyədək quldur qəsrlərində doğulmuş körpələrin ən gözəlinə baxıb heyran olun!.. – Qız atasının iri ovuclarında uzanıb gözlərini qırpmadan ona baxırdı. – Elə ağıllı üzü var ki, elə bil indidən nəsə başa düşür.

      – Bəs adını nə qoydunuz? – Keçəl Per yenə soruşdu.

      – Roni, – Lovisa cavab verdi, – mən bu adı çoxdan fikirləşmişdim.

      – Bəs birdən oğlan olsaydı? – o maraqlandı.

      Lovisa Keçəl Peri sakit və ciddi nəzərlərlə süzdü.

      – Əgər mən qərara almışam ki, uşağımın adı Roni olacaq, demək, elə də olmalıdır.

      Sonra üzünü Mattisə tutdu.

      – Onu mənə verirsən?

      Amma Mattis hələ qızından ayrılmaq istəmirdi. O dayanıb Roninin parlaq gözlərinə, balaca ağzına, qara saçlarına, köməksiz əllərinə heyranlıqla baxırdı, ona olan sevgisindən az qalırdı ürəyi getsin.

      – Mənim balam, – deyirdi. – Bu gündən mənim quldur ürəyim sənin balaca əllərindədir. Səbəbini özüm də bilmirəm, amma belədir.

      – Onu versənə, bir az tutum, – Keçəl Per xahiş etdi.

      Mattis ehtiyatla Ronini qızıl alma kimi onun əllərinə qoydu.

      – Budur o! Sənin uzun müddətdi arzuladığın yeni quldurbaşı. Bircə onu əlindən yerə salma, yoxsa canını alaram ha.

      Ancaq Keçəl Per yalnız gülümsündü, ağzında bircə diş belə qalmamışdı.

      – Hə, o, tük kimidir, – körpəni əlində yüngülcə atıb-tutaraq dedi.

      Mattis hirslənib Ronini onun əlindən aldı.

      – Bəs sən nə gözləyirdin, qoca eşşək? Sallaq qarın, şələ saqqal, gonbul quldurbaşımı? He-he, eləmi?

      Bütün quldurlar başa düşürdülər ki, əgər quldurbaşıyla münasibəti korlamaq istəmirsənsə, bu uşaq haqqında bircə ehtiyatsız söz belə deməməlisən. Mattislə zarafat etmək çox təhlükəlidir. Buna görə də dərhal körpəni tərifləyib şöhrətini göyə qaldırmağa başladılar. Sağlığına xeyli pivə içdilər ki, bu da Mattisin ürəyincə oldu. O, stolun baş tərəfində oturub öz qəşəng körpəsini onlara göstərməkdən doymurdu.

      – İndi paxıllığından partlayacaq bir adam varsa, o da Borka olacaq! – Mattis qışqırdı. – Qoy öz iylənmiş mağarasında oturub acığından dişlərini qıcasın. Hə, lənət şeytana! Oradan elə bir inilti, elə bir qıcırtı qalxsın ki, qəzəbli drudlar da, boz cırtdanlar da qulaqlarını tutsunlar! İnanın mənə!

      Keçəl Per razılıqla başını tərpədib istehzayla dedi:

      – Paxıllıqdan partlamayıb neyləsin! İndi Mattisin nəsli yaşayacaq, Borkanın nəslisə kəsiləcək!

      – Qızıl sözlərdir, – Mattis təsdiq etdi. – Şübhəsiz, kəsiləcək, çünki Borkanın uşağı yoxdur, olmayacaq da…

      Bu an göy elə guruldadı ki, quldur dağlarında heç kim ömründə belə gurultu eşitməmişdi. Qorxudan bütün quldurların rəngi qaçdı, Keçəl Per isə üzüüstə düşdü, pivə içdiyi üçün yerində möhkəm dayana bilmirdi.

      Roni qəfildən şikayətli səslə çığırdı, Mattisin ürəyi qorxunc ildırım səsindən daha çox bu gözlənilməz çığırtıdan sıxıldı.

      – Mənim balam ağlayır! – deyə bağırdı. – Neyləmək lazımdır? Mən indi neyləyim?

      Amma Lovisa özünü itirmədi. Sakitcə uşağı onun əlindən alıb döş verdi. Çığırtı o saat kəsildi.

      – Göy yaman guruldadı ha! – Keçəl Per özünə gələndə qışqırdı. – Nəyə deyirsən and içim ki, yaxınlıqda harasa ildırım düşdü.

      Bəli, ildırım, doğrudan da, düşmüşdü, özü də necə! Səhər açılan kimi buna əmin oldular. Quldur dağının ən hündür zirvəsində yerləşən köhnə, lap köhnə qəsr yuxarıdan aşağıya, qüllədəki dişlərdən tutmuş ta ən dərin zirzəmilərə qədər iki bölünmüşü. Ortada uçurum yaranmışdı.

      Lovisa uşaq qucağında qülləyə qalxdı.

      – Sənin həyatın nə qəribə başlayır, Roni, – tufanın törətdiyi bütün dağıntılara baxa-baxa dedi.

      Ancaq Mattis vəhşi heyvan kimi qəzəblə vurnuxurdu. Əcdadlarının qədim qalasında necə belə bir şey baş verə bilərdi axı? Amma qəzəbi çox çəkmir, həmişə özünə təsəlli verə bilirdi.

      – İndi sonu bilinməyən yeraltı keçidlərdən, zirzəmilərdən qismən da olsa canımız qurtardı. Daha qalamızda heç kəs azmayacaq. Yadınızdadır, Keçəl Per orada necə itmiş, yalnız dörd sutkadan sonra bayıra yolu tapa bilmişdi. Hə?

      Ancaq Keçəl Per bu hadisənin yada salınmasından xoşlanmazdı. Başına belə bir müsibət gəldiyi üçün məgər o günahkar idi? Sadəcə bilmək istəyirdi ki, qalaları nə qədər böyük və əlçatmazdır. Əvəzində


Скачать книгу

<p>1</p>

Drud – Skandinaviya folklorunda əfsanəvi varlıqlar, şər ruhlar

<p>2</p>

Mazğal – qala divarında silah işlətmək üçün deşik