Lessi. Эрик Найт
sonra mən bir daha bu evə it gətirilməsinə icazə verməyəcəm.
Missis Kerraklaf deyinə-deyinə qazanda qaşıqaşını qızdırdı. Sonra yeməyi kasada itin qabağına qoydu və onun necə ləzzətlə yediyinə oğlu ilə bərabər tamaşa etdi.
İt yeyib qurtarandan sonra missis Kerraklaf kasanı yığışdırdı. Co rəfdən dörd qatlanmış mahud parçasını və şotkanı götürdü. Sonra xalçanın üstündə oturub itin tükünü təmizləməyə başladı.
Atası ocağa baxmağa davam etsə də, hərdən gözucu oğluna və ayaqlarına yaxın oturmuş itə baxırdı. Nəhayət, dözməyib çöndü və əlini uzatdı.
– Balaca, bunu belə etmirlər. Əgər bir işin ucundan yapışırsansa, onu yaxşı görmək lazımdır. Bax belə!
O, parçanı və şotkanı oğlundan alıb itin tüklərini təmizləməyə, daramağa başladı. Qısa bir müddət ərzində evdə sakit xoşbəxtlik hökm sürdü.
Lessinin artıq onlara məxsus olmadığı, deyəsən, birinci missis Kerraklafın yadına düşdü.
– Yaxşı, onu burdan aparmaq fikriniz var?
Conun atası acıqlı tərzdə başını çevirdi:
– İstəyirsən ki, onu ora yazıq gündə, büzüşmüş halda aparım?
– Bura bax, Sem, əgər iti bu saat aparmasan…
Qadın səsini kəsdi, hamı qulaq kəsildi. Bağçadan ayaq səsləri gəlirdi.
– İstədiyinizə çatdız. Bu, Haynzdır, – qadın dedi.
O, qapıya tərəf getdi, amma qapı özü açıldı və Haynz içəri girdi. İti gördü:
– Belə də bilirdim. Bilirdim ki, onu burada tapacam.
Conun atası ayağa qalxdı.
– Elə mən də onun tüklərini darayırdım. Darayan kimi gətirəcəydim.
– Mütləq! – Haynz güldü. – Mütləq gətirəcəydiniz! Amma belə oldu ki, mən onu özüm aparacam.
O, xaltanı cibindən çıxarıb itin boynuna keçirdi. Qayışı dartan kimi it ayağa qalxdı, quyruğunu qısıb adamın dalınca qapıya tərəf getdi. Haynz dayandı:
– Bilirsiz, mən dünyaya təzə göz açmamışam və bütün hoqqabazlıqlardan xəbərdaram. Siz yorkşirlilərin də, itlərinizin də cikinizə-bikinizə bələdəm. Onları elə öyrətmisiniz ki, qaçıb evə gəlirlər, sonra siz onları başqasına satırsız. Amma bu fırıldaq mənimlə keçməz. Mən özüm də bəzi şeylər bilirəm…
Birdən o səsini kəsdi. Çünki Sem Kerraklaf hirsindən qıpqırmızı halda qapıya tərəf yönəldi.
– Eee… sağ olun! – Haynz tələsdi.
Qapı açıldı. Haynzla kolli getdilər.
Uzun müddət evdə heç kim dinmədi. Sonra yenə missis Kerraklaf səsini ucaltdı:
– Heç dəxli var! Evə soxulur, heç icazə də almır. Sonra papağını da çıxarmadan dayanır burda. Özünü, deyəsən, hersoq hesab edir. Özü də bir tazının üstündə. Nə isə, indi o, burada yoxdur və bilmək istəyirsinizsə, ondan canımı qurtarmağıma şadam. İndi, bəlkə, evdə bir az sakitlik ola. Ümid edirəm onu bir daha görməyəcəyəm.
O elə hey danışır, Co ilə atası isə sakitcə oturub ocağa baxırdılar.
V FƏSİL
“Bir də evə gəlmə…”
Əgər missis Kerraklaf hər şeyin qaydasına düşdüyünü fikirləşirdisə, səhv edirdi. Çünki sabahısı Lessi yenə də məktəbin qabağında Conu gözləyirdi.
Co da onu yenə evə gətirdi. Yolboyu itini geri qaytarmağın yollarını düşünürdü. Qələbəyə aparan yol ona aydın idi. O hiss edirdi ki, valideynləri itin onlara nə qədər sadiq olduğunu görüb güzəştə gedəcəklər, özləri onu evdə saxlayacaqlar. Amma onu da bilirdi ki, ata-anasını yola gətirmək çətin olacaq.
O, itlə birlikdə bağça yolunu sakitcə keçib qapını açdı. Evdə hər şey həmişəki kimi idi: anası süfrə açırdı; atası fikirli-fikirli ocağın başında oturmuşdu.
– O… o, yenə evə gəldi, – Co dedi.
Anasının ilk sözlərindən sonra onun ümidləri puça çıxdı. Qadın dediyindən dönən deyildi.
– Mən onu istəmirəm! İstəmirəm! – anası qışqırdı. – Onu içəri salmağa cürət eləmə… mənə əziyyət vermə, bezdirmə! Onu elə bu saat geri aparmaq lazımdır. Yubanmadan!
Sözlər Conun sinəsindən aşıb-daşırdı. Oğlan çox nadir hallarda valideynləri ilə höcətləşirdi. Amma indi hiss etdi ki, cəhd göstərməli, onları anlamağa məcbur etməlidir.
– Ay ana, bircə dəqiqə! İmkan ver, heç olmasa, bircə dəqiqə onu burda saxlayım.
– Lazım deyil, Co. Onu burada nə qədər çox saxlasan, geri aparmaq bir o qədər çətin olacaq. Aparmaqsa lazımdır.
– Ana… ata… xahiş edirəm! Özünüz də görürsünüz ki, yazıq nə haldadır. Ona lazımi qədər yemək də vermirlər. Necə düşünürsüz, bəlkə…
Sem Kerraklaf ayağa qalxıb üzünü oğluna çevirdi. Üzündə bir ifadə olmasa da, səsində anlayış hiss olundu:
– Yox, Co, bir şey alınan deyil. Bilirsən, oğlum, bunun mənası yoxdur. Çayımızı içən kimi onu aparacağıq.
– Yox, siz onu elə bu dəqiqə aparacaqsınız! – missis Kerraklaf bağırdı. – Yoxsa bu Haynz yenə burada peyda olacaq. Mənsə onun evimə soxulmasını, özünü xozeyin kimi aparmasını istəmirəm. Papağını başına qoy, düş yola.
– Onsuz da yenidən evə qayıdacaq, ana. Məgər görmürsən? Qayıdacaq. O bizim itimizdir…
– Başa düşürsən, o, evə Cona görə qayıdır, – Sem arvadına baxıb dedi.
– Hər nədir, Sem, onu aparmaq lazımdır, – qadın astadan dedi. – Əgər Cona görə qayıdırsa, deməli, onu da özünlə aparmalısan. Qoy o səninlə getsin, iti aparıb hersoqa versin və bir daha evə qayıtmamasını tapşırsın. Əgər Co ona belə bir əmr versə, bəlkə, köpək sakitləşər və bir də qaçıb evə gəlməz.
– Hə, məntiq var, – əri də sakitcə cavab verdi. – Co, papağını götür, mənimlə gedəcəksən.
– Baba, heyvanlar bizim eşidə bilmədiyimiz nəyisə eşidə bilərlər? – Pristsilla soruşdu.
– Əlbəttə! – hersoq bağırdı. – Elə götürək iti. Adamdan beş dəfə yaxşı eşidir…
Pristsilla birdən babasının əlindəki ağacı yelləyərək qabağa atıldığını gördü:
– Kerraklaf! Mənim itimlə nə işiniz var?
Pristsilla xiyabanın dərinliklərində hündür, möhkəm bədənli bir kişi gördü. Yanında özü kimi qüvvətli bir oğlan dayanmışdı, əllərini yavaşca kollinin boynuna qoymuşdu. Qız babasının dalınca getdi.
Sem qızı görcək papağını çıxartdı, oğlunu dümsüklədi ki, o da belə etsin.
– Bu, Lessidir, – Kerraklaf dedi.
– Lessi olmağını bilirəm. Gözü