Ağ gəmi. Чингиз Айтматов

Ağ gəmi - Чингиз Айтматов


Скачать книгу
avtodükanı özü gətiribmiş kimi, məmnun idi. Bir də ona görə xoşbəxt idi ki, onlara bu xəbəri özü çatdırmışdı, ona görə xoşbəxt idi ki, həyətə onlarla birgə qaçmışdı, ona görə xoşbəxt idi ki, onlarla birgə avtodükanın açıq qapısına sarı yanaşırdı. Lakin basabasda arvadlar onu tezcə unutdular. Başları qarışıqdı. Mal çoxdu – gözləri dörd olmuşdu. Vur-tut üç arvad vardı: nənəsi, doğma xalası Bekey – məntəqənin ən böyük adamı qoruqçu Orozqulun arvadı və qucağında qızcığaz, köməkçi fəhlə Seyidəhmədin cavanəzən arvadı Gülcamal. Cəmi üç arvad. Elə çaxnaşma salmışdılar, malları elə qapışdırır, ələk-vələk edirdilər ki, avtodükanın satıcısı onların növbəyə durmasını və bir ağızdan qırıldamamasını tələb etdi.

      Lakin onun sözləri arvadlara o qədər də kar eləmədi. Onlar əvvəlcə əllərinə keçəni götürürdülər, sonra seçməyə başlayırdılar, sonra isə seçdiklərini də qaytarırdılar. Seçir, ayırır, geyib baxır, höcətləşir, şəkk eləyir, bir şey barədə dönə-dönə sorğu-sual aparırdılar. Biri xoşlarına gəlmirdi, başqası baha idi, üçüncünün rəngi ürəklərinə yatmırdı… Oğlan kənarda dayanmışdı. O darıxdı. Qeyri-adi bir şey həsrəti də, dağda avtodükanı görərkən onu bürüyən sevinc də yoxa çıxdı. Avtodükan birdən onun gözlərində cürbəcür köhnə-möhnə şeylərlə dolu adi maşına çevrildi.

      Satıcı dilxor oldu! Bu arvadlar, deyəsən, bir şey almaq niyyətində olan adamlara oxşamırdılar. Dağı-daşı basabasa bu uzaq yolu nə üçün gəlmişdi?

      Elə də oldu. Arvadlar kənara çəkilməyə başladılar, od-alovları söndü, hətta elə bil yorulub əldən düşdülər. Bir-birinin qabağındamı, yoxsa satıcının yanındamı, nədənsə, özlərinə bəraət qazandırmağa başladılar. Birinci, nənə şikayətləndi ki, pul yoxdur. Əgər nağd pulun yoxsa, mal da ala bilməzsən. Bekey xala ərindən xəbərsiz bahalı şey almağa cəsarət eləmədi. Bekey xala dünyanın ən bədbəxt qadını idi, uşağı olmurdu, buna görə də Orozqul kefli olanda onu döyürdü, baba da xiffət eləyirdi, axı Bekey xala babanın qızıydı. Bekey xala bir neçə xırda-xuruş aldı və iki şüşə araq götürdü. Çox nahaq yerə, özünə pis olacaqdı. Nənə özünü saxlaya bilmədi, satıcı eşitməsin deyə astadan pıçıldadı:

      – Durduğun yerdə özün öz başına niyə bəla açırsan?

      – Özüm bilərəm, – Bekey xala ağzından vurdu.

      – Səfehin biri səfeh, – nənə bu dəfə bir qədər də yavaşdan, ancaq hiddətlə donquldandı. Satıcı olmasaydı, Bekey xalanın dərsini necə verərdi. Uf, onlar elə söyüşürdülər ki!..

      Cavanəzən Gülcamal araya girdi. O, satıcıya izah elədi ki, onun Seyidəhmədi tezliklə şəhərə köçməyə hazırlaşır, şəhərdə pul lazım olacaq, ona görə də bədxərclik eləmək istəmir.

      Onlar avtodükanın qabağında beləcə çaxnaşma saldılar, satıcı demişkən, “qəpik-quruşluq” mal aldılar və dağılışıb getdilər evlərinə. Məgər bu, alverdi? Satıcı arvadların ardınca tüpürdü, ələk-vələk edilmiş malları yığışdırmağa başladı ki, sükan arxasına keçib yola düşsün. Elə bu vaxt oğlan gözünə dəydi.

      – Pələqulaq, nə var? – deyə soruşdu. Oğlanın sallaq qulaqları, nazik boynu, iri, yumru başı vardı. – Bir şeymi almaq istəyirsən? Onda tez ol, bağlayıram. Pulun var?

      Satıcı sözgəlişi soruşdu, oğlan isə ədəblə cavab verdi:

      – Yox, əmican, pulum yoxdur, – sonra da başını buladı.

      – Mən də elə bilirəm, varındır, – satıcı özünü bilməzliyə vurub söhbəti uzatdı. – Axı buradakılar hamısı varlıdır, ancaq özünüzü kasıb göstərirsiniz. Cibindəki pul deyil?

      – Yox, əmican, – oğlan əvvəlki kimi səmimi və ciddi cavab verdi, cırıq cibini çevirdi, ikinci cibinin ağzı büsbütün tikilmişdi.

      – Deməli, pulların yırtıqdan tökülüb. Get, gəzdiyin yerlərdə axtar. Taparsan.

      Onlar susdular.

      – Kimin uşağısan? – satıcı yenə sorğuya tutdu. – Qoca Mömünün deyilsən ki?

      Oğlan başını tərpətdi.

      – Onun nəvəsisənmi?

      – Bəli, – oğlan yenə başını tərpətdi.

      – Anan haradadır?

      Oğlan heç nə demədi. O bu barədə danışmaq istəmirdi.

      – Anan özü haqda bir xəbər bildirmir. Özün bilmirsən?

      – Bilmirəm.

      – Atan necə? Ondan da xəbərin yoxdur?

      Oğlan susdu.

      – Dostum, bu nədir, sən niyə heç nə bilmirsən? – satıcı zarafatla onu məzəmmət elədi. – Nə isə, belədir, belə olsun. – O, bir ovuc konfet götürüb oğlana uzatdı. – Al, özün də sağ ol.

      Oğlan utandı.

      – Al, al. Ləngitmə məni. Getməliyəm.

      Oğlan konfetləri cibinə qoydu, özü də maşının ardınca qaçmaq, avtodükanı yoladək ötürmək fikrində idi. O, yöndəmsiz, olduqca tənbəl, qıllı Baltek köpəyi səslədi. Orozqul hey qəsdlənir, onu gülləylə vurub öldürmək istəyirdi. “Belə iti qapıda niyə saxlayasan”, – deyirdi. Baba da yalvar-yaxar edirdi ki, hələlik ona dəyməsin: bir çobaniti gətirər, sonra Balteki aparıb azdırar. Baltekin dünya-aləm vecinə deyildi: tox olanda yatardı, ac olanda isə, yaxın oldu, yad oldu, məhəl qoymadan yalmanardı, təki yeməyə ona bir şey ataydılar. Baltek belə köpək idi. Hərdən də darıxanda maşınların ardınca qaçardı. Düzdür, çox getməzdi. Bir qədər götürülərdi, az sonra qəflətən dönüb evə sarı yortardı. Vecsiz it idi. Lakin itlə qaçmaq tək qaçmaqdan yüz dəfə yaxşıydı. Hər necə olsa da, yenə itdir…

      Oğlan satıcıdan xəlvət, ehmalca Baltekə bir konfet atdı. “Bax ha, – köpəyi xəbərdar elədi, – çox qaçmalı olacağıq”. Baltek zingildədi, quyruğunu buladı – yenə istəyirdi. Ancaq oğlan bir daha konfet atmağa cəsarət eləmirdi. Kişinin xətrinə dəyərdi, bir ovuc konfeti it üçün verməmişdi ki…

      Və elə bu zaman baba gəlib çıxdı. Qoca arıxanaya getmişdi. Oradan isə evlərin dal tərəfi görünmürdü. Özü də iş elə gətirdi ki, avtodükan getməmiş, baba vaxtında özünü yetirdi. Yoxsa nəvəsinin çantası olmayacaqdı. Oğlanın bəxti gətirmişdi.

      Ahıl və ağsaqqalların Qıvraq Mömün adlandırdığı Mömün kişini mahalda hamı tanıyırdı, o da hamıya bələd idi. Belə bir ləqəbi Mömün az-çox tanıdığı adamların hamısına göstərdiyi istiqanlılığı üçün, hamının karına gəldiyinə, imdadına yetişdiyinə görə qazanmışdı. Lakin bu da vardı ki, onun yaxşılıqlarının, pulsuz paylanılan qızıl kimi, heç kəsin yanında qədir-qiyməti yoxdur. Heç kəs Mömünə, onun yaşıdlarına bəslənilən kimi hörmət-izzətlə yanaşmırdı. Onu saya salan olmurdu. Buqu tayfasından adlı-sanlı bir qocanın böyük yas məclisi düşəndə – Mömün də buqu nəslindən idi, bununla çox fəxr edirdi və öz tayfasından bir nəfərin də yasını buraxmazdı – ona heyvan kəsməyi, hörmətli qonaqları


Скачать книгу