Atlantidanın son sakini. Александр Беляев
tle>
Atlantida necə kəşf olundu
1. Sualtı ekspedisiya
– Bax bu, yaxşı fikirdir!
Mister Solli əlindəki kitabı bir kənara qoyub yenidən dedi:
– Hətta çox yaxşı fikirdir! – və sonra dərin düşüncələrə qərq oldu…
Mister Solli II Dünya müharibəsi zamanı silah-sursat təchizatından yaxşıca pul qazanmış uğurlu Nyu-York fabrikantı1 və brokeri2 idi. Belə adamlar üçün müharibə göydəndüşmədir. Necə də olsa, döyüş meydanlarında cəsədlərin sayı çoxaldıqca onların da gəlirləri artır. Elə mister Sollinin də müharibənin sonuna yaxın artıq bir neçə milyard dollarlıq qazancı vardı.
Di gəl ki ona bədbəxtlik üz verdi. Öz maddi qüdrətinin pik nöqtəsinə çatdığı bir vaxtda dəbdəbəli naharlar, tünd şərablar, axır ki, hər şeyi korladı: mister Sollinin beyin damarları sıradan çıxdı və o heç gözləmədiyi anda insultdan yatağa düşdü. Bir ayağı və bir əli keyidi. Ancaq xoşbəxtlikdən beyin silkələnməsi yüngül idi; mister Solli ciddi şəkildə müalicə olunduqdan bir neçə ay sonra ayağa qalxdı. Deyəsən, iflic ötüşmüşdü. Bununla belə, mister Solliyə həkim bir daha kommersiya fəaliyyəti ilə məşğul olmağı qəti şəkildə yasaqladı.
– Bəsdir işlədiniz, – həkim dedi. – Əgər səhhətinizin qayğısına qalmaq istəyirsinizsə, həyat tərzinizi tamamilə dəyişməlisiniz. Səyahətə çıxın, kolleksiya toplamaqla, nə bilim, xeyriyyəçiliklə məşğul olun… Bir sözlə, vaxtınızı xoş keçirmək və əylənmək üçün nə istəyirsiniz edin, yetər ki zehni əməkdən, əsəbdən, gərginlikdən uzaq durun. Yoxsa mən sizin həyatınıza cavabdeh deyiləm.
Belə kəskin xəbərdarlıqdan sonra mister Sollinin qarşısında çətin bir sual dayanırdı: ömrünün qalan hissəsini necə yaşasın ki, bir daha ölüm təhlükəsi ilə üz-üzə qalmasın, üstəlik, bitib-tükənməz var-dövlətini nəyə xərcləsin?
Məsələ burasındadır ki, mister Solli tək yaşayırdı, bu da vəziyyəti lap qəlizləşdirirdi. Özündən başqa, qayğısına qalacağı kimsə yox idi.
Bəlkə, Ruzvelt kimi Afrikaya gedib şir ovuna çıxsın?
Həyəcanı olduqca yüksək bu məşğuliyyət mister Solli üçün qətiyyən cəlbedici deyildi.
Xeyriyyəçiliklə məşğul olmaq? Bu haqda ötəri düşünmək belə kifayət idi ki, mister Sollinin yanaqlarından yağ daman qırmızı sifətində iyrənc bir ifadə yaransın. Onun fikrincə, bu çox bayağı, mənasız bir iş idi. Universitet üçün yüz min dollarlıq qəbz yazıb, sonra da bundan xəbər düzəldən qəzetlərdəki şəklinə baxıb məmnun qalmaq – boş və darıxdırıcı məşğuliyyətdir.
Bir ara mister Solli kolleksiya yığmaq fikrinə düşdü; hətta qədim italyan ustalarının rəsmlərini almağa belə başladı. Lakin satışda Leonardo da Vinçinin, yaxud Rafaelin əsərlərini tapmaq elə də asan deyildi. Belə əsərlərin çoxunun əsli artıq satılıb qurtarmışdı. Nə vaxt ki Korrecionun3 bir ətək pul verib aldığı orijinal əsəri axırda saxta çıxdı, bu rüsvayçılıq mister Sollidə incəsənətə əməlli-başlı nifrət yaratdı.
Bundan sonra o, Avstraliya bumeranqlarının, ardınca da Çin zınqırovlarının kolleksiyasını toplamaqla məşğul oldu. Dünyanın hər yerindən toplanıb gətirilmiş canlı birələrin üç yüz əlli növündən ibarət xeyli maraqlı kolleksiya isə mister Sollinin qəlbini bir müddət ovuda bildi. Tezliklə başa düşdü ki, bu iş də onun ürəyincə deyil. Mister Solliyə adını, bəlkə də, tarixin səhifələrinə yazacaq möhtəşəm bir tapıntı lazım idi!
Bəli, misilsiz var-dövlətin və onun insanda yaratdığı heyrətamiz gücün ləzzətini indiyəcən bəs deyincə dadmış mister Solli artıq şöhrət və əbədiyyət həvəsində idi. Bəs onu necə qazanmalı? Axı bu, birja səhmlərini almaq qədər asan deyildi.
Mister Solli ona şöhrət və əbədiyyət bəxş edəcək məşğuliyyət tapmaq ümidindən əl üzməyə başlamışdı ki, adi bir hadisə köməyinə çatdı.
Necə olmuşdusa, mister Sollinin şəxsi katibi yazı stolunun üzərində boz və mavi zolaqlı cildi olan ala-bəzək bir kitab qoyub getmişdi. Kitabın üz qabığında beləcə də yazılmışdı: “Roje Devin. Yoxa çıxmış materik. Atlantida – dünyanın altıncı hissəsi”.
Varlı fabrikant onun üçün çox cansıxıcı olsa da, kitabı gözdən keçirməyə başladı; çox keçmədi ki, diqqətini bir neçə cümlə cəlb etdi.
Müəllif yazırdı: “Avropa, Afrika və Amerikanın ən qədim xalqlarının ümumi əcdadlarının basdırıldığı müqəddəs torpağı tapmaq üçün Atlantik okeanını tədqiq etmək məqsədilə bütün millətlərin nümayəndələrinin təmsil olunduğu ekspedisiya təşkil etmək lazımdır”.
Mister Solli başını kitabdan qaldırıb sevinclə səsləndi: “Atlantidanı tapmaq üçün sualtı ekspedisiya… Bax bu, yaxşı fikirdir! Hətta çox yaxşı fikirdir!”
Mister Solli siqarını damağına qoyub dərin xəyallara qərq oldu. O özünü nə vaxtsa şöhrətin zirvəsinə ucalmış biri kimi təsəvvür etməyə başlamışdı. Axı yoxa çıxmış naməlum materiki məhz o – mister Henri Solli kəşf edəcək, bundan sonra isə hamı ondan “yeni Kolumb” kimi bəhs etməyə başlayacaqdı. Birləşmiş Ştatların bayrağını Atlantidaya sancmaqdan böyük xoşbəxtlik?! Adını tarix səhifələrinə həkk etmək üçün bu, artıqlaması ilə bəsdir. Hələ okeanın dibindən tapılacaq nadir əşyalara nə deməli? Yəqin ki, həmin əşyalar arasında saxta heç nə olmayacaq, deməli, onu ikinci rüsvayçılıq gözləmir. Bu əşyalardan ibarət kolleksiyaların qiymətindən isə danışmağa dəyməz. “Bir sözlə, həm ziyarət, həm ticarət. – Həkimin xəbərdarlığına baxmayaraq hələ də hər işdə kommersiya hesabı aparan və hər şeyə biznes gözü ilə baxmağa adət etmiş mister Solli düşündü. – Əlbəttə, bir də şöhrət, şöhrət…”
Hə, bu barədə əməlli-başlı düşünməyə dəyər. Ancaq məsələni kökündən öyrənmək lazımdır. Mister Solli kitabın sonuna göz atdı: “Smitson İnstitutundakı kitab kolleksiyalarından biri 50 min cilddən ibarətdir…”
“Bu lap ağ oldu! – mister Solli bu qədər kitabın üst-üstə qalaqlandığı təqdirdə nə boyda ola biləcəyini təsəvvürünə gətirib üz-gözünü turşutdu. – Bəs alimlər nəyə gərəkdir? Biz onlara lazım olan hissələri seçməkdə kömək edərik. Hələlik isə görək Roje Devin bu haqda başqa nə yazır…”
Mister Solli həkimin yemək və yuxu saatları ilə bağlı ona təyin etdiyi ciddi rejimi unudub düz gecəyarısına qədər kitab oxumaqla məşğul oldu. Səhər şəxsi katibi mister Karter gələndə varlı müdirini kefi kök gördü, onun dediklərini eşidəndə isə heyrətə gəldi.
– Karter! Biz Atlantidanı axtarmaq üçün sualtı ekspedisiyaya yollanırıq!
Karterin gözləri geniş açılmış, necə deyərlər, bərələ qalmışdı. Birdən baxışları dünən masanın üstündə unudub getdiyi kitaba sataşdı və o an hər şeyi anladı.
“Yaxşı olardı ki, o elə öz birələrini tutaydı”, – Karter düşündü. Bu sualtı ekspedisiya fikri heç də onun ürəyincə deyildi, çünki təzəlikcə nişanlanmışdı.
Ancaq hisslərini büruzə vermədən, həmişəki nəvazişlə:
– Sizin qulluğunuzdayam, ser! – dedi.
2. Atlantida və Meri
Ekspedisiyaya qızğın hazırlıq gedirdi. Mister Sollini tanımaq mümkün deyildi: onun yorğunluğu və süstlüyü birdən-birə qeybə çəkilmişdi. Səhərdən axşama qədər alimlərlə, mühəndislərlə, dənizçilərlə məsləhətləşir, bütün xırdalıqlara varırdı. Onun təşkilatçılıq təcrübəsini inkar etmək olmazdı, indi bu daha aydın görünürdü.
Mühəndislər cürbəcür sualtı gəmi eskizləri hazırlayırdılar. Deyəsən, Jül Vernin məşhur qəhrəmanı – kapitan Nemonun “Nautilus” adlı gəmisi ilə Atlantidanı kəşf etmək üçün qurduğu xəyalların
1
2
3
dövrünün məşhur İtaliya rəssamı